Modern.az

Kanadada Azərbaycanla bağlı beynəlxalq sərgi - FOTOLAR

Kanadada Azərbaycanla bağlı beynəlxalq sərgi - FOTOLAR

Aktual

26 Oktyabr 2016, 12:40

21-23 oktyabr tarixində Kanadanın Montreal şəhərində keçirilən, Beynəlxalq Turizm və Səyahət sərgisində (Montreal International Tourism and Travel Show) Dünya Azərbaycanlıları Assambleyasının Kanada təmsilçiliyini də fəal iştirak edib. Azərbaycanın Kanadadakı Səfirliyinin əməkdaşlarının, Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosasiyasının da qatıldığı, bu sərgidə Azərbaycan haqqında yüzlərlə insana geniş məlumat verilib.

Qeyd edək ki, sərgidə Azərbaycanın tanıtımı ilə əlaqədar stend qurulub və stendə yaxınlaşan kanadalılar, insanların bəziləri Azərbaycan adını və ümumiyətlə, bizim ölkənin varlığı haqda informasiyanı ilk dəfə olaraq bu gün eşitdiklərini söyləyiblər.

Bu haqda Modern.az-a məlumat verən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Kanadalıların Azərbaycana olan marağından danışıb.

“Onlar əsasən "Biz niyə Azərbaycana getməliyik?" sualını verirdilər. Sərgi boyu Azərbaycanın coğrafi olaraq harada yerləşməsindən, iqlimindən, təbiətindən, tarixi abidələrindən, turizm mərkəzlərindən danışdıq.

Kanadalıları düşündürən maraqlı suallar sırasında “Azərbaycan təhlükəsiz ölkədirmi?, xüsusən qadınların verdikləri sual isə "Azərbaycana gələrkən geyimlərimizdə məhdudiyyət olacaqmı?" idi.

Kanadalılara eyni zamanda qonşu ölkələrdə olan qanunların Azərbaycana aid olmadığı, ölkəmizin müasir bir ölkə olduğu, özlərini tam olaraq təhlükəsiz və rahat hiss edə biləcəkləri yer olduğu haqda da məlumatları çatdırdım.  

Onlara əsasən son 2 ildə Azərbaycanda keçirilən möhtəşəm beynəlxalq tədbirlərdən, Bakı-2015 İlk Avropa oyunlarından və Formula-1 yarışlarından ətraflı söhbət açdım. Stendimizdə olan şəkilləri əyani sübut kimi onlara göstərirdim”.

R. Quliyev onu da qeyd edib ki, sərgi sayəsində, Azərbaycanı tanıyan insanlar da az olmadı.

“Stendimizdə olan Formula-1 yarışlarının şəklini görənlər bu haqda eşitdiklərini, bəziləri isə hətta Bakıya məhz bu yarışa baxmağa getdiyini deyirdilər”.

R. Quliyev sərgidəki stendin, məlumat braşuralarının, bukletlərin və digər texniki ləvazimatların hazırlanmasında Kanadada fəliyyət göstərən Azərbaycan səfirliyinin dəstəyini də vurğulayıb.

Qeyd edək ki,  DAA sentyabrın 9-da beynəlxalq QHT olaraq Almaniya Məhkəmə orqanı tərəfindən qeydiyata alınıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar