Modern.az

 Azərbaycan təhsili sürətlə “qadınlaşır” - “...bu səbəblərə görə kişi müəllimləri itirmişik”

 Azərbaycan təhsili sürətlə “qadınlaşır” - “...bu səbəblərə görə kişi müəllimləri itirmişik”

26 Oktyabr 2016, 12:37

“Artıq 20 ilə yaxındır ki, daha çox qadınlar müəllim olmaq istəyirlər. Çünki kişilər əmək haqlarının az olması ilə əlaqədar məktəbləri tərk edirlər. Məhz bu səbəbə görə də çox yaxşı müəllimlər itirmişik”.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.

Ekspert bildirib ki, orta məktəblərdə müəllimlərin əksəriyyətinin qadınlar olması təhsilin keyfiyyətinə, nizam-intizam qaydalarının qorunmasına mənfi təsir göstərən amillərdən biridir.

“Çox maraqlı faktlardan biri də budur ki, ali məktəblərdə də çalışan qadın müəllimlərin sayı  çoxalmaqdadır. Birbaşa olaraq müəllim nüfuzunun yüksəldilməsi üçün tədbirlər görülməlidir. Sovet vaxtı müəllimlər hətta ev növbəsinə də dururdular. Baxmayaraq ki, hökumət müəllimlərin əmək haqlarını artırır, regionlarda işləyən müəllimlərə müəyyən güzəştlər tətbiq olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirir, bu da vəziyyətə çox təsir göstərmir. Hazırda müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək haqlarının artırılması üçün mühüm addımlar atılmalıdır. Müəllimlərə sosial güzəştlər demək olar ki, yox səviyyəsindədir. Bu kimi səbəblər də kişi müəllimlərin sayının az olmasına təsir göstərir”.

 

O , həmçinin son dövrlərdə obyektiv səbəblərdən kişilərin müəllim peşəsini seçmədiklərinə görə artıq müəllimliyin qadın peşəsinə çevrildiyini də deyib.


“Bu da son statistikada özünü göstərib. Qadınlar daha çox müəllim olmağa can atırlar nəinki kişilər. Bu da birbaşa olaraq müəllim nüfuzunun aşağı düşməsi ilə bağlıdır”.

 

Etibar Əliyev qeyd edib ki, məktəbdə nizam-intizamın möhkəm olması və eyni zamanda fənni daha yaxşı tədris etməsi baxımından həmişə kişi müəllimlər qadınlardan üstün olublar.


“Düzdür, bəzi istisna hallarda qadın müəllimlərbu məsələdə kişilərdən üstünlük təşkil edirlər”.

 

Eksperin sözlərinə görə, dünyanın bir çox ölkələrində kişi müəllimlərin sayı qadınlardan çoxdur.

“Hansı ölkələrdə kişi və qadın müəllimlərin sayı bərabərdir, bu ölkələrin təhsil sistemi inkişaf edir. Bunlar inkişafda olan təhsil sistemləridir. Buna misal olaraq Yaponiyanı göstərmək olar. Yaponiyada hətta məktəbəqədər təhsil pilləsində qadın tərbiyəsi yoxdur.  Uşaqlar kişi müəllimlərin yanında tərbiyə alırlar. Bizdə isə qadın və kişi müəllimlərin sayının 85 faizin 15-ə nisbəti rastlaşdığımız problemin kökündə duran məsələlərdən biridir”.


Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir