Modern.az

Xalq şairləri: "Zakir Həsənov haqqında eşitdiklərimizin tam əksini gördük”

Xalq şairləri: "Zakir Həsənov haqqında eşitdiklərimizin tam əksini gördük”

28 Oktyabr 2016, 14:27

Dünən Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Müdafiə Nazirliyinin birgə görüşü keçirilib. AYB nümayəndələri müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüblər. Görüşdə çox əhəmiyyətli məsələlərə toxunulub. AYB ilə Müdafiə Nazirliyi arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Görüşdə iştirak edən ziyalılar təəssüratlarını Modern.az-la bölüşüblər.

 

Xalq şairi Nəriman Həsənzadənin sözlərinə görə, bu görüş çox böyük hadisədir.

“Görüşü Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası təşkil etmişdi. Anar müəllim başda olmaqla AYB-nin Ağsaqqallar Şurasının üzvləri olan xalq yazıçıları, xalq şairləri hamısı bu görüşdə iştirak edirdilər. Bizi general-polkovnik Zakir Həsənov özü qarşıladı. Çox yüksək səviyyədə, olduqca səmimi görüş oldu. Nazirimizlə şəxsən tanış olduq. Ordu və yazıçılar heç vaxt ayrı ola bilməz. Yazıçı da vətən deyir, əsgər də. Görüşümüz o qədər yerinə düşdü ki... Biz bundan sonrakı müdddət üçün bir sıra planlar tərtib etmişik. Müdafiə Nazirliyinin nəzdində “Yazıçı” adlı kitabxana yaradılacaq. Bu kitabxana yazıçıların öz imzaları ilə olan kitablardan ibarət olacaq”.


N.Həsənzadə bildirib ki, şairlər qrupu əsgərlərlə görüşlərə də gedəcəklər.


“Gənc şairlərdən  bir neçəsinin 10-15 gün müddətində hərbi hissələrə gedib əsgərlərlə qalmaları və bu haqda mətbuatda geniş yazıların dərc olunması planlaşdırılıb. Eşitdiyimiz barədə deyil, gördüklərimiz barədə yazacağıq. Şairlərin hərbi hissələrə getmələri könüllülük əsasında olacaq. Əvvəllər zavodlardan reportaj hazırlayan jurnalistlər bir müddət orada işləyirdilər, gördüklərini yazırdılar. İndi də belə olacaq ki, şair və yazarlarımız hərbi hissələrdə gördüklərini yazacaqlar”.

Müdafiə nazirimiz vaxtaşırı bizim “Ədəbiyyat”  qəzetində ədəbi mühit qarşısında, yazıçılar qarşısında ordumuz barədə məlumatlar verəcək. Müdafiə Nazirliyinin “Ordu” qəzeti ilə bizim “Ədəbiyyat” qəzeti arasında səhifə mübadiləsi ediləcək. Ziyalı ordudan, ordu isə ziyalıdan uzaq durmamalıdır.
Dünənki görüşdə Azərbaycan prezidenti İlham Əliyevin ordumusa diqqətindən, qayğısından bəhs edildi. Ordumuz həqiqətən məğlubedilməzdir. Bu da cənab prezidentin diqqəti və qayğısı sayəsindədir.  Biz bu görüşdən çox böyük ruh yüksəkliyilə qayıtdıq”.

 

Xalq şairi Fikrət Qoca da nazirlə görüşü əhəmiyyətli tədbir sayır:.

“Müharibə şəraitində yaşayan xalqıq. Müdafiə nazirimizlə tanış olduq. Bildik ki, kimlər bizi müdafiə edir, qoruyur. Çox ziyalı, mədəni, mütaliəli şəxsdir. Onlar haqqında eşitdiklərimizin tam əksini gördük. Azərbaycan dilini mükəmməl şəkildə bilən insanlardır. AYB-nin sədri Anar müəllim müdafiə nazirimizlə gələcək görüşləri müzakirə etdi. Kimlər getsin, görüşlər necə təşkil olunsun və başqa məsələlərə aydınlıq gətirildi”.

 

Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir