Modern.az

Həkim: "Azərbaycanda bu tipli torların istehsalı hələ ki, qurulmayıb" - MÜSAHİBƏ

Həkim: "Azərbaycanda bu tipli torların istehsalı hələ ki, qurulmayıb" - MÜSAHİBƏ

2 Noyabr 2016, 11:30

Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahlıq və anesteziologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Elnur Qasımov Bakıda keçirilən II Azərbaycan Elm Festivalı çərçivəsində cari ilin oktyabr ayının 31-də AMEA-da, noyabrın 1-də isə ATU-nun Tədris Cərrahiyyə Klinikasında poster məruzəsi ilə çıxış edib. Məruzənin dinləyicilərin marağına səbəb olduğunu nəzərə alaraq, bu mövzuda E. Qasımovla müsahibəni təqdim edirik:

 

- Elnur müəllim, bizdə olan məlumata görə, sizin II Azərbaycan Elm Festivalında etdiyiniz poster çıxışınız mütəxəssislərin diqqətini cəlb edib. İstərdim ki, sizi bu işin yerinə yetirilməsinə sövq edən amillər barəsində fikirlərinizi bildirəsiniz?

-Abdominal herniologiya sahəsində qarnın ön divarında rast gəlinən giqant ventral yırtıqlar Ümumdünya Səhiyyə Təşkilatının məlumatına, eləcə də elmi ədəbiyyatlara istinadən demək olar ki, çox mürəkkəb və müalicəsi çətin icra olunan patologiyalar qrupuna aid edilir.

 

Qarnın ön divarında yerləşən iri həcmli yırtıqların cərrahi yolla aradan qaldırılmasının optimal üsullarının işlənib hazırlanması təkcə tibbi yox, həm də sosial əhəmiyyət kəsb edir. Bu kateqoriyadan olan xəstələrin əksəriyyətində əmək qabiliyyəti xeyli məhdudlaşır, keyfiyyətli həyat tərzi pisləşir, bədbinliyə qapanmaları psixoloji kompleks yaradır, hətta həyat üçün təhlükə törədə bilən hallara gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq bu kateqoriyadan olan xəstələrin yaşama keyfiyyətini yaxşılaşdırmağı qarşımıza məqsəd qoyduq.

 

- Qeyd etdiyiniz xəstələri dərman müalicəsi və ya hər hansı digər terapevtik üsullarla müalicə etmək olar, yoxsa mütləq əməliyyat olunmalıdırlar?

 

- Xəstəliyin əsas və demək olar ki, yeganə müalicəsi cərrahi yolla həyata keçirilir. Bu zaman cərrahi müalicənin nəticəsinin yaxşı alınması üçün mütləq şəkildə müxtəlif tərkibli və ölçülü torlardan istifadə etmək məqsədəuyğundur. Belə patologiyalar zamanı cərrahın xəstəyə göstərdiyi mükəmməl tibbi yardım onun yırtığın ləğvində istifadə etdiyi torun kimyəvi tərkib meyarı cəhətcə hazırlanma texnologiyası və yerləşdirilmə üsulları vardır. İndiyə qədər cərrahiyyə praktikasında istifadə edilən torlar primitivlikdən təkmilləşməyə doğru uzun bir yol keçib, lakin bu vaxta qədər bu torlar həkimləri və xüsusən də xəstələri tam qane edəcək bir səviyyəyə çatdırılmayıb. Hazırda istifadə edilən torların müəyyən qismi əməliyyatdan sonra həcmcə kiçilir, onlarda büzüşmə gedir və təkrar (residiv) yırtıqların əmələ gəlmə ehtimalı artır, ona əlverişli  zəmin yaranır.

Eyni zamanda torların özləri də yad cisim olduqlarına görə müxtəlif növ ağırlaşmalara səbəb ola bilirlər. Belə ağırlaşmaların ən təhlükəli növlərindən biri anibiotiklərin enteral və parenteral təyin edilməsinə baxmayaraq, kəskin və xroniki infeksiyanın ətraf toxumalardan torun üzərinə qonub, həmin nahiyədə irinli proses yaratmasıdır. Bu da bəzi hallarda torun təkrari əməliyyatla çıxarılmasına və yenidən yırtığın əmələ gəlməsinə səbəb ola bilir.

 

- İndiki texnologiyaların inkişaf etdiyi bir dövrdə torların keyfiyyətini necə artırmaq olar?

 

- Bununla əlaqədar olaraq istifadə edilən torların optimal variantlarının işlənib hazırlanması herniologiya elminin qarşısında duran prioritet məsələlərdən, problemlərdəndir.

Qeyd olunanları nəzərə alaraq son bir ildə (2015-2016) AMEA-nın nəzdində fəaliyyət göstərən və yeni texnologiyalar yaratmağa imkan verən, eləcə də zəngin elmi-praktiki potensiala malik olan Qeyri-üzvi Kimya və Kataliz İnstitutu  laboratoriyası əməkdaşları ilə əlaqə saxladıq. Hazırda bu istiqamətdə elmi işlər aparırıq.

Qeyd etmək lazımdır ki, hazırda Almaniyada, ABŞ-da və digər ölkələrdə istehsal olunan torların eksperimental yolla hazırlanmasına və cərrahi təcrübədə tətbiqinə elmin inkişafı naminə geniş maliyyə vəsaitləri sərf edilir. Bizim bu sahədə atdığımız addımlar Sankt-Peterburq alimləri ilə bağlanmış müqavilə əsasında inteqrativ halda aparılır. Diqqətimizi cəlb edən müasir texnologiyalardan biri ondan ibarətdir ki, ölkəmizdə inkişaf etmiş kimya sənayesinin imkanlarından istifadə edərək, mütləq keyfiyyətlə hazırlanan torların üzərinə kimyəvi üsulla yüksək dərəcədə bakterisid xassəyə malik olan antibakterial komponentlər hopdurulsun. Belə bir torun hazırlanması əməliyyatdansonrakı mərhələdə plastika sahəsinin patogen mikroorqanizmlərdən qorunmasında və residiv yırtıqların əmələ gəlməsinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edə bilər.

 

- Bizim ölkəmizdə də belə torların istehsalı mümkündürmü?

 

- Çox maraqlı bir məqama toxundunuz. Təəssüf hissi ilə etiraf etməliyəm ki, Azərbaycanda bu tipli torların istehsalı hələ ki, qurulmayıb, amma bunun niyəsinin də bir izahı var. Əvvəllər ölkəmizdə yırtıqların plastikası üçün torlardan istifadə faizi çox cüzi idi, lakin təxminən son 10 il ərzində beynəlxalq əlaqələrin keyfiyyətli qurulması nəticəsində cərrahların inkişaf etmiş xarici ölkələrin müasir klinikalarında təkmilləşmə kursları keçmələri onların imkanlarını genişləndirdi. Belə ki, onlar bu istiqamətdə torların geniş istifadəsi ilə yeni metodikaları öz işlərinə inteqrasiya etdilər. Buna görə də yaxın və uzaq nəticələrin keyfiyyət göstəriciləri nəzərə çarpacaq dərəcədə yüksəldi, amma müəyyən faiz ağırlaşmalara yenə də rast gəlinirdi. Zaman və uzaq nəticələr göstərdi ki, ağırlaşmaların səbəblərindən biri də torların özlərinin texnoloji hazırlanma məqamları ilə bağlıdır. Bu da bizi bu istiqamətdə elmi tədqiqatlar aparmağa sövq etdi. Ümidverici məqamlardan biri odur ki, bizdə bu istiqamətin işlənilməsi Elmin İnkişaf Fondu tərəfindən qranta layiq görülüb. Düşünürəm ki, aparılan əsaslı geniş tədqiqatlar müsbət nəticələr göstərsə, bu halda vətənimizdə də bu növ torların istehsalının reallaşması mümkün ola bilər.

Bu sahədə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində dovşanlar üzərində səthinə gümüş nano hissəcikləri maqnetron səpilmə üsulu ilə fiksasiya edilmiş torlarla apardığımız eksperimentlərdən əldə etdiyimiz preparatlar histoloji müayinədən keçirilmiş, bu da müəyyən  nəticələrin alınmasına zəmin yaratmışdır.

Hesab edirik ki, belə torların işlənib hazırlanma texnologiyasının bir hissəsinin ölkəmizdə aparılmasına şərait yaransa, bu, xaricdə hazırlanan torlardan fərqli, eyni zamanda nisbətən ucuz başa gələr və bundan cərrahların daha geniş dairəsi istifadə edə bilər.

 

- Eşitdiyimizə görə, sizin apardığınız elmi işin fraqmentlərindən birinə Avrasiya patenti alınıb. Bu çox sevindirici haldı və yəqin ki, bu istiqamətdə əldə olunan müsbət nəticələr patentin alınmasına zəmin yaradıb. Bu barədə də sizin fikrinizi öyrənmək maraqlı olardı.

 

-Qarnın əməliyyatdan sonrakı böyük və giqant ölçülü yırtıqlarının cərrahi müalicəsindəistifadə olunan Ramirez üsuluna bizim tərəfimizdən yeni modifikasiya verilmişdir. Bu da əməliyyatların nəticələrinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, sözügedən modifikasiyanın tətbiqi giqant yırtıq qapısının adekvat qapanması üçün əlverişli şərait yaradır. Elmi-tədqiqat işimin istiqamətlərindən birini təşkil edən bu modifikasiya həqiqətən də Avrasiya patentinə layiq görülüb.

 

- Bu münasibətlə sizi təbrik edirəm və gələcək işlərinizdə yeni nailiyyətlər arzulayıram.

 

- Cox sağ olun, təşəkkür edirəm, Günel xanım.

 

ATU-nun mətbuat katibi Günel Aslanova 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir