Modern.az

34 il öncə Hüseyn Cavid Azərbaycana qovuşdu…  - MÜSAHİBƏ

34 il öncə Hüseyn Cavid Azərbaycana qovuşdu…  - MÜSAHİBƏ

26 Oktyabr 2016, 12:47

34 il öncə, 1982-ci ilin oktyabrın 26-da görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Azərbaycana qovuşdu. Görkəmli siyasi xadim Heydər Əliyevin  təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ədəbi mühitimizdə əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi kimi  böyük ictimai-siyasi hadisə idi.

 

Heydər Əliyevin göstərişindən sonra 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olundu.

 

1976-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri,  ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi vəzifələrində çalışmış Həmid Cəfərovla söhbətimiz də  məhz bu tarixi hadisə ilə bağlıdır.

 

- Həmid müəllim, Heydər Əliyevin təşəbbüsü ilə  Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana – şairin doğma yurdu Naxçıvana gətirilməsi - Sizin bilavasitə iştirakçısı olduğunuz bu tarixi hadisə haqqında  xatirələrinizi bölüşməyi xahiş edərdim.

 

 - Qüqrətli Azərbaycan şairi və dramaturqu,  "Ana",  "Maral",  "Şeyx Sənan",   "Şeyda", İblis", "Azər",  "Peyğəmbər", "Topal Teymur" ,  "Səyavuş", "Xəyyam" kimi  ölməz əsərlərin müəllifi - taleyinə   ağrılı-acılı, məşəqqətli  bir ömür yazılmış Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərib. Təsadüfi deyildir ki, Hüseyn Cavaidin xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Belə bir tarixi və şərəfli işdə müdrik şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olub. Otuz dörd il əvvəl məhz Heydər Əliyevin  təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən  Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi ulu öndərimizin  tarixi xidmətlərindəndir.  

 

1982-ci il  oktyabrın 3-də Heydər Əliyev  Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd   göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, «sovsekretno» sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.

 

Beləliklə,  onun göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi  mənə  həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin  qərarından sonra   muxtar respublikanın   daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq.

 

 - Həmid müəllim, «gedər-gəlməz» bir məkan sayılan Sibirə səfər etmək – onilliklər ötməsinə baxmayaraq heç bir sorağı olmayan bir  yerə  getmək,  çox böyük müşkül məsələlərin həllinə sinə gərmək,  bu böyük məsuliyyət deyildimi?

 

 - Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz  onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir  müşküllükdən söhbət  gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki, bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü  rəhbərlik edirdi.  Ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev «Bakinski raboçi» qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin «birinci şəxsinə» - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdir. Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, bütün bunları isə millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan  şəxsiyyət – Heydər Əliyev edə bilərdi.

 

 - Cavid soraqlı Sibir səfərinizdə nədən başladınız?

 

- Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı  bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki,  Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının  yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

 

Sibirdə olarkən Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə  dağıdılması, Sibirin sıx meşələrindəki  Şevçenko kəndinin  itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin  yerlərə  getmək  həm  mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi.  O qətiyyətlə bildiridi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”.  Oktyabrın 21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı.  İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena  Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət Cavidin qəbri qazıldı…

 

Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid «tapılmışdı» - Azərbaycanın böyük oğlunun – Heydər Əliyevin  tarixi bir tapşırığı yerinə yetirilmişdi…

 

Əvvəlcədən planlaşdırıdğımız kimi Hüseyn Cavid Şevçenko-Tayşet- İrkutsk- Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz  oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.

 

Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.

 

 1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya,  sonra  isə Naxçıvana “uçdu”. Naxçıvanda - evinin qarşısında torpağa tapşırıldı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirildi.

 

- Heydər Əliyev ikincə dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndən sonra da görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində misilsiz xidmətlər göstərmişdir...

 

- Fikrinizlə tam şərikəm. Söhbətimizin bu yerində ötən əsrin 80-ci illərinə qayıdaraq bildirmək istərdim ki, 1982-ci ildə Heydər Əliyevin SSRİ-nin ali siyasi rəhbərliyinə irəli çəkildikdən sonra Moskvaya getməsi Cavidin adının əbədiləşdirilməsi ilə bağlı işlərdə bir boşluq yaratdı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar nəzərdə tutulmuş bir sıra tədbirlər reallaşmadı.

 

1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevin   Hüseyn Cavidin anadan olmasının 110 illiyi ilə əlaqədar çıxışında qeyd etdiyi kimi «1981-ci ildə Azərbaycan KP MK, Azərbaycanın Nazirlər Soveti Cavidin 100 illik yubileyi haqqında qərar qəbul edərkən bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Hüseyn Cavidin cənazəsinin vətəninə qaytarılması, Hüseyn Cavidin Bakıda və Naxçıvanda yaşadığı evlərdə ev-muzeyinin təşkil olunması, Hüseyn Cavidin heykəlinin Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı üzərində məqbərənin yaranması, Naxçıvanda Hüseyn Cavidin heykəlinin qoyulması, Hüseyn Cavidin əsərlərinin geniş yayılması, dərc olunması, rus dili və başqa dillərə tərcümə olunması, təqdim olunması. Təəssüf ki, bu tədbirlərin çoxu bu 10 ilin içərisində həyata keçirilməyibdir».

 

Bütün bu sadalananları Heydər Əliyev ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlişindən sonra həyata keçirdi. Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində misilsiz xidmətlər göstərdi.

 

Mənalı ömrünün bütün dönəmlərində  sözü ilə əməli vəhdət təşkil edən Heydər Əliyev sözün həqiqi mənasında Hüseyn Cavidin xatirəsinə layiq məqbərənin yaradılmasına nail oldu. Bundan öncə böyük humanist ideyalarla yaşayan Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək  1996-cı il  sentyabrın 13-də Müşkünaz xanımın məzarını Bakıdan, Ərtoğrul Cavidin məzarını isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş verdi. Və nəhayət bir neçə ildən sonra böyük sənətkarın son yadigarı - qızı Turan xanım da öz doğmaları yanında əbədiyyətə qovuşdu…        

 

Söhbəti qələmə aldı: Ilham Cəmiloğlu                                   

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi