Modern.az

“Respublika”nın baş redaktoru Təhsil Nazirliyinə CAVAB VERDİ: “Nazirin özünün xəbəri var”

“Respublika”nın baş redaktoru Təhsil Nazirliyinə CAVAB VERDİ: “Nazirin özünün xəbəri var”

Media

27 Oktyabr 2016, 14:00

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov Təhsil Nazirliyinin bu mətbuat orqanında çap olunan məqaləylə bağlı bəyanatına cavab verib.

Xatırladaq ki, Təhsil Nazirliyi “Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının nazirə aidiyyatının olmadığını bəyan edib.

Baş redaktor Teymur Əhmədov isə Modern.az-a deyib ki, bu, rəsmi müraciət əsasında hazırlanan məqalədir:

“Bu məqalə bizim sifarişimiz və xahişimizlə nazirliyin aparatında yazılıb, bu barədə özləri xəbərdardırlar. Bizə təqdim olunan məqaləni də çap etmişik. Bəzi araqarışdıranlar var ki, özlərini işgörən kimi təqdim etməyə çalışırlar.

Mən bu qəzetin baş redaktoruyam, özbaşına iş görərəmmi heç? Durub kiminsə adından məqalə yazıb çap edərəmmi heç?”.

Qəzet rəsmisi məqalədə nazirlə bağlı hər hansı neqativ məqam olmadığını bildirib:

“Nazir təhsilin inkişafı ilə, aparılan siyasətlə bağlı öz mülahizələrini danışıb. Əgər dəqiq öyrənmək istəyirsinizsə, cənab nazirin özündən soruşun. Onda əmin olacaqsınız ki, nazirin icazəsi olmadan biz bunu çap etmərik. Əgər məqalə nazirin adından çıxıbsa, deməli 100 faiz Mikayıl Cabbarovun məsələdən xəbəri var”.

 

“Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib.

 

Təhsil Nazirliyinin mətbuat xidməti  bəyan edib ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı