Modern.az

İqtisadçı məmurumuz qızına kömək edə bilmirsə...

İqtisadçı məmurumuz qızına kömək edə bilmirsə...

28 Oktyabr 2016, 12:08

Vəfa Allahverdiyeva

 

Adının çəkilməsini istəmədiyimiz (sadəcə, etik baxımdan düzgün deyil- müəl.) dövlət məmurlarından biri qızının riyaziyyat tapşırıqlarında İqtisadiyyat Universitetindəki keçmiş müəllimindən, professordan yardım istəyərkən, aldığı sərrast cavab tədris proqramlarının  mürəkkəbliyindən əzab çəkən hər kəsi labirintlərdən hörülmüş  çağdaş təhsilin üzərinə qaldırmağa, kitab müəlliflərini, əlavə vəsait yazarlarını  əməlli-başlı boykot etməyə haqlı çıxara bilər.

Gəlin adı, soyadı bizə də məchul qalan həmin professorun keçmişdə riyaziyyat üzrə savadlı tələbəsi olmuş bu məmura verdiyi cavaba baxaq: “Gerçəkdən də riyaziyyat kitablarındakı məsələ və misallar uşaqların deyil, professorların altına girə biləcəyi metodik yükdür. Müəlliflər  tapşırıqları fərqinə varmadan belə, bu kateqoriyanın zəka gücünə hesablayıblar. Halbuki, heç professorlar da riyaziyyatdakı bu “inqilabi” dəyişikliklə, bəzən  ayaqlaşa bilmirlər”.

Doğru cavabdır. Əks halda, gərək bizim adını çəkmək istəmədiyimiz, savadı şübhə doğurmayan bu iqtisadçı-məmurumuz ibtidai sinfin son pilləsindəki ( ibtidailərin proqramı belə ağır olanda, gör yuxarı siniflər nələr çəkir-müəl.)  qızına kömək etməkdə acız duruma düşməyəydi.

 

Diqqət edin: 60 yaşlı alımlərin zərrə-zərrə yığdıqları bilikləri biz beyin qatları hələ cilalanmayan, zehni inkişafı hələ tam getməyən uşaqdan tələb edirik!

Nə qədər ədalətsiz, dəhşətli, nə qədər parodoksal, nə qədər  gülməli bir tələb! Deməli, evimizdəki gərginliyin səbəbi burdadır.

İllərdir, ali təhsil pilləsinə qəbulda aşkara çıxan biabırçılığın məsuliyyəti yuxarıdakı etirafın, həqiqətin məzmunundadır.

Bu, hamının bəsirət gözünü açmalıdır.    

Yeni tədris ilinin başlanması ilə köhnə dərdlər, həyəcan və hirs  bir daha təzələnir. Hər yerdə, hər auditoriyada söhbət ailələrin yaşadığı təhsil əsəbi, şagirdin keçirdiyi qəliz tapşırıq stresidir.  

Kurikulum bizə test suallarında ənənəvi olaraq dirənən, səhərisi utanc qiymətlə hüzurumuza çıxan, bundan ürkək baxışlar alan  uşaqlarımızı döydürür, söydürür: nəticə indilikdə bundan ibarətdir.

Halbuki biz hələ də dərk edə bilmirik ki, günah uşağın qavrama qabiliyyətində və oxumaq həvəsində  yox, bu əcaib, kamilləşmə, bilikli yetişmədən savayı, hər şeyə xidmət edən sistemin özündədir.

Döyülməli, söyülməli bir tərəf varsa, bu da kurikulum sisteminin özüdür: bizə vaxtsız alim yox, bizə fiziki və psixoloji sağlam uşaq lazımdır.  

Fəqət sistemi Avropadan köçürənlərə, təhsilin başında dayanan, mövcud mənzərəyə laqeyd  rəsmilərə qarşı etiraza qalxmaq heç kəsin əlindən gəlmir. Hamının gücü elə öz uşağına çatır.

Hətta testlərdə özünün dili dolaşan, beyni kütləşən müəllimlər belə, uşağın yaxasından yapışıb doğru cavablar istəyir. Amma hansı haqla?!. Uşaq beyni alim beyninin səviyyəsinə çatmadan ondan filosofluq gözləmək hansı məntiqə uyğun gələ bilər? 

Müəllim axsayan yerdə, uşaq necə mükəmməl “riyaziyyatçı” ola bilər?   

Cəmiyyətdəki etiraz notlarının, tənqidi mülahizələrin  bir gün təhsildə bir xəfiflik yaradacağı ehtimal edilirkən, bu ilki metodik vəsaitlər, proqramlar, konkret riyaziyyat, ana dili, ingilis dili iş dəftərlərinin içərisini vərəqləmək kifayətdir ki, ötən illərlə müqayisədə sadələşmə əvəzinə, bir qədər də mürəkkəbləşmənin şahidi olasan. Birinci övladını labirintlərdən keçirib gətirə bildiyin halda, ikinci övladına kömək edə bilməyəsən. Məhz ildən-ilə baş verən qəlizləşmə ucbatından.  

Yeni nəşr tarixli vəsaitlər tələb edilirkən, hər kəsin ağlına gələn müəllimin satış mərkəzləri ilə əlbir işləməsi kimi fikir, əslində onlara qarşı bir kobud haqsızlıqdır. Məsələlər incələnərkən,  tələbin kökündə köhnə çapla yeni çap variantı arasındakı məzmun dəyişikliyinin dayandığını anlamaq mümkün olur.   

İldən-ilə mürəkkəbləşmə ilə sanki kimlərinsə təhsil ictimaiyyətinə, şagirdə, valideynə qəsdən qəddarlıq göstərmək, əzab, stress  içərisində saxlamaq kimi bir  niyyəti var.      

 Sanki bu ölkədə təhsilin başlıca axsaqlığını göstərən səbəblər üzərindən heç bir araşdırma aparılmır, tədbirlər görülmür.

Halbuki araşdırmalar konkret riyaziyyat testlərinin cavablarında şagirdin deyil, başdan-ayağa valideynin iştirakının ortaya qoyulması ilə  məktəbin mahiyyətini və funksiyasını  rüsvay etmiş olardı.

Müasir təhsilin subyekti  formal olaraq şagirddir. Təhsildə başlıca iştirakçı valideyndir, yəni,  təhsil proqramları ilə məktəbli məşğul olmalıykən, o, oxumalıykən,  valideyn oxuyur ki, bu da test suallarının şagird üzərindən eksperimentini  mənasızlığa aparıb çıxarır.

Dərsin nəzəri hissəsi, yəni qayda bir həll taktikası olaraq, bütün misal və məsələlərə uyğun gəlmirsə, hər oxşar misal və məsələyə bəlli taktik üsul tətbiq oluna bilmirsə, belə olan halda bir sual düşünmək üçün böyük zaman tələb edirsə,  bu, artıq elm və onun sabit yolu deyil, bezdirici bir oyunbazlıqdır.          

Orta məktəblərin, liseylərin əksəriyyətində riyaziyyat test tapşırıqlarının mənbəyi Namazov soyadlı  müəllifdir ki, onun qoyduğu suallar azyaşlı uşağın əlinə külüng verib azman  dağı yardırmaq kimi bir bənzərlik daşıyır.

Namazovun dərsliklərin müəllifləri ilə birlikdə  geniş auditoriya qarşısına çıxıb bu sualları qəliz formaya gətirən səbəbləri inandırıcı isbatlarla  izahlaması lazımdır ki, kurikulum zülmünü, testlərdəki dolanbac yolları  qəbul etmək mümkün olsun. Onların açıq tribunaya qalxması, ictimai suallar qarşısında dayanması mütləq lazımdır. Eləcə də təhsilin ideoloqları.   

Yoxsa, savadlı iqtisadçı-məmurlar öz övladlarına öz zəkalarından töhvə verə bilməyəcəklər. Onlar verə bilməyən yerdə, savadsız ailələrdə uşaqların çətinliklərlə necə baş-başa qaldıqlarını, kitab-dəftər üzərinə axıdılan gizli göz yaşlarını və köməksizlikdən ortaya çıxan zəncirvari problemləri  təsəvvür etmək çox asandır: tapşırıqlarını yerinə yetirə bilməyərək pisikən uşaqlar, qiymətlərindən utanıb sarsılan balacalar, danlaqdan sınan yeniyetmələr,  savadsız yetişən böyük bir nəsil...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu