Modern.az

Taylandda yaşadıqlarım... - Banqkok gündəliyim - FOTOLAR

Taylandda yaşadıqlarım... - Banqkok gündəliyim - FOTOLAR

Reportaj

28 Fevral 2011, 11:16

Qəriblik yolumun başlanğıcı Ankaradan keçdi Lev Qumilyov adına Qazaxıstan Milli Universitetini bitirəndən  bir ay sonra Astanada keçirilən beynəlxalq forumlardan birində həmyerlimiz Səid İrandostla  taniş oldum. Daha doğrusu bu ölkədə Azərbaycan Televiziyasının xüsusi müxbiri olan anam Aida Eyvazlı  məni onunla tanış etdi. O, universiteti yenicə  bitirdiyimi bildi və məni Taylandda rəhbəri olduğu Asia Texnoloji İnstitutuna  (AİT) 7 aylıq təcrübə kursu keçməyə dəvət etdi.  Əvvəlcə təbii ki, razı olmadım... Səid bəy dedi ki, Banqkokdan təxminən 40  km kənarda yerləşən  AİT  kiçik şəhərcikdir. Burada elmi təhsil almaq, təcrübə aparmaq, yaşamaq və işləmək üçün hər şərait var. Uzun danışıqlardan sonra razılığa gəldim. Bu ölkəyə uçmaq üçün sənəd hazırlayanda bildik ki, Azərbaycandan Taylanda viza vermirlər və mən Ankaraya gedib viza almalıyam. Şansımdan Ankarada Astanadan  tanış olduğum  bir türk ailəsi vardı. Doğurdan da, Varis demişkən: “Təsadüflər zərurədən  doğur...”. Doğrudur əslində bir fəlsəfənin bir məntiqidir. Ancaq mənim yadımda Varisin deyimi kimi qalıb. Astanada bir yol qəzası keçirərək, xəstəxanaya düşmüşdüm. Həmin vaxt mən müalicə olunduğum  mərtəbədə bir türk ailəsinin də ayrı otaqda qəzaya düşən oğulları ilə qaldığını gördüm. Astana  şəhərində qərib olduqlarından, bacardığımız qədər qayğılarına qaldıq. Və hər zaman Gözəl abla, ona xəcalət verdiyimizi söyləyirdi. Anamsa deyirdi ki, “həpimiz qəribik bu şəhərdə abla öyle deme”. Həmin vaxtlarda Gözəl ablagil demişdilər ki, Ankaraya qonaq gəlin, onda düşündüm ki, Anakaraya mən niyə gedim, Türkiyəyə gedəsi olsam, başqa kurort şəhərlərinə gedərəm... Amma təsadüfdən Bangkoka Ankaradan getməli oldum. Düşündüm ki, onlarda qalacam. Nənəm eşidəndə ki, mən tək başqa ölkəyə gedirəm, buna qarşı çıxdı və “qonşulara qohumlara nə deyəcəyik” kimi narazı fikirlərini irəli sürdü. Evdə ancaq bu mövzu müzakirə olunurdu, qonaqlarla da, qohumlarla da, qonşularla da...

Mən  əslində sentyabrın 1-i artıq Bangkokda olmalı idim, amma həm Ramazan bayramına görə ləngidim, həm də 7 ayın uzun qərib günlərini düşünüb gecikməyə çalışırdım, əslində heç də ürəyimdən deyildi Bangkoka gəlmək.  Çünki artıq 7 ildir ki, mən qəribəm və düşünürdüm artıq bəsdir qəriblik, diplom aldımsa, artıq Azərbnaycanda işləyəcəm və heç hara getməyəcəm... Uzun sözün qısası anamla bilet almağa getdik, anam sentyabrın 2-si Daşkəndə uçurdu və  mənim də sentyabrın 2-si Ankaraya uçmağımı istəyirdi. Amma sevindim ki, bilet olmadı 2-nə və mən 9-u uçası oldum. Bir həftə də böyük şey idi mənim üçün. Sentyabrın 2-si gəldi... Əvvəlcə anam yola düşür. Bir həftə sonra da mən gedirəm... İlk ayrılacağım insan anamdır... Anam maşına oturana qədər heç ağlıma da gəlməzdi ki, onun dalınca ağlayacam. Qucaqlayıb sağollaşanda 7 ay gözümün qarşısından keçdi və nə qədər çalışsam da, anam ağlamağımı görməsin, özümü saxlaya bilmədim. Gözlərim iki ceşmə misalı, göz yaşım dayanarmı?! Anam da heç vaxt sağollaşanda ağlamazdı, bu dəfə o da deyəsən, 7 aylıq ayrılıq  ağrısını avtomobilə oturanda hiss etdi və mənə qoşuldu... Bu tərəfdən də nənəmin hıçqırtı səsləri məni qəhərləndirdi. Düşündüm axı o da balasından ayrılır, bir həftə sonra da nəvəsindən ayrlılacaq. Amma əslində o öyrəşib artıq balalarını qürbətə yollmağa. Anam getdi, evimizə elə bil sükut çökmüşdü, bir təhər özümü toparladım amma həmin günü üzüm heç gülmədi, anamın adını çəkən kimi kövrəlirdim. Qarşımdakı 7 günü  rəfiqələrim, qohumlarım  və dosltarlımla keçirtdim .  Və mənim də  getmək zamanım, ayrılıq zamanım gəldi. Hava limanına gəldik. Sərhəddi kecəndə şansımdan dostumuzu gördüm o məni rahat keçirtdi. Yəni ki, ayaqqabımı çıxartmadım... Bu ayaqqabı çıxartmağı təkcə Bakı aeroportunda  görmüşəm ... Yolçuluq çox maraqsız və sıxıcı keçdi... İnsanların üzündə təbəssüm deyilən bir şey görmədim, hamı qaşqabqalı idi eləcə də AZAL-ın ekipaj üzvləri... Amma Astanadan Bakıya uçanda baxmayaraq ki, həmyerlilərimiz stüardessalarla hər cür səviyyəsiz zarafatlar edirlər, buna baxmayaraq ekipaj üzvlərinin təbəssümü əskik olmur, nə qədər əsəbiləşsələr də... Onların işi bunu tələb edir, gülərüz olmalıdırlar... Nə isə... Ankaraya endik.... Tanışlarım məni çox mehriban qarşıladılar. Hava limanından evə 2 saata çatdıq... Bütün ailə bir arada çox mehriban türk ailəsi... Nəvələr bir yerdə oynayır, yeznələr bir qıraqda oturub deyib-gülür, qızlar süfrə düzəldirlər və Güzəl abla da mənimlə oyalanır... Mənim gəlişim münasibəti ilə türk paxlavası da bişirmişdi. Səhəri gün viza almaq üçün Tayland Krallığının Ankaradakı səfirliyinə  yollandıq... Zənginlərin  yaşadığı bir küçədə yerləşirdi. Ramazan bayramına görə bağlı idi. Ordan çıxıb Atatürkün Anıtqəbrinə getdik. Ruhuna fatihə oxudum. Səhərsi gün də Lunaparka getdik. Türklər demişken “öyle bir kalabalıkdı ki”, elə bildim bütün Ankara ordadır,  özümü “Torqovıda” hiss edirdim. Burada bir daha əmin oldum ki, doğurdan da biz bir millət, iki dövlətik.

Bilmirəm  Türkiyəyə olan sevgimdən idi, ya nə idisə Türkiyədə qərbilik hiss etmədim. Bazar ertəsi viza almaq üçün səhər 6-da oyanıb mərkəzə yollandıq. Saat 9-da artlq səfirlyin qarşısında idik. Vizani aldıq... Tam bir həftə qonaq olduğum evdə məni çox mehribanlıqla qarşılayıb yola saldılar. Sevindim ki, qarşıma həmişəki kimi yaxşı insanlar çıxıb. Gecə saat 11-də təyyarə havaya qalxdı, 45 dəqiqədən sonra İstanbula endik. Səhər saat 7-də də Bangkoka uçmalıyıq. Banqkokun isti havası və mənim boşa çıxan xəyallarım

....Və qarşıda 10 saat təyyarə ilə uçmaq gözləyirdi məni.. Təyyarədə cürbəcür,  rəngbərəng adamlar vardı, beynəlmiləl bir reys idi... Bangkoka enmək üzərəydik, yerli vaxtla axşam  9-a işləyir, hava qaralıb. Təyyarədən şəhər elə gözəl görsənir ki, heyrətə gəlirsən, elə işiqlı böyük şəhərdir ki... Ucu-bucağı görsənmir. Ürəyimdə düşünürəm ki, mən burda heç vaxt darıxmaram, tam təsəvvürümdə olan bir yerə gəlmişəm. Təyyarədən enəndə havadan elə bir əcaib qoxu vurdu ki, məni... Dəhşətə gəldim, əsl Asiya ölkəsində olduğumun fərqinə onda vardım. Hava da çox bürküdür, elə bil buxar vurur üzümə, fikirləşdim ki, yəqin aeroport belədir, şəhər belə olmaz.... Səid bəy özü 2 həftəliyə başqa səfərdə olduğundan, məni sürücüsü Kun Sayan qarşıladı. “Kun” tay dilində hörmət əlaməti olaraq bütün adların əvvəlinə əlavə olunur. Kun Sayanla baqajımı maşına apardıq. Aeroportun qapısından çıxanda üzümə necə isti hava vurdusa, elə bildim təndirdir. Məəttəl qaldığm o oldu ki, həm yağış yağırdı, həm də istidən boğulurdum. Kun Sayan Səid bəyə mesajla məni qarşıladığını bildirdi. 2 dəqiqə keçmiş anam zəng elədi Kun Sayana, mən telefonu götürən kimi anam necə hönkürtüylə “qızım bağışla, səni tək göndərdim” deyib  ağladısa, sani cərəyan keçirtdim... “Necəsən, necə çatdın, neylədin, necə qarşıladılar, nə problemin var” və bir dəftər jurnalist sualları... Anamı sakitləşdirdim ki, çox gözlədir bura, qətiyyən narahat olma, və nömrə alıb zəng edəcəyəm dedim... “Thai GSM”-də nömrə aldım və ilk öncə anama, sonra ən yaxın rəfiqəm Ayşənə mesaj göndərdim. Sürücü dedi ki, biz gedəcəyimiz yer, yəni staj keçəcəyim institut şəhərdən 50 km uzaqdadır. Hava qaranlıq idi, həm də başım nömrəyə qarışdığından yollara baxmadım heç. Və darıxmaq hissi də yox idi hələ ki, çünki xəyalımda mən elə bir yerə gedirdim ki, orda darıxmaq söhbəti ola bilməzdi. Gəlib böyük bir yerə çatdıq. Bir tərəfdə böyük ucsuz-bucaqsız  “Thammasat Univesity”,  bir tərəfdə də  “Asian İnstitute of  Technology”. Bu elm ocaqları kiçik şəhərcik kimidilər. İçində çoxlu tikililər var,  tələbələr burda həm oxuyur, həm yaşayır. Bu mövzunu  sonra ətraflı danışacam. AİT deyilən bu yerə girdik, ingilis dilini tam başa düşsəm də danışmağa çətinlik çəkdiyimdən, Səid bəy məni qarşılmaq üçün rus dilini bilən tələbələri göndərmişdi. Kun Sayan məni birinci ofisin holuna gətirdi, səbət dolu meyvəni mənə uzadıb “xoş gəlmisən” dedi. Elə yorğun idim ki, təbəssüm etməyə belə çətinlik çəkirdim. Rus qızlar gəldilər - Olqa, Tatyana... Məni qarşılayıb qalacağım otağa apardılar. Burda  müxtəlif ölkələrin (ABŞ, İngiltərə, Avstraliya, Yaponiya, Tayland, Çin, İtaliya, Viyetnam və s.) dövlət büdcəsi hesabına tikilmiş binalardır. Bu Binaları “Sodexo” adlanan bir şirkət idarə edir. Və gələn hər tələbə və ya işçi növbəyə durub ev götürür. Mən xüsusi dəvət olunduğum üçün əvvəlcədən otaq ayrılmışdı. “G-room” adlanan dəhlizdə, 3-cü mərtəbədə 1 otaq. Otağa girəndə az qaldım hönkürüb ağlayım... İlahi belə dar, natəmiz otaq olar?  Həmən beynimə o fikir gəldi ki, mən qayıdıram. İnsan xəyal qırıqlığına uğryanda belə olurmuş...Rus qızlar məni sakitləşdirib getdilər... Bir daha otağa nəzər saldım və düşündüm kü, mən burda qala bilmərəm. Və divardan asılmış nömrələr gözümə sataşdı. “AİT Center and Hotel” sözünü görəndə çox sevindim ki, heç olmaya bu bir neçə günü oteldə qalaram. Səid bəylə də məsləhətləşib rus qızları təzdən çağırdım köməkləşib həmin otelə keçdim.  Otelə girəndə görürdüm ki, müxtəlif millətlərdən olan tələbələr festival keçirdiblər, cürbəcür rəngarəng geyimlərdə toplum şəkilində deyib-gülürlər, festival haqqında dasnışırlar, şəkil çəkdirilər və s. Çox gözəl görsənirdilər, başqa vaxt olsaydı mən də şəkil çəkdirərdim onlarla, ancaq elə bir vəziyyətdə idim ki, elə bir boşluğa düşmüdüm ki, hər şeyi adi qəbul edirdim, heç nə gözümə görünmürdü, beynimdə ancaq burdan ən tez bir zamanda necə qayıda biləcəyimi düşünürdüm. İlk gün mənə qəribə gələn o oldu ki, kimlə üzbəüz gəlirsənsə, gülüb salam verir, hamının üzündə təbəssüm var. Amma bizdə tanımadığın adama salam versən,  sənə gülər,  təhqir edər, bəlkə də dalaşar... Qarşıma gözəl dostlar çıxdı İnternetlə anamla əlaqə saxladım, dəhşət pis idim, ancaq ağlamaq istəyirdim. Gördüyüm mənzərələri xatırladıqca, dəhşətə gəlirdim ki, mən necə düşünürdüm buranı, bura necə imiş... Anamla gecə saat 2-3-ə kimi söhbət etdim. Və belə qərara gəldi ki, mən qayıdacam. Səhər saat 7-yə kimi gözlərim yaşla dolu yuxuya getdim. Səhər saat 11-də Olqa mənə zəng edib, məni  marketə dəvət etdi. Bu təklif lap göydəndüşmə oldu. Tez hazırlanıb çıxıdm, Olqa velisopedlə məni götürüb otağına gətirdi. O otledən uzaqda qalır. Buranın ərazisi elə böyükdür ki.. Olqanın otağına baxanda əslində xoşum gəldi, o ailəli olduğu üçün onlara verilən otaq geniş və hər şəraiti var idi. Çay içdik. Olqa, həyat yoldaşı milliyətcə filippin olan Gilbert və qızı Ancelina Bell, bir də Tatyana uşaqları və yoldaşı yola çıxdıq avtobus gözləməyə. Və axır ki, bizdəkinə oxşar bir cəhət gördüm burda, avtobuslar harda gəldi saxlayır. Hava çox isti idi, baxmayaraq ki, yağış çiləyirdi nəfəs almaq olmurdu rütubətdən. Gedəcəyimiz yerə çatdıq.  “Future Park” adlanan bu yer elə böyükdür ki, 3 gün də gəzsən, qutarmaz. Belə yerlər Astanada da çox idi, amma bu böyüklükdə yox. İlk girişdə böyük yarmarka vardı. Bu yarmarka ildə bir neçə dəfə 2 həftə davam edir. Başqa ölkələrdən gətirilən əşyalar, geyimlər, ərzqalar və daha nələr- nələr. Ticarət mərkəzinin  mərtəbələrini yavaş- yavaş gəzdirdilər məni. Rus qızlar mənə elə qayğı göstərirdilər ki, elə bil neçə illərdir tanışıq. Həmişə qarşıma yaxşı insanlar çıxır. Anam zəng etdi. Anamın səsini eşitdim, yenə ağlamaq tutdu məni. Anamla danışıb belə qərara gəldik ki, mən qayıdıram. Anam təsəlli verdi, dedi elə bil ki, gəzməyə getmisən, 1-2 həftə gəz qayıt gəl. Çox sevindim, artıq üzüm gülürdü. Olqa dedi ki, AİT-nin “Student Union” yəni tələbə ittifaqı sabah həftəsonuna görə 300 nəfərdən çox  tələbə ilə “Siam Park” a gedir. Mən də razılaşdım. Səhərə yaxın 6-da güclə yatdım və saat 9-da telefonun zənginə oyandım, halbuki saat 8-də artıq hazır olmalı idim. 3 dəqiqəyə geyinib düşdüm aşağı. AİT-nin həyətində ikimərtəbəli böyük avtobuslar gördüm. 14 ədəd  avtobusla qruplara bölünüb getdik. Avtobuslar çox komfortlu idi, düzün desəm belə avtobus birinci dəfə idi görürdüm. Bizə avtobusda su, meyvə şirəsi, banan və piroqdan ibarət səhər yeməyi də verdilər. Gəlib çatdıq parka. Bu park Bangkokun “Dinsey Land”i imiş. Çox marağlı gün keçirtdik və sonra da elə həmin yerin “Aqua park”ına girdik. Süni dəniz, şəlalə, su atraksiyonları göz oxşayırdı. Burda Olyanın anası “tyotya Valya” ilə də tanış oldum. O mənim qayıtmaq istədiyimi bildi. Və  mənə geri qayıtmamaq üçün o qədər ürək-dirək verdi, o qədər əhvalatlar  danışdı ki, deyəsən bir az yumşaldım. Axşama doğrü evə qayıtdıq, çox yorğun idim.

İlk iş günüm Səhər saat 8-də oyandım, bu gün “stajirovka”mın ilk günü idi. Otelin yaxınlığında olan “President Office”-ə gəldim. “Satjirovka”mın ilk 1 ayını burda keçməli idim. İşçilərələ tanış oldum, və Səid bəyin tapşırığı ilə mənə başqa ev verilməli idi. Bu işdə mənə “tyotya Valya” kömək edirdi. Öncə ofisdən çıxıb onunla  görüşüb kafeyə getdik. Kafedə oturanda Valya mənə dedi ki, “bura kim gəlir ilk günlər ağlayır, sonra isə getmək istəmir. Bir az döz qal, sonra getmək istəmyəcəksən”. Uzun gəzintidən sonra institutdan kənardakı evləri bəyənmədiyimdən qayıtdıq yenə instituta və başqa bir ev göstərdilər mənə. Bu ev daha münasib idi. Evə yerləşdikdən sonra nəfəs aldım elə bil. Artıq bir həftə idi ki, praktikaya gedib gəlirdim. Mənə çox asan işlər verirdilər, həm onlara kömək edirdim, həm də özüm üçün öyrənirdim. 1 həftə də belə keçdi. Artıq öyrəşmişdim. Çox darıxmırdım. Burda hamı velisopedlə gəzir. Müəllimlərdən tutmuş ən aşağı işçilərə kimi hamının velisopedi var. Mən də velisoped almaq qərarına gəldim. Təzə-təzə sürə bilmirdim, ağır gəlirdi. Sonra öyrəndim. Özümə sevimli məşğuliyyət tapmışdım sanki. Praktikadan çıxan kimi gedirdim velisoped sürməyə. Artıq tanışlarım çoxalmışdı. Səid bəy ezamiyyətdən qayıtdı. Və işçilər həm onun ad günü, həm də mənim prakitkaya başlamağım münasibətilə çay partisi verdilər. Parti çox maraqlı keçdi. Bütün millətlər öz dillərində mahnı oxuyaraq  Səid bəyi təbrik edirdilər. Səid bəy məni bir daha təqdim etdi işçilərə. Burda vəzifəsindən  asılı olmayaraq heç kim qürur edib tanış olmaqdan çəkinmir. Bütün rəsmi işçilər professorlar, alimlər, departament sədrləri, direktorlar,  məndən yaşca  çox böyüklər yaxınlaşıb tanış olurdular və burda günlərimin necə keçməsi ilə maraqlanırdılar. İşləri öyrənim deyə hər departament rəhbəri məni öz departamentinə dəvət edirdi.  Deyəsən günlər get-gedə maraqlı keçməyə başlayırdı.

Taylılarin qəribə ailə münasibətləri

Partilərin birində tay milliyətindən olan Tiamkare adlı bir qızla tanış oldum və onunla tez-tez görüşməyə başladıq. Tayların adları çox uzun olduğu üçün, hamısının nik adları da olur. Tiamkarenin niki Somdur. Onun 29 yaşı olsa da, 22 yaş ancaq vermək olar. Yeri gəlmişkən, taylar yaşlarından çox cavan görsənirlər. Çünki bizim kimi hər şeyi dərd eləmirlər. Somun həyat yoldaşı milliyətcə bangladır. Onlar burda tanış olub evləniblər. Ümumiyyətlə burdakı tələbələrin çoxsu elə bu təhsil ocağında tanış olub evlənib, burda da xarici təşkilatlarda işləyirlər. Və hamısının üzündən xoşbəxtlik yağır, heç kim qaşqabaqlı deyil. Bir-birlərinə qarşı böyük hörmət bəsləyirlər. Həmin günün axşamı Som məni kinoya dəvət etdi. AİT-də görüşüb kinoya getdik, Som, yoldaşı Ahmed və Ahmedin italiyalı, koreyalı dostları “The Devil” adlı kinoya baxdıq. Mən adətən drama, komediya və tarixi filmlərə üstünlük verirəm. Triller janrlı bu film xoşuma gəlmədi.

Kinodan çıxanda necə qorxmuşdumsa, əsirdim. Həmin gecə səhərə kimi diksindim. Ondan sonra da bir neçə gün rahat yatmadım. Somla bu gəzintidə bir şey diqqətimi cəlb elədi, bunlar da almanlar kimi, hərə öz yerinə pul xərcləyir, ailənin ortaq büdcəsi olmur. Hərə özü qazanır özü üçün. Kinoya bilet alanda şoka düşdüm. Somun əri Somdan biletin pulun aldı. Hələ yemək yeməyə getdik, orda da eyni səhnə. Dəhşətə gəlmişdim, rəsmən şokda idim. Bizdə nə də olsa, azərbaycanlı oğlan bunu özünə sıxışdırmaz. Türklərlə də belə halla rastlaşmışdım. Ər və arvadın büdcələri ayrı idi orda da. Hətta ər arvad bir-birlərinə siqareti belə borca verirdilər. Bu baxımdan bizim millət çox yaxşıdır. İnanmıram hansısa azərbaycanlı ailəsində belə bir rejim ola. Başqa millətlərin ailədəki əlaqələrinə həmişə fikir verirəm, çox vaxt  mat qalıram. Ancaq bir-birlərinə hörmətləri yaxşıdır və bir-birlərinə geniş demokratiya verirlər. AİT-in heyvanlar aləmi AİT-də  hind, pakistanlı, bangla, filippin, ərəb, fars, fransız, italyan, yapon, vyetnamlı, çinli, niderlandlı, niqeriyalı, tay, neapollu, indoneziyalı, əfqan, koreyalı, malayziyalı, lao, şri-lankalı və  MDB ölkələrindən olan millətlərin müyanədləri  var.  AİT-nin ərazisində  din otaqları  da var.  Müsəlmanlar üçün ayrı, xristianlara ayrı və buddistlərə ayrı. AİT-də yaşamaq üçün “Sodexo” şirkətinin kirayə verdiyi evlərdə yaşayır  bura gələnlər. Həftədə bir dəfə otağı gəlib təmizləyirlər və yataq dəstini dəyişirlər. Evdə nə məişət problemi olsa, zəng edirsən həmən usta gələrək,  pulsuz-parasız problemi həll edir.  “Sodexo” ayrıca AİT-nin bütün təmizlik işlərinə baxır. AİT-nin ərazisində flora və fauna geniş inkişaf edib. Burda süni yaradılan hovuzlarda  növbənöv balıqlar var.  Mən qaldığım otaqdan təbiətə gözəl mənzərə açılır. Burada süni hovuzlarda varanlar da çoxdur . İnsanlara heç bir ziyan vermirlər, əksinə çox qorxurlar. Həcmcə cox böyükləri də var, balacaları da. Ərazidə yaşayan insanlar bu varanları yemləyirlər. Burda bir tay milliyətli yaşlı kişi var. Uthai  Chertchuchaipaiboon .  Bu onun adı və soyadıdır.  Mənim çalışdığım təhsil ocağının baş mühasibidir. Bütün günü heyvanları yemləyir. Balıqalrı ayrı, it-pişiyi ayrı, quşları ayrı, varanları da ayrı. Kişi bir dəfə varana qaşıqla bişmiş düyü verirdi. Varan dəmir qaşığı da uddu. Fikirləşdim ki, yəqin öləcək. Ondan sonra düzü görmədim həmin varanı, amma  Kun Uthai dedi ki ölməyib. Mən özüm də heyvanları yemləməyi xoşlayıram. Həmişə burdakı itlərə yemək aparanda görürdüm  Kun Uthai yemləyib onları artıq. Bir gün mənə “sən müsəlmansanmı” deyə sual verdi. Müsəlman olduğumu bildirdim. Kişi çaşqın halda mənə baxdı və dedi: “İnana bilmirəm ki, müsəlman olasan və heyvanlarla xoş rəftar edəsən”. Mən ona dedim ki, hər insanın öz ürəyi var, dinindən asılı olmayaraq. Bütün müsəlmanlar heyvanalra qarşı sərt deyil. Hələ ona bildirəndə ki, məınim də itim də  var, kişi lap məətəl qaldı. Bu kişi məni hər görəndə baş əyirdi. Düzü çox utanırdım. Çox sevinir heyvanlara kimsə diqqət göstərəndə. Burda  bir dəfə “AİT-dəki heyvanlar” mövzusunda fotoaksiya keçirilib. Kim AİT-də 1000-dən çox heyvan şəkili çəksə, o qalib olacaqmış. Kun Uthai də qalib olub. O  öz əməkhaqqının  yarısından çoxunu heyvanların yeminə xərcləyir.   Mənim də ən qorxduğum heyvan kərtənkələlərdir. Təzə-təzə görəndə lap ürəyim ağzıma gəlirdi, sonra dedilər ki, onlar olmasa, burada ağcaqanad əlindən yaşamaq olmaz. Get-gedə öyrəşdim, indi çox adi gəlir. Bir də çirkin qurbağalar və siçovullar. Bunları görəndə az qalıram ağlayım. Bura qədər hər şeydən danışdım. Mənim buraya gəlməyimin səbəkarı Səid İrandost və AİT haqqında söhbətlərimi axıra saxlamışam.

Səid bəy və rəhbərlik etdiyi AİT

Səid bəyin ailəsi onun 17  yaşı olanda  Çənubi Azərbaycandan  İsveçə köçüblər.  Kimya energetikası üzrə professor olan Səid bəy İrandost dünyanın bir çox tanınmış universitetlərinin, eləcə də Amerika, Rusiya, Mərkəzi Asiya Uinversitetlərinin fəxri doktorudur. 2005-ci ildən isə Tailanddakı AİT-in prezidentidir. Bu universitetin inkişaf mərhələsi Səid bəy buraya prezident gələndən sonra  başlayıb. Elə buna görə də 2005-ci ildən bu günə qədər hər dəfə prezident seckisi keçirilərkən AİT və ölkə rəhbərliyi Səid bəyi yenidən təyin edirlər. Ölkənin şahzadəsi  Maha Chakri Sirindhorn  hər təhsil ilinin əvvəlində bu təhsil ocağına qonaq gəlirSəid bəyə bu universitetə rəhbərlik etdiyinə görə minnətdar olduğunu bütün tədbirlərdə səsləndirir. Rəhbərliyi altında işləyən əməkdaşları ona çox hörmətlə yanaşırlar. Və mən də bütün bunları görəndə bir azərbaycanlı kimi gizlincə fəxr edirəm. Çünki bu böyüklükdə, dünyada məşhur bir təhsil ocağını Azərbaycan dilini, cənubi azərbaycanlı ləhcəsini unutmayan həmyerlim idarə edir. Hər kəs də ondan razıdır.  Maraqlı məqamlardan biri də odur ki, ona bacarığına və xidmətlərinə, bir də insanlara münasibətinə görə hörmət edirlər. Burada işləyənlərlə prezident Səid bəy öz arasında heç vaxt baryer yaratmır. Hər kəs istədiyi vaxt qapısını açıb, onunla problemini həll edə bilir. Yəni, o heç kim üçün əlcatmaz deyil.

Bangkokun ərazisi 7761,5 км² -dir . Əhalisi isə 2008-ci ildəki göstəriciyə görə 10,1 milyondur. Bundan əlavə, bura hər il 10-11 milyon turist də gəlir. 

AİT-dəki təhsil yüksək səviyyədədi.  Burada bütün Avropa ölkələrində olduğu kimi hər kəs öz biliyinə güvənib oxuyur. Asiya Texnologiya İnstitutu ali təhsil, elmi-tədqiqat və topping vasitəsilə Asiya Sakit Okean regionunda texnoloji tərəqqi və davamlı inkişafa şərait yaradır. 1959-ci ildə Bangkokda yaradılmış aparıcı regional aspirant müəssisə kimi dünyada ən yaxşı universitetlərinin bəzi dövlət və özəl sektorları ilə tərəfdaşdır. Bu təhsil ocağına  hər il 80 ölkədən pullu və müavinətli əsaslarla təhsil almağa  400-dən çox tələbə gəlir. Təkcə onu demək kifayətdir ki, 50 yaşlı AİT bu günə kimi 14 min doktoranta diplom verib. Universitetin adi laboratoriyalarından əlavə, akademik binaları, idman korpusları, konfrans zalları, tibb müəssisələri,  hər millətə aid kafe və restoran pavilyonları da var. Kitabxanaları da dünyanın ən varlı  təhsil və akademik kitabxanalrı sırasındadır.   Burda hər tələbəyə, işçiyə internet adresi açılır  “@ait.ac.th” ilə. Tələbə kartı və “İD card” da verilir ki, bu kartsız burda heç nə edə bilmərsən. Nə kitabxandan istifadə etmək olar, nə tibbi xidmət almaq olar.

AİT-in tələbə ittifaqının keçirdiyi idman günlərində burda olan millətlər hərəsi bir komanda şəkilində voleybol, basketbol, futbol, üzgüçülük, qolf, qaçış və başqa idman növləri üzrə yarışırlar.

P.S. Bu yazdıqlarımın əksəriyyəti, Banqkoka təzə gələrkən darıxdığım vaxtlarda yazılmışdı. Bir də bilmirəm nə vaxt yazacam.

 

 

 

 

 

 

 

 

 

 

 

Ləman Ağayeva Tayland

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi