Modern.az

50 ildən sonra Azərbaycan dili necə olacaq? - Mütəxəssislərdən CAVAB

50 ildən sonra Azərbaycan dili necə olacaq? - Mütəxəssislərdən CAVAB

Ədəbi̇yyat

29 Oktyabr 2016, 11:02

Millətin mövcudluğu həm də onun zəngin dilə malik olması ilə paralel inkişaf edir. Bir xalqın öz dilini qoruyub saxlaya bilməsi asan deyil. Tarixdə bir çox xalqların dili məhv olub.

Azərbaycan dili isə çətin tarixi dövrlərdə belə, xalqımız tərəfindən qorunaraq saxlanılıb. Sonuncu yüzillikdə SSRİ-nin tərkibində 70 il əsarətdə yaşasaq da, dilimizə sahib çıxa bildik. 

Bəs 50 ildən sonra türk dillərinin Oğuz dil qrupuna daxil olan Azərbaycan dili necə olacaq?


Modern.az
saytı məsələyə münasibət öyrənib.

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri,Sabir Rüstəmxanlı 50 ildən sonra Azərbaycan dilinin daha da inkişaf edəcəyini deyib.

“Dil yaşayır, o da canlı varlıqdır. O da böyüyür, zənginləşir, sonra qol-qanadı daha geniş açılır. Azərbaycan türkcəsi ümumi türk dilindən qopandan sonra, Oğuz dil qrupunun əsas ana qollarından biri olaraq, uzun müddət müstəqil yaşaya bilməyib.

200 il bundan əvvəl Rusiya ilə İran arasındakı  (Qacar)  savaşdan sonra Güneydə fars dili, Quzeydə rus dili hakim dilə çevrilib. Hətta, Sovet dövründə belə, Azərbaycan  dili körpə uşaqların çıxışı formasında təqdim olunurdu. Rəsmi məclislərdə yasaq idi. Çox istifadə olunmurdu. Azərbaycan müstəqillik əldə edəndən sonra Azərbaycan dili beynəlxalq status qazanıb. Bütün protokol işləri öz dilimizdə aparılır. Dilimizə daxil olan sözlərin bəziləri nəzarətsiz daxil olur.

10, 20, 30 il bundan sonra dilin ünsiyyət imkanları indikindən qat-qat artıq olacaq. Düzgün siyasət aparılsa, 50 ildən sonra bu dil türk dünyasında anlaşılan dil olacaq. Bu dildə çap olunan kitablar 50 milyon yox, 100 milyon auditoriya üçün nəzərdə tutulacaq. 50 ildən sonra çox şey dəyişə bilər. Bir də gördüz ki, Azərbaycan artıq bütöv Azərbaycana çevrilib və dilimiz də bir yerdə daha yaxşı inkişaf edib”.

 

Filologiya elmləri doktoru, deputat Nizami Cəfərov da dilimizin ön sıralarda yer alacağını deyib.

“Şübhə doğurmur ki, Azərbaycan dili inkişaf etməkdədir. Azərbaycan dilinin arxasında on milyonlarla  sayı ölçülən toplum, etnos, cəmiyyət dayanıb. Bu gün o öz xarakterini göstərir. Bugünkü statistikaya görə, Azərbaycan dili dünyada ən çox inkişaf edən dillər sırasında 20-25 arasında tərəddüd edir. Bu da Azərbaycan dili üçün nüfuzlu yerdir. İndiyə qədər Azərbaycanın müstəqil dövləti yox idi. Bu gün isə var. Bu da o deməkdir ki 70 il asılı yaşayan bir dövlətin dili bu gün çox yaxşı qalıb. Ona görə də Sovetlər dövründə dilimizi necə qoruyub saxlamışıqsa, bundan sonra da o cür inkişaf edəcək.

Bu dilin arxasında büyük türk dünyası dayanır. Azərbaycan dilinin qarşılıqlı əlaqəsi yüksək səviyyədə təmin olunur.  Dilimiz üçün elə bir təhlükə yoxdur. Əksinə, onu daha da inkişaf gözləyir.

Bu gün dillərin qarşılıqlı mübarizəsi gedir. Deməzdim ki yaşam uğrunda mübarizədir. Dili bu formada vulqarlaşdımaq olmaz. Amma bu gün dil imperiyaları mövcuddur. Məsələn, ingilis dili, rus dili, alman dili və sairə. Həmçinin, müəyyən həddə qədər ingilis dilinin dilimizə təsiri olacaq. Heç bir azərbaycanlı heç vaxt Azərbaycan ədəbiyyatının  başqa dillərdə yaranacağını ağlına da gətirməyib. Çünki dilimiz hər zaman bizimlə bir addımlayıb.

Eyni zamanda, 50 ildən sonra dilimizə müxtəlif sözlər keçəcək. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da  mərkəzi şəhərlərdə beynəlxalq dillərdə yazılar, reklamlar artacaq. Çünki beynəlxalq standartlardan qaça bilmərik”.  

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır