Modern.az

Ermənilərdən qaçıb Suriyaya, Suriyadan isə Türkiyəyə sığındılar - REPORTAJ

Ermənilərdən qaçıb Suriyaya, Suriyadan isə Türkiyəyə sığındılar - REPORTAJ

1 Noyabr 2016, 09:34

Modern.az saytı suriyalı qaçqınların həyat dramından bəhs edir…


Suriyada 2011-ci ilin mart ayından bu yana davam edən vətəndaş müharibəsi yüz minlərlə uşaq, qadın, gənc və yaşlının qətlə yetirilməsinə və milyonlarla suriyalının qaçqın düşməsinə səbəb olub. Başda Türkiyə olmaqla müxtəlif ölkələrə yerləşən suriyalıların məşəqqətli  həyat dramına hər keçən gün bir yenisi də əlavə olunur. Gəldikləri illə müqayisədə Türkiyə dövəti tərəfindən yaşayış səviyyələri yaxşılaşa da, hələ də xeyli suriyalının durumu acınacaqlıdır.

Bu gün iki suriyalı ailədən danışacam. Hər iki ailənin üzvləri ilə tez tez rastlaşıram. Eyni küçədə yaşayırıq və bəzən qonşularla bu ailələrə kiçik yardımlar da edirik. Gəldikləri əvvəlki illərlə müqayisədə indi türkcə daha yaxşı danışırlar. Əslində bu dəfə evlərinə gediş məqsədim fərqli olsa da, söhbət etdikcə onların haqqında yazmaqdan vaz keçə bilmədim...

Ermənilər babalarını qətl etdi, Suriyaya qaçdılar...


Babaları erməni qırğınından qaçaraq Suriyaya yerləşən Məhəmməd  Karamustafanın ailəsi bir əsr sonra eyni aibəti yaşayıb. Torpaqlarını 112 il sonra təkrar tərk etmək məcburiyyətində qalıblar. Məhəmməd Karamustafa deyir ki, babası Əhməd Karamustafanın ailəsi 112 il əvvəl Anadolu torpaqlarından qaçıb Hələbə yerləşib.

"Babamın dediyinə görə, onun  qohumlarından təxminən 300 adamı erməni quldurları evlərindən zorla çıxararaq, bir qalaya həbs ediblər. O tarixdə 16 yaşında olan babam qaladan qaçmağı bacarıb və  Suriyanın Hələb şəhərinə gedib. Babam Əhməd  Suriyada iki dəfə evlənib və 10 uşagı olub".

Suriyada bir müddət ticarətlə məşgul olan babası qalada həbsdə qalan qohumlarının ermənilər   tərəfindən qətl edildiyini eşidib.

"Bu, bizim ailənin ikinci qaçqınlığıdır. 112 il sonra da biz Bəşər Əsəd zülmündən qaçıb Türkiyəyə sığındıq. Əsəd üzündən yaşadığımız torpaqları tərk etmək məcburiyyətində qaldıq. Əsədin zülmünü gördük və pərişan olduq" .

Məhəmməd Karamustafa İstanbulda son günlərinin olduğunu da dedi. Türkiyəyə gələndən burdakı qohumlarını axtarmağa başlayıb.

"Atalarımızın Kahramanmaraşdan gəldiyini bilirdik. Buradakı qohumlarımızı nəhayət tapmışam. Onlar Kahramanmaraşda qalırlar. Bir dəfə gedib görüşdüm. Bir neçə günə burdakı işlərimizi bitirib Kahramanmaraşa gedəcəyik. Uzun illər sonra tapdığım qohumlarımız yaşadığı məhəllədə ev tutumuşuq". 

Həyat yoldaşı və uşaqlarıyla Kahramanmaraşa yerləşəcək Əhməd Karamustafa da Suriyada Əsədin zülmünə məruz qaldıqlarını bildirir.
"1915-ci il hadisələrinə “soyqırımı” deyənlər  görəsən bizim nə çəkdiyimizi də bilirmi?"...

Ailə Suriyadan gəldiyindən ilk dəfə bu qədər sevincli olduğunu bildirir. Artıq Türkiyədə yalnız deyillər...

 

İsti savaşdan soyuq savaşa...


...Suriyalı Hamdu ailəsi isə yoxsulluq və çarəsizlik içərisində  soyuqlara qarşı  mübarizə aparır. Biri 6 aylıq körpə olan 2 uşağı,  həyat yoldaşı və qardaşı ilə birlikdə bir binanın zirzəmisində yaşayır. Mahmud Hamdu bir inşaata gözətçilik etdiyini, aldığı ödənişin çox az oldugunu söyləyir.

"Üzərimizə odeyal və yorğan örtərək isinməyə çalışırıq. Soba var, amma onu da yandırmağa odun, kömür yoxdur. Düzdür, yardımlar olur, amma bizi bütün qısı kimsə istiliklə təmin edə bilməz. Çünkü bizim kimi minlərlə suriyalı ailə var".  

Mahmud Hamdu deyir ki, ən aşağı ev kirəsi 700-800 türk lirəsi tutur.

"Hava soyuqdur, lakin nə edək, küçədə qalmaqdansa, məcburən burada yaşayırıq. Tez tez xəstələnirik. Hər həftə xəstəxanadayıq. Bu müharibə olmasaydı, Suriyada yaşayırdıq. Hələbdə öz evimiz və öz işimiz var idi. Yaxşı  dolanırdıq. İnsan öz doğulub-böyüdüyü torpaqlarda yaşamaq istər. Lakin təəssüf ki, bizi öz torpaqlarımızdan etdilər".

Mahmud Hamdunun arvadı isə içində olduqları durumu belə izah etdi.

"4 aydan bu yana yerdə yatıram. Əməliyyat olmuşam. Yoldaşımın köməyi ilə hərəkət edə bilirəm.  Bura çox soyuqdur, Körpəmi 4-5 qat sarıyıram. Lakin yenə də üşüyürük. Hələ qar yagmayıb. Ağır qış var önümüzdə. Dua edirik ki, bu qışdan sağ çıxaq".

Bu ailə ilə də ayaqüstü söhbətimiz bitir... Amma gəldiyimizi eşidən, izləyən ətrafda yaşayan suriyalı uşaqlar qapıda gözləyirdi. Onlara veriləcək bir şəkərin sevincini yaşayacaqlar hər zaman olduğu kimi...Nədənsə savaşdan qaçdıqları illər olsa da, hətta bu uşaqların çoxu o savaşa sahidlik etmədən belə, üzlərində partlayan bombaların, dagılan evlərin ağırlığı, vahiməsi var... Məncə savaş uşaqları içində hər zaman bir dərd böyüdürlər..

P.S. Qeyd edim ki, Türkiyədə qeydiyyata düşən 2 milyon 541 min suriyalı var. 



Məhsəti Şərif


Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu