Modern.az

Tanrı xeyir-duası

Tanrı xeyir-duası

Ədəbi̇yyat

29 Oktyabr 2016, 11:07

Azad Müzəffərli          
əməkdar jurnalist


(hekayə)

       
Səssiz-səmirsizdi. Xatirələrini çözələyirdi. Duyğulanmışdı. Cılxı duyğusal olmasa da, bəzən xatirələr okeanının qəvvasına çevrilərdi. Ömrün xatirə dəftərini vərəqlədikcə, təəssüratlar selinə qovuşardu. Dünəni, srağagünün qarşısında  alnıaçıqdı. Hədər yaşamamışdı. Qürur duyulası ömür düşmüşdü qismətinə.

       
Ülvi hisslər onu necə qanadına almışdısa, şıdırğı yağışdan xəbərsizdi. Yazın ilk yağışı meydan sulayırdı. Göydən ruzi ələnirdi. Bu, ilin xeyirliyə açıldığına, bərəkətli olacağına nişanəydi. Azca keçmiş damcılar pəncərəsinin aynasını daha bərk-bərk döyəcləməyə başladı. Qanrıldı. Yalnız bu dəmdə güclü yağışı sezdi. Südabə, elə bil, qış yuxusundan ayıldı. Yağış bir həngamə qoparmışdı ki, gəl görəsən. Sanki “Natiq” ritm qrupu cuşa gəlmişdi, qavaldaş meydan sulayırdı, nağaraların, davulların deyişməsi şahə qalxmışdı.Tələm-tələsik stulu pəncərəsinin önünə çəkdi. Çöhrəsini aynaya dayayıb təbiətin tamaşasına qapıldı. Çöldəki vur-çatlasın uzun sürmədi. Yağış gözlənilmədən kükrədiyi kimi qəfildən də kiridi. Təsadüfən deməyiblər ki, yaz yağışı ki, yaz yağışı. Sanki, bircə atım barıtı varmış. Növbə narın damcılara yetdi. Ətraf əsl bahar ovqatına qovuşdu. Bu, bada veriləsi fürsət deyildi. Südabə gödəkçəsini çiyinlərinə salıb həyətə düşdü. Xeyli var-gəl eylədi. Yazın “tamı” duyulan havanı sinədolusu ciyərlərinə çəkdi. Baharla bütövləşdi. Təbiət günahı varmış kimi onun könlünü almağa çalışırdı. Elə bil, göydən yağış yox, gül-çiçək səpələnirdi. Ufacıq damçılar tellərinə toxunduqca, ona elə gəlirdi ki,  sanki, Tanrı başını sığallayır. Qəlbindən qaranquşlar qanadlandı. Səsini bir az da içinə saldı. Ruhundan səpələnən notlar həzin nəğməyə çevrildi. Xoşbəxtdi. Şükür içindəydi. Təkcə, ağaclar çiçəkləmir. Bəzən, insan elə gül-çiçəyə bələnir ki, hətta, yaz da ona həsəd aparar. Həmişəki kimi Tanrıdan dualarını əskiltmədi.

       Bütün hikkəsiylə yerdən acığını çıxan buludlar aram-aram qeybə çəkilirdi. İlkin fürsətdəcə buludlardan toxunan pərdəni aralayan Günəş ona sarı boylandı. Salamlaşdılar. Hər ikisinin çöhrəsindən nur yağırdı.

      Əsl Azərbaycan qadınının etalonuydu. İsmət onun tutacağı idi. Şəksiz, mayası hallallıqdan yoğrulan hər kəs Tanrıdan belə bir bacısının olmasını mütləq dilərdi. Daxili dünyasının dayaqları səmimiyyətdən, mötəbərlikdən, mərhəmətdən, Uca Varlığa məhəbbətdən yoğrulmuşdu. Bu, çöhrəsinə də, gözlərinə də yansımışdı. Əxlaqı həsəd doğurandı. İti zəkası, işinə bağlılığı ilə də diqqəti çəkirdi. Bəzən beziksə də, zəhmətə qatlaşmaqdan həzz alardı. Taqəti tükənəndə  azacıq nəfəsini dərib, yenidən böyük coşqu ilə işini davam etdirərdi. Alın təri ilə qazanılan çörək onun üçün əvəzsizdi. Ev işlərində də pərgardı. Səliqə-sahmanı, özünəbaxımlılığı ilə də zərif cinsin adını daim uca tutardı. Şərəf, ləyaqət söykənəcəyi idi. Etibarı daşdan keçərliydi. Nəinki doğmaları, rəfiqələri, dostları, eləcə də, az-çox bələd olduqlarının  sevincini də, kədərini də özünkü bilərdi. Bacardığını əsirgəməzdi.  İç dünyasından xeyirxahlıq ələnərdi, layiq olan yadlardan belə dualarını əsirgəməzdi. İstənilən seçimində aşırı mütləqçi idi. O qədər səmimi idi ki, bu, səsinə də hopmuşdu. Səsinin avazında körpəlik, məktəb, universitet illərindəki çalarlar hələ də eynilə qalmaqdaydı. Hallallıq canında, qanınaydı.

      Qismətini taleyin ixtiyarına buraxmışdı. Ümidini qəlbindəki taxt-taca sahib çıxa biləcək ağ atlı oğlanın özünün onu seçəcəyi günə bağlamışdı. Hər yoldan ötənə könül verən deyildi. Ağayanalıq canında, qanında olamayanı heç cür özünə yaraşdırmazdı. Layiqli seçim onun düşüncə tərzi idi. Yalnız tamlıq. Yarımçıqlıqdan uzaqdı, bunu özünə yaxın belə buraxmazdı. Təsadüflərə, bəlkələrə bel bağlamaq da onluq deyildi. Yüz ölçüb, bir biçəndi. Reallığın gözünə dik baxmaq şakəriydi. Tam ürəyincə olmasa, sonsuzluğa qədər təkliyə üstünlük verəndi.

      Həftənin istirahət günlərini xəyallar dünyasında pərvaz eləmişdi. Yeni iş həftəsinə başlamaq üçün yoldaydı. Avtobusda da düşüncələri onu sakit buraxmırdı. Fikri uzaqlarda idi. Üzbəüz oturacaqdakı ucadan danışan qadınların söhbəti istər-istəməz diqqətini çəkdi. Övladlarını evləndirmək üçün fərli-başlı qız tapa bilməyən bu qadınlar nümayişkaranə şəkildə ürəklərini boşaldırdılar.

-      Ay bacı, indi halal süd əmmiş qız tapmaq müşkül məsələdir.Ona görə yox ki, qəhətə çıxıb. Sadəcə, ayırd eləmək çətindi, kim-kimdir. Ar, namusun üzərinə kölgə salanlar  kifayət qədər çoxdur, qalırsan, mat-məəttəl, bilmirsən kimə inanasan?!.

-      Düzdür,  Qərb dəyərlərinə uyanlar saya gəlmir. Bizi də ki, Allah saxlasın, başqalarının yaşam tərzi üçün sinov gedirik.

-      Elədir, mobil telefon çıxandan çox şey dəyişib, sosial şəbəkələr meydan sulayır. İndiki gənclər də gecə-gündüz  orada  lövbər salıblar. Sosial şəbəkələr vasitəsilə zatıqırıq, damarı boş millətlərin “dəyərləri” sərhəd tanımır, hopur bizimkilərin də canına. Elə sosial şəbəkələr var ki, Allah göstərməsin, orada hər şey kəllə-çarxa dirənib. Ona görə də, yaxşı ilə pisi ayırd eləmək çətindir!?. Maskalı, saniyədə bir dondan-dona girən, sifətdən-sifətə düşən qızlar da kifayət qədərdir. Dinib-danışanda az qala adamı borclu çıxarsalar da, özərini Aydan arı, sudan duru göstərməyə çalışsalar da, di gəl, saman altından su yeridir, “ustalıqla”  min-bir oyundan çıxırlar. Harada alabəzək “gül” gördü, ora sarı yönələn cır arıya bənzəyən xanımçalar saya gəlmirlər. Yagışdan sonra çoxalan göbələklərə bənzəyirlər. Belələri şərəf, ləyaqəti ayaqları altına atıblar.

-      Elə, ona görə də namuslu ailələr övladlarının seçimi sarıdan təlaş keçirirlər. Lap, dədə-baba qaydasınca övladlarına qız seçməyə üstünlük verənlər də çaş-baş qalırlar...

-      Ən qəribəsi isə odur ki, oğlanların əksəriyyəti gözü görə-görə, ağlı kəsə-kəsə namuslu, ağıllı-başlı qızları qoyub cırlara üz tuturlar. Odur ki, zamanın nəbzini tutmağı bacaran qızların işi “xod” gedir.

         Mövzu ona da doğma gəldiyindən Südabə də istər-istəməz ürəyində bu söhbətə qoşuldu. O da hərdən Tanrıdan umub-küsürdü. Uca Varlığın çox vaxt yaramazların, alayarmçıqların “yanında olmasından” az qala qeyzlənirdi. Düşünürdü ki, axı, niyə belə olmalıdır?!. Niyə, belələrinin üzünə bütün qapılar açıqdır?!. Həmin anlarda tezcə də özünü tövbələyirdi. Yaxşı bilirdi ki, layiq olmadığın xoşbəxtlik, var-dövlət qəlpdir. Lap yağ-bal içində yaşa, ayaqlarının altına xalılar döşənsin, dünyanın dördbir tərəfini ayaqaltı elə, nə faydası!?. Böyük mətləblərə söykənməyən səadət qara qəpiyə də dəyməz. Təmiz ad, şəxsi ləyaqət, alın təri ilə qazanılan duz-çörək əvəzsizdir. Yalnız halal haqqın olan səadət səninkidir. Saxta “xoşbəxtliyə” qovuşanların yanında sən şahzadələr şahzadəsi, bəxtəvərlər bəxtəvərisən. Bu, özünətəlqin deyil, adicə, sübuta ehtiyacı duyulmayan məntiqdir. Zamanə laxladığından hallallara, namuslulara haqq etdikləri qədər diqqət ayrılmaması belə mütləq həqiqəti dəyişmir. Daim insanlıq zirvəsində olanların səadəti Tanrıya layiqdir!!! Südabə də sözün həqiqi anlamında, Tanrı bəndəsi idi!!! Həqiqi dəyərlərdən bir addım da olsun kənara durmazdı.

         Nəhayət ki, mənzilbaşına yetişdi, avtobusdan düşdü. İşə tələsirdi. Onların kollektivinə yeni qoşulan qıza yamanca isinişmişdi. Ötən iki gündə Dilarə üçün yamanca darıxmışdı da. Onunla həmyaş olan bu qızın ipək kimi xasiyyəti vardı. İstiqanlıydı. Səviyyəli ailədən olduğu ilk baxışdanca bəlliydi. Qısa müddətdə əksəriyyətlə dostlaşmışdı. O qədər nəzakətli idi ki, onunla davrananda səfərbər olmaq məcburiyyətində qalırdın. Xanımlığı heyranlıq doğururdu. Xarakterində, oturuşu və duruşunda  milliliklə müasirlik tən gələrdi. Çöhrəsindən abır-həya yağırdı. Rəfiqələr sarıdan korluq çəkməsə də, Südabə də onunla yaxınlaşmağa meyilli idi. Elə bil, bu qızda qəribə bir cazibə qüvvəsi vardı.

        Təzə rəfiqəsinə necə öyrəşmişdisə, onsuz duruş gətirə bilmirdi. Vaxtın necə sürətlə ötdüyünün də mahiyyətində deyildi. Artıq üç aydan çox idi ki, Dilarə ilə möhkəmcə dostlaşmışdılar. Bir də məzuniyyətinin vaxtı yetişəndə  ayıldı ki, ay aman, bəs, yay artıq yarı olub. İyul ayı da sona yetməkdəydi.

- Dilarə, məzuniyyəti sənsiz necə keçirəcəm, indidən məni fikir götürüb?!.  Bəlkə, heç olmasa, növbəti şənbə və bazar günlərini birlikdə harasa gəzməyə gedək?..

- Gəlsənə, qızlardan kimisə də götürüb, gedək Babadağa, səyahətlə ziyarəti birləşdirək?!.

- Lap ürəyimdən xəbər verdin... Mükəmməl ideyadır... Di gəl, biz o uca zirvələrə qalxa bilərik?

- Ən əsası odur ki, bizim o müqəddəs ocağa ayaq basmağa mənəvi haqqımız var. Gəl, rəfiqəmiz Sənubərlə danışaq, o bizə qohum-əqrabasından  bələdçi də tapar, əslən İsmayıllıdandır, qalanı Allah kərimdir?!.

- Düz deyirsən, ən əsası mənəvi haqqının olmağıdır, Sənubər də yaxşı qızdır, ona da halaldır, gedək onunla məsləhətləşək.     

        Beləcə, üç rəfiqə dil tapıb, razılığa gəldilər. Şənbə günü yola düşəcəkdilər. Sənubər dayısı ilə danışıb, onu bələdçiliyə razı salmışdı. Əslində, dayısı üçün də bu ələdüşməz fürsət idi. Çoxdandır, Babadağa sarı yolu düşməmişdi, az qala ora gedən yolları unuda. Səyahət üçün əsl məqamdı. Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağa adətən iyulun ortasından avqustun ortasına qədər getmək mümkündür. Ora ilin digər vaxtlarında əlçatmazdır.

      Bir neçə gün tədarük görüb, yola hazırlaşdılar. Sənubərin dayısının onların hər birinə bağışladığı heybələri də yeyəcək və meyxoş meyvələrlə doldurmağı, ehtiyat üçün su dolu qablar götürməyi də unutmadılar. Həzrət Babaya dualarını oxuyub şənbə günü sübh tezdən səfərə yola düşdülər.  Sənubərin dayısı Şamaxıda onlara Şirvan əhlinə layiq qonaqlıq verdikdən sonra üz tutdular İsmayıllıya sarı. İnsafən, Həsən kişi çöl-bayır görmüş, ağayana adam idi. Yol boyu həm şirin söhbətindən qalmırdı, həm də Babadağ ziyarəti ilə bağlı məsləhətlərini də əsirgəmirdi. Qızları əməlli-başlı təlimatlandırmışdı. Tezliklə İsmayıllıya yetişdilər.

-      Mənim balalarım, bir də sizə qulluq eləmək mənə nəsib olacaq, ya olmayacaq, onu Allah bilir, gəlin bizim dədə-baba yurdumuzda da bir qismət duz-çörək kəsək, nə deyirsiniz?!.

-      Day-day, biz kimik, nəkarəyik, Siz necə buyursanız, biz də lal-dinməz ona əməl eləməyə hazırıq...

-      Bir də ki, mənim əzizlərim, əgər burada doyunca yeyib, yükümüzü tutmasaq, o zirvələri bir-bir arxada qoymağa taqətimiz çatmaz...

      İsmayıllı mətbəxinin təamlarından doyunca dadıb, daraşdılar bumbuz bulaq suyuna. Yaxşı bilirdilər ki, yol boyu doyunca su içmək də lazım gələcəkdi. Həsən kişinin hər bir kəlməsini qulaqlarında sırğa eləmişdilər. Yol aldılar Lahıca sarı. Girdimançay boyunca səpələnən kəndləri bir-bir arxada qoyurdular. Təbiətin al-əlvanlığı onlara yorğunluqlarını unutdururdu. Zarnavadakı asma körpü isə lap ələdüşməz nağıldı. Heyrətlərini heç cür gizlədə bilmirdilər. Vətənin əzəməti və qədimdən də qədimliyi burada daha qabarıq duyulurdu. Ətrafdakı bir-birindən üstün təbiət tablolarının tamaşasına dörd göz gərəkdi. Məhz ölkəmizdəki neçə-neçə belə məkanlarda Tanrının fırçasından çıxan ən nəfis əsərlərinin əksəriyyətini  Azərbaycana nəsib elədiyinə şəkki-şübhən qalmır. Beləcə, Ulu Yaradanın yaratdıqlarına valeh ola-ola yetişdilər  Gəndob kəndi yaxınlığındakı Namazgaha. Bütün ziyarətçilər kimi onlar da qurşandılar buradakı bal dadan bulaq suyuna. Yanğılarını söndürüb, xeyli sərinlədilər.

      Lahıca çatanda Həsən kişi maşını əylədi. Qızlara qısa vaxt verdi ki, bu qədim yaşayış məskəninin havasından bir azca udub, tarixin ənginliklərinə şahidlik edən  məhəllələrə baş çəksinlər. Südabəgil daraşdılar kəndə. Buranın təkrarolunmaz təbiətini və özəlliklərini bacardıqca gözlərinə, könüllərinə köçürdülər. Var gücləri ilə “Bura Vətəndir!!!” deyə hayqıraraq dağlara səs salmaqdan özlərini güclə saxladılar. Həsən kişi onları haylamasaydı, çətin ki, buradan ayrılaydılar. Əcnəbilərin də burada  gördüklərinə ağzıaçıla tamaşa etdikləri elə ilk baxışdanca bəlliydi.

      Qızlar maşına doluşan kimi “Cip” istiqamət aldı Girdimançaya. Bu dəli-dolu dağ çayının ilin digər fasillərində meydan sulayan qollarını bir-bir arxada qoya-qoya çatdılar Babadağa ən yaxın yaşayış məskəni olan Burovdal kəndinə. Hava qaralmaq üzrə olduğundan və xeyli yol gəldiklərindən yamanca acıb-susdamışdılar. Tələm-tələsik onlar da ocaq çatıb, tonqal qalayan ziyarətçilərə qoşuldular. Allahın verdiyindən yeyib-içib bir az toxdadılar. Təbiətə də ki, hayıl-mayıl olmamaq mümkün deyildi. Dördbir tərəf göz və könül oxşayırdı. Maşınla xeyli yol getdikdən sonra gəlib çatdılar Qurbangaha. “Döyüş”ə əsl hazırlıq burada başlayırdı.  Buracan gəlməyi hər kəs bacarar, əsas məsələ gecəynən payi-piyada dolanbac, çınqıllı yollarla Babadağın zirvəsinə yetişməkdir.  Bax, bu əsl hünər istəyir. Bir daha yorğunluqlarını çıxarıb, bacardıqca isti geyindilər, su qablarını doldurdular.

           Dikəldilər Baba yoxuşuna. Minbir əziyyət hesabına, aram-aram, nəfəslərini dərə-dərə səhərə yaxın yetişdilər Babadağın ən uca nöqtəsinə. Sevinclərinin həddi-hüdudu yox idi. Üç bacı sarıldılar bir-birlərinə, gözləri yaşla dolmuşdu. Necə də sevinməsinlər. Nəinki qadınların, neçə-neçə döşünə döyən kişinin belə dözməyib ziyarətlərini yarımçıq qoyduqlarının yolboyu dəfələrlə canlı şahidi olmuşdular. Duaları bir-birinə qarışmışdı.

       Nəhayət, aydın səmada sayrışan ulduzlar və bədirlənmiş Ayın növbəsini Günəşə vermək məqamı yetişdi. Xəzərdən Günəşin boylanması səhnəsi valehedici idi. Səhərin alatoranında bu uca zirvədən Günəşin necə çıxmasını seyr etmək sözlə ölçüyəgələsi hiss deyildi. Bir gözləri Günəşdə, bir gözləri də Babadağın zirvəsinə İsmayıllı və Quba sarıdan yol alan ziyarətçilərdə idi. Lal-dinməz, heyrancasına ətrafı seyr edirdilər.

       Buranın sirri-sehri onları necə ovsunlamışdısa, az qala bir-birindən belə xəbərsizdilər. Bu məqamda Südabə bədahətən kiminsə nüfuzedici baxışlarının ona zilləndiyini duydu.  Diksindi. Zirvənin yan tərəfində, beş addımlıqdakı quşun nəzərləri ona dikilmişdi. Adi quşlara bənzəmədiyi o andaca bəlliydi. Yaddaşını qurcaladı. Nağıllar, əfsanələr aləminəcən baş vurdu. Məhz bu dəmdə sorağı Nuh əyyamından gələn Tanrı elçisi Simurq quşunu ayırd edə bildi. Diqqət yetirdi, ətrafda qaynaşan insan selindən kimsə bu nəhənglikdə quşu görmürdü.  Anladı ki, bu, nəyəsə işarədir... Amma nəyə?!. Ürəyinə cürəbəcür fikirlər gəlsə də, konkret bir nəticə hasil olmadı. Hər halda, baş verənləri xeyirliyə yozdu. Simurqun gözlərindən Tanrı nuru yağırdı. Qarşısındakı quş İlahi gözəlliyə bələnmişdi. Yaman nəhəngdi. Qanadları o qədər böyükdü ki, az qala, vahimə doğururdu. Xeyli müddət mat-məəttəl bir-birini süzdülər. Xeyirxahlıq, yeni həyat və dirçəliş rəmzi ilə gözgözəydi. İnsanlığı qaranlıqdan işığa çıxaran, Yerə “Həyat ağacı”nı bəxş edən bu varlıq onu niyə seçmişdi?!. Həmin məqamda hardan ağlına gələ bilərdi ki, Tanrı görünməz olsa da, bütün mətləblərdən agahdır, hər kəsin cikinə də, bikinə də bələddir. Hardan bilə bilərdi ki, elə, Simurqla bu “görüş” də ona Tanrı payıydı.

      Qəflətən Simurq qanadlarını gərərək var gücü ilə bir-birinə çırpdı. Diksinsə də, heç qımldanmadı da, geriyə addım atmaq da  ağlının ucundan belə keçmədi. Birdən diqqətini Simurqun yerə düşən lələyi çəkdi. Quş azacıq geri çəkildi. Baxışlarından bəlliydi, ondan lələyi götürməsini istəyirdi. Qismətindən qaçmaq niyyətində deyildi. Baş verənlərdən ovsunlansa da, bir göz qırpımında lələyi yerdən qaldırdı. Simurqun gözlərindən nur çilənirdi. Südabə bu müqəddəs varlığa ürəyinin dərinliklərindən gələn alqışı necə çatdırmaq barədə düşündüyü məqamda həzin nəğməni andıran səs eşitdi. Qulaq kəsildi. Simurqun kəlmələrini aydınca sezdi: - Bu, sənin halal haqqındır... Lələyi məhz ürəyindən keçən gün yandırarsan... Unutma ha...

      Heyrət içindəydi. Onu bu “nağıllar dünyasından” yol yoldaşları ayıranda Simurq artıq  Günəşə sarı millənmişdi. Bircə addımlıqda olsalar da, kimsənin bayaqdan baş verənlərdən xəbər tutmaması isə onun üçün müəmmalı sual olaraq qalırdı?!. Tezcə, Simurqu bağrına basırmış kimi lələyi var gücü ilə sinəsinə sıxdı. Tamam özünü itirsə də, Tanrıya şükürlər diləməyi unutmadı!!!

     Babadağ ziyarətinin, Simurqla görüşün zəngin təəssüratı Südabəni bir an da olsun belə tərk etmirdi. Eyni zamanda  yamanca qayğılanmışdı da. Nələrin baş verdiyindən hələ də axıra qədər baş aça bilmirdi ki, bilmirdi. Dilarə üçün də yamanca darıxmışdı. Qərarsız olduğu belə bir məqamda yenə də Tanrı dadına yetdi. Dilarədən doğum günü qonaqlığına sürpriz dəvət aldı. Bu təklifi məmuniyyətlə qəbul etdi. Ciddi-cəhdlə səhərisi günə hazırlığa başladı. Ta göz qapaqları məcburən yumulana qədər Dilarəyə ünvanlayacağı, mənsur şerə bənzər ürək sözlərini cilalamaqdan yorulmadı.

        Ertəsi günü  rəfiqəsinə layiq həddiyyə də aldı, özünə də əməlli-başlı maya qoydu. Şən, şuxdu. Axşamüstü keçdi güzgünün qarşısına. Özünə qıyqacı bir nəzər yetirdi. Əgər, məşhur rəssamların, elə, lap Lenardo da Vinçinin özünün bu güzgüyə nəzər salmaq imkanı olsaydı, şəksiz, dərhal fırçasının dalınca yüyürərdi. Tam mübaliğəsiz, portreti yaradarkən dahi rəssamın gözəlliyimi, yoxsa, bu böyük qəlb sahibinin mənalı gözlərindəki nadir insanlıq və xanımlıq fəlsəfəsinimi bütün cizgiləriylə araya-ərsəyə gətirməkdə daha çox tər tökəcəyini əvvəlcədən demək də çətindi!?.

       Südabə bir də onda ayıldı ki, güzgüdəki bu xanım-xatunun qucağında Simurqun min bir rəngə çalan lələklərindən ibarət nəfis bir çələng var. Karıxmadı, o andaca tutdu. Lələyi yandırmağın məqamı yetişmişdi. Elə, o da səhərin gözü açılandan bu haqda düşünürdü. Tanrı ilə onun istəyi üst-üstə düşürdü. Ləngimədi. Lələyin ətri xoşbəxt bir ömrə bəs edəcək qədərdi. Heç cür təsəvvür edə bilmədiyi müjdənin intizarındaydı.

       Elə bu xoş ovqatla da yollandı rəfiqəsigilə. Onu çox mehribancasına qarşıladılar. Bundan özü də yamanca təsirləndi. Bu da təbii idi. Sayılıb-seçilməyə hər kəsin ehtiyacı var. Onun dünəndən bəri dəfələrlə məşq etdiyi “tost”u hamınkını üstələdi. İçdən gələni söyləmişdi. Dilarə də ki, tərifəlayiq qızdı.

        Məclis onu elə tutmuşdu ki, qəflət yuxusundan bir də evə dönməkdəykən ayıldı. Mahiyyətinə vardı ki, bayaqdan bir cüt göz ona dikilib. Bu gözlərin necə alışıb-yandığından artıq ondan başqa hamı duyuq düşmüşdü. Reallıqda nə baş verdiyindən, bir o, bir də alov saçan o gözlərin sahibi axıra qədər baş çıxara bilmirdilər. Baxmayaraq ki, qığılcımdan alov doğacağı kor-kor, gör-gör idi.

      Südabə rəfiqəsinin neçə illərdir kimsəni bəyənməyən və bəyəndirə bilmədikləri qardaşına onun barəsində “neçə-neçə kitab oxutdurduğundan” tam xəbərsizdi. Dərd orasındaydı ki, rəfiqəsi belə yaraşıqlı, ağıllı-kamallı subay qardaşının olduğundan da onu hali etməmişdi. Bu hələ harasıdır. Hardan biləydi ki, Dilarənin anası da onun haqqında kitablar yazmaq qüdrətindəydi. Evi eşələsəydin, Südabənin Dilarədəki şəkillərini də yığıb-yığışdırmaqla qurtaran deyildi. Mobil telefondakı video və şəkillər də saya gəlməzdi. İş orasındaydı ki, onların doğma bacılar tək dostlaşdıqları bir neçə ay ərzində bu evdə gündəlik mövzu əsasən Südabəylə bağlı idi.

     Südabə o qədər tutulmuşdu ki, rəfiqəsigillə sağollaşanda Dilarənin anasının onun barmağının ölçüsünü götürməsindən də xəbəri olmadı. Həmin məqamda xəyalən harasa yol ölçürdü, özü də iti addımlarla. İlk dəfəydi belə bərk yeriyirdi.

       Sifariş olunan taksi həyətdəydi. Rəfiqəsigil onu ailəlikcə yola saldılar. Əslində, heç cür ayrılmaq istəməsələr də. Yarı yolda saxlatdırıb, taksidən düşdü. Qalan yolu piyada getmək istəyinə qarşı çıxa bilmədi, baxmayaraq ki, gecdi. Dünya onundu. Çəkinməsəydi, var gücü ilə nəğmələr də səsləndirər, gözəllər gözəli Bakının nisbi sakitliyini pozmağa da qıyardı. Qəlbində qala-konsertdi.  Şux addımlarla irəliləyən Südabə gecə Bakısının sehrinə dalmışdı. Onu ilk təbrik edən Göy üzü oldu. Ayın da, ulduzların da çöhrələrindən bəxtiyarlıq yağırdı. Məsum baxışları ilə onu müşaiyət edir, əl yelləyirdilər. Günəşinsə hövsələsi tamam daralmışdı,  özünə heç cür yer tapa bilmirdi. Gecənin yuxusuna  haram qatmağa hazırdı. O da ilk telini səhərin alatoranında Südabəyə göndərəcəkdi.

                              

P.S: Bu hekayə Azərbaycan Televiziyasında hər birimizin doğmaca bacımız bildiyimiz ünlü telejurnalist Südabə Cahangirlinin şəxsində Azərbaycan qadının adını daim uca tutan bütün xanımlara həsr olunub.      

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi