Modern.az

Azərbaycanın maddi-mənəvi sərvətlərini necə tanıtmalı?

Azərbaycanın maddi-mənəvi sərvətlərini necə tanıtmalı?

26 Oktyabr 2016, 16:35

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması layihəsi çərçivəsində bu gün növbəti tədbir keçirib.

İctimai Birliyin sədri Mütəllim Rəhimov əsas məqsədin maddi-mədəni sərvətlərimizin xarici ölkələrə daşınmasının qarşısını almaq və xarici muzeylərdə olan sərvətlərimizlə bağlı maarifləndirmə işləri aparmaqla, ölkəmizə və xalqımıza qarşı aparılan şər, böhtan, qarayaxma kampaniyalarına faktlarla cavab verə biləcək məlumatlı vətəndaşlar yetişdirmək olduğunu bildirib. O deyib ki, “tariximizə, maddi-mənəvi, milli dəyərlərimizə, yad məmləkətlərdə “qolu qandallı” qalan abidələrimizin taleyinə biganə qalmaq olmaz. Bütün vasitələrlərdən istifadə edərək onlar haqda müfəssəl məlumata malik olmaq hər birimizin borcudur. Onları öyrənməsək, barələrində geniş məlumat əldə eləməsək yadlar onlara sahib duracaq”.

Daha sonra ekspert Ayaz Əfəndiyev çıxış edib. Onun sözlərinə görə, fəxrlə demək olar ki, bu gün  dünya  xalqları  Azərbaycanın mənəvi dəyərləri ilə tanışdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq miqyasda apardığı təbliğat işləri, həyata keçirilən davamlı tədbirlər milli-mənəvi dəyərlərimizin dünyada tanınmasını təmin edir. Söz yox ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdirilməlidir.

Maddi-mənəvi sərvətlərimizə müasir dövrdə olan münasibətdən danışan ekspert Vüqar Əliyev isə bildirib ki, “narahatedici  faktor budur ki, cəmiyyətimizdə tarixi maddi, mədəniyyət nümunələrimizə qarşı sevgi də kifayət qədər deyil. Apardığımız müşahidələr göstərir ki, insanlar əllərində olan tarixi əhəmiyyət daşıyan maddi-mədəni sərvətlərimizi xaricə aparmağa və yaxud xarici vətəndaşlara daha yüksək qiymətə satmağa meyllidirlər. Onlar əslində əllərində olan bu sərvətlərin qiymətini real olaraq dəyərləndirə bilmir, onun milli maraqlarımız üçün nə qədər əhəmiyyət kəsb etdiyini dərk etmirlər. Ona görə də bu əvəzsiz sərvətlər yalnız bir neçə gün yaxşı yaşamaq naminə və yaxud biznes maraqları üçün pula dəyişdirilir. Beləliklə, vətəndaşlarımız satdığı əşyanın yalnız fiziki qiymətini alır, halbuki ölkəmiz üçün çox böyük, ölçüyəgəlməz mənəvi dəyəri qiymətləndirilmir.”

Daha sonra V.Əliyev xarici muzeylərdə saxlanılan Azərbaycanın maddi-mənəvi sərvətləri haqqında iştirakçılara ətraflı bilgi verib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir