Modern.az

 55 il işığa aparan yol - FOTOLAR

 55 il işığa aparan yol - FOTOLAR

2 Noyabr 2016, 11:48

Əlli beşi vurduq başa,                                                                      
Məktəbimizin daim yaşa.
H.Mədətov

 

Uşaqlıqda yazı – pozunu çox sevirdim. Bacılarımın məktəb ləvazimatlarını görərkən, dərs tapşırıqlarını yerinə yetirmələrini seyr edərkən, mən də tezliklə məktəbə getməyi arzulayırdım. Tez böyüyüb məktəb yaşına çatmağı gözləməkdən səbirsizlənirdim.

Və günlərin bir günü...1 sentyabr 1970-ci il. Həyatımın ən unudulmaz, ən əziz, ən şirin bir günü. Səliqəli və yeni məktəbli forması, yeni çanta, dəftər, kitab, qələm anamla məktəbə - I sinfə yollandım. Bir əlimdə də müəllimimə verəcəyim gül dəstəsi. Məktəbə daxil olarkən sevinc hissi ilə bərabər kövrək duyğulardan hətta gözlərim yaşarmışdı. Müəllimimiz Əminə xanım Məlikova mənim kimi kövrələn uşaqları sakitləşdirirdi. O gün ilk dəfə “a” hərfini yazmağı öyrəndik. O zaman hələ də yazıları mürəkkəblə  perolu qələmlə yazırdıq. Onunla xətt çox gözəl alınırdı. Günlər keçdi, “ana”, “Vətən” sözlərini yazmağı, onlara həsr olunmuş şeirləri əzbərləməyi öyrəndim. Məhz, o günlər həyatıma – gələcək həyatıma saçılacaq işığın bünövrəsi qoyuldu.

Haqqında bəhs etdiyim təhsil ocağı Bakı şəhəri, Yasamal rayonundakı 158 saylı orta məktəbdir. 55 il öncə keçmiş Oktyabr rayonunda yeni salınmış Musabəyov qəsəbəsində yeni bir beynəlmiləl məktəb istifadəyə verildi. Məktəbə Dozortseva Bella Moiseevna direktor təyin olundu. Çox ciddi, lakin mehriban bir xanım idi. Elə mən 1-ci sinfə gedəndə bizi o, gülərüzlə, mehribanlıqla qarşılamışdı. O zamanlar nəqliyyat sarıdan çətinlik  olduğu üçün (nəqliyyat keçmiş Nərimanov prospektinə kimi işləyirdi) məktəbə gəlmək üçün ayaqla uzun məsafə qət etmək lazım gəlirdi. Bu səbəbdən Bella Moiseevna məktəbdə 1 otaqda daimi qalırdı.  Məktəb onun həm evi, həm də iş yeri idi...1970-ci ildən mən də qaynar məktəbli illərinə qarışdım. Bu məktəbin divarları arasında coşqun, xoşbəxt günlər yaşadım.

Ailəmizdə 5 uşaq idik. Hamımız bu məktəbdə təhsil almışıq, məzunu olmuşuq. Üst-üstə bu məktəbdə 50 il təhsil almışıq. Həyata vəsiqə alaraq, müxtəlif sahələrdə cəmiyyətə xidmət edərək, layiqli vətəndaş olmağa çalışmışıq.

Məktəbimiz beynəlmiləl idi. müxtəlif millətin nümayəndələri bizimlə birgə təhsil alırdılar. Məktəbdə nizam – intizam, təhsil səviyyəsi çox yüksək səviyyədə  idi. Taleyin qisməti belə gətirdi ki, çox savadlı, bilikli, tələbkar müəllimlər bizə dərs deyirdilər.  İndi də onların o nurlu, gözəl simaları gözlərim önündədir.

Məktəbimizin göstəriciləri yüksək idi, olimpiadalarda, televiziya və radio verilişlərində həmişə nümunəvi təhsil ocağı kimi öndə idi. Demək olar ki, 90-95%  məzunlarımız həmin il respublikanın ən aparıcı ali məktəblərinə daxil olur, abituriyent adını qazanırdılar.

Təhsil aldığım 10 il ərzində məktəb hamı kimi mənim də həyatımda böyük rol oynadı. Məktəb mənə təkcə yazıb – oxumağı, biliklərə yiyələnməyi öyrətmədi, həm də həyatda kamil bir insan kimi formalaşmağıma səbəb oldu. Doğma, sevimli müəllimlərimin sözün əsl mənasında təlim – tərbiyələri, tədrisi, bizi düzgün istiqamətləndirmələri, öyüd – nəsihətləri həyatıma işıq saçdı, sanki yeni bir həyat yolu göstərdi.

Məktəbi bitirib Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna yaxşı və əla qiymətlərlə qəbul olundum. Fəaliyyətimlə seçildim. Şərəfli bir ömür yolu keçdim. Televiziya və radio jurnalisti kimi tanındım...1992-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətində işə başladım, Cəmiyyətin Vitse - prezidenti kimi yüksək mərtəbəyə çatdım. Bütün bu müddət ərzində daim doğma məktəblə, sevimli müəllimlərlə əlaqəni kəsmədim, vaxtaşırı onlara baş çəkdim.

Cəmiyyətimizin xətti ilə təşkil olunan tədbirlərin, həmçinin, ədəbi – bədii tədbirlərin məhz, doğma məktəbdə keçirilməsinə nail oldum. Təhsil aldığım zaman məktəb direktoru Ramiz Nuriyev, 80-ci ildən sonra  bu məsul  vəzifədə Bünyad İsmayılov və Zemfira Səmədova kimi gözəl insanlar  çalışmışlar. Onlarla da gözəl iş birliyimiz alındı. Bütün tədbirlərdə onlar məni məktəbə dəvət edər, mən də həvəslə, böyük məmnunluqla iştirak edərdim.

Yaxşı xatirimdədir, Azərbaycan Politexnik İnstitutunda oxuduğum zaman nümunəvi, fəal tələbə olmağımla bağlı institutun o zamankı komsomol komitəsinin  katibi Rasim Bəşirov məktəbin direktoru Bünyad İsmayılovun adına təşəkkür məktubu göndərmişdi. Sinif rəhbərim olmuş ən sevimli müəllimim Zəhra Yaqubova mənə zəng vuraraq dedi ki, B.İsmayılov həmin məktubu alarkən məktəb kollektivini yığmış və Zəhra Yaqubovaya təşəkkür etmiş, mənimlə fəxr etdiklərini vurğulamışdır. Əlbəttə, o zaman bu mənim üçün qürurverici hadisə idi.

1990-cı ildən 2015-ci ilə kimi məktəbə rəhbərlik edən Zemfira Səmədova ilə xatirələrim çoxdur. Rəhbərliyi dövründə məktəbin adı çox mötəbər məclislərdə, məkanlarda, efirlərdə, mətbuatda iftixarla çəkilib. Məktəbdə getdikcə baş verən yenilik, tərəqqi göz önündə idi.

Məsuliyyətlə deyə bilərəm ki, Zemfira xanımın dogma məktəbimizin inkişafında, təhsilin səviyyəsinin yüksəldilməsində əməyi, rolu əvəzsizdir. Onun əməyi dövlət tərəfindəndə dəyərləndirilib. O, “əməkdar müəllim” fəxri adına layiq görülüb.
Zemfira xanım mənim hər bir uğuruma sevinib. Məni şagirdlərə həmişə nümunə  çəkib, mənim fəaliyyətimi yüksək dəyərləndirib. Bəlkə Zemfira xanımın və  digər müəllimlərimin xeyir-duasıdır ki, mən böyük uğurlara imza atmışam. Dissertasiya müdafiə edərək  (yeri gəlmişkən dissertasiya da məktəbdə, yuxarı sinif şagirdlərinin estetik mədəniyyəti ilə bağlı olub) “Pedaqogika üzrə fəlsəfə doktoru”  elmi adına layiq görülmüşəm. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  “Tərəqqi” medalı ilə təltif olunmuş, “əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. Bəli, mən həyatda qazandığım uğuruma, təhsildə əldə etdiyim nailiyyətlərimə görə, müəllim adı daşıdığıma görə doğma məktəbə, sevimli müəllimlərə borcluyam, onların qarşısında baş əyirəm.        
Bir məsələni qeyd etməyi özümə borc bilirəm. Mərhum bacım Gültəkin Qafarova-Əsgərzadə ailəmizin digər üzvü kimi məhz 158 saylı məktəbdə təhsil alıb. Uzun illər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sıralarında tibb bacısı kimi fəaliyyət göstərib, kimsəsiz tənha qocalara, xroniki xəstələrə və s. tibbi-sosial yardım göstərib. Lakin həyatını, ömrünü bu şərəfli, müqəddəs işə həsr edən Gültəkin həyata vaxtsız vida etdi. Ölümündən sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara  hərəkatının ən yüksək mükafatına “Florence Nightingale” medalına layiq görülüb. Dünyada bu medala 1400 tibb işçisi, o cümlədən 12 nəfər Azərbaycanlı tibb işçisi layiq görülmüşdür ki, onlardan biri də məhz, Gültəkin olub. Məktəbin o zamanlar direktoru olmuş mərhum Zemfira Səmədovanın təşəbbüsü və iştirakı ilə məktəbdə təntənəli şəkildə Gültəkinin xatirə guşəsi açılıb. 2015-ci ildə məktəb əsaslı təmir olunduqdan sonra bir müddət həmin guşə kənarda qalmışdı. Məktəbdə yenicə rəhbərliyə başlayan, direktor, çox hörmət etdiyim Mehriban xanım Ələkbərovanın göstərişi ilə guşə yenidən açılıb. Ailəmizin adından ona dərin təşəkkürümüzü bildirirəm. Məktəb illəri xatirindən silinməyən hər zaman, sevgilə, kövrək hisslərlə xatırladığım həyatımın geri dönməyən çağlarıdır. Aygün Səmədzadənin bəstələdiyi “Məktəb illəri” mahnısı hər dəfə səsləndikcə məni o gözəl illərə xəyalən aparır, yaşadır. Mahnının mətnindəki sözlər necə də ürəklərə hakim kəsilir, insanı sanki yerində silkələyir, o illərə aparır: “məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri, hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri”... Sözlərdəki hikmətə bax, ilahi. Həqiqətən bu belədir! İllər keçdikcə, zaman öz işini gördükcə hər bir insan o günləri xatırlayarkən, məhz o illərin, ayların, günlərin, saatların, dəqiqələrin, saniyələrin, anların nə qədər şirin, müqəddəs, pak və unudulmaz xatirəyə çevrildiyini anlayır.           

Böyük hörmət və ehtiramla dünyalarını dəyişən sevimli müəllimlərim Ramiz Nuriyev, Bünyad İsmaylov, Zemfira Səmədova, Əzizə Hacıyeva, Mirzəli Mirzəliyev, Nənəxanım Kazımova, Bəhriyyə Məmmədova, Zəhra Yaqubova, Şəfiqə Sərdarova, Tamilla Səfərli, Ruqiyə Vəliyeva, Həqiqət Əhmədova, Ədalət Verdiyeva, Fəridə Məmmədova, Şelpakova Mariya, Ədilə Orucəli qızı, Həsən Məmmədov, Rafiq Şirinzadə, Ruhəngiz Babayeva, Səyyarə Əsgərova, Rəhimə Əlizadə, Xəlil Xəlilov, Həmid Əmirov, Elmira Baxışova, Böyükxanım Cəfərova, Rəhilə Abbasova, Səidə Xəlfəquliyeva, İvan Zemçikov, Oqtay Quliyev, Teymur Quliyev, Müzəffər Əliyev, Ədilə Cəfərova, Valentina Hüseynova, Adil Rəhimov, əməkdar müəllim Babək Xubyarov, soyadlarını unutduğum biologiya müəllimi Firəngiz xanım və digərlərinə Allahdan rəhmət diləyirəm. Hazırda bu gün də müəllim adını şərəflə daşıyan Solmaz İsgəndərova, Səyyab Xəlilov, Nəcibə Quluzadə, Rəhilə Şirəliyeva, Dilarə Həsənova, Ramidə Babayeva, Əzirə Həsənova, Zərifə Hüseynova, Aliyə Yunisova, Xanım Salamova, Lətifə Hüseynova, Raisə Vahidova, Ramidə Babayeva, Rəfiqə Axundova, Qalina Hüseynova, Ayşə Əhmədova, Nübar Qafarova, Tamilla Bağırova və hazırda bu doğma ocaqda dərs deyən bütün müəllimlərə “çox sağ olun” deyirəm. Həyatlarını məktəbin inkişafına həsr edən Yaxşıxanım Quliyevaya, Nailə Quliyevaya  öz dərin minnətdarlığımı bildirirəm.

Hər bir məzun kimi mən də Respublikada aparıcı yerlərdən birini tutan 158 saylı orta məktəbin 55 illiyi münasibətilə bütün müəllim-şagird kollektivini, eləcə də bütün əməkdaşları və məzunları bu tarixi hadisə münasibətilə ürəkdən təbrik edirəm.                                                                                                                     
Əminəm ki, bundan sonra da Mehriban xanım Ələkbərovanın rəhbərliyi ilə bu qocaman təhsil ocağında hələ necə-necə məzun xalqımızın, dövlətimizin layiqli övladı kimi, cəmiyyətə vəsiqə alacaq, dəyərli mütəxəssis kimi öz layiqli töhvələrini verəcəklər.


Yubileyin mübarək, doğma məktəb!                                                                          
Yubileyiniz mübarək, əziz müəllimlərim!

        
Bu gözəl hissləri yazıya çevirdi

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist,
 pedaqogika üzrə fəlsəfə doktoru,
“Tərəqqi” medalçısı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər