Modern.az

Azərbaycanda meyitdən orqanların transplantasıyası mümkün olacaq

Azərbaycanda meyitdən orqanların transplantasıyası mümkün olacaq

27 Oktyabr 2016, 16:05

“Azərbaycanda ölmüş insanın orqanlarının transplantasiyası (köçürülməsi) ilə bağlı Nazirlər Kabinetində müvafiq sənəd işlənir. Sənəd yaxın zamanlarda Milli Məclisin Səhiyyə komitəsinə daxil olacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, hazırda Azərbaycanda yalnız sağ insandan orqan köçürmək mümkündür:

“Azərbaycanda orqan transplantasiyası (orqan köçürülməsi) sağ, diri donordan həyata keçirilir. Hələ ki, bizdə qaraciyərin, böyrəklərin, köçürülməsi mümkündür.

Amma Azərbaycanda hələ ki, ölmüş insandan orqan köçürülməsi həyata keçirilmir. Çünki bunun bir sıra texniki və hüquqi əsasları yaradılmaldır.

Hüquqi əsas deyərkən artıq qanun qəbul olunub. Amma müəyyən kriteriyalar hələ də çatışmır.

Meyitdən orqan köçürmək üçün ilk olaraq pilot şəkildə klinikalar bu işlə məşğul olmalıdırlar və xüsusi komissiyalar yaradılmalıdır”.

Musa Quliyev ölən insanın orqanını hansı formada köçürməyin mümkün olduğunu da açıqlayıb.

O söyləyib ki, ölən insanın orqanın köçürülməsi üçün xüsusi klinik şərait yaradılmalıdır:

“Vəfat edən adamdan orqan köçürülməsi üçün ilk növbədə beyinə ölüm diaqnozu qoyulmalıdır. Əgər beyin ölümü diaqnozu təsdiqlənərsə, ölmüş insandan orqan transplantasiyası mümkün olar.

Təbii ki, bu çox bahalı əməliyyat və uzun sürən prosesdir. Ona görə də hələ ki, vətəndaşlarımız bundan yetərincə yararlana bilmir. İcbari tibbi sığorta işə düşdükdən sonra hətta ölü insanın orqanlarını sağ insanlara köçürülməsi də mümkün olacaq”.

Deputat dini baxımdan ölən insanın orqanın köçürülməsini izah edib və deyib ki, Qafqaz Müsəlmanları İdarəsi məsələyə etiraz etmir:

“Dini baxımdan orqan köçürülməsi tamamilə normaldır. Xristianlıq, islam və yəhudilikdə ölmüş insandan orqan transplantasiyası qəbul ediləndir.

İnsan sağlığında və öləndən sonra öz orqanları ilə başqa insanlara həyat verirsə və onları yaşadırsa, din bunun əleyhinə deyil.

Ölən insandan orqan köçürülməsi məsələsinə Qafqaz Müsəlmanları İdarəsində heç bir etiraz yoxdur. Əvvəllər cinsi hüceyrələrin donorluğu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində narazılıqlar var idi. Biz də onu nəzərə aldıq.

Əgər İran, Türkiyə və Ərəbistanda ölən insanların orqan transplantasiyası və yaxud cinsi hüceyrə köçürülməsi varsa, bizdə niyə olmasın ?”.

 

Ağa AKİFOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər