Modern.az

Azər Paşa Nemət: "Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir"

 Azər Paşa Nemət: "Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir"

Mədəni̇yyət

3 Noyabr 2016, 18:56

Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı hələ də davam edir.

 

Modern.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, bunu Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemət xalq artisti Fuad Poladovun teatrdan işdən getməsi qərarına münasibətin bildirərkən deyib.

O qeyd edib: “İctimaiyyətin bu məsələyə həssas münasibətini nəzərə alaraq, xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından işdən getməsi qərarına bir daha münasibət bildirməyi lazım bildim. Oktyabrın 28-də mətbuata verdiyim açıqlamada qeyd etdiklərimi bir daha təkrar edirəm ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır. O, Akademik Milli Dram Teatrında əvəzçilik üzrə çalışıb".

 

A.P.Nemət bildirib ki, xalq artisti teatrdan işdən getmək haqqında qərar qəbul edibsə, bu barədə rəsmi şəkildə ərizə yazmalıdır:

 

"Həmin ərizə bizə təqdim edilməyib. Bu məntiqlə çıxış etsək, Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı hələ də davam edir. Mənim Fuad Poladova münasibətim bəllidir, onu görkəmli sənətkar kimi hər zaman yüksək qiymətləndirmişəm. O, mənim quruluş verdiyim “Hamlet”, “Şah Qacar”, “Afinalı Timon” və “Boy çiçəyi” tamaşalarımda dublyorsuz oynayıb. Bu, mənim Fuad Poladova münasibətimin göstəricisidir.

 

Eyni zamanda həmin tamaşalar mədəni ictimaiyyət tərəfindən həm sənət faktı, həm rejissor işi, həm də aktyor oyunu kimi yüksək qiymətləndirilib. Yeri gəlmişkən, onu da deyim ki, “Afinalı Timon” tamaşasını Fuad Poladovun 60 illik yubileyinə hədiyyə kimi hazırlamışdım. Bu fakt da mənim Fuad Poladova münasibətimin göstəricisidir. Əgər Fuad Poladov bizimlə işləmək istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm. Qeyd etmək yerinə düşər ki, Akademik Milli Dram Teatrının kollektivinin də Fuad Poladova münasibəti hər zaman yüksəkdir, ona hörmətlə yanaşırlar".

 

Teatrın direktoru bildirib ki, bütün baş verənlərə baxmayaraq, Akademik Milli Dram Teatrı öz fəaliyyətini davam etdirir, kollektiv yüksək əhvali-ruhiyyədə yeni tamaşalar üzərində çalışır: "144 illik şərəfli tarixə malik Akademik Milli Dram Teatrı Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu mədəniyyət siyasətinə öz töhfəsini verməyə çalışır və bu, hər zaman belə olacaq".

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir