Modern.az

“Zəngilan səhifəsi kiminsə sifarişilə yazılmır” - MÜSAHİBƏ

“Zəngilan səhifəsi kiminsə sifarişilə yazılmır” - MÜSAHİBƏ

29 Oktyabr 2016, 10:20

Bu gün Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür. Artıq 23 ildir ki, Zəngilansız zəngilanlılar dünyaya gözün açır. Ancaq illər Zəngilansız doğulan zəngilanlıların doğma torpağına olan sevgisini azalda bilməyib.
Modern.az saytı işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə həmin bölgələri yaşadanlarla bağlı rubrikanı davam etdirir. “Qarabağı yaşadanlar”ın növbəti müsahibi, Facebook-dakı “ZƏNGİLAN” səhifəsinin yaradıcısı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlüdür. Onunla müsahibəni təqdim edirik. 



- Təranə xanım Zəngilanın adını daşıyan Facebook səhifəsinin yaradıcısınız. Özünüzü necə tanıdardınız?


- Hər bir şəxsi tanıdan onun əməlləri, cəmiyyətdə tutduğu mövqeyidir. Artıq məni zəngilanlılar Təranə Şükürlü kimi tanıyırlar.


- Müsahibəmiz Zəngilanın işğal olduğu günə təsadüf edir. Zəngilansızlıqdan danışmağınızı istərdim.


- Düz vurğuladınız, Zəngilansızlıqdan danışaq. Yadlaşan illəri zaman alıb aparır. Qələmimdə, ictimai fəaliyyətində Zəngilan mənim üçün həmişə öndə dayanan bir mövzu olub. Deyirlər yaddaş mücəmməsi qədər insanı heç nə tərpədə bilməz. Rayonumuzdan 26 oktyabr 1993-cü ildə çıxdıq. Bu bizim sonuncu çıxışımız oldu. Həmin günü elə zənn edirdik ki, qısa zamanda evimizə qayıdacağıq. Amma 23 il tez gəlib keçdi. Biz sanki tez böyüdük. Zəngilansız Zəngilandan danışmaq asan deyil.


- Açığı deyim ki, Zəngilanla bağlı belə bir səhifənin olmasına sevindim. Zəngilan adı ilə bağlı olan səhifələrin əksəriyyəti gənclərin tanışlığı, Zəngilana aidiyyəti olmayan şəkillər paylaşmaq üçün yaradılıb. Ancaq sizin səhifə fərqlidir, fəaliyyətiniz Zəngilanla bağlıdır. Necə oldu ki, “ZENGİLAN” səhifəsini yaratdınız?


- Səhifəni Türkiyədə yaşayan bir həmyerlimiz yaradıb. Facebook-da yaradılan ilk Zəngilan səhifəsi olub. Elnur Paşa həm də mənimlə həmkar sayılır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Məni Zəngilan səhifəsinə inzibatçı təyin edəndə səhifənin 347 nəfər üzvü var idi . Artıq 4 il olar ki, səhifəni tək olaraq mən idarə edirəm. Bu gün Zəngilan səhifəsinin çoxlu sayda oxucuları mövcuddur. Buna sevinirəm. Facebook həm də sosial medaiadır. Məqsəd rayonumuzla bağlı bütün məlumatları virtiual olaraq aşılamaqdır.


- Səhifənin yaranıb ərsəyə gəlməsində kimlərinsə dəstəyi oldumu? Zəngilanın tanınmış adamları, ziyalıları səhifənin varlığından xəbərdardılar?


- Zəngilan səhifəsi kiminsə dəstəyi və sifarişilə yazılmadı. Heç bir səhifələrdə, qruplarda reklam belə, olunmayıb. Sadəcə, oxucu fikri fəallığı yarada bilmişik. Səhifənin mövcudluğundan təbii ki, xəbərdardırlar. Bunu da sonradan duydum. Həm Zəngilan səhifəsi ədəbi dilin normalarını gözələməklə yanaşı, mövzu baxımından da o qədər rəngarəngdir ki, ictimai diqqəti cəlb edə bilib. Mən bu səhifəni kimlərinsə təşəkkürünü almaq üçün yazmıram. Vətənə olan sevgi ölçü, miqyas tanımır. Sadəcə, özümü bu torpağa – Zəngilana borclu hiss etdiyim üçün səhifəni yazıram, Zəngilandan yazıram.
Qarşıda məqsədim Zəngilan haqqında daha böyük işlər aparmaq və onun toponimlərini araşdırmaqdır.


- 23 ildir ki, Zəngilansız zəngilanlılar dünyaya gəlir. Səhifənin izləyicilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Gənclərin fəaliyyətindən razısınızmı?


- Yeni nəsil Zəngilan haqqında virtual aləmdən çox məlumatlar əldə edə bilir. Biz bunu görürük. Hər zaman insan variantlar axtarır. Real variantlardan tutmuş illuziyalara qədər… Həm də ailənin təsiri də böyükdür. Bir ailədə torpaqla bağlı xatirələr yada düşürsə, o ailənin övladı Zəngilanı unutmayacaq, onu görməyə tələsəcək. Zəngilan gəncləri bu gün vətənə məhəbbət, düşmənə nifrət ruhunda böyüyürlər. Sevindirici haldır ki, Zəngilanı görməyən gəncləri Zəngilan daha çox maraqlandırır.


- Səhifə Ermənistan tərəfindən işğal olunmuş rayonun adı ilə bağlıdır. Mənfur qonşularımızın səhifəyə hücum halları ilə qarşılaşmısınız?


- Xeyr, heç bir zaman belə bir hal baş verməyib.


- AMEA-nın Dilçilik İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdirisiniz. İşiniz səhifəni idarə etməyinizə mane olmur ki?


- Xeyr. Mən öz işimi sevərəkdən görürəm. İstər elmi, istər pedaqoji, istərsə də mətbuatda olan ictimai fəaliyyətimi... Yadımdadır: ikinci kursda oxuyurdum. Fakültəyə Ərdəbil şəhərindən şairlər gəlmişdi. Tələbə yoldaşlarım təkid etdilər ki, gəl “Bir yol gedir Zəngilana” şeirini çıx tribunada söylə. Mən bu şeiri söylədim, şairlər qalxıb mənə təşəkkür etdilər, bəzi suallar verdilər. O vaxtdan Zəngilandan danışmaq, yazmaq üçün bir yola çıxdım. Və bu yolumdan neçə ildir geri çəkilmədim. Son iki ayda işlərimin çoxluğu səhifədəki fəaliyyətimdə ləngimə yaradıb. Amma onu qeyd edim ki, mətbuatda olmağım mənə hər zaman Zəngilanla bağlı televiziya və saytlarda çıxışlarımın işıqlandırılmasına kömək edib..


 -Səhifə üzləri ilə görüşlər keçirmisinizmi?


- Zəngilan gəncləri virtual aləm vasitəsilə bir-birilərilə əlaqə saxlaya bilirlər. Hər il oktyabrın 29-da görüşərək Şəhidlər xiyabanını ziyarət edirik.


-Səhifə vasitəsi ilə zəngilanlıları bir araya toplamağı bacarmısınız. Sizcə səhifənin üzləri sizdən razıdırmı?


- Üzvlər, həmyerlilər səhifənin müəllifinin kim olduğunu bilmirlər. Çox az qisim bunu bilir. Hamı Zəngilan səhifəsini bəyənir, oxuyur, yeni informasiyalarla tanış olur. Tez-tez mesajlar yazaraq, bu səhifənin kim tərəfindən idarə olunması haqqında suallar da ünvanlanır. Təbii ki, belə suallar cavabsız qalır. Çünki məqsədim özümü məxfi, həm də arxa planda saxlamaqdır.


-Yəqin ki, səhifəyə müraciət edənlər olur. Müraciətlər əsasən nələrdən ibarət olur?


-Dilçi olduğum üçün Zəngilan səhifəsində tez-tez rayonun toponimləri, onların mənşəyi haqqında məlumatlar paylaşıram. Müraciətlərin də çoxu bu mövzu ilə bağlı suallardan ibarət olur. Hər kəs öz kəndinin mənşəyilə bağlı suallar ünvanlayır.

Ali məktəbə qəbul olan gənclərimizin müraciəti əsasında bu il onları səhifədə tanıtmışıq. Hərdən də problemlərini yazanlar olur...


- Ola bilər ki, bizim toxuna bilmədiyimiz məqamlar oldu. Əlavə edəcəyiniz nələrsə varmı?


- Suallarınız əhatəli idi. Müsahibəyə görə təşəkkürümü bildirirəm. İnşallah, bir gün Zəngilanın qələbə sevincini sizinlə bölüşək.


Qafar Ağayev

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı