Modern.az

“Jurnalistin kriminal xəbər yazması ilə cinayətlər artmır” - MÜSAHİBƏ

“Jurnalistin kriminal xəbər yazması ilə cinayətlər artmır” - MÜSAHİBƏ

Hadisə

31 Oktyabr 2016, 13:25

Mahmud Hacıyev: “Bu tip hadisələrin qarşısının alınması naminə onun gizlədilməsi metod ola bilməz...”

 

Son günlər ölkədə ailə münaqişəsi zəminində, xüsusi amansızlıqla törədilən qətllər, intiharların sayında artım gözlərdən qaçmır. Təkcə son bir həftə ərzində Qəbələdə və Zərdabda qadınların ərləri tərəfindən xüsusi amansızlıq göstərilərək öldürülməsi cəmiyyətdə ciddi rezonans doğurub.

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Modern.az-ın suallarını cavablandırarkən bu kimi məsələlərdən danışıb.

 

- Son vaxtlar ölkədə ailə münaqişəsi zəminində, xüsusi amansılıqla törədilən cinayətlər artır. Kriminalist olaraq bunun səbəblərini nə ilə əlaqələndirirsiniz?

- Əgər cəmiyyət varsa, orada kriminal hadisələrin baş verməsi normaldır. Keçmişdə, kommunist ideologiyasının bərkgedən vaxtı deyirdilər ki, sosializm qələbə çalıb, kommunizmə keçəcəyik və o vaxt cinayət olmayacaq. Bu sırf çürük kommunist ideologiyası idi.

Cəmiyyət və cinayət kontekstindən yanaşanda, orada mütləq qaydada cinayət olmalıdır. Bunu sensasiya kimi qəbul etmək olmaz.

- Amma nəzərə alaq ki, son günlərin cinayətləri kiçik xuliqanlıq zəminində deyil, daha çox xüsusi amansızlıq motivləri ilə müşayiət olunur...

- Bütün sivil, hüquqi, demokratik ölkələrdə cinayətlər var. Amerika, Almaniya, Böyük Britaniya və başqalarında hər gün kifayət qədər cinayət hadisələri baş verir.

Doğrudur ki, bizdə ailə münaqişəsi, qısqanclıq zəminində baş verən cinayətlərin sayında artım var. Kişinin arvadını, oğlunu, qızını, hətta arvadın ərini vurması, qayınatanın gəlini qətlə yetirməsi halları da qeydə alınıb.

Bir qayda olaraq bu tip hadisələr, əsasən, kənd yerlərində baş verir. Özü də  balta ilə, yaba ilə.

 

- Mahmud müəllim, kənd yerlərində baltanı, yabanı işə salan nədir?

- Bəli artıq, cinayət törədilərkən istifadə edilən alətlər içərisində balta və bıçaq üstünlük təşkil edir. Son 1 ayda belə faktlar da oldu ki, hadisəni törədən şəxs qarşısındakını vurandan sonra hətta başını da kəsdi.

Bu xüsusi qəddarlıqla qəsdən adam öldürmə cinayətlərində ağırlaşdırıcı hal kimi götürülür. Bunlar olmasa, daha yaxşı, amma olur...

Məhkəmə, istintaq sənədlərini qaldırıb baxanda 20-25 il əvvəl xüsusi amansızlıqla ailə üzvünün digərini öldürməsi tipli cinayətlər kənd və rayonlarda çox az idi.

Hazırda kənd yerlərində iqtisadi vəziyyətin gərginləşməsi insanların psixoloji durumuna ciddi təsir edir. 20-25 il əvvəl səsin yüksəlməsi, uzağı söyüşlə müşahidə edilən hadisələr bu gün balta, bıçaq, dəhrə, yaba ilə əvəzlənib. Bunu da insanların psixoloji durumundakı gərginliklə əlaqələndirmək lazımdır. Bunu danmaq doğru deyil.

Bütün bu sadaladıqlarımdan sonra meydana gələn adi bir mübahisə insan qətli ilə nəticələnir.

- Respublikada qeydə alınan cinayətlər içərisində tamah məqsədilə törədilənlər də az deyil. Ən azı Daxili İşlər Nazirliyinin hər gün yayımladığı bülletenində soyğunçu dəstənin zərəsizləşdirilməsi kimi xəbərlər yer alır. İqtisadi vəziyyət və tamah məqsədilə törədilən cinayətlər arasındakı hər hansı əlaqə görürsünüzmü?

- Oğurluq, quldurluq, soyğunçuluq tamah motivli cinayətlərdir. Bu “2 vur 2” kimi bir şeydir, bunu danmaq lazım deyil. Hamıya bəllidir ki, ölkədə müəyyən iqtisadi problemlər yarananda, iqtisadi vəziyyət ağırlaşanda mütləq qaydada tamah motivli cinayətlərdə artım olur. Bu bütün dünyada belədir.

Bildiyiniz kimi Azərbaycanda da bizdən asılı olmayan səbəblərdən iki dəfə devalvasiya oldu, manat öz dəyərini itirdi, iş yerlərində ixtisarlar getdi. Bunu danmaq olmaz, bu, faktdır. Bununla əlaqədar işsizlik yarandı. İşsizlik yarananda bütün ailələrin, təkbaşına yaşayanların, subayların iqtisadi durumuna da təsir etdi və etməkdədir.

Bütün bu sadaladıqlarım quldurluğa meylliliyi artırır. Xaraktercə, iradəcə zəif olan, haradasa kriminal aləmə meylli insanlar da yaranmış vəziyyətlə əlaqədar olaraq bu cinayətlərin artımına birbaşa təsir edir. Çünki insan özü mürəkkəb məxluqdur, onların intellekti, təfəkkürü, tərbiyəsi hamısı eyni səviyyədə deyil.

 

- Ölkədə intiharların da sayı artıb. Məktəbli və tələbələrin bu statistikada üstünlük təşkil etdiyini görürük. Əksəriyyəti barədə də təxminən eyni fikir səsləndirilir: “son vaxtlar özünə qapanmışdı, psixi durumu yaxşı deyildi”...

 


- Bəli, bu fikirlərlə bir növ bütün intiharları dəliliklə, psixi xəstəliklə bağlayırıq.

Bununla da baş verən intiharlara don geyindirməyə çalışırıq. Deyirlər: “dəli idi, ona görə özünü asdı”. Psixoloq Nadir İsmayılov bir neçə il əvvəl yaxşı fikir səsləndirmişdi. O deyirdi ki, bütün intihar edənləri dəli kimi qələmə vermək olmaz. O bildirmişdi ki, bütün intihar edənlərin təxminən 5-8 faizi psixi cəhətdən anormal adamlardır. Yerdə qalanlar isə normal insanlardır. Əgər normal adam intihar edirsə, demək bunun səbəbləri var. Bunlar da yalnız təhlillər nəticəsində araşdırıla bilər. Yəni intihar edən kimdir, ailə vəziyyəti necədir, oxuyurmu, maddi durumu, problemləri, onların qaynağı və s. hamısı kompleks şəkildə öyrənilməlidir.

Son illər həqiqətən də Azərbaycanda intihar edənlərin sayında artım var. Mətbuat səhifəsini açan kimi görürsən ki, filan kənddə filankəs özünü asdı. Dərd orasıdır, intihar edənlərin içərisində azyaşlılar və gənclər üstünlük təşkil edir.

 

- Ümumiyyətlə, baş verən cinayətlərin, motivindən asılı olmayaraq kütləvi informasiya vasitələrində işıqlandırılması da birmənalı qarşılanmır. Bu gün mətbuat orqanı bu tip xəbərləri yayımlamaqla bir növ cəmiyyətin qınağına tuş gəlir. Əksəriyyət iddia edir ki, cinayət motivli xəbərlərin tirajlanması insanların psixoloji durumuna, nəticə etibarilə cinayətlərin artmasına təsir edir.  Uzun müddət hüquq mühafizə orqanlarında çalışan biri kimi bu iddia ilə razılaşırsınızmı?

 

- Çox yerində sualdır. Son 3-4 ildə istər televiziya kanallarında, istərsə də internet media resurslarında bu cür məlumatlar yer alır və birmənalı qarşılanmır. Bir qisim insanlar düşünür ki, belə halları ümumi kütlədən gizlətmək, digər qisim isə düşünür ki, ictimailəşdirmək lazımdır. Mənim subyektiv fikrim bundan ibarətdir ki, hər hansı cinayət tərkibli hadisənin gizlədilməsi, həmin əməlin qarşısının alınmasında profilaktik rol oynamır. Bəziləri yanlış olaraq əsaslandırır ki, hadisələrin kütləvi informasiya vasitələrində yayımlanması artıma səbəb olur. Keçmiş məhkəmə, istintaq işçisi kimi əminliklə deyirəm ki, bu tip hadisələrin qarşısının alınması onun gizlədilməsi metodu ola bilməz.

 

- Bəs çıxış yolu nədir? Kriminalist olaraq hansı təklifləri irəli sürə bilərsiniz?

 

- Xaricdə hüquqi dövlətlərdə xüsusi kriminalistlər, kriminoloqlar, məhkəmə psixologiyası ilə məşğul olan mütəxəssislər fəaliyyət göstərir. Onlar hansı tipli cinayətin sayında artım varsa, o barədə təhlillər aparırlar. Cinayətin ölkənin hansı regionunda, hansı saatlarda, hansı şəraitdə, ayın hansı günlərində baş verməsi geniş təhlil olunur. Təhlillər nəticəsində dövlət səviyyəsində hər hansı tədbir görülür.

Jurnalistlərə demək ki, “yazanda cinayətlər artacaq, yazmayın”, bu, metod, çıxış yolu deyil. Oturub geniş təhlillər aparmaq lazımdır.

Əvvəllər Ədliyyə Nazirliyində də kriminoloqlar var idi, amma indi təəssüf ki, yoxdur. Mən təklif edərdim ki, məhz bu hadisələrin fonunda fəaliyyət göstərən kriminoloqlar olsun, hadisələrin hansı səbəblərdən baş verməsinin dəqiqləşdirilməsi üçün geniş müzakirə və təhlillər aparılsın.

Əgər artım varsa, demək səbəbi var. Səbəbləri isə yalnız təhlillərdən sonra meydana çıxarmaq və onu aradan qaldırmaq yönündə addımlar atmaq lazımdır.

Cinayətdə səbəb və əlaqəni mütləq araşdırılmalıdır.

- Xüsusi amansızlıqla törədilən qətllər, azyaşlılara qarşı zorakılıq hallarında daha ədalətli qərar kimi ölüm hökmümün bərpa olunmasına ehtiyac görürsünüzmü? Yəni, ağırlaşdırıcı hallarda törədilən cinayətlərdə ölüm hökmünün tətbiqi bu tipli cinayətlərin qarşısını ala bilərmi?

- Xeyr. Bilirsiniz, Stalinin vaxtında 1946-1952-ci illərdə belə bir praktika tətbiq olundu.

Cinayət qanunvericiliyində bütün maddələrin cəza hissəsini ağırlaşdırdılar, bir neçə maddəyə ölüm hökmünü əlavə elədilər.

Ölkə müharibədən çıxmışdı, vəziyyət ağır idi, kriminogen vəziyyət xeyli aktivləşmişdi. O illərdə Stalinin göstərişi kriminal vəziyyətin nisbətən stabilləşməsi baxımından müəyyən rol oynadı. Amma hazırda 1947-ci il yox, 2016-cı ildəyik.

Maddələrin cəza hissəsini artırmaq və ölüm hökmünü bərpa etməklə nəyəsə nail ola bilmərik. Sivil şəraitdə, texnologiyalar əsrində başqa metodlarla, təhlillərlə səbəbləri aradan qaldırmaq lazımdır.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı