Modern.az

Mehdi Hüseyn, 1

Mehdi Hüseyn, 1

Media

4 Noyabr 2016, 09:41

Xalid Niyazov,
Əməkdar jurnalist


Leninqraddan təzəcə qayıtmışdım. Yay tətilimin bir hissəsi bu əsrarəngsiz şəhərin müzeylərində keçmişdi. Tay-tuşlarımın böyük bir qisminin umurunda belə olmadığı təəssüratlarım aşıb-daşırdı.

Bir neçə gündən sonra dərslər başladı. Heç “bismillah” eləməyə macal tapmamışdıq ki, məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini Gülüş xanım məni yanına çağırdı. Televiziyanın (o vaxtlar bircə televiziya olduğundan adını dəqiqləşdirməyə lüzum görmürəm - !) “Yelkən” proqramında çıxış etmək üçün şagird istəmişdilər. Mən də o vaxtlar məktəb radio qovşağının diktoru olduğuma görə seçim bəndənizin üzərində dayanmışdı.

Nə isə, evdəkilər pəh-pəhnən təzə ipək köynək, kostyum tədarükünə girişdilər. İntizar və tərəddüdlə keçirdiyim, hətta deyim ki, həyəcandan gecələr yuxumun belə ərşə çəkildiyi bir neçə gündən sonra bəlkə də o vaxtkı adını dəqiq deyə bilməyəcəyəm, amma zənnimcə, uşaq verilişləri redaksiyası adlanırdı, ora çağıırdılar. Eldar Sadıqov adlı gənc bir müxbirlə nədən danışacağımı müzakirə etdikdən sonra elə Leninqrad səfərinin üzərində dayandıq.

Çox-çox sonralar vəzifə almaq üçün AzTV-də görünməyin mütləq şərtlərdən biri olduğunu söyləyənlərin məntiqi mənə hələ 40 il əvvəl əyan olmuşdu – həmin “parlaq” çıxışdan sonra məktəbdə pioner drujinasının (bilənlər bilməyənlərə bunun nə olduğunu anlatsın - !) sədri seçildim. Hələm-hələm ələ düşən “vəzifə” deyildi (zarafat).

Sonralar bir neçə dəfə də həmin verilişin qonağı oldum.

Və mənim AzTV ilə məhrəm münasibətlərimin sonralar həyat yolumu da bəlirləyəcək, qədərimi cizəcək tarixçəsi bax beləcə başladı. Adi bir təsadüflə...

*  *  *

Haçansa ağlıma da gəlməzdi ki, jurnalist ola bilərəm, taleyimi sözlə, mətbuatla bağlayaram.

İçimdəki həmin qığılcımı məşələ, tonqala çevirən, ömrümün 31 ilini dinməz-söyləməz əlahəzrət Sözün xidmətinə verən yenə də uşaqkən AzTV-nin dəhlizlərində, studiyalarında, divarlarının arasında aldığım o mübhəm enerji, bəlkə də qaibanədə kəsilən o sehirli əhd-peyman oldu.   

Universiteti bitirəndən sonra televiziyaya “düşə” bilmədim. Əvvəla, bu hər adamın işi də deyildi, ora yalnız “adamlı adamlar” təyinat ala bilirdilər. Bir də ki, kommunist ideologiyasının “qılıncının qabağının da dalının da kəsdiyi” həmin illərdə biz – universitet fakültə komsomol katiblərinin bir qismi, gələcəyimizi partiya-sovet işində görürdük. Amma necə deyərlər, sən saydığını say... o “göbəkkəsdi” məsələsi ki, deyirlər, düz imiş. Sözün sehri-cazibəsi məni hərləyib-fırlayıb qəzetə gətirib çıxartdı.

AzTV-də olmasaq da biz qəzet jurnalistləri də boş dayanmırdıq , ən azı maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün radio və televiziyanın müxtəlif redaksiyaları ilə sıx əməkdaşlıq edirdik. Və deyim ki, məhz oradan aldığımız yüksək qonorar hər həftəsonu başımızın dəstəsi ilə Bilgəhdəki “rakuşkada” balıq kababına, sevdiyimiz qızlara “kubinka”dan xarici konfet qutusuna çatırdı ki, hələ artıq da qalırdı.

Axtarsan, arxivimdə həmin o sarı-boz rəngli pul baratları hələ də durur.

Bunlar mənim üç onilliyin o tərəfində qalan xatirələrimin ağlı-qaralı fraqmentləridir ki, yaddaşımın ümmanı hər dalğalandıqca vurub sahilə atdığı hər damlası, hər qətrəsi bu gün də içimi şirin, dadlı, həzin hisslərlə, duyğularla çalxalayır.

Bax, AzTV belə AzTV idi. Hamımız üçün “çörək verən”, – Nə eləyim? –Necə eləyim? – deyib içinə qısılmağa, dostun-yoldaşın yanında utanmağa, möhnətə, yoxluğa yaxa qapdırmağa qoymayan, qıymayan “çörək ağacı” idi.

Bu gün də belədir! Hələ çoxdur ki, az deyil!

                                                 *  *  *

Bəli, bu günlər bütövlükdə Azərbaycan teleradio yayımçılığının mənbəyində, təməlində dayanan AzTV-nin 60, radionunsa 90 yaşı tamam olur.

Əslində, həmin rəqəmlərin özündə də bir mistika var. Çünki 90 – 60 konfiqurasiyası həm də gözəlliyin, harmoniyanın, tənasübün, estetik zövqün etalonudur.

Eyni zamanda, bir anlıq əyləyib geriyə baxmağa, keçib-gəldiyin yolların “həsb halı”nı qılmağa, papağı ortaya qoyub nahaqdan “günə yandırmadığının” hesabını sormağa sövq edən rəqəmdir, yaşdır, tarixdir.

Hə, ən doğrusu elə sonuncudur – Tarix!

Azərbaycan televiziyası məxsus olduğu xalqın keçdiyi yola yoldaşlıq etməklə, sevincini tərənnüm edib kədərinə şərik çıxmaqla, müstəqilliyi uğrunda şəhid verməklə, millətinin sözünü, haqq səsini dünyaya çatdırmaqla, bütöv bir nəslin vətənpərvərlik, mədəni-mənəvi və milli etik-əxlaqi dəyər və ənənələr ruhunda tərbiyəsinə töhfəsini verməklə ... tarix yazdığının fərqindədir.

Son illərədək və elə internetin, mobil rabitə və cürəbəcür qadjetlərin həyatımızın dadını, rahatlığını qaçırdığı indinin özündə də ağıllı adamların ən sevimli məşğuliyyəti bilsəniz nədir?

Təbii ki, böyük əksəriyyət – Kitab oxumaq! – deyəcək.

Heç şübhəsiz, bu belədir ki, var. Ancaq Zamanın dəli ritmi də həyatımızın axarına zəruru təshihlərini etməkdən qalmır. Artıq orta statistik azərbaycanlı axşam işdən yorğun-arğın evə qayıdanda bir stəkan pürrəngi çay arxasında əlinə kitab deyil, televizorun “pult”unu alıb kanalları “vərəqləyir”. Hansı “səhifə” xoşuna gəldisə saxlayıb baxır.

Sonra yenə də ... yenə də ... və təkrar-təkrar barmaqlarımızın altındakı düymə ilə efir görüntülərini dəyişməyə vadar edirik. Bəli, bu gün televiziya bizi xətti, horizontal düşüncə tərzindən ayırıb görüntünün, mətn və texnoloji innovasiyanın hüdudsuz imkanlarının “at oynatdığı” polifonik düşüncə məkanına çəkib aparır.

 *  *  * 

Bu gün televiziya universal, sintez fəaliyyət sahəsi kimi oturuşmuş, ənənəvi yaradıcılıq metodları üstəgəl informasiya cəmiyyətinin media məhsulu olaraq konvergensiya, rəqəmsallaşma, diversifikasiya və qloballaşma prosesləri ilə “silahlanaraq” özünün xəbərləmə, əyləndirmə və maarifləndirmə funksiyalarının fövqündə həm də çox qüdrətli ideoloji, əxlaqi, səfərbəredici missiya ilə vəzifələndirilib.

Heç şübhəsiz, bu, məsələnin funksional, texniki tərəfidir. Amma digər, heç də az əhəmiyyət kəsb etməyən parametrlər var ki, onlar barədə sistemli şəkildə yalnız AzTV-nin timsalında danışmaq mümkündür.

Kimsə dodaq büzə bilər ki, niyə məhz AzTV? Bəs başqaları?

Biz onları heç vəchlə ayırmaq fikrində deyilik də. Sadəcə, İTV, Xəzər, Lider, ATV, ARB, Space, CBC – onların hər biri ayrılıqda Azərbaycan teleməkanının, efir ailəsinin müstəqil üzvü olsa da, rişələndikləri, köklərinin su içdiyi, baş götürdüyü tək bir qaynaq, yeganə mənbə var – AzTV məktəbi!    

İndi təsəvvür edin ki, bu telesənaye müəssisəsində necə böyük bir kadr və texniki potensial cəmləşibmiş ki, “xərclədikcə” tükənmir, lider və öndər mövqeyini qoruyub saxlayır. Təsadüfi deyildir ki, AzTV Azərbaycan xalqının milli-mədəni  düşüncə sisteminin, ictimai fikir etalonunun, etik-estetik dəyərlər meyarının təşəkkülü və inkişafında, yaradıcılıq və peşəkarlıq məsələlərində istedad, vicdan, ləyaqət kimi kriteriyaların hər bir jurnalistin, texniki işçinin, menecerin kimliyinə çevrilməsində, nəhayət cəmiyyət, sosium üçün kamil vətəndaş və fərdin yetişdirilməsində və tərbiyəsində əvəzsiz rol oynayır.

Bu gün televiziyanın müasir ekran sənəti kimi mövqeyini təsbit etməsində, yaradıcılıq, sənət və jurnalistika faktına çevrilməsində, ənənələr yaradıb yaşadan  məktəb kimi püxtələşməsində AzTV kollektivinin əməyi və zəhməti danılmazdır.    

Telekanalların çoxluğu və xüsusilə də efir məkanını xalqın, millətin böyük mədəniyyətini, intellektual potensialını açıb göstərən verilişlər əvəzinə bir-birindən bayağı, şit, nimdaş, etik-əxlaqi ölçülərə, mənəvi dəyərlərimizə divan tutan telelayihələrin kakafoniyasının zəbt etdiyi bir vaxtda AzTV maarifçilik missiyası, estetik zövq formalaşdırmaq vəzifəsi, agah və təbliğ etmək məsuliyyəti ilə fərqlənən proqramları ilə bir udumluq nəfəs kimi izləyicilərinin görüşünə və köməyinə gəlir.

Elə buna görə də cəsarətlə söyləyə bilərik ki, ölkənin bir nömrəli kanalını digər efir subyektlərindən fərqləndirən əsas səciyyəvi xüsusiyyəti tamaşaçının mənəvi-estetik görüşlərinin formalaşdırılması vəzifəsinin, televiziyanın bir ekran sənəti olaraq təkamülü məqsədinin, habelə müasir məzmun və mündəricəyə malik televiziya məkanının təşəkkül tapması zərurətinin  burada çalışan yaradıcı əməkdaşların istedad və peşəkarlığı, onların ümumi təhsil və mədəni səviyyəsi ilə birbaşa bağlı olmasındadır.

Təbii ki, düzgün rəhbərlik, səmərəli telemenecment, münbit yaradıcılıq mühiti olmasa idi, AzTV-nin divarları arasında İctimai-siyasi, Musiqi və əyləncəli, Hərbi-vətənpərvərlik proqramları, habelə Ədəbi-dram verilişləri və Maarifçilik redaksiyalarının yüksək peşəkarlıq və keyfiyyət əyarı ilə ərsəyə gətirdikləri və izləyicilərin də rəğbətlə qarşıladıqları onlarla veriliş, layihə də olmazdı.

Biz səmərəli menecment məsələsinə təsadüfən toxunmadıq. Müasir dövrdə istənilən uğurun səbəbiyyatında ağıllı idarəçiliyin müstəsna payı vardır. Bu artıq fəaliyyətin ən müxtəlif sferalarında özünü təsdiq etmiş və vazkeçilməz fakta çevrilmiş aksiomdur. Azərbaycan televiziyası da bügünkü nailiyyətlərində məhz belə bir bişkin, effektiv, uğurlu idarəçilik faktına söykənir. 

                                          * * *

Nə gizlədək, adətən, istənilən kollektivdə bir “müdir fobiyası” olur. Zira, çoxluğu razı salmaq bütün zamanlarda müşkül olub. Amma son 10 ildə AzTV-dəki həmkarlarım, dostlarım, tələbə yoldaşlarımla hər söhbətimdə yalnız xoş sözlər eşitmişəm. Və bütün bu rəğbətin, övgünün, razılığın tək bir ünvanı, səbəbkarı kimi    2006-cı ildən AzTV ailəsinə rəhbərlik edən Arif Alışanovu nişan veriblər.

Tam da bu yerdə xoş məramlı, əlalxüsus da təbrik təriqi ilə yazılmış bir yazının arxasınca “asılacaq sifətləri”, atılacaq atmacaları da indidən görürəm, eşidirəm. Amma çifayda! Tanıyanlar bilir; mən yazdıqlarımda həmişə səmimiyəm. Mənim üçün adamın avtoriteti, nüfuzu, çini onun işidir, əməlidir, insaniyyətidir. Arif Alışanovla da heç bir zaman salam-əleykim olmadı, üz-üzə belə gəlmədik, ondan keçən işim olmayıb və irəlidə də belə bir perspektiv görünmür.

Digər tərəfdən, hər mənsəb sahibinə “bac verəcək”, öyəcək, mədhiyyələr söyləyəcək birisi olmadığımın gerçək isbatı da ortadadır – sinəsinə döyən bir çoxlarından fərqli olaraq , həmişə qoruyub saxladığım müstəqilliyim!

 Sadəcə, biz həmişə yaxşının adını çəkməli, haqqında danışmalıyıq. Çünki yaxşılıq, xeyirxah əməl həmişə bölünə-bölünə çoxalır, həyatımızı gözəlləşdirir, yaşamağı asanlaşdırır. Bilsəniz, dünyanın buna nə qədər ehtiyacı var?!

Və Azərbaycan radiosunun 90, televiziyanınsa 60 illiyini elliklə qeyd etdiyimiz bir məqamda ötən 10 ildə AzTV-nin böyük və zəhmətkeş kollektivinin hədəfə aldığı  yaradıcılıq zirvələrinə məhz kimin rəhbərliyi altında yürüdüyünü söyləmək də, hesab edirik ki, bir həmkar, vətəndaş kimi bizim borcumuzdur.

Bəli, Arif Alışanov AzTV-də sədr olduğu 10 ilin hər gününü, dəqiqəsini məhz ölkə Prezidentinin tapşırıqlarını yerinə yetirməklə məşğul olur. Ona məsul bir vəzifə etibar edilib və o çox gözəl bacardığı bir işi vicdanla yerinə yetirərək həmin etimadı doğrultmağa çalışır. Ötən illərdə AzTV-də aparılan texniki yenidənqurma, köklü struktur, kadr və yaradıcılıq islahatları televiziyanın bugünkü keyfiyyət boyartımında öz bariz və dolğun təcəssümünü tapır.

O, islahatlara televiziyanın döyünən qəlbi olan “Xəbərlər” və “Həftə” proqramlarından başladı. Elə bir studiya tikilib istifadəyə verildi ki, bu gün də handa bir kanal  həsəd apara bilər. Vaxtilə müxtəlif səbəblər üzündən televiziyanı tərk etmiş təcrübəli və peşəkar mütəxəssislər yenidən AzTV-yə dəvət olundu. Gənc reportyor və aparıcıların işə cəlb olunması üçün mütəmadi olaraq müsabiqələr keçirildi. Həmin gənclərə şəxsən Arif Alışanovun özü himayə göstərdi, dəstək oldu, qayğılarına qaldı.  Hazırda onlardan  bəziləri ölkə teleməkanının tanınmıs aparıcı və reportyorlarıdır.

Ötən illərdə ölkə ziyalıları ilə qırılmış bağlar da yenidən bərpa olundu. Əməkdaşlığın qayət faydalı, səmərəli və məhsuldar nəticələri kimi ortaya çıxan yeni ideya, layihə və proqramlar efirə, oradan da izləyicilərin qəlbinə yol açdı.  

Hər bir müəssisənin müvəffəqiyyəti insan amilindən, ona yaradılmış iş şəraitindən keçir. Əminliklə söyləmək olar ki, bu gün Azərbaycan Televiziyası və Radiosunun studiyaları, aparat-proqram blokları, montaj otaqları, iş otaqları ən müasir tələblərə cavab verir.

Prezident İlham Əliyevin AzTV-yə QSC statusu verilməsinə dair Sərəncamı isə bu qurumun iri mediaholdinqə çevrilməsi ilə nəticələndi. Çox qısa müddət ərzində “İdman Azərbaycan” (2009) və “Mədəniyyət” (2011) kanalları yaradıldı, Teleradio Akademiyası (2010) təsis edildi.

Son 10 il ərzində QSC zəif verilişlərin güclülərlə əvəzlənməsi, lisenziyalı layihələrin həyata keçirilməsi mərhələsinə qədəm qoydu. Bütün verilişlərdə və proqramlarda maarıfçilik xətti aparıcı xətt olaraq qalır. Bü xəttin həyata keçirilməsi isə ölkə boyu gənc intellektualların, parlaq zəkaların, yeni-yeni muğam və estrada ifaçılarının tanıdılmasına səbəb olub. 

Sədr öz əməkdaşlarının fədakar əməyini qiymətləndirməyi də bacarır. Azərbaycan Teleradiosunun Həmkarlar İttifaqına uzun illərdir rəhbərlik edən Sərhəd Qasımovun məlumatına görə, son 10 il ərzində məhz Arif Alışanovun təqdimatı əsasında ölkə Prezidenti 180 nəfərdən artıq televiziya əməkdaşını müxtəlif fəxri adlara və mükafatlara layiq görüb. Halbuki, 1956-2006-cı illəri əhatə edən dövrdə bu rəqəm 100-ü ancaq haqlamışdı.

Və heç şübhəsiz, dövlət başçısının lütf və iltifatı sayəsində yubiley günündə  həmin rəqəm daha da artacaqdır.

                                                * * *

Bütün bunlardan sonra bəlkə də yeri deyil, amma gündə qələmə sarılmadığımıza görə bir məqama da toxunmadan keçinə bilmirəm. Arif Alışanov haqqında illərdir, sürəkli yazırlar. Yalanla doğrunun başı-ayağı bilinmir. Arada həmkar həmrəyliyi də itib-batıb. Amma – Aşıq gördüyünü çağırar! – deyiblər. Bir də müdriklərimizin – Görünən dağa nə bələdçi?! – deyimi də var.

AzTV çox uzaq deyil ki! Ya gedib baxsınlar, ya da açıb görsünlər.

Vaxtilə bu televiziyanın qarasına danışanların indi onun efirinə çıxmaq üçün qapısında boynunu buküb durmasının özü çox mətləbdən xəbər verir. 

Hə, bir də ki, AzTV sədrinin fəaliyyətinə “qulp” qoyanlar unutmasınlar ki, bu müəssisəyə rəhbərlik etmiş bəzi “qastrolçu”lardan fərqli olaraq 17 yaşından bəri, tam 40 il yalnız bir yerdə - Azərbaycan Televiziyasında çalışmış bir adam öz evinə, ailəsinə, ocağına heç bir vəchlə və heç bir şeyə rəğmən əyri baxa bilməz.

                                                * * *

Bu günlərdə qələm yoldaşımız Mahir Qabiloğlunun bir yazısını oxudum. Televiziya silsiləsindən növbəti yazı idi. İçində subyektiv məqamları, istiotu-barıtı az olmasa da yubiley təriqi ilə qələmə alınmışdı  – “AzTV nədir?”

Hm, əslində, bunu orada işləmiş, ləzzətini görmüş adamlar daha yaxşı bilərlər.

Amma mən də bir misal çəkəcəyəm, oxuduqlarımdan bir iqtibasdır.

Deməli, bir gün Roma imperatoru filosof  Mark Avrelinin oğlu Komodus bacısından soruşur:  Romalı üçün Roma nə deməkdir? Cavab sadə və qısa olur: arzu, ideya!..

İnsan üçün ən uca zirvə arzularının dırmandığı, boylandığı hədəfdir.

Bu gün hər hansı bir mübaliğəsiz, pafossuz, nə bilim epitetsiz, təşbehsiz söyləmək olar ki, AzTV bu ocaqdan, bu sənət məbədindən, yaradıcılıq məktəbindən pərvazlanmış minlərlə insan üçün arzularının səltənətidir, mənzilidir ... geniş, işıqlı, lap o “novostroyka”lardakı kimi.

Çünki bu gün də hər səhər şəhərin ən müxtəlif ünvanlardan çıxıb şəstlə  – İşə gedirəm! – deyənlərin sabahla bağlı  arzularının gerçəkləşdiyi məkandır bura...

Sadəcə, Mehdi Hüseyn, 1.

 

P.S. Bəli, vaxt acımacızcasına şütüdükcə rəqəmlərin sıra sayı da dəyişəcək; 60-90 on il sonra 70-100 olacaq, sonra 80-110-a adlayacaq, daha sonra 90-120 geridə qalacaq və zamanın əqrəbləri köhlən at kimi irəli şığıdıqca, bizlər qeyb olacağıq. O isə qalacaq.  Övladlarımızın, nəvələrimizin, nəticələrimizin televiziyası – AzTV.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?