Modern.az

"Bir axşam avtobusdan düşüb payıza...”

"Bir axşam avtobusdan düşüb payıza...”

Ədəbi̇yyat

5 Noyabr 2016, 14:53

Bilmədik haraya və necə gedək. Elə qapıdan ayağını yerə atmaq istəyirsən ki, ayağın suya qərq olur. Adam bilmir, asfaltın meteroid düşmüş hissəsini söysün, yoxsa kimi payıza olan sevgini corablarının suyunda yuyub paltarlarının palçığında basdırırsan. Sonra AZTv sənə bayaq gördüklərinin bir yuxu olduğunu göstərir, sonra Lider tv-dən 75 yaşlı bir nənəşkanın klipini verirlər. Bu slikonu qurumuş da " əgər ətrimi qoxlasan meyxoş olarsan" deyib boğaz eləyir, boğazın quruyur, burnun büzüşür. Sonra ATV-də xəbərlərin gecə buraxılışında "Dəm qazından boğuldu" başlıqlı xəbər eşidirsən. Və sonra düşünürsən ki, görəsən Lider tv-nin bayaqkı kliplərinə görə kim məsuliyyət daşıyır? Bu minvalla kəlləni atıb yatırsan. Səhər ayılıb görürsən ki, işılar sönüb, qazlar da kəsilib. Başını salırsan yorğanın altına. Bir saat, iki saat, üç saat.

 

Axırda " qurrrr, durrr " deyə mədəndən vəhy gəlir. Əl qazında işini aşırdırsan. Amma soyuqdan əsən dişinlə bacarmırsan. Qızışmağın yolunu fikirləşirsən. Aha budur, tapdın. Telefonda bir dənə Qoçəli qoşub evin ortasında oynamağa başlayırsan, ta ayaqların gücdən düşənə kimi. Bu da bir - iki saat səni idarə edir və sonra qaz idarəsinə zəng vurursan, orada səni gözəl musiqilər feyziyyab eləyir. Telefonu səsucaldan rejiminə qoyub masanın üstünə iki dənə şam yandırıb qoyursan. Zövqə və imkana görə ya şamın əriməyinə baxırsan, ya da sevişməyi seçirsən. Və işıqlar yananda düşünürsən ki, eybi yox, bu ayın sonu kommunal xərcimiz az çıxacaq, buna da şükür. Sonra işıqlar yanır və hamı televizorun önünə keçir. Hə, indi yenə bir qadın ərindən şikayətlənəcək. Qadınlardan söhbət düşmüşkən "Qadınların kalotqaları süzülən zaman keçirdikləri təlaş hörmətli Hacıbala məllimin şəhərimizə gələn səfirlərin keçdiyi yolları yamayanda keçirdiyi təlaşa bərabərdir". Qadın həqiqətən də çox qəribə varlıqlardır.

 

Bu gün artıq qadınlar kifayət qədər kişilərlə müxtəlif sahələrdə mübarizə aparsa da, yenə də şikayətlənir, yenə də kişilərin daha yüksəkdə olduğundan gileylənir. Qadası, bu gün artıq cinsi orqanınızı dəyişdirmək hüququnuz belə var. İşləyirsiniz, deputat olursunuz, prezident seçiləniniz də var, maşın sürürsünüz, aktrisasınız, seçkilərdə iştirak edir və təhsil ala bilirsiniz, şalvarımızı geyinirsiniz və ən əsası bığ saxlayıb “bakimbort” buraxırsınız və daha sonrası sizə ” kişi kimi qadın ” deyilərkən fərəhdən uçursunuz. Bərabərlik daha necə olur? Əgər kişilərin uşaq doğması mümkün olsaydı sizin ” dədəmin evindən gətirməmişəm ha, 9 ay qarnımda gəzdirmişəm” deyə bağırmazdınız kişilərinizə, övladlarınıza. Təbii ki, bütün bunlarla yanaşı hamilə olduğunuz vaxt qışın oğlan çagında kilosu 150 manata çiyələk, kilosu 100 manata qarpız alan da kişilərdir. Yaxud məsələni bir az da qabardsaq evdə döyülən kişiləri də nəzərə ala bilərik. Xülasə, indi gəl bu boyda həngamənin içində ” Qadın nə istəyir” sualına cavab tap.

 

 

 Məncə, qadın nə istəyirsə onu əldə etməyin yolunu çox yaxşı bilir. Bu düstur nədirsə qadının bütün hallarında keçərlidir – həyat yoldaşı olanda da, ana olanda da, qaynana olanda da. Qadını yola gətirə bilən varlıq nəvədir. Nəvənin bir dəfə ağlaması kifayətdir qadını yola gətirmək üçün. Burası da maraqlıdır ki, övlad yox məhz nəvə. Amma bu da hər zaman keçərli deyil. İkinci dəfə xülasə ki, qadına məhz qadın kimi qadın olmaq yaraşır, kişi kimi qadın olmaq yox. Zərif, incə və mülayim. Çox istəyərdim ki, yuxarıda qeyd etdiyim suala cavab tapım və sizinlə bölüşüm amma çox qəlizdir çox. Bunu deyə bilərəm ki, Allah qadını kişinin qabırğasından ona görə yaratdı ki, bu qabırğaların 1 və 7-cisi “həqiqi”, qalan 7 və 12-cisi isə “yalançı” qabırğalar adlanırlar. Son 11 və 12-ci qabırğalar öndən döş sümüyü ilə birləşmədiklərinə görə “azadə” qabırğalar adlanır. Siz həm həqiqətsiniz, həm yalançı, həm də azad. Amma bütünlükdə kişilərdən qopa bilməzsiniz, kişilər də sizsiz yarımçıq.

 

Emin Akif

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır