Modern.az

Layla, balam, layla

Layla, balam, layla

5 Noyabr 2016, 10:34

Azad Müzəffərli

(hekayə)

       
Səbri daraldı. Axşamı gözləməyə heyi yoxdu. Yenə doğma qardaşı tək sarıldı şəraba. Ona bağrından qopmağa macal vermədi. “Qardaşı”nın hərarətindən təndirə dönmüşdü, nəfəsi kəsilirdi. Az qalırdı sinəsi yerindən oynaya.

       
Qəfildən Yer yırğalandı, ildırımlar meydan sulayırdı. Diksindi, təntidi də. Nə baş verdiyindən agah olmaq üçün səntirləyə-səntirləyə tələm-tələsik endi həyətə. Göy üzündə cövlan edən kömürəbənzər buludların qaydasız döyüşü səngimirdi. Bir göz qırpımında islanmış cücəyə döndü. Özünü verdi talvarın kənarına. Amansız “savaş” ona maraqlı gəldi. Bu ələdüşməz tamaşanı göz, könül dolusu izləmək üçün yayxandı. Qollarını yastıq əvəzi başının altında qoşaladı. Əl atıb göydən bir əlçim buludu yorğan tək üstünə çəkdi. Yenə “qızdırması” keçmədi ki, keçmədi. Tər-qan içindəydi.

      
Əlbəyaxa olmaqdan yoruldum demək bilməyən buludların heyrət doğuran fəndlərinə diqqət kəsilsə də, qaynar qazandan qurtulmaq istəyi ona aman vermirdi. Həmin səbəbdən  “döyüş”lərə heç cür tam köklənə bilmirdi. Nə yaxşı ki, bu dəmdə növbəti fasilə elan olundu. Qanrılıb ətrafına nəzər saldı. Bir qarış məsafədəki səpsərin “duş” onu haraylayırdı. Təpərə gəldi. Çömbələrək keçdi “duş”un altına. Yer bu dəfə nə təhər yırğalandısa, az qala məhvərindən çıxa. Bir az da cuşa gələn çəpəki su şırnağı onu ağuşuna aldı. Sanki, nisbətən sərinlədi.

      
Yağış gücləndikcə, ruhu daha da təravətlənirdi. Yer də, Göy də onundu. İç dünyasında musiqi festivalı idi. Nəhayət, növbə körpəliyindəki nəğmələrə yetdi. Ləyəndəydi, ailəlikcə başına su tökürdülər. Sevinclərindən qanad açan anası, böyük qardaşları vedrə-vedrə suyu təpəsinə endirirdilər. Azca keçmiş rahatlandı, istiliyi də keçdi. Şən-şux notlar onu qanadına alaraq röyalar aləminə apardı. Mürgülədi, payızın ortasında qış yuxusuna getdi. Artıq ildırımların hay-küyü də onun xorultusundan, “nəriltisindən” eşidilməz olmuşdu.         

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir