Modern.az

ATƏT PA və AŞPA-dakı nümayəndə heyətimiz: Hansı GÜCLÜDÜR?

ATƏT PA və AŞPA-dakı nümayəndə heyətimiz: Hansı GÜCLÜDÜR?

Parlament

31 Oktyabr 2016, 14:41

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ATƏT Parlament Assambleyasında (ATƏT PA) nümayəndə heyətləri var. Milli Məclisin deputatlarında ibarət bu nümayəndə heyətləri zaman-zaman qurumların iclaslarında tənqidlərə cavab verir, Ermənistan təmsilçiləri ilə söz savaşına çıxır.

 

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, ATƏT  PA-dakı nümayəndə heyətinin rəhbəri isə Milli Məclis sədrinin müavini Bahar Muradovadır.

 

Bəs bu nümayəndə heyətlərindən hansının fəaliyyəti daha geniş və effektivdir?

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, bu iki təşkilatla Azərbaycanın sıx əməkdaşlıq etməsinə ehtiyac var.

 

“ATƏT birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Bundan başqa ATƏT-in parlamentlərarası təşkilatı var. Burada azərbaycanlı deputatlar da yer alıb. Zaman-zaman toplantılarda iştirak edib Qarabağ problemi ilə bağlı fikirlərini çatdırırlar. O cümlədən AŞPA-da bizim üçün vacib bir qurumdur. AŞPA-da Qarabağla bağlı bir neçə ədalətli qətnamə qəbul olunub. Amma demokratiya və insan haqları məsələsində həm ATƏT-də, həm də AŞPA-da Azərbaycan əleyhinə tənqidlər də olur”.

 

Ekspert bildirib ki, tənqidlər Azərbaycanın bu iki qurumla, üstəgəl Avropa İttifaqı ilə əməkdaşlığına zərər yetirməməlidir.

 

“Çünki bizim Avropa strukturları ilə əməkdaşlığa çox böyük ehtiyacımız var. Artıq Azərbaycan iqtisadiyyatında da şaxələnmə gedir. Prezident də deyir ki, neft erası başa çatır və digər sahələrə fikir verməliyik. Buna görə də, bizim üçün ən münbit məkan Avropa bazarlarıdır. Bu mənada Avropa təşkilatları ilə əməkdaşlıq bizim üçün son dərəcə vacibdir. Tənqiddən sonra əlaqələrin kəsilməsi Azərbaycanın maraqlarına cavab vermir. Biz bir müddət “Avronest”də iştirakımızı dondurduq. Bu, səhv idi. Çünki orada Ermənistan da var idi. Bizim olmadığımız bir qurumda Ermənistan əleyhimizə fikirlər söyləyə bilər və qətnamələr qəbul elətdirə bilərdi”.

 

ATƏT PA-dakı nümayəndə heyətimiz ilə AŞPA-dakı arasında fərqə gəlincə, politoloq  belə cavab verib:

“Onsuz da Milli Məclisdə əsas qüvvə hakim Yeni Azərbaycan Partiyasıdır. Parlament hər iki quruma özünə yaxın deputatları göndərir.

 

Onları bir-birindən ayırmaq, müqayisə aparmaq da düzgün deyil. Çünki hamısı eyni səviyyədədir: Həm AŞPA-dakı, həm də ATƏT-dəki heyət. Bizim parlament rəngarəng olsaydı, orada ciddi müxalifət partiyaları da təmsil olunsaydı, bu zaman nümayəndə heyətləri arasında müqayisə aparmaq olardı. Ancaq hər iki qurumda Azərbaycanı eyni fikirli adamlar təmsil edir. Buna görə də, birini o birinə qarşı qoymaq mümkün deyil”.

 

Aqşin KƏRİMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!