Modern.az

Sözdən açılmış Hatəm süfrəsi

Sözdən açılmış Hatəm süfrəsi

1 Noyabr 2016, 13:26

Yadigar Cəfərli, Filologiya üzrə fəlsəfə doktoru

 

Teleqraf dirəyinin yuxarısına bərkidilmiş reproduktorda Bülbül Süleyman Rüstəmdən oxuyur: Baxdıqca doymazdım gül yanağından, Bir güldü dərmişdim eşqin bağından, Bir gün evlərinin lap qabağından Titrəyib keçdiyim yadıma düşdü. Aşağıda isə Qırçı Məhəmməd kürəyini dirəyə söykəyib, baxışlarını “Şərikli çörək”dəki 40-cı illərin qızmar Bakısından çox, xəyallarındakı hansısa sərin xatirəyə zilləyib. Mərhum aktyor Fazil Salayevin gözlərindəki qüssəyə baxanda adama elə gəlir ki, bu kədərlə, bütün dünyanın rəngini dəyişmək olar. Dünya Qırçı Məhəmmədin tiyanı kimi pıqqapıq qaynayır.

 

Müharibənin ata-anadan ayrı saldığı körpələr, üstəlik, çörək kartoçkalarını da kitabın arasında unudub, gecələri ac-yalavac yatırlar. Cəmiyyətdə xeyirlə-şər üz-üzə dayanıb. Tərəzinin gözü hər an şərin xeyrinə dəyişə bilər. Çünki müharibənin dəhşətlərindən başını itirmiş insanlar ümidlə-ümidsizliyin, dəyərlə dəyərsizliyin yolayrıcındadırlar. Və bu qədər qarışıqlığın içində tamam fərqli bir səs ümidin də, dəyərlərin də, xoş bir gələcəyin də müjdəsi kimi eşidilərək, yorğun insanların ruhunu diri saxlayır. Bu, Azərbaycan radiosunun səsidir… 90 yaşlı Azərbaycan radiosu haqqında düşünərkən nədənsə həmişə retro filmlərimizdəki məftilli qəbulediciləri xatırlayıram. Mən də balaca ikən bu radionu dinləməyə başlayanda evlərdə radio məftilləri hələ qalmışdı və biz günorta konsertlərini babamgilin eyvanında divara bərkidilmiş qəbulediciyə tərəf uzanan bu məftillərdən gözləyərdik. Proqram saatı yetişdimi, mütləq radionu açardılar. Hətta naharın vaxtı da buna uyğunlaşdırılardı. Həyatımda bu radionun o qədər könül doyuran səsli anıları var ki, xatırladıqca bitməz. Vur-tut ikicə onillikdə baş vermis texnoloji yeniliklərin ardıcıllığını indiki uşaqlara tam təsvir eləmək bəzən çətin olur. Qınamalı deyil, elə təkcə biz - 70-80-ci illərdə doğulmuşların həyatında radio cihazlarının 10-a qədər nəsli dəyişib. Üstəlik, efirdən eşidilən səslər də çoxalıb. Azərbaycan radiosunun səsinə müstəqillik dövründə yaradılan müxtəlif adlı, fərqli üslublu yeni-yeni radioların səsi qoşulub. Azərbaycan dinləyicisinin seçim imkanı dünya boyda genişlənib. Yaradıcı rəqabət şərtləri kəskinləşib. Hətta zövqlər belə dəyişib. Amma bircə həqiqət yerindədir: Azərbaycan radiosunun ayrı-ayrı proqramlarının vaxtını bir dəqiqə də olsun ötürməməyə çalışan adamlar.

 

Onlar elə indi də haralardasa bu proqramları dinləməkdən ötrü radionu açır, ya da dalğanı Azərbaycan radiosuna çevirirlər. Bu, o səslərlə birgə efirdən axıb gələn ruhi enerjinin yaratdığı xoş bir asılılıqdır. İnsan öz ruhunu o enerjinin gücü ilə müvazinətdə saxlayır.

 

Buna, yəqin, hamının ehtiyacı var. Hava kimi, su kimi, qida kimi, süfrədən götürdüyü bircə çimdik çörəyi çeynəyib gözlərindəki kədərdə yoxa çıxmış Qırçı Məhəmmədin iztirabları kimi… 90 yaşlı Azərbaycan radiosunun bu qədər uzun tarix boyu yaratdığı ən böyük dəyər də ruhundakı aclığı duyub hiss edə bilən insanlar önündə Sözdən açdığı Hatəm süfrəsidir. Azərbaycan radiosu yerinə yetirdiyi bu ali missiya ilə cəmiyyətdə keyfiyyətli düşüncə mühiti yaradır. İctimai fikrin inkişafına istiqamət verir. Bu radio mənəvi xəzinədir. Xalqın tarix boyu zərrə-zərrə ərsəyə gətirdiyi mədəniyyət inciləri onun zəngin saxlancında üst-üstə toplanır. Qızıl fonddan efir dalğalarına çıxarılan hər səs o inciləri yaratmış insanlara da əbədi ömür bağışlayır. Dinlədikcə görürsən ki, bu xalq öz keçmişinin heç bir anını boşuna yaşamayıb.

 

Azərbaycan radiosu bir bələdçidir. İnternet bilgi qaynaqlarına çıxış üçün hər nə qədər hüdudsuz imkanlar versə də, etiraf edək ki, bu hüdudsuzluq içində azıb qalmamaq, məhz bizə lazım olanları tapmaqdan ötrü belə bələdçilərə həmişə böyük ehtiyacımız var. Virtual aləmdə Azərbaycan radiosundan eşitdiyim səslərin yaddaşımdakı əks-sədası ilə o qədər belə maraqlı qaynaqlara gedib çıxmışam ki… Azərbaycan radiosu dövrlərin, nəsillərin bir-biri ilə dialoqudur. Ana dilimizin saflığı, dadı-tamı bu ülfətdə qorunur. Bu radionu bir çoxları kimi, əsasən, yolda dinləyirəm. O gün efirdə yazıçı Seyid Hüseynin Bakıdakı məşhur İsmailiyyə binasına həsr olunmuş “Həzin bir xatirə” hekayəsi oxunurdu. Yol başa çatmışdı, amma efirdəki səsin cazibəsindən qopub radionu yarıda söndürmək istəmirdim. Çünki hekayənin eşitmədiyim davamı böyük mənəvi itki olardı. Azərbaycan radiosunun belə proqramları çoxdur. Bu, onları hazırlayan insanların xoşbəxtliyidir. Bu radionun mənə doğmalaşdırdığı insanların, verilişlərin bir-bir adlarını çəkə bilərəm. Amma bunu bilərəkdən etmirəm.

 

Çünki bu yaradıcı xoşbəxtlikdən Azərbaycan radiosunda çalışan, o proqramlara əmək verən hamıya pay düşür. Və qəribədir ki, mən onların çoxunun səsini efirdən kənarda bircə dəfə də olsun eşitməmişəm. Heç biri ilə yaxından-uzaqdan şəxsi tanışlığım yoxdur. Bu qeydləri isə 6 noyabr - Azərbaycan radiosunun fəaliyyətə başlamasının 90-cı ildönümü ərəfəsində belə bir dəyəri xalqımız üçün yaradan və 90 ildir yaşadan bütün insanlara bir dinləyicinin minnətdarlıq borcu kimi qələmə aldım.

90 yaşın mübarək, Azərbaycan radiosu!

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu