Modern.az

Azərbaycan Dünya Bankının hesabatında 65-ci yerdədir

Azərbaycan Dünya Bankının hesabatında 65-ci yerdədir

26 Oktyabr 2016, 19:06

Dünya Bankının 2015-2016-cı illəri əhatə edən hesabatında Azərbaycan üç və daha çox islahat aparan ən inkişaf etmiş ölkələrdən biri kimi təsvir edilib.

Modern.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) hesabatı şərh edib.

Sənəddə qeyd olunur ki, Azərbaycanın vergi ödənişləri və xarici ticarətin aparılması indikatorları üzrə reytinqi qaldırılıb. İdxal və ixrac bəyannamələrinin təqdim edilməsi üçün elektron sistemin istifadəyə verilməsi, xarici ticarətin aparılması indikatoruna əhəmiyyətli müsbət təsir edib. Biznesə başlama indikatoru üzrə də yüksək reytinq qorunub.

Qeyd edək ki, “Doing Business” hesabatı Dünya Bankı Qrupu tərəfindən hazırlanır və 10 indikator üzrə 190 ölkənin qiymətləndirilməsi məqsədini daşıyır. Cari il ərzində Azərbaycanda bir sıra islahat tədbirləri geniş spektrdə həyata keçirilib və bu səbəbdən “Doing Business” hesabatının 10 indikatoru aparılmış islahatları tam əhatə etmir. Eyni zamanda, bu hesabatda nəzərə alınan islahat tədbirləri yalnız cari ilin may ayına qədər aparılan islahatlardır.

Bu il iyulun 15-də Prezident İlham Əliyev sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabətqabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiya və komissiyanın katibliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Yaradılmış komissiya və komissiyanın katibliyinin apardığı iş nəticəsində növbəti ildə Azərbaycanın “Doing Business” hesabatında mövqeyinin daha da yaxşılaşdırılması gözlənilir. Ümumiyyətlə, Azərbaycanda biznes mühitin yaxşılaşdırılması üzrə aparılan islahatlar davamlı xarakter daşıyır və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir