Modern.az

Fəzail Ağamalı: “Qabil Hüseynli dedi ki, gəl bir partiya yaradaq...” - RUBRİKA

Fəzail Ağamalı: “Qabil Hüseynli dedi ki, gəl bir partiya yaradaq...” - RUBRİKA

26 Oktyabr 2016, 13:31

Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. 

 

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?
 

Modern.az saytının partiyalarla bağlı növbəti  rubrikasında Ana Vətən Partiyasından danışacağıq. Beləliklə “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik.

 

Qısa arayış: Ana Vətən Partiyası 1990-cı ilin 24 noyabrında  yaradılıb. Partiyanın sədri deputat Fəzail Ağamalıdır.

 

“Heydər Əliyevçi olmağımı həzm edə bilmirdilər”

 

Fəzail Ağamalı deyir ki, partiyanın yaranması çox çətin bir dövrə təsadüf edirdi.

 

“Ana Vətən Partiyasının yaranma tarixi çətin dövrlərə təsadüf edir. “20 yanvar “ hadisələri baş vermişdi. Azərbaycanda komendant üsul-idarəsi hökm sürürdü. Həmin dövrdə  öndə gedən Azərbaycan Xalq Cəbhəsinə qarşı geniş hücum təşkil olunmuşdu. Azərbaycan Xalq Cəhəsinin yaranmasında fəal rol oynasam da, hücumlara məruz qalırdım. Həmin zamanlarda bir qrup cəbhəçi məni Xalq Cəbhəsinin Səbail təşkilatının rəhbərliyindən uzaqlaşdırmaq üçün kampaniyaya başladı.  Kampaniyada irəli sürülən əsas aparıcı amillərdən biri Heydər Əliyevçi olmağım idi. Bu ad altında mənə geniş hücumlar başladı. Mən də məcbur olub həm Xalq Cəbhəsindən, həm də üzvlükdən istefa verdim”.

 


Qabil Hüseynli ilə Fəzail Ağamalını nə birləşdirib?!

 

F.Ağamalının sözlərinə görə, partiyanın yaradılmasını təkbaşına həyata keçirməyib.

 

“Xalq Cəbhəsindən istefa versəm də,  milli azadlıq hərəkatından geri çəkilmək niyyətində deyildim. Həmin dövrdə politoloq Qabil Hüseynli ilə sıx əlaqələrimiz var idi. O, belə bir ideya irəli sürdü ki, bir partiya yaradaq və partiya vasitəsilə bu mübarizədə fəal iştirak edək. Nəhayət, belə qərara gəldik ki, partiyanın adını Ana Vətən Partiyası qoyaq. Qabil Hüseynli, partiyanın proqram və nizamnaməsini və  ilkin layihəsini hazırlamışdı. Həmçinin, layihənin hazılanmasında uzun müddət Ana Vətən Partiyasında fəaliyyət göstərən  indiki Texniki Universitetin dosenti Namiq Əliyevin  də hazırlamış olduğu proqram və nizamnamənin  son variantına baxdım, üzərində redaktələr  apardım. Beləliklə, 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyası yarandı. O zamankı  Çapayev küçəsində (indiki Təbriz küçəsi-red.) yerləşən  Xalq Cəbhəsinin qərargahında  böyük nümayəndə heyətinin iştirakı ilə təsis konfransını keçirdik. Sədr kimi namizədliyim irəli sürüldü. Beləliklə, partiyanın sədri seçildim”.

 

Niyə, məhz Ana Vətən Partiyası?!

 

Fəzail Ağamalının fikrincə, partiyanın adı özünü hər zaman doğrudub.

 

“Əslində, çox maraqlı sualdır. Ona görə partiyanın adının “Ana Vətən” seçilməsinə üstünlük verdik ki, təməl prinsiplərində də öz əksini tapsın. Biz Azərbaycanı bütöv görmək istəyirdik. Tarixi torpaqlarımızın  vahidlik ideyasını əsas götürdük. Bu ideya da ana, vətən anlamında özünü daha dolğun ifadə etdi  və Ana Vətən Partiyası adlandı. Ana Vətən Partiyası Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, möhkəmləndirilməsi uğrunda  barmaqla sayıla biləcək bir partiyadır. Bu istiqamətdə  öz töhfəsini verdi və indi də verir”.

 

“Pula əhəmiyyət verməmişik”

 

“Həmin vaxtlar mən işsiz idim. Hətta universitetdən də çıxarılmışdım. Həmin dövr elə bir zamana təsadüf edirdi ki, maliyyə həlledici rol oynamırdı. Bir növ fanatizm dövrü vardı. Hərəkata, xalqa, onun istiqlalına  sevgi var idi. Partiya yaranan zamanlarda içi mən qarışıq maliyyə haqqında düşünmürdük. Sonradan partiyanın aparatı, ofisi formalaşdı. Belə olan halda artıq maliyyəyə ehtiyac vardı. Məhdud imkanlarla partiya üzvlərinin maliyyə yardımı sayəsində çətinliklərin öhdəsindən gəldik. Sonrakı illərdə dişimlə, dırnağımla əldə etdiklərimi partiyanın ayaqda qalması üçün xərcləyirdim”.

 

“Ailəmdən böyük dəstək aldım”

 

O zamankı çətin dövrdə partiya yaratdığını deyən Fəzail Ağamalı  ailəsinin dəstəyindən də söz açıb.

 

“Ailədə partiya yaratmaq ideyasına qarşı birmənalı olaraq böyük dəstək var idi. Kimsə partiya yaratdığıma görə etiraz etməmişdi. Eyni zamanda, ailəmdən kənar adamların müqəddəs işdə mənə mane olmalarına imkan vermirdim. Baxmayaraq ki, rəhmətlik atam ehtiyatlanaraq məni bu yoldan çəkindirməyə çalışmışdı. Ciddi söhbətimizdən sonra bu məsələ də yoluna qoyuldu.  

 

Həmin dövrlərdə mənə maneçilik törədən Xalq Cəbhəsi və onun ayrı-ayrı üzvləri idi. Ən müxtəlif yollarla bu partiyanı gözdən salmağa çalışırdılar. Amma biz müqaviməti qıra bildik”.

 

 

Partiyanın ilk qadın üzvləri və toplaşdıqları məkan


Fəzail Ağamalı onu da deyib ki, ilk vaxtlarda hər şey çox çətin idi.

“İlk vaxtlarda  məktəblərdə toplaşırdıq. Bir neçə dəfə Xalq Cəbhəsinin qərargahında yığışmışdıq. Rəhmətlik Əbülfəz Elçibəy partiyanın yaranmasına çox müsbət yanaşırdı.

 

Həmçinin, Ana Vətən Partiyası yaranan ilk günlərdə qadın üzvləri də vardı. Düzdü, sayları o qədər də çox deyildi. Müəyyən müddət keçdikdən sonra qadınların da sayı çoxaldı. Əsasən, müəllimlər, həkimlər, tələbələr partiyamızın üzvləri idilər”. 

 

Namidə  BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir