Modern.az

"Jurnalistlərin yeni binası 2017-ci ildə təhvil veriləcək”

"Jurnalistlərin yeni binası 2017-ci ildə təhvil veriləcək”

3 Noyabr 2016, 20:27

“Azərbaycanda teleradionun inkişafının sovet dövrü, xüsusilə də ötən əsrin 70-80-ci illəri çox əhəmiyyətli olub. Məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Azərbaycan televiziya yaradılması işində müsəlman şərqində birinci olub. Hər bir xalqın teleradiosu onun güzgüsüdür. Teleradio milli mədəniyətin ən yaxşı nümunələrini üzə çıxarır, onu təbliğ edir”.

Modern.az saytı xəbər verir ki, bunu bu gün Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Tele-radio sahəsində çalışan bütün insanları milli radionun 90, televiziyanın 60 illiyi münasibətilə təbrik edən Ə.Həsənov radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolunu yüksək qiymətləndirib:


“Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşmədi. Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Lakin Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan televiziya və radiosunun inkişafında da mühüm mərhələ oldu. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrüspublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb".

Ə.Həsənov vurğulayıb ki, ölkəmizdə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması da daim diqqət mərkəzində olub: “Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib. Həmin binadakı mənzillər 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanılıb. 2013-cü ildə Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq jurnalistlər üçün yeni 256 mənzilli binanın təməli qoyulub. Həmin binada hazırda tikilir və yəqin ki, 2017-ci ilin əvvəllərində təhvil veriləcək.
Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər”.

Əli Həsənovun sözlərinə görə, internet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır: “Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür. Bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir”.

Tədbirdə daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu gün Azərbaycan televiziya və radiosunun çox böyük potensiala malik olduğunu qeyd edib.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır