Modern.az

AzTV nədir?

AzTV nədir?

28 Oktyabr 2016, 18:58

Mahir Qabiloğlu

 

Küçədə bir  tanışımla rastlaşıram:

– Ay Mamed (ad şərtidir), filankəsi niyə gözümçıxdıya salmısınız? Nədir, nədir  böyük vəzifədə işləyən qaynatasını işdən çıxarıblar?

– Doğrudan? Mənim heç  xəbərim yoxdur. İşə bax e... Orda işləyən mən fil qulağında yatmışam. Bu barədə xəbəri mənə kənardan verirlər.

Hər yerdə belədir. İşlədiyin yerdə  –  istər nazirlik, komitə olsun, istərsə də xırda bir idarə – kənardan hər şey çox yaxşı  görünür. Özü də ki, ağ, qırmızı, göy, sarı yaşıl kimi xoşagələn rənglər nəzərə çarpmır. Qara rəng gözü deşir. Lap xırda, nöqtə boyda olsa belə. Bəlkə də elə qaranı özümüz axtarırıq: Mirzə Ələkbər Sabirin “Fəxriyyə” başlığı ilə vəsf elədiyi  azərbaycanlıların nəvə-nəticələri deyilikmi?

Zülmətsevər insanlarız üç-beş yaşımızdan, 

Fitnə göyərir torpağımızdan, daşımızdan, 

 

AzTV-ni izləmək isə lap asandır. İstəyirsən Aranda ol, ya da Turanda. Biz keçmiş işçilər baxanda hər şeyi aydın görürük.

Bu dəqiqə qulağım səsdədir. Yox. Elə bilməyin ki, AzTV-nin 60 illiyi münasibətilə fərqlənən işçilərin qiymətləndirilməsini gözləyirəm. Ki, zəng edib ad alan həmkarlarımı təbrik edim. Birdən bu barədə sərəncam olmasa... Onda heyfslənəcəm: “Bax, bütün günü işləyirsiniz, çalışırsınız, gözünüz nuru gedib, radiasiya qazanırsınız. Gecəylə gündüz, ailə-uşaq nədi bilmirsiniz. Ürəyinizi qoyursunuz verilişlərə. Heç pul mükafatı da yazmayıblar.  Bu da axırı. Hansısa teatrda yubiley tədbiri-konsert. 60 yaşınız mübarək! Quruca təbrik”.

Mahir, başlama demaqoqluğa. Sən başlıqda qoyduğun suala cavab ver: “AzTV nədir?” AzTV böyük bir  ailədir. İstəyirsən ordan çıx və ya çıxartsınlar. “Ordan işdən çıxmırlar, ayrılırlar” desəm lap yerinə düşər. Gözün yenə də orda qalır. Lap qıraqda milyonlar qazansan da... Lap ordan yüz qat artıq bir vəzifədə çalışsan da... Çünki çox doğma bir ailə mühiti var orda. İstəyir sədr yaxşı olsun, yaxud da pis, çörəkkəsən, xəsis. Amma mən ora təzə işə düzələndə köhnə işçilərin çoxu AzTV-ni ailə yox, bataqlıq adlandırırdılar.

Mən də 11 il bu ailənin üzvü olmuşam. İşdən çıxmamışam, öz  təbirimcə desəm, “ayrılmışam”.  AzTV-nin uğurlarını saymıram. Bunu dilə gətirmirəm də...



HAŞİYƏ:
Gürcüstan müstəqillik qazanandan sonra, başqa dövlətlərdə olduğu kimi burda da dispor təşkilatları yaranmağa başlayır. Hər ölkəyə səfəri zamanı diaspor nümayəndələri ilə görüşən, öz məsləhətlərini verən ümummilli lider Heydər Əliyev Gürcüstana gedəndə bu cür görüş keçirmir. Səbəbini isə belə açıqlayır: “Azərbaycanlılar Gürcüstanın aborigen əhalisidir. Diaspor deyillər” (SON)

Çünki kökü dərinlərə gedən televiziyadır. Uğursuzluq bu ada yad bir sözdür. Baxmayaraq ki, keçmiş iş yoldaşım Sadıq Elcanlı mənə “Mahir, “525-ci qəzet”də AzTV-ylə bağlı silsilə məqalələrim gedir. İstəsən, oxuyarsan.” deyəndə, bir az maraqlı gəldi. Amma tapıb oxumadım.



HAŞİYƏ:
Yəqin yadınızda olar. “KVN-Parni iz Baku” komandasının tamaşalarının birində belə bir səhnəcik var. Deməli Prezident Heydər Əliyev Moskvaya rəsmi səfərə gedir. Prezident Putin rəsmi görüşdən sonra hörmətli qonağı Kremllə tanış etmək istəyir. Heydər Əliyev də ona belə cavab verir: “Tı komu Kreml pokazıvaeş?” (SON)


İndi lətifəsi Sadıq Elcanlıya yaraşan: “Sadıq müəllim, sən AzTV-ni kimə tanıtdırırsan?” Görünən dağa nə bələdçi? Nə qədər tərifləsək də, gileylənsək də, tənqid eləsək də, pisləsək də, sədrinə qarğışlar yağdırsaq da... AzTV bizimdir. Bizim doğma evimizdir. Ailəmizdir. Biz də onun üzvləri. “Biz” deyəndə, təkcə orda işləyənlər və ya ordan ayrılanları nəzərdə tutmuram. AzTV hamınındır. Böyük Heydər Əliyev demişkən: “AzTV xalqımızın milli sərvətidir”. Azərbaycanda lap 100 kanal olsun. Özləri də yaxşı bilirlər ki, AzTV-yə çata bilməzlər. Mümkünsüzdür. Baxımlı ola bilərlər. Lap yüz dəfə artıq baxımlı ola bilərlər. Bu gün mənim bu sözümün əleyhinə də çıxıb, öz özəl televiziyalarını dünyanın başına da qaldıra bilərlər. Amma sabah o şəxslərə desələr ki, “AzTV-yə sədr, sədr müavini, baş redaktor, adi aparıcı qoyuruq səni...” qaça-qaça yox, iməkləyə-iməkləyə gedərlər, gedirlər də...  Pisdirsə, niyə gedirsiniz?


AzTV-ni böyük həmkarım Qulu Məhərrəmlisayağı tənqid edənləri də alqışlayıram. Bu olmalıdır. AzTV-yə rəhbərlik edənlər və ya orda işləyənlər yaxşı bilməlidirlər ki, qıraqdan onlara bir ictimai nəzarət var. Onların verilişlərini, fəaliyyətlərini, sonsuz təmir işlərini görən, analiz edən və bunu yazmaqdan qorxmayan insanlar da var. Hətta onların lap xırda vəzifəsinə göz dikənlər də var. Bu onları ruhdan salmamalı, əksinə öz məsuliyyətlərini artırmağa, yeni-yeni gözəl verilişlər yaratmağa ruhlandırmalıdır. Yazılanlara təhqir kimi qiymət verib, onu Cinayət Məcəlləsi səviyyəsinə qaldırmağı isə səmimi qəbul etmirəm.  O vaxt mətbuatda AzTV-ni “telekanalizasiya”, KVN-də “Xəbərlər”i  “Xərəblər” deyə adlandıranda səslərini niyə çıxartmırdılar? Niyə məhkəməyə müraciət etmirdilər?


AzTV abreviaturasının əvvəlinə “ən baxımlı kanal”, “ən gözəl kanal”, “1 nömrəli kanal” ifadələrini artırmaq təhqir olardı. Sadəcə AzTV. Çünki onu hamı belə tanıyır. O bizim son 60 illik həyatımızın yaxın dostudur. O, Azərbaycanımızın son 60 illik tarixinin sirdaşı, yaddaşıdır.


Bu gün bəlkə də yeganə kanaldır ki, (İTV də) ona baxanda nə şoka düşürsən, nə də dilinin altına validol qoyursan. Ümumilikdə götürəndə isə bütün televiziyalar onlara rəhbərlik edənlərin zövqünün təzahürüdür. Burda “uşaq evin güzgüsüdür” misalı lap yerinə düşür.



Mən AzTV-dən çox şey gözləyirəm. İstəyirəm ki, özünün xüsusi avadanlıqlar quraşdırılmış vertolyotları olsun. Əvvəllər olduğu kimi, tanınmış “sifət”ləri çox olsun. Yəni ki, tamaşaçı leyblsız belə, aparıcıya baxanda bilsin ki, AzTV-ni açıb. Dublyajın səviyyəsi yüksəlsin. Əmək müqaviləsində göstərilən zaman həddi aradan qaldırılsın. Çünki jurnalistsiz, rejissorsuz, operatorsuz, texniki heyətsiz televiziyanı təsəvvür etmək mümkünsüzdür. Bu peşə, sənət sahibləri koçeqar – qazanxanaçı deyil ki, yalnız qış vaxtı işləməyə gəlsin və onunla da müddətli əmək müqaviləsi bağlansın. Düzdü, əmək müqaviləsi bağlanmalıdır. Yalnız öhdəlik baxımından, müddət yox. Bu yanlış bənd işçini işdən çıxarılmaq qorxusu altında saxlamaqdan başqa bir şey deyil. Özü də ki, yaradıcı işçini...


Arzu edirəm ki, AzTV-nin barında yenə pivə-araq satılsın. İşçilərin “Ceyran, bir çaynik çay gətir” sədaları eşidilsin. Kimsə çəkilişdən qayıdıb, “həm də çəkilişdən qayıdıb” həmin gün çörək qazanmayan dostlarını pomidor-yumurta çığırtmasına, yaxud da barmen İlham Səfərovun sosiskalarına qonaq etsin. Montajnılardan toy kassetlərinin “Vağzalı” sədası eşidilsin. Operatorlar müxbirlərə “Burda əsas mənəm. Mən çəkməsəm sən nəyi efirə verəcəksən” deyə xoruzlansınlar. Esmiranın “Kamera yoxdur”, Yeraz və ya buzovnalı Novruzun “Maşın yoxdur” qışqırığı aləmi götürsün. Sədrlə müavini həyətdə dayanan şəxsi maşınlara tamaşa edib, işçilərinin qazandıları pulun gözəyarı miqdarını müəyyən edib başlarını bulasınlar. Yox. Deyəsən bu arzu olmadı. Sadəcə nostalji hisslər.


Yuxarıda qeyd etmişdim ki, bəs qulağım səsdədir. İndi səbəbini açıqlayım. Arzu edirəm ki, mətbuatımız Televiziyamızın 60, radiomuzun 90 illik yubiley günlərində yazı, məqalə atəşinə tutulsun. Bu məkanın nə qədər qocaman və gənc jurnalisti var e... hərəsi 3-4 xatirə və foto paylaşsa sizcə necə olar? Məncə əla. Düzdür qocaman rejissor Vasif Babayev Feysbuk-da qan eyləyir. Amma, təkcə 20 Yanvar hadisələrindən sonra yaşadıqlarını, çəkdikləri zülmü qələmə alsa... Ay həmkarlar, AzTV-nin tarixini yazmaq sizlik, bizlikdir. 


Sonda hamını, lap sədrimiz Arif Alışanovu da bayramımız, yubileyimiz münasibətilə təbrik edirəm. O vaxt Nizami Xudiyev haqqında “Çörəkverən sədr” adlı yazı yazmışdım. O gün olsun ki, bugünkü AzTV-çilər də öz rəhbərləri haqqında nəvaxtsa “Səxavətli, əliaçıq, çörəkverən sədr – Arif Alışanov” başlıqlı yazılar yazsınlar. Arzu edirəm ki, AzTV-də pensiya yaş həddi 75-ə qaldırılsın. Çünki AzTV ailədir. Ailədə qocalanı  “Qocalar evi”nə göndərən övladlara ...... deyirlər. Bir daha TƏBRİKLƏR! TƏBRİKLƏR! TƏBRİKLƏR!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi