Modern.az

Zamanın axarında

Zamanın axarında

Ədəbi̇yyat

28 Oktyabr 2016, 11:56

Milli Televiziya – 60
Radio – 90

                                     

Məncə elə bir insan tapılmaz ki, uşaqlıqda möcüzəli “sehrli qutuya” – televiziyaya baş vurub onun nağıllar aləmini seyr etməsin, özünü orada görməsin. Təbii ki, bu hissləri, duyğuları mən də hamı kimi yaşamışam...


Uşaqlıqda daim televiziya önündə oturar, səbirsizliklə cizgi filmlərini, “Piri babanın nağıllarından ibarət səhnəcikləri, eləcə də uşaqlar üçün göstərilən filmləri seyr edərdim. Eyni zamanda mətbəxdə səhərdən gecəyə kimi bülbül kimi ötən radioda da uşaqlara aid olan verilişləri – xüsusən də, Savalan baba ilə Biləyənin, həmçinin Xoruz babanın maraqlı söhbətlərini dinləməkdən zövq alardım.


Evdə, ailədə tez-tez Seyfəddin Dağlı, Gültəkin Cabbarlı, Aydın Qaradağlı adlarını eşidərdim. Hər gün səbirsizliklə efirdə Rafiq Hüseynovu gözləyərdim. Çünki, bir qayda olaraq, o, səhər saat 10:00-da, axşam isə 18:00-da cizgi filmini elan edərdi...Bəli, bunlar mənim uşaqlığımın gerçəkliyi idi.


Xatırlayıram, 1975-ci ilin yayında pioner düşərgəsində dincəldiyimiz zamanı  radiodan müxbir gəlib, biz uşaqlardan düşərgə ilə bağlı fikirlərimizi lentə almışdı. O, hazırda da radioda çalışan Gülya Baqlanova idi. O müsahibəni radioda dinlədikdə hansı hisslər keçirdiyimi sözlə ifadə etmək mümkün deyildir. Uşaqlıqda xatirimdə qalan bir epizod da maraq kəsb edir. O zamanlar Yuri Qaqarin adına Məktəblilər sarayında Yeni il Şənliyi keçirilirdi. Televiziyanın uşaq verilişləri redaksiyası tədbirdən süjet hazırlayırdı. Sonradan həmin süjet efirə gedəndə televiziyada özümü görərkən sevincdən sanki qanad açıb uçurdum. O, anlarda xəyalımdan nə vaxtsa radioda, televiziyada çalışmaq arzusu keçirdi...


1981-ci ildə bu istək məni o zamanlar Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə gətirdi. Orada radio verilişləri ixtisasına yiyələnməyə başladım. Paralel olaraq İnstitutun İctimai Fənlər fakültəsində 5 illik jurnalistika kurslarının dinləyicisi oldum, “Politexnik” qəzetində ştatdan kənar müəllif kimi çalışdım. İnstitutun daxili televiziyasında tənəffüslər arası vaxtda canlı efirdə çıxışlar edərdim. Təbii ki, institutda təhsil zamanı Radio və Televiziya ilə bağlı ətraflı məlumatlar alırdım. Respublikada ilk dəfə Telemərkəzin yaradılmasında iştirak etmiş Çingiz Əfəndiyev bizə Televiziyanın yaradılması ilə bağlı, bütövlükdə Televiziya barəsində maraqlı məlumatlar verirdi. Hətta sonda imtahandan “əla” qiymət almışdım. O zamanlar Telemərkəzin rəisi Vaqif Musayev bizə antenna – fider qurğularından mühazirə oxuyardı. Yeni inşa edilən Teleqüllə barəsində ilk dəfə o, bizə müfəssəl məlumat vermişdir...


1982-ci ilin yay ayı idi. İnstitutdan tələbə - istehsalat təcrübəsi keçmək üçün mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsas binasında II mərtəbədə yerləşən Azərbaycan Rabitə Nazirliyi Televiziya mərkəzinin UKV ( ultraqısa dalğa ) sexində fəaliyyətə başladım. Təcrübədə olduğum 2 ay müddətində Televiziya və Radio ilə yaxından tanış oldum. Studiyalarda, çəkiliş meydançalarında olan çəkilişləri maraqla seyr etdim. Köçürmə və montaj otaqlarında iş prosesini izlədim. Diktor otağında o zaman populyar olan Rafiq Hüseynov, Roza Tağıyeva, Ofelya Sənani, Həqiqət Əsgərzadə, Hicran Hüseynov və başqalarını, eləcə də bu ocağa gələn ayrı – ayrı müğənniləri, aktyorları, şair və yazıçıları və s. canlı görürdüm. Bütün bunlar mənim televiziyaya marağımı daha da artırırdı. Nəyin bahasına olursa olsun televiziyada çalışmaq fikri məni bir an belə rahat buraxmırdı.


...İllər keçdi. Xoş bir təsadüf. mənim Televiziyaya ayaq basmağımda həlledici rol oynadı. Təkcə təsadüfmü? 1986-cı ilin aprel ayında mənim təşəbbüsüm və təşkilatçılığım ilə Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyini Azərbaycan Politexnik İnstitutunda keçirilməsi qərara alınmışdı. Şairi dəvət etmək isə mənə və Radiotexnika fakültəsinin dekan müavini Nuqay Əliyevə həvalə olunmuşdu. S.Rüstəmlə razılıq əldə olunduqdan sonra tədbirin bütövlükdə çəkilib efirə yayımlanması gündəmə gəldi. Mənim təkidli xahişimlə fakültənin dekanı olan Tofiq Məmmədov rektorluqla danışdı. O zaman Televiziya və Radio Verilişləri Komitəsinin sədri sənətə, sənətkara, mədəniyyətə böyük dəyər verən hörmətli Elşad Quliyev idi. Məhz, onun razılığı ilə çəkiliş üçün PTC ayrıldı. Çəkilişə məsul isə o zaman televiziyanın ədəbiyyat şöbəsinin müdiri, tanınmış yazıçı –jurnalist, mənim müəllimim deyərdim ki, əsl televiziyaçı Firudin Ağayev təyin olundu. Onunla bu tədbirin ssenarisini hazırladıq. Mən də tədbirdə öz çıxışım və qiraətimlə yer aldım. Tədbirin efirdə yayımlanmasına qədər bütün proseslərdə, eləcə də montajda iştirak etdim. Nəhayət, tədbir çox uğurla efirdə yayımlandı. Beləliklə, o gündən etibarən, mənim həyatım televiziya ilə möhkəm tellərlə bağlandı. O zamandan başlayaraq, Firudin Ağayev məni tez-tez efir verilişlərinə dəvət edərdi. Xatırlayıram, Süleyman Rüstəmin, Atif Zeynallının xatirəsinə həsr olunmuş verilişlərdə mən xatirələr danışar, qəzəllər deyərdim. Hətta bir gün Firudin müəllimin tapşırığı ilə, rejissor Nadir Diridağlı məndən “Gənclik”,  “Molodost” jurnalının nəşri ilə əlaqədar orada dərc olunmuş tanınmış yazıçı – Fransada mühacir həyatı yaşayan  Ümbülbanu haqqında fikirlərimlə bağlı məndən Rabitə evinin qarşısında ( o zaman orada çalışırdım ) müsahibə götürüldü, efirdə yayımlandı. Təbii ki, bunlar mənə televiziyanı sevdirdi. Beləcə, televiziyada ilk cığırlarım başlandı.


1990-ci ilin yay ayı idi. Radioda görkəmli şair Mikayıl Müşfiq haqqında çox maraqlı radioveriliş yayımlandı. Təşəkkür etmək üçün radioya zəng vurub, baş redaktorun telefonunu əldə etdim. İlk dəfə o baş redaktorla ünsiyyətimiz yarandı. Ona təşəkkür etdim. O da çox nəzakətlə, mehribanlıqla məni radioya- ədəbi dram verilişləri baş redaksiyası ilə əməkdaşlığa dəvət etdi. O baş redaktor bu gün də adını hörmət və ehtiramla yad etdiyim, ustadım, əməkdar jurnalist Mailə Muradxanlı idi. O gündən etibarən radio ilə əməkdaşlığım bu gün də davam edir.


1993-cü ildən etibarən, mən artıq Mailə Muradxanlının dəvəti ilə Televiziyanın ədəbi – dram verilişləri baş redaksiyası ilə əməkdaşlığa başladım, sənət adamları haqqında portret verilişlər hazırlamağa başladım. Paralel olaraq,  Əyləncəli və Musiqili verilişləri redaksiyası ilə əməkdaşlığa da dəvət aldım. O vaxt  mərhum bəstəkarımız, xalq artisti Ramiz Mirişli redaksiyaya rəhbərlik edirdi. Orada da maraqlı verilişlər hazırlamağa başladım.


Bu gün fəxarətlə birgə çalışdığım həmkarlarımı yad edirəm. Ilahi, xoşbəxtəm ki, belə hörmətli rejissorlarla çiyin – çiyinə çalışmışam – Tarıyel Vəliyev, Məhərrəm Bədirzadə, Oqtay Babazadə, Mübariz  Əsgərzadə, Kərim Kərimov, İradə Aydəmirova, Arif Qasımov, Əlizaman Şirvanlı, Nigar Əliyeva, Salman Həsənov, Nizami Süleymanov, Nailə Əkbərova, Almaz Məmmədova və s. Eləcə də birgə çalışdığım redaktorları da ehtiramla xatırlayıram: Camal Yusifzadə, Vaqif  Əlixanlı, Ağalar Mirzə, Həqiqət Nəbiyeva, Salehə Əfəndiyeva, Rafiq Savalan, Telli Pənahqızı, Sakit Ocaqlı, Vüqar Əhməd, Hikmət Şahbazov, Samir Məcidov, Tofiq Abbasov, İlqar Paşazadə, Sevinc İsmayılzadə, Sevinc Mütəllibova, Hikmət Nur, Aleksey Sinitsın, Boris Lyasko və başqaları. Oxuculara maraqlı olsun deyə müəllifi olduğum verilişləri bir daha kinolent kimi gözlərim qarşısından keçirirəm: Bu verilişlər hazırda televiziyanın fondunda saxlanılır: Vladimir Qafarov “Şeirdən başqa dünya bilmirəm”;  Süleyman Rüstəm “Qəlbində yaran varsa da”;  “Nəğməli sətirlər”;  “Şeiri ürəklərə yazılan mənəm”; Mikayıl Müşfiq “Arzuya bax, sevgilim”, “Sən neyçün ağlarsan?!”;  Rüfət Zəbioğlu “Xatırlananlar”; Ənvər Əlibəyli “Dünya insanlara qalacaq”; Hüseyn Cavid “Mənim Tanrım gözəllikdir”; Cəfər Cabbarlı “ Cəfər təbiətin möcüzəsidir”; “Könlümün İlham Pərisi”; Zeynəb Xanlarova “Yəmən Televiziyasının qızıl fondundan”;  “Ana laylası” ədəbi – musiqili kompozisiya;  “Sözləri Səməd Vurğunun” ədəbi – musiqili kompozisiya;  Əhməd Cavad  “Çırpınırdın Qara dəniz”;  Məmməd Rahim “Qoca dünya qalandır”;  Telman Hacıyev “Nə vaxtdır, dostların gözü yoldadır”; Hacıağa Nəzərli “Rənglərin sehri”, “Tablolara köçən ömür”;  MirMehdi Seyidzadə “Yazdım gözəllər eşqinə”;  Ələkbər Ziyatay “Bir ürək çırpınsa şeirlərimdə”;  Davud Aslan “Qılsa bu ömrüm vəfa”, “İşığını bol elə,  dünya”, “Ümidi yaşadaq” və s.


Bununla yanaşı,  Milli radioda da əməkdaşlığı davam etdirdim. Ədəbi – dram, gənclər, xəbərlər baş redaksiyaları ilə əməkdaşlıq çərçivəsində müxtəlif səpkili veriliş, süjet hazırladım. Əməkdaşlıqda bulunduğum Şəfəq Əlixanlı, İntiqam Mehdizadə, Hafiz Ələkbərov, Heydər Zeynaloğlu, Hidayət Səfərli, Mehriban Bəşirzadəni daim xatırlayıram.


Ən qəribəsi də o idi ki, mən kənar müəllif kimi istər televiziyada, istərsə də radioda verilişlər hazırlayırdım. Mənim üçün redaksiya fərqi yox idi, bütün redaksiyaların qapısı üzümə açıq idi. Bu xoşbəxtlik deyilmi?


1992-ci ildən həyatım Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə bağlı oldu. Ilkin illərdə Mətbuat xidmətinin rəhbəri kimi Cəmiyyətin fəaliyyəti ilə bağlı filmlərin çəkilişində də müəllif – redaktor kimi özüm çalışırdım. Hətta elə vaxtlar olurdu ki, müəyyən tədbirin çəkilişini aparmaq “Xəbərlər” redaksiyası tərəfindən mənə həvalə olunurdu. Yaxşı xatırlayıram, “Xəbərlər”in o zamankı rəhbərləri Akif Cabbarlı, Allahverdi Məmmədli və Həsən Həsənov həmişə mənə deyərdilər ki, Qafar, sən, elə bizim əməkdaşsan, bu montaj masası, montajor və rejissor, get süjeti yığ. Əsasən, süjetləri Rəşad İlyasovla yığardım. Bu mənə verilən böyük dəyər və inam idi.


Təbii ki, televiziyaya və radioya olan sevginin nəticəsidir ki, bu gün mən həm Milli Televiziya, həm də digər Telekanallarla əməkdaşlıq edir, verilişlər hazırlayır, çıxışlar edir, ekspert qismində fikirlərimi bölüşürəm. Elə keçən il dərc etdirdiyim “İstoriya Azerbaydjanskoy jurnalistiki” kitabının yarısını radio və televiziya jurnalistikasının tarixinə həsr etmişəm.


Milli Televiziya və Radiosunun son 35 illik fəaliyyəti, inkişafı gözlərim qarşısında olub.


1981-ci ildə ilk dəfə gördüklərimlə bu günki mənzərə arasında böyük zaman məsafəsi vardır və müqayisə olunmazdır.


Təbii ki, televiziya milli mədəniyyətin formalaşmasında, mənəvi və estetik baxımdan zəngin, yeni gənc nəslin inkişafında, bütövlükdə, estetik mədəniyyətin tərəqqisində mühüm rol oynamaqdadır. Bu baxımdan, dünənki televiziya ilə bu günki televiziya arasında fərqin olması təbii haldır.


Son 10 ildə Milli Televiziyada baş verən müsbət dəyişikliklər, xüsusən, Milli Televiziyanın dünya standartlarına cavab verən texniki qurğu və avadanlıqlarla təchiz olunması, yeni binaların tikilməsi, müasir studiyaların, çəkiliş meydançalarının inşası və istifadəyə verilməsi alqışa layiqdir. Bu baxımdan, indiki televizyonçuları xoşbəxt saymaq məncə yerinə düşər.


Bütün sahələrdə olduğu kimi, televiziya və radio sahəsinə də zamanında Ulu Öndər Heydər Əliyev, həmçinin, rəhbərliyinin bütün dönəmlərində isə Respublika Prezidenti cənab İlham Əliyev böyük diqqət və qayğı göstərir. Elə AzTV-nin bazasında “Mədəniyyət və İdman Azərbaycan” kanallarının yaradılması, “Azərbaycan Televiziya və Radiosu Akademiyası”nın, İctimai Televiziya və Radio yayımları şirkətinin fəaliyyətə başlaması dediklərimə bariz nümunədir.


Azərbaycan Respublikasının Prezidenti, Zati – aliləri cənab İlham Əliyevin 16 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Arif Alışanov kimi uzun illər burada çalışmış peşəkarın təyin olunması Milli Televiziya və Radiomuzun həyatında yeni təkan oldu. Belə ki, bu illər ərzində burada yeniliklərə imza atıldı, köhnə sterotiplər aradan qaldırıldı, bu günki tamaşaçı və dinləyicinin ruhunu, zövqünü oxşayan verilişlər yarandı. Vətənpərvərlik və dövlətçiliyə sadiqlik, məhəbbət isə öz yerində.


Verilişlərə, telelayihələrə gənclərin cəlbedilməsi isə AzTV-ni daha dinamik edib. Bununla yanaşı, yaşlı və veteran əməkdaşlara bəslənən isti münasibət, göstərilən diqqət və qayğı xüsusi tərifə layiqdir.


Arif Alışanovun yüksək təşkilatçılığı sayəsində son 10 ildə Azərbaycan televiziyasının və radiosunun inkişafında nəzərə çarpan işlər görülmüşdür.  Belə ki, Teleradionun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, zəif verilişlər maraqlı veriliş və layihələrlə əvəzlənib, vaxtilə buradan uzaqlaşan peşəkar televiziyaçılar geri qaytarılıb, televiziyanın və radionun qanunlarına tam cavab verən yeni aparıcılar hazırlanıb və sair. AzTV yenidən cəmiyyətdə böyük nüfuzu və söz demək haqqı olan ziyalıların məbədinə çevrilib. Məncə, Arlf müəllimin bir rəhbər kimi ən böyük xidməti ondadır ki, AzTV-də və Azərbaycan Radiosunda incəsənətimizə və mədəniyyətimizə xidmət etməyən bayağı, ucuz nümunələrin səsləndirilməsinə yol verilmir. Bundan başqa, ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bir növ durğunluq yaşadığı dönəmlərdə AzTV və Azərbaycan Radiosu xalqımızın diqqətini mədəni və mənəvi irsimizə yönəltməklə, bu sahələrin yenidən nəfəs almasına və daha güclü şəkildə araşdırılmasına səbəb olub. 

 


Bu gün də böyük sevgi və həvəslə mənə doğma olan Milli Televiziya və Radiosu ilə əməkdaşlıqdan xüsusi zövq alıram. Vaxtilə tanıdığım əməkdaşlarımla bərabər hazırda burada fəaliyyət göstərən gənclərlə də ünsiyyətdə olur, onların peşəkarlığına heyran oluram. Təbii ki, söhbət zamanı onlara iradlarımı, arzu və təkliflərimi də söyləyirəm. Rövşən Məmmədov, Rəşad Mehdili, Rüfət Həmzəyev, Elnur Orucov, Rövşən Ramazanlı bu qəbildən olan jurnalistlərdəndir.


Ürəyim doludur. 35 illik teleradio jurnalisti fəaliyyətimi 4-5 səhifəlik yazı ilə əhatə etmək təbii ki, mümkün deyil. Azacıq da olsa bu ürəkdən gələn səmimi fikirlərimi hörmətli oxucularla bölüşdüm. Teymurləng demişkən, bəzəksiz – düzəksiz, sadə el dilində.


Bu günlər Milli radiomuzun  - 90, ana Televiziyamızın isə 60 illik Şanlı Yubileyi təntənə ilə qeyd olunur. Bu sevincli, fərəhli, qürur verici tarixi hadisə münasibətilə bütün həmkar dostlarımı 35 il ərzində bu doğma ocaqda yetişən, formalaşan, inkişaf edən, tanınan televiziya və radio jurnalisti kimi təbrik edir, hamıya möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, yeni – yeni sənət, yaradıcılıq uğurları arzulayıram. Dünyasını dəyişənlərin hamısına Böyük Yaradandan rəhmət diləyirəm.


Bayramınız mübarək, əziz dostlar!

 


Özünü hər zaman AzTV sırlarında hiss edən
Qafar Əsgərzadə
 əməkdar jurnalist,
fəlsəfə doktoru,
“Tərəqqi” medalçısı

        

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?