Modern.az

“Mənim uşaqlıq şəklim olmayıb”

“Mənim uşaqlıq şəklim olmayıb”

1 Noyabr 2016, 15:14

Ruzbeh Məmməd


Hər şey əvvəl- axır şəkillərə dönür.

adamlar şəkillərdə darıxmağı öyrənir.

ölülər üstündəki daşın böyüdülmüş

şəkilləriylə bir-birini tanıyırlar,

bir gün hamı heçə dönür,yəni yox olur

əslində onlar həmişəlik  şəkillərə yox olur.

müqəddəs şəkillər,zamanı tarixə çevirir

unutdurur onun nə vaxtsa var olmasını ...

 

Bir dəfə məktəbdə hay- həşir düşdü ki, məktəbə şəkil çəkən gəlib. Səf etmirəmsə 6- cı sinifdə oxuyurdum. Nəriman müəllim bizim onda tarix müəllimimiz , həm də sinif rəhbərimiz idi. İnsafsız adam olduğunu heç vaxt unutmaq olmaz. Adamı döyəndə elə döyərdi ki, az qala burnundan əmdiyin süd gələ burnundan. Şəkil çəkən gələn günü,  Nəriman müəllim bizi yığıb bir- bir şəklimizi çəkdirdi. 2000 – 2005- ci illər arası o qədər də uşaqların zəkası indiki kimi işləmirdi. Mən heç onda saçımı da daramamışdım. Bir gün məktəbdə uşaqlar dedi ki, sənin şəklini şərəf lövhəsinə vurublar. Mən də sevinə - sevinə getdim, şəklimə baxam. Gördüm ki, saçlarım dağınıq , yarısı bu yana, yarısı o yana ayrılıb. Gözlərimi bərəltmişəm. Bircə xoşuma gələn şey susmağım idi. Deyim ki, əməllicə susmuşdum. Müəllimlər də təsdiqlədi, dedilər əhsən danışıb eləmə, belə məsum olmağın daha yaxşı görünür.

İnsanlar həmişə şəkildə daha  yaxşı düşəcəklərinə ümid edərlər ...

Mən əvvəllər sentiyabır ayının biri, sonralar 15- i gələndə darıxmağa başlayıram. Sosial şəbəkələrdə birinci sinifə gedən uşaqların şəkillərini valideyinlər yayımlayanda  mən olmayacaq qədər üzülürəm. Üzülürəm ki, mənim uşaqlıq şəklim olmayıb. Bunu məzun gününə də aid etmək olardı, di gəl məzun günündə özümü ahıl uşaq hesab edirəm.

Mənim həyatımda şəkillərin böyük önəmi var. Ona görə yox, şəkil həyatımda nəisə dəyişir. Mən adamlardan daha çox şəkil adamları sevirəm. Çünki şəkil adamlar həmişə susur.

2010- ci il də evdə şəkillər olan albom gördüm. Təsadüfən şərəf lövhəsində vurulan şəklimlə yenidən qarşılaşdım. Şəkil də, mən də həyəcanlandım. And içirəm ki, 6-cı sinifdə gördüyüm kimi necə idisə eləcə susub qalmışdı.

Mən həmişə Nəriman müəllimə minnətdaram, əclafcasına məni döysə də, ilk şəklimi çəkdirdiyi üçün. Həm də üzülürəm, mən 7- ci sinfə gedəndə o müəllimliyi atıb getdi. Biz də onun arxasınca 4 il onu gözlədik. Bir dəfə qarşılaşdıq, ancaq o məni döydüyünə, mən də utandığıma görə bir- birimizi guya tanımiriq  kimi ortalıqdan itdik.

“525- ci qəzet”ə şeirlər göndərmişdim. Dörd- beş il bundan qabaq. Çap olunanda gördüm ki, mənim ağ-qara şəklimi qoyublar. Hiddətləndim ki, bəlkə daha yaxşı şəkillərdən seçib qoyardılar. Ağ-qara şəkillər daha misgin görünür adamlar.

Univeristetdə oxuduğum vaxtlarda ilk kitabım çap olunacaqdı. Şeirlərimi yığıb Bakıda bir nəşriyyata verdim. Nəşriyyatın sahibi də şair idi. Mənə dedi ki, bəs kitab üçün şəkil çəkdirmək lazımdır. Məndə  əbədən klassik şəkillərdən xoşum gəlməyib. Şair, tapşırdı ki, şəkli çəkdirəndə klassik şair görkəmi yaratma. Əlini qulağının dibinə qoyma,  ya də çənənin altına söykəmə. Ancaq yüzlərlə şəkil çəkdirdim, heç biri alınmadı. Atam dedi ki, görürsən o şairlər bilirlər nə edirlər, şairin özünün bir görkəmi olar, şair başqalarından seçilməlidir. Birinci kitabımı sonradan yandırdım, oxuyanlar bəlkə görüblər onun arxa üzündəki şəklim altmışıncı illərin kişilərinin şəkillərinə oxşayır.

Hamı bir gün şəkillərə dönür, şəkillərdə yox olur. İnsan şəkillərdə darıxmağı öyrənir, insanlar qəbir daşının üstündə vurulan şəkillərlə bir- birini tanıyır.

Bir Fizika müəllimim var idi, haqlı ola- ola adamı haqsız çıxarırdı. Söhbət tələbəlik illərimdən gedir. Ancaq onun bir yaxşı sözü heç vaxt yadımdan çıxmır. “ Çalışın sizin yanınızda duran adamı müəyyən edin, görün onun enerjisi sizdən çoxdur, ya sizin enerjiniz ondan üstündür”  Belə izah edirdi: “əgər avtobusda, metroda, yolda, hardasa sizin yanınızda biri durubsa onun enerjisi sizdən çoxdursa demək, o sizi sıxışdırıb naarahat edəcək, yox əyər sizin enerjiniz ondan çoxdursa bunun əksi olacaq”.

Mənə görə şəkillərdə də belədir. Yanında qolboyun durduğun adam səndən güclüdürsə əbədən səni naarahat saxlayacaq. Ən yaxşısı uzaq durub, yanaşı şəkil çəkdirməkdir!!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?