Modern.az

Azərbaycanda “maral dələduzluğu” və maral əti biznesi.. - Maraqlı STATİSTİKA

Azərbaycanda “maral dələduzluğu” və maral əti biznesi.. - Maraqlı STATİSTİKA

Ölkə

2 Noyabr 2016, 14:50

Bir neçə gün öncə xəbər saytları Bakıda bir maraqlı dələduzluq faktı barədə məlumat yaymışdılar. Qeyd edilirdi ki, Bakı sakini, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-cü il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib. Hüquq-mühafizə orqanlarının faktla bağlı araşdırma apardığı bildirilib.


60 baş maralla bağlı dələduzluq?.. Məgər Azərbaycanda maral saxlanılan fermer təsərrüfatları var?

Modern.az saytı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.
 

“2015-ci ildə Azərbaycanda  maralların ümumi sayı 1848 ədəd təşkil edib. 2016-cı ilin statikstikası isə hələ ki, açıqlanmayıb. Çünki bu statistika payızda aparılır.  Yaxın vaxtlarda  açıqlanacaq. Ola bilsin ki, bu il maralların sayında ötən ilkilərə nisbətən artım olsun. Həmçinin, vəhşi təbiətdəki heyvanlar çox yaxşı mühafizə olunur. Mühafizə olunarsa, deməli, artım da olacaq”

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.


Nazirlik rəsmisi bildirib ki, son illərdə qanunsuz heyvan saxlayanlarla bağlı məlumatların sayı kəskin azalıb.

“Hansısa restoranda, ya da  iaşə obyektinin həyətində qanunsuz heyvan saxlama olursa, nazirlik həmin heyvanları o ərazilərdən götürür. Həmçinin, vəhşi təbiətin bərpası mərkəzi yaratmışıq. Həmin mərkəz “Altıağac” Milli Parkının nəzdində yerləşir. Həmin heyvanlar orada reabilitasiya keçir. Əgər sağlamlıqlarında problem varsa, tam sağaldıb  sonra vəhşi təbiətə qaytarırıq.

5-7 il əvvəl ovlanması qadağan olunan heyvanların həyətyanı sahələrdə saxlanması aktual idi. Artıq nazirlik bu cür halların qarşısını alıb. İndi nadir hallarda ola bilər ki, maral, ceyran, ayı kimi heyvanlar əldə edilib saxlanılsın. Bununla bağlı hələ ki, bizə məlumat daxil olmayıb. Qeyri-mümkündür ki, kimsə 60 baş maralı təbiətdən yığsın və qanunsuz olaraq onu saxlasın. Belə bir fakt yoxdur. Belə bir fakt varsa, biz araşdırma aparmağa hazırıq. Sadəcə olaraq, hansısa iş adamı xaricdən pulla maral, ceyran ölkəyə gətirə bilər ki, bu da sənaye məqsədi daşıya bilər”.

Hikmət Əlizadə  Azərbaycanda maral əti ilə bağlı sənaye istehsalının yaranması mümkünlüyündən də danışıb.

“Avropa ölkələrində maral ətinin sənaye məqsədilə istehsalı çox populyardır. Çoxlu sayda maral fermaları var. Həmin fermalar ildə 100 minlərlə ton maral istehsal edir. Delikates ətdir. Bazarı formalaşdıran tələb və təklif amili var. Əgər Azərbaycanda belə bir tələbat olarsa, o zaman düşünmək olar”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır