26 iyul 2017, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ -  “Masonlar bu qədər qüdrətlidirsə və onları ifşa edirsinizsə, sizə niyə mane olmurlar?” - MÜSAHİBƏ  
 “Masonlar bu qədər qüdrətlidirsə və onları ifşa edirsinizsə, sizə niyə mane olmurlar?” - MÜSAHİBƏ  
07.11.2016, 13:07

Yalçın İslamzadə: “Silikon və karbon atomlarının təsvirinin alınması materializmin qələbəsi oldu” 


“İslam digər böyük  dinlərlə müqayisədə daha praktik və praqmatikdir”

“Kvant mexanikası köməyi ilə mutasiya mexanizmlər tam öyrənilsə, bu, xərçəng xəstəliyinin müalicəsində də böyük addım olacaq”

 

Fizik Yalçın İslamzadə Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

-Yalçın bəy, istərdim materiyanı, kainatı, insan ruhunu fizika qanunları ilə izah etməklə söhbətimizə giriş edək.

-Saydığınız üç anlayış eyni kateqoriyaya aid deyil. Açığı, varlığının heç bir sübutu olmadığı halda, ruh haqqında bu qədər yazılmasını, danışılmasını anlamıram. “Ruh” anlayışının yaranmasını, dini və fəlsəfi ədəbiyyata daxil olmasını açıqlamaq olar, ancaq anlayışın özünün heç bir açıqlama gücü yoxdur. Okkamın prinsipinə görə, açıqlamalarımızda parametrlərin sayını zərurət olmadığı halda artırmamaq üçün, bu anlayışdan istifadə etməmək daha doğrudur. Tarixi olaraq ruh anlayışı maddə anlayışına qarşı qoyulub. Dekartın zehin-bədən, ya da maddə-ruh dualizmində maddə “Res extensa” - fəzada yer tutan olaraq tərif edilmişdi. “Res cogitans”-fiziki olmayan zehin isə onun qarşısında yer alırdı. Dualizm ona görə alınırdı ki, bu iki anlayışdan heç birini digərinə indeksləmək, digəri ilə izah etmək mümkün deyildi. Dekart digər canlıları ruhsuz, mexaniki varlıqlar olaraq görürdü, ruhu ancaq insana aid hesab edirdi. Zehin, insan bədənini beyindəki epifiz vəzi üzərindən kontrol edirdi. Ancaq Dekartın rasional düşüncə ilə bu dualizmi açıqlama cəhdi uğursuz oldu. Digər fəlsəfə məktəbləri və orta əsrlər sxolastikləri də maddi olmayanı, ruhu və ya ideyanı  əsrlərlə müzakirə etsələr də, onun varlığını sübut edə bilmədilər.
 

 

-Yəni, ruh heç vaxt maddə ola bilməz. 

 

-Ruh maddi olsaydı, təsbit oluna bilərdi. Platonun fəlsəfəsini xatırlayaq: bu dünya ideyalar dünyasının kölgəsidir, bilmə metodu xatırlamaqdır. Çünki ruh bu dünyaya gələrkən bilgini özüylə gətirir. Bu yanaşma daxilində, elmi metodu kəşf etmək mümkün olmazdı. İdeyalar  araşdırmaq üçün uyğun anlayışlar, ruh güvənilir bilgi qaynağı, müşahidə, təcrübə olmadan təfəkkür yanılmaz deyil. Platonçular universalistlər idilər, bir “at ideyası”nın olduğuna və ayrı-ayrı atlarda təzahür etdiyinə inanırdılar. Nominalistlər isə at ideyasını görmədiyimizi, ayrı ayrı atları gördüyümüzü və “at” adının bütün atları ifadə edən ümumiləşdirmə olduğunu müdafiə edirdilər. Hətta parisli bir teoloq ideal bir atın adının “Brunellus” olmalı olduğu nəticəsinə də gəlmişdi. Təbii ki, platonçu düşüncə təkamül anlayışına uyğun deyil, atın təkamülünü inkar edər və istər isti, istər soyuq iqlim üçün tək bir at modeli nəzərdə tutar ki, doğru deyil.

 

İdealizmin ziddi olan, boş  fəza və boş fəzadakı sonsuz sayda, ancaq formaları və ölçüləri fərqli olan, bölünməz atomlardan təşkil olunmuş maddə anlayışı uzun müddətli mübarizədən qalib çıxdı. 1986-cı ildə icad olunan STM mikroskopu vasitəsi ilə qızıl, silikon və karbon atomlarının təsvirinin alınması materializmin qələbəsi oldu. Maraqlıdır ki, Nobel mükafatına layiq görülmüş  bir icad olan STM mikroskopu, kvant mexanikasındakı tunel effektinin də təsdiqi idi. Çünki işləmə prinsipi tunel effektinə əsaslanırdı. Düzdür, atomların bölünməz olmadığı, hətta atomları meydana gətirən proton və neytronların  da elementar zərrəciklər olmadığı bilinir artıq.  Rezerfordun atom modelini yaradarkən apardığı təcrübəyə oxşar bir təcrübə, elektrik yükünün proton daxilində bərabər paylanmayıb, bəzi nöqtələrdə lokalizə olduğunu göstərdi. Bu kəsirli yükləri protonları meydana gətirən kvarklar daşıyırdı. Hər enerji səviyyəsində müxtəlif “elementar” zərrəciklərlə qarşılaşa bilərik - kimya proseslərində bunlar atomlar və molekullar, yüksək enerji fizikasında elementar zərrəciklər və qüvvə daşıyıcılardır. Hazırda “Standart Model”dəki elementar zərrəciklərin sayının onların elementar sayılmayacaqları dərəcədə  çox olduğu düşünülür. Mümkündür ki daha yüksək enerji səviyyələrində daha elementar zərrəciklərlə rastlaşaq ya da sim nəzəriyyəsində düşünüldüyü kimi, elementar zərrəciklər simlər üzərindəki dalğalanmalar olsun. Kainatın genişlənməsini izah etmək üçün ortaya atılan “qara enerji”, ya da Kainatın qara enerji, baryonik maddə və neytrino kütlələri toplandıqda yerdə qalan, çatışmayan kütləsinini izah etmək üçün namizəd olan “qara maddə” olsun. Maddə, materiya düsturlarda yer alan, hesablanan, təsiri ölçülən, digər fundamental fiziki anlayışlarla əlaqələndirilən - Eynşteynin məşhur kütlə və enerjinin ekvivalentliyi düsturunun enerjini kütlə ilə ekvivalentləşdirməsi kimi fiziki kəmiyyətdir.  Düzdür, qədim atomistlərin düşündüyü, içində atomların olduğu boşluq anlayışı da dəyişdi, ancaq onların yanaşması doğru başlanğıc idi. Materializm qeyri-bərabər şərtlər altında mübarizə apardığı platonizmi məğlub elədi.

 

Kainat isə, maddənin fəza-zaman daxilində və onunla qarşılıqlı təsirdə olmaqla, dörd təbiət qüvvəsinin mikro və makro miqyasda maddəyə verdiyi  quruluşdur.

 

Dil, bu anlayışlardan çox sonra ortaya çıxdığı üçün tərif vermə problemlidir. “Başlanğıcda söz var idi” fikrini “başlanğıcda maddə vardı” kimi dəyişdirə bilərik. Sözlə maddənin bütün xüsusiyyətini ifadə etmək olmur. Üstəlik sözün maddə ilə qarşılıqlı təsirə girmə imkanı yoxdur. Xüsusiyyətləri ancaq qarşılıqlı təsirlə - təcrübə ilə anlamaq olar. Bu insan üçün olduğu kimi, elektron üçün də doğrudur. Hər təcrübə bir qarşılıqlı təsirdir. Sxolastik və fəlsəfi düşüncə təcrübədən məhrum olduqları üçün bilgi əldə etmənin doğru metodları deyil.  Riyazi aparatsız bütün təriflər yetərsizdir. Ona görə də elmi mətnlər, şəkillər, qrafiklər, rəqəmlər, düsturlarla doludur. Sadəcə sözlə ifadə edildikdə bu şifahi ədəbiyyatdır, üzərində düşünmək, müzakirə etmək, təkmilləşdirmək olmur. Tərif verdikcə tərifdə istifadə edilən anlayışlara da tərif vermək lazım gəlir və qapalı dövrə yaranır.

 

-Bu zaman ruhun varlığına dair dəlil istəmək məncə, mənasızdır. 

 

-Spiritualistlərdən, ruhun varlığına dair bir dəlil istəsəniz, belə dəlilləri yoxdur. Bir atavizm elementi kimi, köhnə bir anlayış olaraq elmi olmayan mətnlərdə varlığını sürdürür. Haqqında bu qədər yazılan, danışılan bir konseptin heç bir sübutunun olmaması, bizim elmi düşüncədən uzaq, hələ də orta əsrlər sxolastik düşüncəsinin təsirində olduğumuzu göstərir. Ruh sadəcə, beyindəki elektro-kimyəvi proseslərin qısa, elmi olmayan adıdır. “Ruh” anlayışı spiritualistlərin əlində milyonlarla müridləri istismar etmək üçün bir vasitədir. Ruha yaxın bir anlayış olaraq, yunan mifologiyası qaynaqlı “psyche” anlayışı psixologiyada istifadə olunur, ancaq burda nəzərdə tutulan zehni proseslər, şüur və alt-şüurun müştərək fəaliyyətidir.

 

-Elə şeylər olur ki, onu nə fizika, nə riyaziyyat, nə kimya izah edə bilir. Bu izah edilməyən məqam zamanı biz həqiqətənmi bir ali şüur axtarışına başlamalıyıq? Yoxsa hələ də elmi axtarışlarımızı davam etdirməliyik? 

 

-Əlbəttə, biz elmi metoda güvənməliyik. Qısa vədədə səhvlər etsə də, uzun vədədə elm yanılmaz. Əgər izah olunmayanla hər qarşılaşdığımızda ali şüur axtarsaq, bu Kainatı anlama təşəbbüsü olan elmin zəifləməsi, mistikləşməsi ilə nəticələnəcək. Əsrlərlə davam edən demistifikasiya, Kainat təsvirinin mexanikiləşdirilməsi, “möcüzə”dən arındırılması prosesinin, bizə elmi, sekulyar düşüncəni qazandıran prosesin əksi başlayacaq. Tarixdə belə anlar  oldu,  ali şüura müraciət edən və etməyən alimlər vardılar.  Ancaq bilgimizi genişləndirən yanaşma, anlamaq üçün daha çox cəhd göstərmək, riyazi aparatı təkmilləşdirmək, daha çox təcrübə aparmaq oldu. Məsələn Nyuton, planetlərin hərəkətlərində bəzi nizamsızlıqlar olduğunu bilirdi və saatsaz kimi, periodik olaraq bu nizamsızlığa müdaxilə edib onu tənzimləyən ali şüurun olduğunu fərz etdi. Ancaq Laplas Günəş sistemindəki nizamsızlıqların sistem daxilində tənzimləndiyini göstərmişdi. Napoleonun, Pyer-Simon Laplasın “Göy mexanikası” kitabını nəzərdə tutaraq “Əsərinizdə Tanrıya yer verməmisiniz” iradına müəllif, “O hipotezə ehtiyac hiss etmədim” demişdi.  Bilgimizin yetərsiz olduğu anlarda ali şüura müraciət etmək bilgimizi və motivasiyamızı azaldar, nəzəriyyələrin açıqlama gücünü artırmaz.

“Bing Bang” - böyük partlayış kimi sinqulyarlıq anından əvvəl nə olduğu sualı kimi, elmin səbəb-nəticə əlaqəsinin qırıldığı anda, seçim olaraq kim istəsə ali şüura inana bilər. Ancaq bu sadəcə “inanc” olacaq, fakt olmayacaq. Digər tərəfdən, izah olunmayacaq fenomen yoxdur, bilgimiz az, riyazi aparatımız yetərsiz, müşahidələrimiz qeyri-dəqiq ola bilər. Hələ də  izah olunmayan  fenomenlər, cavab gözləyən suallar çoxdur, zamana ehtiyac var. Elmin inkişafı çox yenidir və bizə o qədər çox izah hədiyyə etdi ki, ona güvənməyə tam haqqımız var. Ali şüur sadəcə səbəb-nəticə axtarışının dayandırıldığı bir divardır. Divara çarpmaq məntiqli deyil. Obyektiv reallığı araşdırmada elmdən başqa heç bir düşüncə tərzi - sxolastik, mistik, poetik və sair özünü doğrultmayıb. Möcüzə yoxdur, çünki hər hansı bir möcüzə müəyyən bir təbiət qanununun pozulması demək olardı. Təbiətüstü gücləri də fərz etməyə, ən azından elmi fenomenlər üçün ehtiyac yoxdur.

 

-“Big bang” nəzəriyyəsi ilkin təkana qədərki vaxt barədə bir şey deyə bilmir. Bunu özünüz də dediniz. Yəni, belə düşünmək olar ki, ilkin təkana qədər fizika qanunları keçərli olmayıb.

 

-Bəli, belə düşünmək olar. “Big Bang” anı bir sinqulyarlıq anıdır, bildiyimiz fizika qanunlarının və anlayışlarının ondan əvvəl mövcud olmadığı andır. Bu an, indiki qanunların izah etdiyi səbəb-nəticə əlaqəsini qırdığı üçün, ya da səbəb-nəticə əlaqəsi “Big Bang”dan sonra başladığı üçün, “Big Bang”dan öncə nə olduğunu demək mümkün deyil.

 

-“M” nəzəriyyəsi isə daha cəlbedicidir və əhatəli mexanizm üzərində qurulub. Siz hansına üstünlük verirsiniz? 

 

-Fizikanın əsas məqsədi, Kainatı bütünlükdə vahid bir nəzəriyyə tərəfindən izah etməkdir, bu nəzəriyyəni yaratmaqdır. Dörd təbiət qüvvəsinin birləşdirilməsi, elə bir tək qüvvə tapmaq deməkdir  ki, müxtəlif enerji səviyyələrində və müxtəlif yüklər arasındakı təsir bu tək qüvvənin manifesti olsunlar. Ancaq hələ ki bu məqsədə çatmağa çox var. Əsas məqsəd “BBN” - böyük birləşmiş nəzəriyyə tapmaqdır. Bu nəzəriyyə güclü nüvə, elektromaqnit və zəif nüvə qüvvələrini birləşdirəcək. Daha sonra isə qravitasiyanı da bu nəzəriyyəyə daxil edib “HŞN”-hər şeyin nəzəriyyəsini tapacaqlar.

Kainatın vahid təsvirini əldə etmək üçün, həll edilməli olan problemlərdən biri qravitasiyanın kvant nəzəriyyəsini yaratmaqdır. Qravitasiyanı Eynşteynin ümumi nisbilik nəzəriyyəsi təsvir edir və bu, klassik nəzəriyyədir. Kvant mexanikasının ehtimallı təbiətini və qeyri-müəyyənlik prinsipini ehtiva etmir.

 

“M” nəzəriyyəsi, bu problemə vahid bir nəzəriyyə mövqeyindən deyil, bir neçə nəzəriyyənin toplusu olaraq həll tapmağa çalışır. “M” nəzəriyyəsi və beş supersim nəzəriyyələri və bir superqravitasiya nəzəriyyələrinin əməkdaşlığı çərçivəsində axtarış aparılır. Yəni dediyiniz kimi sadə nəzəriyyə deyil, üstəlik fiziki reallığın müxtəlif sahələrində müxtəlif nəzəriyyələrlə işləməli olduğumuzu bildirir. “Standart Model”ə elementar zərrəciklərin çoxluğu irad tutulur, ancaq “M” nəzəriyyəsində də nəzəriyyələr çoxluğu var. Bu yaxınlarda Almaniyadakı “DESY” yüksək enerji laboratoriyasının bir neçə əməkdaşı, “Standart Model”in “minimum genişləndirilməsi” dedikləri yeni bir hipotez irəli sürüblər. İddialarına görə test edilməsi mümkün olan bu hipotezlə və sadəcə altı elementar zərrəcik əlavə etməklə müasir fizikanın beş cavabsız sualına - qara maddə, neytrino ossilyasiyaları, baryogenez, kosmik infilyasiya və “CP” probleminə cavab tapıblar.

 

Mən “HŞN”nin tapılacağına inanıram. Ancaq bunun üçün süni intellekt yaradılmalıdır. Bir zamanlar fizika öyrənmək nisbətən asan idi, Maks Planka fizika sahəsində işləməməsini tövsiyyə etmişdilər. Çünki “fizika artıq bitmişdi”. Ancaq Plank, kvant mexanikasının pioneri sayılır, yeni bir nəzəriyyə yaranmasına səbəb oldu. Maks Born da yaxın zamanda fizikanın tamamlanacağını bildirmişdi. O zamandan yeni kəşflər edilir, fizika bilgisi və riyazi aparat getdikcə mürəkkəbləşir. Ola bilsin ki gələcək nəsil fiziklər, onlara qədər toplanmış bütün məlumatları mənimsəyib analiz etməkdə, bunları vahid nəzəriyyədə birləşdirməkdə çətinlik çəksinlər. Ancaq süni intellekt, xüsusi ilə kvant kompüterlərinə yüklənmiş süni zəka bunu bacaracaq. İndiyə qədər süni zəka araşdırmaları səhv istiqamətdə aparıldı. Xətti proqramlaşadırma üsulu ilə getdikcə daha çox təlimat daxil edərsiniz, ancaq spontan olaraq kəmiyyət keyfiyyətə çevrilməz, süni zəka ona daha öncə daxil edilməmiş bir proqramın köməyi olmadan fərqli bir suala cavab verə bilməz. İndi süni zəka yaradılması üçün təkamül nəzəriyyəsindən istifadə edərək yeni beyin modeli istifadə etmək istəyirlər. Beyin indiki halına uzun tarix ərzində çatdı. Müxtəlif prioritetləri, düşünmə biçimləri, bir-biri ilə toqquşan maraq sahələri olan beyin hissələrindən ibarətdir. Sadələşdirilmiş bir modeldə ilk beynimiz sürünən beyni, sonra məməli beyni, sonrakı isə neokorteksdir. Bu model əsasında qurulan və kvant kompüterlərin hesablama sürətindən istifadə edən yeni süni zəka, o zamana qədər yığılmış bilgini analiz edib vahid nəzəriyyə yarada biləcəklər.

 

-Ruhlar, metafizik varlıqlar haqqında çox eşidirik. Bayaq da bu haqda danışdıq. Sualım bu varlıqların zahiri görünüşü barədə deyilən fikirlərlə bağlıdır. Onlar nədir? İllüziya yoxsa reallıq? Mən istəyirəm ki, bu məsələni psixoloji nöqteyi-nəzərdən yox, fizika prinsipləri ilə izah edəsiniz. 

 

-Metafizik varlıqları fiziki olaraq birbaşa necə izah etmək olar, bilmirəm. Fiziki olaraq var olmaq üçün kütləyə sahib olmaq, fəzada yer tutmaq, ətalətə sahib olmaq lazımdır, ölçülməsi, test edilməsi mümkün  olmalıdır. Metafizik varlıqlar ya da ruhlar bu şəkildə nə müşahidə olundu, nə də test edildi. Odur ki, bunlar zehni konstruksiyalardır və ancaq psixo-fizioloji əsaslarla izah oluna bilər. Karl Saqanın çox maraqlı bir fikri var: “Əcdadlarımızın oyanıq halı, bizim yuxulu halımıza oxşayırdı”.

Qədim insan çaşqın və qorxmuş halda içində yaşadığı dünyaya məna verməyə çalışırdı. O zaman onun mühiti tanıması üçün sahib olduğu yeganə metod təbiət güclərini özünə oxşatmaq, antropomorfik düşünmək idi. Çünki sahib olduğu, tanıdığı tək model özü idi. Bu halda metafizik varlıqlar kimi düşündüyü təbiət güclərini  “anlayırdı”. Həyatda qalmaq üçün onlar qəzəbləndirilməməli, razı salınmalı idilər. Metafizik varlılara inam burdan qaynaqlandı. Üstəlik yuxuda ölən dostlarını və yaxınlarını görmələri də ruh anlayışının yaranmasına kömək etdi. “Avtoskopiya” fenomeni var - insan fiziki bədənini sanki ruhunun gözü ilə kənardan görür. Beyindəki TPJ - temporoparietal qovşaq, müxtəlif informasiyaları qəbul edərək insanın fiziki dünyadakı yerini qavramağa, sabitləməyə kömək edir. Bu bölgə elektrik siqnalları ilə qıcıqlandırıldıqda, insanlarda bədəndənkənar təcrübələr yaşanır. Oxşar olaraq, TPJ bölgəsindəki nasazlıqlar insana ruhunun bədənindən çıxdığını “təcrübə” etdirə bilər. Bir çox mistikin milyonları aldatdıqları mistik təcrübələr bu qəbildəndir. Bunlar beyində baş verən elektrokimyəvi proseslər olduğuna görə, son təhlildə yenə fizika ilə açıqlana bilər. Güman ki spiritualist təcrübə, meditasiya zamanı nəfəsi kontrol etməklə beyinə gedən oksigen miqdarını dəyişdirib müxtəlif beyin bölgələrinin aktivləşməsi və ya passivləşməsinə səbəb olmaqla, “avtoskopiya”ya oxşar təcrübələr yaşamaq olaraq açıqlana bilər. Oxşar təcrübələrdən biri də klinik ölüm yaşayanların gördüyü “tunelin sonundakı işıq”dır. İnfarkt keçirib sağ qalan pasiyentlərin 20%-i “tunelin sonunda işıq” gördüklərini bildirirlər. Miçiqan Universitetində aparılmış təcrübələrdə süni olaraq infarkt edilmiş siçanların beynində klinik ölüm zamanı insan beynində baş verənlərə oxşar proseslərin - ölümə yaxın anlarda qamma ossilyasiyalarının artmasının - baş verdiyini müşahidə etdilər.  Siçanlar  danışa bilsələrdi, tunelin sonunda işıq gördüklərini deyərdilər.

 

-Karl Saqan insanı bir ulduz zərrəciyi kimi tanıyır. Bu təsdiqlənsə, Yer adamın ayağının altından qaçar.

-Bu fikri Karl Saqan “Kosmos” adlı elmi-kütləvi serialında səsləndirmişdi. Kainatda əvvəlcə hidrogen və helium vardı. Ağır elementlər daha sonra formalaşdı. Orqanik varlıqlar olaraq vücudumuzdakı karbon, kalsium və oksigen də daxil olmaqla, strukturumuzdakı daha ağır elementlər, supernovalarda nüvə sintezi nəticəsində hidrogendən yarandı. Həyatını başa vuran supernovalarnın partlaması ilə ağır elementlər fəzaya yayılıb sonradan bizi formalaşdıran materiallar oldu. “Ulduz tozu” heç bir şairin düşünə bilməyəcəyi qədər poetikdir. Haqlısınız, Yer ayağımızın altından qaçır və özümüzü Kainatın bir hissəsi kimi düşünməyə istiqamətləndirir. Onsuz da elmin inkişafı insanın ayağını sağlam zəmindən, “terra firma”dan üzür. Yaradılışın və fiziki dünyanın mərkəzindən onu kainatın bir kənarına və digər canlılarla eyni xəttə, onların üstünə  yox ardıcıllığına yerləşdirir. Qalileyin demədiyi, ancaq ona aid edilən məşhur frazada deyildiyi kimi “Eppur si muove”: Yəni, bizim arzu və istəklərimizdən asılı olmadan “onsuz da fırlanır”.

 

-İndi isə təkamül təlimi ilə bağlı sizin fikirlərinizi dinləyək. Biz nəyik, haradan gəlmişik və təkamül bu gün də davam edirsə, axırımız hara gedir? 

 

-Taksonomik olaraq, məməlilər sinifinin Hominid ailəsinin Homo Sapiens növüyük. Mənşəyimizi yaxınlarda kəşf edilmiş, indiyə bilinən ən qədim ilk canlı formasından 220 milyon il daha yaşlı olan, 3.7 milyard il əvvələ aid “Stromatolitlər” adlanan ilkin mikroorqanizmlərə, daha yaxın zamanlarda Afrikada bugünkü formamızı alan, sağ qalmış yeganə Homo növünə bağlayırıq. Hara getdiyimizə gəlincə - ətraf mühiti ona adaptasiya olmamız üçün lazım olan zamandan daha sürətlə dəyişdiririk. Neft geoloji qatlarda xam maddə olaraq qaldıqca ətraf mühitə zərəri yox idi. Son yüz ildə milyonlarla ton plastik və milyonlarla maşının atmosferə atdığı yanma məhsulu olaraq isə ətraf mühiti çirkləndirir. Qlobal istiləşmənin gətirəcəyi fəlakətlərə adaptasiya olmağa hazır deyilik, hazırda dünya əhalisi 7.5 milyarddır. Artım indiki sürətlə gedərsə, təxminən hər 70 ildə dünya əhalisi iki dəfə artacaq. Sürətlə Tomas Maltusun dediyi ssenariyə doğru gedirik, qaynaqlar uğrunda mübarizə artıq başlayıb. Digər tərəfdən, bir qadının doğum nisbəti 2.2 faiz olarsa, əhalinin artım sürəti dayanacaq. Bir ailədə yaxşı qidalanmayan, təhsil almayan çox uşaqdansa, yaxşı yetişdiriləcək 2 uşaq daha rasional seçimdir. Növümüzün adı “ağıllı” olsa da, iqtisadçılar rasional seçim nəzəriyyəsinə inansalar da, fərdi olaraq eqoist davransaq da, növ olaraq çox da  rasional deyilik.

 

Gələcəyini düşünən, insana, elmə, texnologiyaya, təhsilə, güclü cəmiyyətə sərmayə qoyan ölkələr, güman ki, təbii seçmə prinsipinə uyğun olaraq həyatda qalacaq. “Dünya beş günlükdür” fəlsəfəsi ilə yaşayan xalqlar sıradan çıxacaqlar. Ancaq başqa, bütün dünya üçün fəlakət ssenariləri də mümkündür. Dünyanın yenidən orta əsrlərə qayıtması ya da qlobal bərabərsizliyin yaratdığı kütləvi köçlərin mədəniyyətləri məhv etməsi kimi.

 

-Təkamül təlimi hər şeyi izah edirmi? Məncə, yox. Əslində burada qeyri-adi bir məqam da axtarmağa çalışmıram. 

 

-“Hər şey” deyərkən nəyi nəzərdə tutduğunuza bağlıdır. Təkamül nəzəriyyəsi, bütün elmi nəzəriyyələr içində ən sadə olanı və geniş açıqlama gücünə sahib olanlarından biridir. Embriologiya, genetika, fosillər, müqayisəli anatomiya, molekulyar saat kimi təsdiqləri var. Canlı həyatın mənşəcə birliyini, növlərin müxtəlifliyini, geoloji zaman xətti üzrə tapılan fosilləri, süni seçməni, 6000-ə yaxın genetik xəstəliyi açıqlayır. Hətta biologiya və onun mərkəzindəki təkamül Kainatı anlamamızda getdikcə mərkəzi yer tutur. Artıq bioloji baxışla tarix yazma sınaqlarına şahid oluruq. Çoxdankı müzakirə və mübahisə mövzusu olan cəmiyyətlərin inkişaf səviyyələrindəki fərqin səbəbləri haqqında bioloq Jared Diamondun yaxşı arqumentləşdirilmiş, ətraf mühitin əhəmiyyətini vurğulayan ciddi əsərləri var. Bir misal verim, saysız hesabsız filmə, romana, musiqiyə, şerə mövzu olmuş romantik münasibət, qadın gözəlliyi ya da kişi çəkiciliyini necə izah edəcəksiniz? Ancaq təkamül nəzəriyyəsi bu mövzuya da açıqlıq gətirir - qadın və kişi hormonları qadın və kişi üzlərinə müəyyən forma verir və bu hormonların çoxluğu konkret üz və bədən formaları yaradır. Hər iki tərəfin məqsədi növün davamıdır - kişilər daha doğurqan qadınlar, qadınlar immunitet sistemi daha güclü kişilərdən xoşlanır. Məqsəd uşaq olması və onun həyatda qalacaq immunitetə sahib olmasıdır.

 

Genetik tibb, astrobilogiya, təkamül psixologiyası, kvant biologiyası, bionika - bunlar canlı və cansız aləmə aid nəzəriyyələrin sintezinə aparır və gələcəyin elmi araşdırmalarının əsas istiqamətidir. “Homo sapiens” sağ qalan tək homo növü oldu, güman ki, gələcəkdə homo növünün də sağ qalan nümayəndələri elmi və texnologiyanı ciddiyə alan cəmiyyətlər olacaq. Çox təəssüf ki ölkəmizdə müəyyən təbliğat qrupları, getdikcə daha dərindən öyrənilən, bütün qabaqcıl universitetlərdə tədris olunan, ciddi elmi jurnallarda haqqında məqalələr yazılan, araşdırılması üçün son texnologiya məhsulu laboratoriyalar qurulan və milyardlarla vəsait xərclənən bu nəzəriyyəni gözdən salmağa, komplo kimi təqdim etməyə çalışırlar. Dünyaya birbaşa çıxışı olmayan insanlar, qavrama kanallarını bu qruplara etibar edirlər və Qərbin təkamül nəzəriyyəsindən imtina etdiyinə özlərini inandırırlar. Dilimizdə təkamül əleyhinə bər-bəzəkli, gözboyacı, bahalı çox kitablar olsa da, təkamülü izah edən, məşhur bioloqların bestseller kitablarından birinin belə tərcümə edilməməsi, məncə utanmalı olduğumuz haldır. Anlamaq çətindir, yəni Qərb milyonlarla insan-saatı və milyardlarla pul vəsaitini hansısa komplo nəzəriyyəsinə bizi inandırmaq üçün xərcləyir? Eyni zamanda, bu onlarla saytın, bahalı kitabların, elit otellərdəki konfranslardakı təkamül əleyhdarlığının maliyyəsi hardan gəlir? Mistik ənənəyə aid olan bütün müəlliflər ölkəmizdə təbliğ olunur, haqqında yazılır, kitabları nəşr olunur. Ölkədə mistik ənənənin bu intensiv təbliğinin qarşısında modernizm hansı dərəcədə təbliğ olunur? Bəs bunun 5 il sonrası üçün nəticəsi nə olacaq? Mən gənclərin araşdırmaya, dünyanın və özlərinin rasional  qavranmasına yönəlmək əvəzinə mistisizmə, spiritualizmə, peotik təfəkkürə, pafoslu fəlsəfi-ədəbi əsərlərə, feodalizm dövrünün müdriklərinin aforizmlərinə aludəçiliyindən narahatam. Özümüz modern dünya ilə ayaqlaşmaq üçün qloballaşmadığımız üçün, modern olmayan mərkəzlər və ənənələr bizi zərərli istiqamətdə məcburi qloballaşdırırlar.

 

-Ara keçid növləri sübut edən fosillər var. Nə qədər bunun əksini sübut etməyə çalışsalar da. Mən istərdim ki, tapılan fosilləri canlı kateqoriyalarına görə təsnifatlandırasınız. Lütfən, bir az əhatəli olsun. 

 

-Əsas problem yunan düşüncəsindən yayılmış, dini mətnlər və düşünürlərin əsərləri ilə fərdi beyinlərə yeridilmiş platonik dünya görüşüdür. Əslində, heç nə başdan hazır, bugünkü halı ilə mövcud deyildi. Bu düşüncə şərq təfəkküründə olan bizlərə o qədər sirayət edib ki, keçmişdən qopa bilmirik, hələ də keçmişə gedib müəyyən düşünürlərimizin, siyasi xadimlərimizin niyə elə yox belə davrandıqlarını düşünür, dərin təəssüf hissi keçiririk. Əsrlərlə əvvəl baş vermiş  müharibələrin nəticəsi mövzusunda sanki bu nəticəni dəyişə bilərmişik kimi həyəcan keçiririk. Düşünün, Adəm yaradıldı və ona əmrlər bildirildi. Deməli ilk insan şüurlu idi və nitqə sahib idi. Bəs o zaman tarixə və dünyanın müxtəlif bölgələrinə səpələnən, Avropadakı çoxsaylı daş dövrü mağaralarına rəsmlər çəkən daş dövrü insanları, Amazon meşələrində hələ də tapılan azsaylı qəbilələr kimlər idi? Adəmdən geri təkamül edənlər? Axı əkinçilikdən əvvəl ovçu-toplayıcılar vardı və o dövrdən günümüzə çoxsayda primitiv əmək alətləri qalıb.

 

Bir dəfəyə hazır, tamamlanmış heç nə ola bilməz, pis-yaxşı bir başlanğıc kimi görmək, sonra da olduğu yerdən inkişaf etdirmək üçün nə etməli olduğumuza baxmalıyıq. Platonik düşüncə, bu dünyadan və bu gündən başqasını ideallaşdırmaq, keçmişin “əsri-səadət” zənn edilməsi, insan fəaliyyəti üçün  ciddi maneədir. Russoya baxın, insan anlayışının mərkəzində “əsilzadə vəhşi” modeli vardı. Guya bir zamanlar təbiətlə və özləri ilə harmoniyada yaşayan, təbiətdən lazım olandan artığını almayan centelmen ibtidai insanlar yaşayırdı, ancaq  elmin və sənətlərin inkişafı bu harmoniyanı pozdu. Hətta bu düşüncə o qədər  geniş yayıldı ki, ibtidai cəmiyyətləri ideallaşdıran, elm və sənaye inqilabının rahat həyat bəxş etdiyi avropalılar, öz mədəniyyətlərini aşağılamağa başladılar. Antropoloqlar ibtidai cəmiyyətləri göyə qaldırır, qərb cəmiyyətləri ilə üstünlüyü ibtidai cəmiyyətlərə verməklə, müqayisə edirdilər. Bəzi qərblilər ruhaniyyət axtarışında Hindistan yollarını aşındırdılar. Milyonlarla insanın küçədə yatdığı, içməli suyunun olmadığı Hindistanı. Paralel olaraq, hindistanlı qurular da qərblilərə necə yaşamağı “öyrədirlər”. Mən, əlbəttə həyatda əsas problemlərini həll etmiş, maddi doyuma çatmış insanların spiritualizm, ruhçuluk, mistika, ekzotikada həyəcan arayışlarını anlayıram. Ancaq bunlar cəmiyyətin tamamı üçün və problemlərin həlli kimi dəyərləndirilməməlidir. Boş zaman əyləncələrini rasional çıxış yolları ilə qarışdırmaq olmaz.

 

Daha sonrakı araşdırmalar, məşhur antropoloq  Margaret Meadin samoalıların həyatını ideallaşdırdığını, “ekolojik hindu” mifinin əsassız olduğunu, ibtidai cəmiyyətlərin ənənə və inanc deyə sarıldıqlarının əslində dezavantaj-maladaptiv düşüncə tərzi olduğunu göstərdi. Afrikada bir kənd qızdırma xəstəliyindən əziyyət çəkirmiş, heç bir tədbir kömək etməyincə lənətləndiklərini düşünürlər və kəndi başqa yerə köçürmək qərarına gəlirlər. Orda olan beynəlxalq missiyadan bir həkim, yaşlıların bir böcək növünü ehtiramla qutulara yığdığı görür. İzahları belə imiş ki, o böcəklər kənd sakinlərinin əcdadlarının ruhunu daşıyırmış. Halbuki həmin böcəklər qızdırmaya səbəb olan mikrobu daşıyırmışlar və yeni kəndə bu böcəkləri aparsalar, orda da qızdırmadan xilas olmayacaqlardı. İnsanların nostalgiyaya asan qapılmasını Karl Saqan bir zamanlar yaşadığımız, ordan dünyaya yayıldığımız savannalara duyduğumuz şüuraltı həsrətə bağlayır.

İnsanlar yüz min illər  ərzində kiçik ərazilərdə yaşadılar, gördükləri digər insanlar qəbilə üzvləri, gördükləri digər canlılar az sayda lokal canlılar idi. Sabit və kiçik dünyada doğulub ölürdülər. Uzun, geoloji dəyişiklikləri müşahidə etmək üçün həyatları qısa idi. Odur ki təkamülü, dəyişikliyi, sadədən mürəkkəbə aparan prosesləri qəbul etməkdə çətinlik çəkdilər, hələ də çəkirlər. Yaşadığımız mühiti dəyişdirsək də, düşüncə tərzimiz çox vaxt keçmişdə qalır. Halbuki Kainat da, Günəş sistemi də, Yer kürəsi də bir anda və indi olduğu kimi meydana çıxmayıb. Yazı, riyaziyyat, əmək alətləri, canlılar - hər şey sadədən mürəkkəbə zaman içində dəyişib.

Bir zamanlar “Panthalassa” adlı superokeanla əhatə olunmuş “Pangea” adlı superkontinent vardı.  “Sürünənlər dövrü” də adlandırılan Mezozoy  erasında  “Laurasia” və “Gondvana” adlı iki böyük materikə ayrıldı və sonradan digər materiklər bu superkontinentlərdən qopdu. Cənubi Amerika, Afrika, Antarktika, Hindistan və Avstraliyaya baxın, sahilləri lego parçaları kimi bir biri ilə uyğun gəlir. “Cynognathus” və “Mesosaurus” fosilləri bir zamanlar quru sərhədi olan Cənubi Amerika və Afrikada, “Lystrosaurus” fosilləri quru təması olan Afrika, Hindistan və Antarktikada tapılır. Daha geniş mənada, Yerin üfüqi və şaquli geologiyası, tapılan fosillərin yaşı və təkamül sinifləndirməsində aid olduqları növlər yaxın əlaqədədir.

 

Daha yaxın zamanlara qədər, Yerin yaşının çox gənc olduğu düşünülürdü. Çarlz Layel “Geologiyanın prinsipləri” adlı əsərində Yerin yaşının 300 milyon ildən daha çox olduğunu müdafiə edən ilk geoloqlardan idi. Geoloji proseslərin uzun zaman müddətində strata formalaşdırma mexanizmini izah etmişdi. Onun Çarlz Darvinin üzərində də təsiri olmuşdu. Darvin “Biql” gəmisində səyahətə çıxarkən “Geologiyanın prinsiplərini” özü ilə götürmüşdü. Darvinin təkamül nəzəriyyəsi  geoloji təbəqələrlə fosilləri əlaqələndirmişdi. Özü  “Növlərin mənşəyi”ndə dürüst bir elm adamı olaraq, müşahidələrinin gəldiyi nəticəni-növlərin zaman daxilində sabit olmadıqların təsdiq etmək üçün fosil tapıntılarına ehtiyac olduğunu yazmışdı. Ancaq milyonlarla il əvvəldən qalan zaman kapsulları olaraq fosilləri tapmaq asan deyil. Vulkanik və metamorfik qayalar ekstremal şəraitlərdə formalaşır ki, onların daxilində bir canlı nümunəsinin  fosil olaraq mühafizə olunub dövrümüzə çatması mümkün deyil. Əlçatan fosillərin əsas qaynağı sedimentar qayalardır, daha dərin qatlardakı fosillər isə sənaye inqilabından sonra, dəmiryolları, kanallar, teleqraf xətlərinin salınması üçün torpağın dərin qazılması nəticəsində tapıldılar. Həşərat fosilləri isə daha çox kəhraba daxilində mühafizə olunur, 90 milyon yaşı olan, həm qarışqa həm arı xüsusiyyətləri daşıyan “Sphecomyrma” fosili kəhraba materialın daxilində çürümədən bu günə çatıb və 1966-ci ildə kəşf edilib.

Fosillərlə təbəqələri və canlıları belə əlaqələndirmək olar: formalaşma dövründə müəyyən canlıların korpusları bir təbəqədə mühafizə olunaraq qalır və sonra onların üzərinə yeni təbəqələr çökür və o dövrün canlılarının fosillərini mühafizə edir. Nə qədər dərin qazsanız, o qədər qədim canlılar tapacaqsınız. Sürünənlərdən daha qədim məməli fosilinə rastlamazsınız. Ən məşhur fosillərdən biri Tiktaalikdir. Balıqlardan amfibiyalara keçiddə ara keçid fosilidir. Quruda yaşayan xordalıların  atası hesab edilən bu fosil özündə həm balıq (üzgəc, qəlsəmə), həm də dördayaqlılara (yastı baş, kəllənin üzərində yerləşən gözlər, bədəndən asılı olmadan hərəkət edən baş) aid xüsusiyyətləri daşıyır. Qəlsəmə ilə yanaşı Tiktaalik ağciyərlərə da sahibdir. Digər maraqlı xüsusiyyəti isə boynunun olmasıdır. 375 milyon il yaşı olan bu fosildən üç ədədi, şimali Kanadada “balıqlar dövrü” də adlandırılan  Devonian perioduna aid sedimentar qayalıqda tapılmışdı. Paleontoloqlar fosili o ərazidə yaşayan İnuit qəbiləsinin dilindəki bir sözlə adlandırıblar. İlk məməlilər isə, 225 milyon öncə, Gec Triassic Epoxasında yaranıblar. Həyatın təkamül zaman cədvəli, təqribən 4 milyard il əvvəl meydana çıxan ilk canlı formalarından günümüzə, növləri və onların ardıcıllığını sıralayır. Əgər siz Tiktaalikdən daha yaşlı bir məməli fosili tapsanız, bu böyük sensasiya olacaq və mütləq təkamül təliminin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq. Hələki, sürünənlərdən daha yaşlı məməli, balıqlardan daha yaşlı sürünən fosili tapılmayıb. 315 milyon yaşı olan Hylonomus ilk sürünənə aid fosildir,  dinozavrlar 240 milyon il əvvəl ortaya çıxdılar, dinozavrlarla quşlar arasında keçid fosili olan Arxeopteriksin 150 milyon yaşı var. Balıqların təkamülü isə 530 milyon il əvvəl başladı. Siz Palezoy erasına dair təbəqələrdə  ancaq sürünən və amfibiya, Mezozoy dövründə dinozavrlar və Senozoy dövründə quşların və məməlilərin fosillərini tapacaqsınız.

 

Getdikcə artan fosil sayısı geoloji zamanla təkamülün həyat xəttinin daha dəqiq təsvirini verir. İtaliyadakı Monte Bolca və Argentinadakı Patagoniya fosil ərazilərindən bu gün də maraqlı fosillər çıxarılır. Bilinən ən böyük dinozavr fosili olan Argentinosaurus Patagoniyada aşkar edilib. Əgər bütün canlılar eyni anda və dəyişmədən yaradıldısa, bu fosillər nəyin sübutudur?! 240 milyon il əvvəl ortaya çıxıb 60 milyon il əvvəl məhv olan dinozavrların yaradılış ssenarisində yeri nədir?

 

-Bu sualıma hələ də cavab tapa bilmirəm. Təbiətdə mən bildiyimə görə 200-dən çox amin turşusu var, onlardan cəmi 20-i canlının var olmasında rol oynayır. Bəs ilk canlının yaranmasında dominantlıq hansı zülalda olub? Yəni, belə deyək, o olmasaydı, o birilərlə heç bir şey yaranmazdı.

-Ümumi mülahizə belədir ki, qeyri-üzvü maddə, üzvü maddələrin yaranmasına, üzvü maddələr isə ilk həyat formalarının yaranmasına səbəb olub. Məşhur Miller-Urey təcrübəsində həyatın ilk formalaşdığı dövrdəki kimyəvi maddələr olan su, metan, ammonyak və hidrogen bir qaba qoyuldu və buxarlaşma, elektrik boşalmaları və soyutma prosesləri ilə erkən atmosfer şərtləri simulyasiya edildi. Yaranan hidrogen sianid və formaldehid ammonyakla reaksiyaya girib qlisin adlı amin turşusunu yaratmışdı. Bu təcrübənin ilk nəticəsi, 5 amin turşusunun yaranması idi. Daha sonra aparılan oxşar təcrübələr daha çox amin turşusu və adenin sintez etdi. Təcrübəyə bəzi mineralların əlavə olunması, indiki atmosferdən fərqli olan ilk Yer atmosferi şəraitində orqanik molekulların yarandığını bir daha təsdiqlədi.

Sonrakı mərhələ, orqanik molekullardan çoxalma qabiliyyətinə sahib ilk həyat formalarının yaranmasıdır. Güman ki, ilk replikator sayılmağa ən yaxşı namizəd, bir amin turşusu deyil, başqa bir makromolekul olan RNT-dır. Çünkü RNT həm DNT-dəki məlumatları oxuya bilir, həm protein-zülal sintezinin təlimatını verir. RNT-lərin sonrakı ixtisaslaşması DNT və proteinləri yaratmış ola bilər. Çünkü DNT olmasa protein sintez olunmaz, protein yoxdursa, çoxalacaq DNT-ləri daşıyacaq material olmayacaq. Ən yaxşı namizəd RNT-dir və bu tezis getdikcə daha qüvvətlənir, müxtəlif təcrübələrlə təsdiq olunur.

 

-Yeri gəlmişkən, kreatsionistlər iddia edir ki, zülal öz-özünə yarana bilməz və bu tezislə ilahi qüvvənin varlığını sübut etməyə çalışırlar.

-Onların maraqlı taktikaları var. Təbliğatlarında bir zamanlar qarşı çıxdıqları elmi modellərdən və anlayışlardan istifadə edirlər. Bəzəkli təbliğat materialları var, NASA-nın çəkdiyi Günəş sistemi şəkilləri ilə doludur. Ancaq bir zamanlar Günəş mərkəzli modeli ortadan qaldırmaq üçün hər yola əl atırdılar. Digər tərəfdən, axı onlar niyə mürəkkəb elmi anlayışlardan istifadə edirlər ki? Bu elmin uğurudur və elmin ixtisas sahəsidir. Protein, DNA, RNA anlayışları olmasaydı, dini necə təbliğ edəcəkdiniz? Qəribə bir özündən razılıq var, sanki elm inkişaf etdikcə özünü dolaşığa salacaq və bunların dediyi nəticəyə gələcək. Dinlərin minlərlə, elmin 300 yaşı var. Yuxarıda dediyimiz Miller-Urey təcrübəsini cəmi 60 yaşı var. Elmdə zəif açıqlanmış fenomenlər axtarırlar və belə deyirlər: “Tez cavab verin, ilk zülal necə yarandı? Bilmirsinizsə, bizim dediyimizi qəbul edin”. Ardınca da bir yaradıcı gücün olduğunu qəbul edincə, dini bütün təsisatları ilə hegemon etməyə çalışacaqlar.

 

Elmi bilginin həcmi, sahəsi və dərinliyi təcilli sürətlə artır. Bir az gözləyək. Elm bütün suallara cavab verəcək. Kreatsionistlər isə, ortaya bilgi qoya bilmədən, elmin zəif açıqladığı məqamlardan yapışaraq özlərinə legitimlik qazanmağa çalışsınlar. Nizamlı Kainatdan danışanda 6000 genetik xəstəlikdən, kəpənək şəklindən istifadə etdikləri kimi ürkütücü görünüşü olan daş balığının şəklindən də istifadə etsinlər. Təbiətin dayanışma olduğunu izah edərkən fənər balığının, aslan qarışqasının ov hiylələrindən də danışsınlar.

 

-Kreatsionistlər demişkən, Harun Yəhyanın kitablarını oxuyursunuz?

 

-Harun Yəhya haqqında ilk dəfə Türkiyədə oxuyarkən eşitmişdim,  Mətbuatda “Adnan Oktar” mövzulu  müxtəlif sensasiyalı xəbərlər çıxırdı. O zaman səhv etmirəmsə, əsasən masonları “ifşa” edən kitablar yazırdı. Bu kitablarda iki xətt maraqlı idi. Birincisi, sanki bütün dünya artıq masonlar tərəfindən bölüşdürülüb, baş verən hadisələr əvvəlcədən planlaşdırılıb, bütün böyük şirkətlər masonlara məxsusdur və bütün böyük şəxslər masondur. Əlbəttə, bu tezisin müxtəlif məqsədləri var idi. İnsanların qürurunu oxşamaq, uğursuzluqlarını tənbəlliklərində yox, mason oyunlarında görmək, müəyyən insanları mason adlandırıb gözdən salmaq, “artıq gecdir, masonlar mütləq qüdrət sahibidir” deyib onları təslimçiliyə alışdırmaq. İkinci məsələ, bu qədər “dərin”, “gizli” sirrlər, kitablarda rahatlıqla ifşa olunur, bu kitablar satılırdı. Bu sirrləri siz haradan  bilirsiniz, masonlar bu qədər qüdrətlidirsə və siz onları ifşa edirsizsə, sizə niyə mane olmurlar? Təbii ki, mason mövzulu kitablar sadəlöhv adamlardan pul qazanmanın da effektiv üsuludur.

 

Daha sonra, Azərbaycanda, bir bioloqun “türk alimi Harun Yəhya təkamül nəzəriyyəsini çürütdü” məzmunlu yazısını oxudum. Yaddaşım məni aldatmırsa, bu yazı elmi kütləvi bir jurnalda dərc olunmuşdu. Onda bizim ziyalıların bəzilərinin də nə qədər sadəlövh, dünyadan xəbərsiz olduqlarını anladım. Bir incəsənət məzununun - Adnan Oktarın (Harun Yahya) yüksək estetik zövqü ola bilər, ancaq təkamülü “çürütmək” onluq deyil. Əgər təkamüldə o qədər boşluq olsaydı, bunu Qərb alimləri hamıdan əvvəl təsbit edərdilər. Təkamül haqqında kitablar yazılır, seminarlar verilir, artan sayda elmi tədqiqat işləri ciddi elmi jurnallarda nəşr olunur. Təkamülün olduğunu inkar etmirlər, bəzi mexanizmləri üzərində müzakirələr aparılır. Təkamül nəzəriyyəsini də bir mason komplosu kimi təqdim etmək biabırçılıqdır. Ola bilər cəmiyyətin müəyyən təbəqəsi buna inansın, amma özünə ziyalı, savadlı deyən birisi, dünyadan xəbərsiz olub, dünyanı Harun Yəhya kitabları ilə tanımamalıdır. Bu sadəcə biabırçılıqdır. Sonralar, deyəsən Harun Yəhyaya da mason təşkilatına üzvlük vəsiqəsi təqdim olundu. Əgər bu doğrudursa, bir zamanlar Aydınlanma hərəkatının aparıcı gücü olan masonların indi belə mənasız işlərlə məşğul olması üzücüdür.  Ancaq bir sualı da özümüzə verməliyik, 21-ci əsrdə ölkəmizdə bu qədər mistikin, komploçunun, spiritualistin, təbliğatçının kitabı nəşr olunduğu halda, elmi-kütləvi ədəbiyyatın olmamasının günahı kimdədir?

 

-Elm və din: çoxu bu iki fərqli sahənin vəhdətini, harmoniyasını yaradıb yeni model təqdim etməyə çalışırlar. Halbuki, kəsişən nöqtələr çoxdur. Bu mənada sizə belə sual verim: dini kitablarla elmin maraqları harada toqquşur, harada müttəfiqdir? 

 

-Dinlər qlobalistdir, bütün dünya əhalisini öz sıralarına qatmaq istəyirlər. Bunun üçün də hər zaman cazibədar görünməyə çalışırlar. Ona görə də elmin kəşflərindən faydalanmağa, bunları təbliğatlarında istifadə etməyə cəhd edirlər. Çünki elm ən etibarlı institutdur. Əgər mövzu obyektiv reallığın kəşfidirsə, burda elmin alternativi yoxdur. Heç bir din elmə alternativ ola bilməz.  Ancaq dinlər siyasi gücə can atmasalar daha yaxşı olar. Bu halda elmin yerinə keçməyə də çalışmazlar. İnandıqlarının mütləq doğru olduğunu düşünənlərin gücü əldə etməsi təhlükəlidir. Eramızın 325-ci ilində çağırılan Nikeya Şurasında iştirak edən əksər yepiskopların  əlilliyi vardı, çünki Roma İmperiyasının işgəncələrinə məruz qalmışdılar. Ancaq Katolik kilsəsi gücü ələ keçirdikdə, İnkvizisiya vasitəsi ilə  fərqli inancdan olan və heretik sayılan minlərlə insana işgəncə etdi, tonqalda yandırdı. “Katarlar” adlı, heretik bir xristian cərəyanı var idi, Kilsənin yozlaşmasına etiraz edib özlərini “saf” adlandırmışdılar və getdikcə güclənib simpatiya qazanırdılar. Kilsə onların üstünə qoşun göndərdi, Katarlar Beziers şəhərinə sığındılar və şəhər əhalisi onları təhvil verməkdən imtina etdi. Ordu komandiri yepiskop Arnodan şəhər əhalisinə nə etməli olduqlarını soruşanda  Arno “Hamısını öldürün, Tanrı öz qullarını tanıyacaq” demişdi.

 

Əgər din bir fərdin öz həyatını tənzimləməsi, müəyyən etik prinsipləri mənimsəməsi, dünyaya bir məna verməsi olaraq anlaşılırsa, ziyanlı olmaz. Əgər inanclı insan “Big Bang”dan öncə ilahi müdaxilə olduğuna inanırsa, bu, onun seçimidir. Ölkəni Konstitusiyaya görə və menecmentin qanunları ilə idarə etmək, obyektiv dünyanı elmlə anlamaq lazımdır. Dinlər bu sahədə yetərli deyil.

Burda dinin obyektiv dünya haqqında dedikləri ilə, inanclı insanın elmlə məşğul olması məsələsi arasında fərq qoymalıyıq. Bəzən  din ilə elm arasındakı ziddiyyəti “inanclı insanlar elmlə məşğul ola bilməz” deyərək qabardırlar. Bu doğru deyil, inanclı insanlar fizika və riyaziyyatla problemsiz məşğul ola, uğurlu elm adamı ola bilərlər. Ancaq təbliğatçılar tərəfindən “insan meymundan əmələ gəlib” kimi karikaturalaşdıran təkamül nəzəriyyəsini mənimsəmələrinə epistemolojik maneələr ola bilər. Çünki bunun inancları ilə üst-üstə düşmədiyini zənn edirlər.

 

-Qurana görə Yer düzdür yoxsa kürə şəklində? Təbii ki, ilahiyyatçılar kürə şəklində olmasını sübut etməyə cəhd edirlər. 

 

-Xatırladığım qədəriylə, birmənalı demək olmaz. Dediyiniz kimi, ilahiyyatçılar kürə şəklində olduğunun sübutuna çalışırlar, ancaq bu zaman daha çox ərəbcə sözlərin etimologiyasına müraciət edirlər. Periodik olaraq ərəb televiziyalarında “Dünya düz yoxsa kürə şəklindədir?” müzakirələrinin olması məsələnin mübahisəli olduğunu düşündürür. Etiraf edək ki, ərəblər ərəb dilini türkiyəlilərdən və azərbaycanlılardan daha yaxşı bilirlər.

 

-Üç səmavi hesab edilən dində hansı prinsipial fərqlər var? Mən demirəm ki, hamısı rasionaldır və bu fərqlər də rasionallığa söykənir. Söhbət mahiyyətindəki fərqlərdən gedir.


-Çox geniş mövzudur. Məncə, musəvilik milli dindir, məqsədi musəvi yəhudilərin həmrəyliyini təmin etmək və onları əsrlərlə davam etmiş işğal və sürgünlərdən qorumaq olub. “Zəbur”da, Babildə sürgündə olan yəhudilər deyir: “Babil çaylarının sahilində oturub Sionu xatırladıqca ağladıq”. Musəvilər, ən çalışqan insanların dünyanı miras alacaqlarına və Müqəddəs Mətnlərinə sadiq qalmazlarsa, Tanrı tərəfindən cəzalandırılacaqlarına inanırlar, onlar başqa xalqları musəvi etməyə çalışmırlar. Əsrlərlə işğal olunan, sürgün edilən, yaşadıqları ölkələrdə “günah keçisi” olaraq görülən, soyqırımılara məruz qalan musəvilər, din bağı sayəsində varlıqlarını davam etdirə biliblər və yaxın zamanda bir dövlətə sahib olublar.

Üç səmavi dindən xristianlıq  daha çox yunan tregediyasını xatırladır. İsa zamanında kilsə, şuralar, fransiskenlər, yezuitlər, domikanlar kimi təriqətlər, formalaşmış xristian doktrinası yox idi. Katolik kilsəsinin rəsmi doktrinası 13-cü əsrdə yaşamış teoloq Akvinalı Foma tərəfindən formalaşdırılrdı.

İsa fiquru ilə müxtəlif dini ənənələrin və Mitra, Horus, Dionis kimi dini şəxslər arasında ciddi paralelliklər var. Bir tanrı olan  Zevs dünyalı olan Finikiya şahzadəsi ilə evlənmişdi. İsanın da atası Tanrı, anası dünyalı Məryəm hesab olunur. Dionis ölümündən üç gün sonra dirilmişdi, İsa da öldükdən sonra dirildi. Şərab həm dionisçilikdə, həm xristianlıqda əhəmiyyətli simvoldur.

Kanadalı yunan dili professoru və teoloq Tomas Harpura görə, İsanın həqiqətən yaşadığına dair sübutlar yox deyiləcək qədər azdır. Harpur, Misir mifologiyası ilə İsa fiquru arasındakı parallelikləri vurğulayıb. Horus, vaftizçi Anus tərəfindən vaftiz olunub. İsanı da Yuhanna vaftiz etmişdi, hər ikisinin başı kəsilmişdi. Horus İsa kimi su üstündə gəzir, xəstələrə şəfa verirdi və iki oğru arasında çarmıxa çəkilib, sonra dirilmişdi.

 

Xristianlığım qurucusu İsa deyil, Tarsuslu Paveldir. Pavel olmasaydı, İsanın təlimi musəviliyin bir qolu olaraq qalacaqdı. Xristianlığı musəvilikdən ayırıb onu yunan koloniyalarında və Yunanıstanda yaşayan yəhudilər tərəfindən qəbul edilməsini təmin etdi. Pavel məktublarını selaniklilərə, korintlilərə, filipililərə yazmışdı. İsanın Tanrı olduğunu Pavel elan etdi, çünki yunanlara insan biçimli Tanrı düşüncəsi məqbul idi. Başqa bir İsa, Ananias ben İsa, Ananias oğlu İsa da məbəddə klerikləri tənqid etmiş, satıcıların masalarını aşırmışdı, romalılara təslim edilmişdi. Amma romalılar onu edam etmədilər. O zaman İsa yox, isalar var idi, çünki o dövrdə yəhudilər onları Roma işğalından xilas edəcək, Yerusəlim məbədini yenidən inşa edəcək Məsih gözləyirdilər və tez tez özünü Məsih elan edən insanlar ortaya çıxırdı.

Rasionallığa gəldikdə, Uzaq Şərq mənşəli dinlər arasında ən rasionalı buddizm görünür. Buddanın fərdi həyat təcrübəsinin vacibliyinə vurğusu və “özünüz özünüzə işıq olun” təlimatı Aydınlanma filosoflarının “Sapere Aude”-düşünmə cürəti göstər-şüarları ilə eynidir. Yaxın Şərq mənşəli dinlərdən İslam dini bugün çox təəssüf ki, müasir dünyaya, modernizmə qarşı imiş kimi anlaşılır ya da qəsdən elə təqdim olunur. Əslində İslam digər böyük  dinlərlə müqayisədə daha praktik və praqmatikdir. Ancaq nəzərə almaq lazımdır ki heç bir din ortaya çıxdığı mühitin izindən tamamən arındılırmış ola bilməz. Düşünürəm ki, müsəlmanlar bir problem olduğunu qəbul etsələr, ehkamçı kleriklərdən qurtulsalar, kitabla aralarına vasitəçi qoymasalar, ərəb mentalitetinin bəzi ünsürlərini din deyə mənimsəməsələr, İslam dininin müasir cəmiyyətlə heç bir problemi olmaz. Əslində sekulyar cəmiyyət dindarlar üçün ideal mühitdir. Çünki şəriət olsa, nəinki digər düşüncə sahibləri, hətta İslam təriqətləri arasında ciddi problemlər yaranacaq. Bu gün sekulyar dövlət, eyni dinin təriqətlərinin üzvlərini də digərlərindən qoruyur. Digər tərəfdən, hamıya fürsət bərabərliyi təmin edir, hüquq məsələlərində din, dil, cins fərqlərinə görə tərəf tutmur. Dindəki bu çatışmazlıqları hüquq sistemi aradan qaldırır. Geriyə dinin inanclı üçün müsbət tərəfləri qalır, həyatını tənzimləyir, zərərli vərdişlərdən uzaq durur, özünü bir icmaya aid hiss edir, çətin anlarında dua və inamla motivasiya qazanır. Dinin verəcəyi zərərlərdən isə sekulyar sistem onu qoruyur. Dövlətin imkanları və dinin yaxşı tərəfləri - hər ikisi inanclıların xeyrinədir. Buna görə də sekulyar, sivil, demokratik cəmiyyətin qurulmasını mütərəqqi dindarlar da istəməli, dəstəkləməlidirlər, tək tərəfli dini idarəyə qarşı olmalıdırlar.

Böyük dinlər şəhərlərlə əlaqədardır, çünki ovçu toplayıcılar məbəd tikə bilməzdilər, köçərkən minarəni özləri ilə apara bilməzdilər. Şəhər isə, sərhədləri vasitəsi ilə “bizlər”- şəhərdə yaşayanlar və “onlar”- kənardan şəhərə hücum edib talamaq istəyənlər fərqi yaradır. Sonra din, bütün şəhər əhalisi tərəfindən mənimsənilir. Dinlərdə ziddiyyətli etik hökmlər var. “Savaşın onlarla” və “qonşusu ackən tox yatan bizdən deyildir” kimi. İndi problem bu “biz” və “onlar”a yeni tərif verməkdir. Məncə dindarlar “bizi” dini yox, vətəndaşlıq bağı ilə bağlı olan hər kəs kimi görməlidirlər. “Onlar”ı isə kənardan gərginlik yaratmaq, təriqətlər arası problem çıxarmaq istəyən güclər kimi görüb onları ciddiyə almamalıdırlar. İnancsızlar da “bizlər” anlayışına inanclıları da daxil etməlidirlər, onların dini duyğularına həssaslıq göstərməli, dini mətnləri və şəxsləri təhqir etməklə qarşı tərəfi radikallaşdırmamalıdırlar. Problem fərdi inanc deyil, xaricdən dəstəklənən, sistemləşən, inkarcı düşüncənin güclənməsidir.

 

-Yalçın bəy, fərz edək ki, yaradıcı bir qüvvə həqiqətən də mövcuddur. Bu zaman sual yaranır? O, kainatın harasında və necə qərarlaşıb?

-Yaradıcı bir qüvvənin kainatın harasında və necə qərarlaşdığını düşünmək, onu yaratdığı kateqoriyalara həbs etmək mənasına gələrdi. Yaradıcı zaman və məkandan kənarda var olacağına görə, bizim düşüncə kateqoriyalarımızdan kənar olardı. Bu biraz qədim sualı xatırladır: “Mütləq Tanrı qaldıra bilməyəcəyi daş yarada bilərmi?”. Mütləq Tanrı anlayışı, əvvəlcədən qaldıra bilməyəcəyi daşın varlığını istisna edir. Belə suallar metafizika ya da sxolastikadır, faydasızdır. Orta Əsrlərdə sxolastiklər ciddi ciddi bir iynənin ucunda neçə mələyin rəqs edə biləcəyini müzakirə edirdilər.

 

-Kvant mexanikasına görə, heçlikdən maddə yarana bilər. Sualım bir az qəribə səslənə bilər. Bəs o heçlik nədir? 

 

-Bildiyim qədəri ilə kvant mexanikasına görə heçlik yoxdur. İstənilən heçlik, qüvvə daşıyıcı zərrəciklər və virtual zərrəcik-antizərrəcik cütlərinin yaranıb yox olduğu, fizika baxımından olduqca canlı bir sahədir. Kainatda, qravitasiya qüvvəsinin olmadığı bir nöqtə düşünülə bilərmi? Qüvvə varsa, onu daşıyan zərrəcik də var. Kainatdan kənarda heçlik axtarmaq isə metafizikadır, bununla filosoflar məşğul olsalar daha yaxşı olar.

 

-Kvant fizikasına görə, insan bir şeyi gördüyü anda o şey mövcuddur. Bəs görməyəndə nədir?     

-Sualınız kvant mexanikasının ən ciddi problemlərindən biri ilə əlaqədardır. Gördüyümüz, yəni ölçdüyümüz anda, bütün mümkün halların superpozisiyasından ibarət olan, onları özündə ehtiva edən dalğa funksiyası çökür və bizə konkret nəticə verir. Çökmə prosesinin necə baş verdiyi hələ anlaşılmayıb və kvant mexanikasının çoxsaylı şərhlərinin, interpretasiyalarının yaranmasına səbəb olub. Kvant mexanikası bütünlükdə kvant fenomenləri kimi əcaibdir, təcrübədə bu qədər təsdiq olunmasına və praktikada uğurla tətbiq olunmasına baxmayaraq, şərhi üzərində anlaşmazlıqlar var və mübahisələr davam edir. Bu yaxınlarda Nobel mükafatı laureatı Stiven Vaynberq “Elmi Ədəbiyyatın İnkişafı Şurası”nda çıxış etdi və kvant mexanikasının şərhindəki qeyri-müəyyənlikdən narahat olduğunu bildirdi. Kvant mexanikasına insturmentalist yanaşmanı, sadəcə hesablama aləti kimi yanaşmanı tənqid etdi və dolğun bir kvant mexanikası interpretasiyası axtarışına çağırış etdi. 

 

-“Şrödinger pişiyi” isə Kvant fizikası qarşısında qoyulan ən çətin xəyali təcrübə olan sualdır.

-Kvant mexanikası tarixində belə düşüncə eksperimentləri, “gedankenexperiment”lər çoxdur. Mən ODTÜ-də oxuyarkən 4-cü kursda -“Fizikada xüsusi problemlər”adlı bir dərsimiz var idi . Fizikada həll olunmamış bir problem seçirsiniz və onu jüri qarşısında izah edib açıqlayırsınız. Mənim seçdiyim mövzu “EPR paradoksu” idi. Kvant mexanikasının göstərdiyi reallıq, bizim makroskopik dünyada vərdiş etdiyimizdən çox fərqlidir. Kvant mexanikasının deterministik olmayan, ehtimallı təbiəti və mərkəzindənki qeyri-müəyyənlik prinsipi bir çox alim tərəfindən qəbul edilmədi. Onun ən böyük tənqidçilərindən biri Eynşteyn idi, 1936-cı ildə yazdığı bir məqalədə “EPR paradoksu”nu təsvir edirdi. Eynşteyn-Podolsky-Rosen paradoksu, kvant fizikasındakı ehtimalların bizim bilgimizin azlığından qaynaqlandığını, bilmədiyimiz bəzi “gizli parametrləri” kəşf edəcəyimizi və onların vasitəsi ilə kvant mexanikasının yenidən deterministik olacağını müdafiə edirdilər. Ehtimallar klassik fizikada da var, ancaq klassik ehtimal mahiyyət olaraq kvant ehtimalından fərqlidir. Bir qəpiyi ya da zəri atdıqda hansı üzün gələcəyini klassik fizika qanunları ilə bilmək mümkündür, ancaq hesablamalar o qədər mürəkkəb olacaq ki, qısa yol olaraq ehtimallar nəzəriyyəsindən istifadə olunur. Kvant mexanikasında isə ehtimallardan qaçmağın yolu yoxdur. Bu, fundamental bir xüsusiyyətdir. Eynşteyn kvant mexanikasının qeyri-müəyyənlik prinsipinə də qarşı idi. Bu prinsipə görə, koordinat və sürət, ya da enerji və zaman kimi bəzi kəmiyyətləri eyni anda və mütləq dəqiqliklə ölçmək mümkün deyil. Yenə kvant mexanikasındakı qeyri-müəyyənlik, klassik fizikada bizim tərəzi, xətkeş və saatlarımızdakı qeyri dəqiqlikdən yaranan nisbi və mütləq xətalara oxşamırdı. Ölçməni istədiyin qədər dəqiq apara bilməzdiniz. Heyzenberq prinsipi dəqiqliyə limit qoyur. Eynşteynin düşündüyü təcrübələrdən biri də “qutudakı saat” problemidir. Həmişəki kimi Eynşteyn  kvant mexanikasına qarşı arqument, Nils Bor isə Eynşteynə qarşı əks arqumentlər irəli sürürdü. Qutudakı saat təcrübəsində  qeyri-müəyyənlik prinsipinə zidd olaraq enerji və zamanın eyni anda ölçülə biləcəyini sübut etmək istəyirdi Eynşteyn. Bir qutunun içində saat və radiasiya olsa, əvvəlcədən müəyyən edilmiş anda qutunun qapağı açılsa və fotonlar bayıra qaçsa, siz qutunun kütləsinin azalmasını ölçüb fotonların enerjisini tapa bilərdiniz. Eyni zamanda saatı da əvvəlcədən bildiyiniz üçün bir təcrübədə həm enerjini həm zamanı tam dəqiqliklə ölçürdünüz. Heyzenberq yazırdı ki, Eynşteyn bu təcrübəni izah edəndə Borun rəngi ağardı. “Əgər doğrudursa, kvant mexanikasının sonu gəldi dedi” yazırdı. Ancaq Bor təcrübəni yaxından analiz etdi və foton qaçdıqdan sonra qutunun kütləsini ölçərkən tərəzinin əqrəbinin yerini qeyri-müəyyənlik prinsipinə görə tam dəqiq ölçə bilməyəcəyinizi göstərdi.

Kvant mexanikasının interpretasiyasın dair bu mübahisələr uzun illər davam etdi, hələ də davam edir. Ən qədim və qəbul edilən “Kopenhagen interpretasiyası” və daha yeni “çox-dünyalar” şərhi ilə birlikdə, onlarla başqa şərhlər də mövcuddur.

“Şrödinger pişiyi” də bu sinifdən olan düşüncə eksperimentlərindən biridir. Ehtimallı bir kvant hadisəsini, radioaktiv bir atomun parçalanmasını, dramatik bir makroskopik hadisə ilə, ölü ya da canlı bir pişik görəcəyinizlə əlaqələndirir. Kvant mexanikasına görə siz qutuya baxmadan əvvəl pişiyin dalğa funksiyası canlı və ölü hallarının superpozisiyanı ehtiva edir. Qutunu açdınız, təcrübə apardınız, pişik sağdır ya da ölüdür. Bir ehtimal, siz baxdığınız anda atomun parçalanması, dəqiq müşahidə etdiyimiz bir makroskopik hadisəyə-pişiyin sağ qalması ya da ölməsinə- necə çevrildi?

 

-Kvant fizikası ilə təkamülə necə izah vermək olar?

 

-Biologiya getdikcə araşdırmalarımızda daha mərkəzi yer tutur. Astrobiologiya, təkamül psixologiyası, genetik tibb getdikcə inkişaf edən sahələrdir. Həm kvant mexanikası, həm təkamül nəzəriyyəsi fundamental elmi nəzəriyyələr olduğundan, mütləq əlaqəli olmalıdırlar. Kvant mexanikası kiçik miqyaslardakı fiziki fenomenləri öyrənir, təkamül nəzəriyyəsinə görə makroskopik ölçüdə ciddi dəyişikliklər yaradan kiçik miqyaslı hadisələr genetik mutasiyalardır. İlk ağla gələn kvant mexanikası ilə genetik mutasiya mexanizmləri arasında əlaqə axtarmaqdır. Bu mövzuda ilk təşəbbüslərdən biri DNT-dəki mutasiyaları kvant effektlərinə bağlamağa çalışan Ervin Şrödingerin mülahizələridir. Hazırda kvant mexanikasının və nəzəri kimyanın-Pauli prinsipi kimyanın da kvant mexanikası qanunlarıyla anlaşıla biləcəyini göstərdi-prinsiplərini biofizikanın “kvant biologiyası” sahəsinə tətbiq edirlər. Sadəcə mutasiyalar deyil, məsələn işığın udulması olan fotosintez prosesi də işığın maddə ilə qarşılıqlı təsiridir. Fotoelektrik effekt- Plankın kvant hipotezinin Eynşteyn tərəfindən istifadəsi-kvant mexanikasının ilk tətbiqi idi.

 

Əgər kvant mexanikası ilə biologiyanın təməli olan təkamül və onun mexanizmi olan genetik mutasiyalar arasında əlaqə axtarırıqsa, bu çox da məntiqsiz deyil. DNT əyilmiş pilləkən formasındadır. Pilləkənin tərəflərini birləşdirən pillələr DNT-də  hidrogen rabitələridir. Uzun makromolekulları bir yerdə saxlayan hidrogen atomları olduğu üçün bu atomlar kvant effektlərinə rahatlıqla məruz qala bilər. 1960-ci illərdə irəli sürülmüş bir mülahizəyə görə, hidrogen atomu kvant mexanikasındakı “tunel effekti” mexanizmi ilə mutasiyaya səbəb ola bilər. Hazırda bu mülahizə yenidən işlənilir. Bəzi alimlər DNT-dəki makromokullarda kvant effektlərinin müəyyən edici olmayacağını düşünürlər. Bu istiqamətdə araşdırmalar davam edir, yaxın gələcəkdə yəqin ki, nəticə alınacaq. Əgər kvant mexanikası köməyi ilə mutasiya mexanizmlər tam öyrənilsə, bu xərçəng xəstəliyinin müalicəsində də böyük addım olacaq. Mən olsam genetik mutasiyalara xaos nəzəriyyəsini tətbiq edərdim, xaos nəzəriyyəsi qeyri-xətti dinamikadır, başlanğıc şərtlərə həssas bağlılığı, başlanğıc şərtlərdəki kiçik dəyişikliklərin böyük nəticələrə səbəb olduğunu bildirir. Kiçik dəyişiklik olan mutasiyalar da böyük dəyişikliklərə-bir canlının həyatda qalıb qalmamasına-səbəb olur.

 

-Bu yaxınlarda filosof, psixoloq Rövşən Abdullaoğlu müsahibəsində bildirdi ki, ateistlər savadlı ola bilməz, yəni öz sahələrində olsa da, başqa sahələrdə ola bilməz.

-Əvvəlcə, iddianın özü səhvdir. Bu iddianın səhv olduğunu düşündürən çox misal var. İlk ağla gələn, molekulyar biologiyaya kristalloqrafiyanı tətbiq edən fiziki kimyaçı, elm tarixçisi, elm sosioloqu Con Desmond Bernal gəlir. Prinsip olaraq da ateistlərin daha çox bilgili olacaqları gözləniləndir. Çünki onlar üçün soruşulacaq suallar çoxdur və cavab axtarışındadırlar. Din bir çox mövzuda hazır cavablara sahibdir.

Elə deyəsən sizin sayta müsahibəsində Qamət Süleymanov da “ateistləri heyvanla müqayisə edərdim” demişdi. İndi bu nə cümlədir? Sizin bu ifadənin cəmiyyətə nə faydası var? Ordan da bir ateist “bütün dindarlar geriçidir” desin, bu bölünmə parçalanma yaratmaq kimə xeyirdir?

Nəzərə alaq ki milli dövlətlər özlərindən əvvəlki dini camaatlardan fərqli olaraq, vətəndaşlıq bağını birləşdirici görür. Dindarlar, ateistlər, başqa dinlərə inananlar, bunlar vətəndaş çoxluğunun alt çoxluğudur. Biz uzlaşma axtarmalı, birgəyaşayış üçün güzəştlərə getməliyik. Cəmiyyəti parçalamağa, üz-üzə qoymağa çalışan ifadələrdən qaçmaq lazımdır. Kimsə özünə asan status, şöhrət ya da başqa avantajlar qazanmaq istəyirsə, fərqli inancdan olanları ya da inancsızları təhqir etməkdən, aşağılamaqdan başqa yol axtarsın. Daha zəhmətli və faydalı yol seçsin. Eyni təklif qarşı tərəf üçün də keçərlidir, həssaslıqları diqqətə almaq, din haqqında danışarkən diqqətli olmaq, dini mətnləri, şəxsləri təhqir etməkdən qaçmaq lazımdır.

 

Aqşin KƏRİMOV

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiyaya görə tutuldu   
26.07.2017, 14:37

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiyaya görə tutuldu  

Bakıdan şəxsi maşını ilə Həccə getmək istəyənlər kimlərdir...   
26.07.2017, 14:22

Bakıdan şəxsi maşını ilə Həccə getmək istəyənlər kimlərdir...  

Başqırd alim Molla Pənah Vaqifin şerlərini tərcümə edib
26.07.2017, 14:02

Başqırd alim Molla Pənah Vaqifin şerlərini tərcümə edib

Fransalı jurnalistlər Azərbaycana gəldi
26.07.2017, 14:00

Fransalı jurnalistlər Azərbaycana gəldi

Şəfa Kazımova ADU-da mətbuat katibi vəzifəsindən azad edildi
26.07.2017, 13:54

Şəfa Kazımova ADU-da mətbuat katibi vəzifəsindən azad edildi

“Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” - Azərbaycan BƏYANAT VERDİ   
26.07.2017, 13:37

“Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” - Azərbaycan BƏYANAT VERDİ  

Cavanşir Feyziyevin köməkçisi komitə rəhbəri oldu - FOTO
26.07.2017, 13:36

Cavanşir Feyziyevin köməkçisi komitə rəhbəri oldu - FOTO

Jurnalist Ağa Cəfərliyə ADU-da vəzifə verildi   
26.07.2017, 13:30

Jurnalist Ağa Cəfərliyə ADU-da vəzifə verildi  

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...
26.07.2017, 13:18

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...

ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi
26.07.2017, 13:03

ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi

Azərbaycana İŞİD xəbərdarlığı – RƏSMİ
26.07.2017, 12:50

Azərbaycana İŞİD xəbərdarlığı – RƏSMİ

Ətin qiyməti niyə bahalaşır... - SƏBƏBLƏR   
26.07.2017, 12:47

Ətin qiyməti niyə bahalaşır... - SƏBƏBLƏR  

Sabahın hava PROQNOZU - İstilər güclənir  
26.07.2017, 12:36

Sabahın hava PROQNOZU - İstilər güclənir  

Sentyabrda dollara tələb artacaq
26.07.2017, 12:31

Sentyabrda dollara tələb artacaq

“Beynəlxalq Bank işi” ilə bağlı materiallar DİN-ə göndərilib
26.07.2017, 12:21

“Beynəlxalq Bank işi” ilə bağlı materiallar DİN-ə göndərilib

Azərbaycandakı bir sıra dövlət qurumlarında ciddi yeyintilər aşkarlandı
26.07.2017, 12:16

Azərbaycandakı bir sıra dövlət qurumlarında ciddi yeyintilər aşkarlandı

535 minə yaxın mənzil özəlləşdirilib
26.07.2017, 12:08

535 minə yaxın mənzil özəlləşdirilib

Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ   
26.07.2017, 12:07

Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ  

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq  
26.07.2017, 12:06

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq  

Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verəcəklər
26.07.2017, 12:05

Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verəcəklər

“Tatneft”in rəhbərliyi Bakı Ali Neft Məktəbində
26.07.2017, 12:02

“Tatneft”in rəhbərliyi Bakı Ali Neft Məktəbində

İribuynuzlu heyvanlar xəstəliyə qarşı peyvənd olunur
26.07.2017, 11:58

İribuynuzlu heyvanlar xəstəliyə qarşı peyvənd olunur

“Çudo Peçka”nın sahibi HƏBS EDİLDİ   
26.07.2017, 11:55

“Çudo Peçka”nın sahibi HƏBS EDİLDİ  

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir
26.07.2017, 11:49

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

ADU-nun tələbəsi Azərbaycanı Çində təmsil edib
26.07.2017, 11:45

ADU-nun tələbəsi Azərbaycanı Çində təmsil edib

"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə hökm oxunması təxirə salınıb
26.07.2017, 11:42

"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə hökm oxunması təxirə salınıb

Türkiyə ilə ABŞ arasında növbəti GƏRGİNLİK - raketlər hara tuşlanacaq... 
26.07.2017, 11:39

Türkiyə ilə ABŞ arasında növbəti GƏRGİNLİK - raketlər hara tuşlanacaq... 

İcra nümayəndəsi övladları ilə intihar etmiş ana haqda DANIŞDI: “Bütün kənd şokdadır”   
26.07.2017, 11:34

İcra nümayəndəsi övladları ilə intihar etmiş ana haqda DANIŞDI: “Bütün kənd şokdadır”  

Elnur Nağızadə Məleykə Abbaszadə haqda hansı sensasiyalı faktlar açıqlayacaq?   
26.07.2017, 11:25

Elnur Nağızadə Məleykə Abbaszadə haqda hansı sensasiyalı faktlar açıqlayacaq?  

Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...   
26.07.2017, 11:19

Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...  

DİM 189 abituriyentə xəbərdarlıq etdi
26.07.2017, 11:09

DİM 189 abituriyentə xəbərdarlıq etdi

İtkin düşən abituriyent tapıldı - YENİLƏNİB
26.07.2017, 11:04

İtkin düşən abituriyent tapıldı - YENİLƏNİB

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açıldı   
26.07.2017, 10:40

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açıldı  

ADU-da Yay məktəbi davam edir
26.07.2017, 10:35

ADU-da Yay məktəbi davam edir

 “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”
26.07.2017, 10:24

 “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.6%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.38%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(50%)
- İmtahan testləri çətinləşdirilmişdi(11.9%)
- İmtahanlar asan keçdi(2.38%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.76%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(11.9%)