Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XIV YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XIV YAZI

Ədəbi̇yyat

7 Noyabr 2016, 17:23

Dos., Dr. Faiq Qəzənfəroğlu

 


Hazırda heç kəsə sirr deyil ki, Azərbaycan Türklərinin konstitusiyalı və parlamentli ölkəni qorumaq yolundakı başladığı hərəkatın qarşısının alınmasında, eyni zamanda az sonra farsdilli “məşrutəçilər”in əliylə Məhəmməd Əli şah Qacarı devrilməsində əsas rolu çar Rusiyasıyla İngiltərə oynamışlar. İlk növbədə, Azərbaycan Türk məşrutəçilərinin konstitusiyalı ya da parlamentli dövlət idarəçiliyini müdafiə etmələri Türk düşmənlərinin məkrli planlarını pozduğu üçün, “belə bir şəraitdə ingilislər və çar Rusiyası açıq müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsilə 1909-cu ilin aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi. Bununla da Təbriz üsyanı yatırıldı”. Əslində isə bununla da “Təbriz üsyanı”na deyil, bu dövrdə məşrutənin aparıcı qüvvəsi olan Türk ulusuna, o cümlədən də Qacarlar dövlətinə ciddi zərbə vuruldu. Çünki Türk düşmənləri Rusiyayla İngiltərənin, eləcə də onların Qacarlardakı əlaltılarının (farsdilli qüvvələrin) bir yandan Təbrizdəki məşrutə tərəfdarlarını qan içində boğduqları halda, digər tərəfdən çox keçmədən Məhəmməd Əli şah Qacarı taxtdan salıb (16 iyul 1909) yenidən konstitusiyalı dövlət, parlamentli ölkə statusunu bərpa etmələri təsadüfi ola bilməzdi.

Hər halda Təbriz başda olmaqla Azərbaycanda Səttarxanın başçılıq etdiyi məşrutəni qoruma hərəkatnın yatızdırılmasında Məhəmməd Əli şah Qacarın yanında yer almış baş nazir Atabəy Mirzə Əli Əsgərin, Gilan əyalətindən Sipəhdarın, Bəxtiyarilərdən Sərdar Əsədin, Qafqaz ermənilərindən Yefremin və başqalarının az sona şaha xəyanət edərək “İran” adlı maskaya bürünmüş farsdilli “məşrutəçilərə” qoşulması öncədən planlaşdırılmışdı. Qacarların tarixində Türk düşmənlərinin ən çox oyuna gətirdiyi Məhəmməd Əli şah Qacarın sözdə “İran məşrutəçiləri”ndən qorunmaq üçün Tehrandakı Rusiya elçiliyinə sığınmasının da düşündürücü anlamları vardır. Əslində bu olay bir daha göstərirdi ki, Məhəmməd Əli şah Qacarın belə bir duruma düşməsində əsas rolu İngiltərədən də çox çar Rusiyası oynamışdır. Çar Rusiyası tərəfindən sözdə “İran məşrutəçiləri”nin qurbanı halına gətirilmiş Məhəmməd Əli şah Qacarın bütün bunlara baxmayaraq, ruslara sığınması onun yanlış yolda olmasının bariz nümunəsi idi. Heç bir zaman unutmamalıyıq ki, Türk düşmənlərindən qorunmaq üçün Qacarların dövlət başçısı Məhəmməd Əli şah Qacar Rusiya elçiliyinə sığındığı halda, az sonra “İran məşrutəçiləri”nin oyununa gətirlərək Tehranda xəyanətə uğrayan Türk (Azərbaycan) məşrutəçilərinin lideri Səttarxan isə Türkiyə elçiliyinə pənah aparmışdır. Bu onu göstərir ki, Qacarlar dövlətinin tənəzzülündə Türk düşmənlərinin təsiri altına düşmüş Məhəmməd Əli şah Qacarın da payı az olmamışdır. Ə.Hüseynzadənin təbrincə desək, artıq onun hakimiyyəti dövründə Qacarların az-çox ortada olan iqtidar və nüfuzu da əldən çıxmışdır: “Taleyin artıq özlərinə müxalif olduğunu seziyorlar, anlayorlar ki, iqtidar və nüfuzları əldən gediyor. Bir fərdin (Məhəmməd Əli şahın-F.Q.) siyasəti-heyvaniyyəsi üzündən gediyor”.

Şübhəsiz, Qacarların süqutunun əsas icraçıları isə əvvəlcə “İran irticaçıları” qılığında Məhəmməd Əli şaha xəyanət edən, az sonra “İran məşrutəçiləri”nə çevrilib Səttarxana arxadan zərbə vuran farsdilli qüvvələrlə onların havadarlarından ruslar  olmuşdur. Belə ki, Məhəmməd Əli şahın devirlməsindən sonra “İran məşrutəçiləri”nə çevrilən farsdilli qüvvələr 1910-cu ilin martında fədailərin tərk-silah edilməsi adı altında Azərbaycan Türk məşrutəçilərinin liderləri Səttarxanla, Bağırxanı Tehrana dəvət edərək heç bir əsas olmadan xəyanətə əl atdılar. “Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttarxan və onun ətrafındakılara Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər o cümlədən Səttar xan yaralandı. Bununla da inqilabın son səngəri dağıdıldı. Səttarxan və Bağırxana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin Cənubi Azərbaycanda yerləşən çar Rusiyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. İrticaçılar Təbrizə qayıtdılar”.

Artıq bütün bunları edən Məhəmməd Əli Qacar ya da Əhməd şah Qacar deyil, məhz sözdə “məşrutəçi”, “irançı” qılığına girmiş farsdilli qüvvələr və havadarları (ruslarla ingilislər) idilər. Dünənə qədər Məhəmməd Əli  şahın “monarxiyasını” müdafiə edən ruslarla ingilislər artıq “İran məşrutəçiləri”nin dəstəkçisinə çevrilmişdilər. Deməli, Türk düşmənlərinin əsas məqsədi bir tərəfdən Türklərin öncüllüyündəki məşrutə hərəkatını darmadağan etməklə onları zəif buraxmaq olduğu halda, digər tərəfdən Məhəmməd Əli şahı oyuna gətirərək onun devrilməsinə zəmin hazırlayaraq farsdillilərin öncüllüyündə “məşrutəli İran” qurmaq olmuşdur. İkinci dəfəki “məşrutə” artıq Qacarlar Türk məşrutəsi deyil, doğrudan-doğruya “İran fars məşrutəsi” idi. “İran-fars məşrutəsi” dönəmində də türklərə heç bir öncüllük verməmək üçün, Azərbaycan türk məşrutəçiləri Tehrana dəvət edilərək xəyanət yoluyla divan tutuldu. Ən maraqlısı odur ki, Azərbaycan türk məşrutəçilərinin liderləriylə silahdaşlarına Tehranda ingilis hərbi qüvvələri, Təbriz və ətrafdakı türk fədailərinə isə rus qoşunları divan tutmuşdur. Hər halda Tehranda konstitusiyanı bərpa edən “İran fars məşrutəçiləri”nin eyni iş uğrunda mübarizə aparan Azərbaycan Türk məşrutəçilərinə etdikləri xəyanətdən başqa bir şey deyildir.

Özəlliklə, Təbriz başda olmaqla Azərbaycanda baş verən məşrutəni müdafiə hərəkatı zamanı deyil, məhz bu hərəkatın rusların əliylə yatızıdırılmasından sonra, Rəşt və İsfahanda Məhəmməd Əli şah Qacara qarşı çıxışların baş qaldırması, farsdilli qüvvələrin Tehrana yürüşün təşkil olunması sonucunda Qacarların yenidən məşrutəli dövlətə çevrilməsi çox düşündürücüdür. Şübhəsiz, Türk düşmənlərinin burada əsas məqsədi Qacarların Türk ulusu öncüllüyündə deyil, farsdillilər öncüllüyündə məşrutə ya da parlamentli dövlətə çevrilməsi idi. Bunun üçün də, Qacarlar hökmdarlarından Məhəmməd Əli şah Qacarı oyuna gətirən, bir növ onun əliylə Təbriz başda olmaqla Azərbaycan Türk ulusunun öncüllüyündə baş vermiş məşrutəni qoruma hərəkatını boğan, bunun əvəzində isə az sonra Rəşt, İsfahanda baş qaldırmış farsdillilər öncüllüyündəki “məşrutə”yə dəstək verən İngiltərəylə Rusiya Qacarlara və onun əsas dayağı olan Türk ulusuna çox böyük zərbə vurmuş oldular. Qacarlarda geniş miqyasda başlayan ilk məşrutə hərəkatının basılmasında, yəni Şahla yenilikçi-dünyəvi ruhlu məşrutəçilər arasında birliyin baş tutmamasında da əsas rolu bu iki Türk düşməni dövlətiylə onun buradakı əlaltıları, o cümlədən farsdilli qüvvələr oynadılar.

Bununla da, Məhəmməd Əli şah Qacarın dövründə (1907-1909) Türk düşmənləri “bir oxla iki quş vurmağı” bacarmış, yəni Türk ulusuyla Qacarları ciddi məğlubiyyətə uğratmağın fonunda, artıq Qacarlarda yeni bir hakimiyyət dövrünün başlanğıcının təməl daşlarını atmağa başlamışdılar. Məhəmməd Əli şah Qacarı taxtdan salınıb onun azyaşlı oğlu Əhməd Qacar şah (1909) seçildikdən sonra yenidən ölkədə məşrutənli, yəni parlamentli, konstitusiyalı dövlətin bərpa edilməsi isə, artıq Qacarların sonunu gətirəcək türksüz hakimiyyətin formalaşmasına hesablanmışdı. Beləliklə, Qacarlar dövlətində yenilkçi-məşrutəçi türklərlə (birinci xətt)  irticaçı-mühafizəkar farsdillilər (ikinci xətt) arasında mübarizənin pik nöqətsi Məhəmməd Əli şah Qacarın qısa sürən hakimiyyəti dövrünə təsadüf edir ki, sonunda məğlub olan Türk məşrutəçilərlə Qacarlar, qazanan tərəf isə İslam-şiə, “İran”-“İranlılıq” maskasına bürünmüş “İran”çılar, yəni farsdilli “məşrutəçilər”lə havadarları Rusiya və İngiltərə oldu.

Təsadüfi deyil ki, Rusiyayla İngiltərə Azərbaycan türk məşrutəçilərini sıradışı buraxdıqdan sonra, 1912-ci ilin əvvəllərində hələ 1907-ci ildə bağlanmış ingilis-rus sazişinin “İran məşrutəçilər”i tərəfindən qəbul edilməsinə nail oldular. Bu saziş əsasında Qacar dövlətinin cənub tərəfi olan, əsasən Farsistan İngiltərənin, şimal hissəsi olan Azərbaycan, Xorasan və başqa yerlər isə Rusiyanın nüfuz dairəsi elan edildi. Bütün bunlar, sıradan bir şey deyil, məhz Qacarlarda ikinci “məşrutə”nin farsdilli qüvvələrin önücüllüyndə elan olunmasının nəticəsi idi. Bununla da, faktiki olaraq farsdilli qüvvələr Türkləri zərərsiləşdirmək, eyni zamanda özlərinin yerlərini mökəmlətmək naminə Qacarlar imperiyasını Rusiya və İngiltərə arasında bölüşdürdülər. Üstəlik, Rusiya və İngiltərə yetməzmiş kimi, farsdilli qüvvələr Ariyaçılıq düşüncəsiylə Almaniyanı da oyuna cəlb etməklə Qacarların çöküşünü sürətləndirdilər.

Gördüyümüz kimi, Əhməd şah Qacarın hakimiyyətnin ilk dövrləri əsasən ikinci xəttin (İran-fars irticaçıları) üstünlüyü çərçivəsində gerçəkləşmişdi ki, ikinci xətin birinci xətt (Qacar-Türk-Azərbaycan yenilkçilərinə) üzərində üstünlüyündə isə xarici qvvələrin maddi-hərbi müdaxilələri, o cümlədən şiə məzhəbçiliyi ilə yanaşı, Türk düşmənlərinin ideyasının məhsulu olan mənəvi-ideoloji “İran”, “İranlılıq”, “Arilik” də mühüm rol oynadı. Əslində Əhməd şah Qacar azyaşlı (o, 9 yaşında şah seçilmişdir) olduğu üçün faktiki olaraq ilk dövrlərdə hakimiyyət farsyönlü şiəçi, məşrutəçi “irançılar”ın əlində idi. Hətta, onlar zahirən İslam məzhəbçiliyi (şiə), məşrutəçilik, “İranlılıq” qılığına girdikləri üçün ilk dövrlərdə Türklər, o cümlədən Azərbaycan türkləri arasından bir çox dövlət adamlarını və aydınları belə özlərinə tərəf çəkməyi başarmışdılar. Belə ki, ilk dövrlərdə Türk aydınlarından M.Ə.Rəzulzadə, S.H.Tağızadə, Türk dövlət başçılarındam Eynədüddövlə və başqaları belə “İran”, “İranlılıq” ideolojisini doğru görmüşdülər. Bu barədə ayrıca yazacağımızdan yalnız onu deyə bilərik ki, Qacarlardakı bir çox Türk aydınlarının və dövlət başçılarının ilk dövrlərdə “İran”, “İranlılıq” ideolojisinin təsiri altına düşməsi də, sonuncu Türk imperiyasının tənəzzülündə müəyyən rol oynadı.

İkinci məşrutə dövründə çox keçmədən Səttarxan və silahdaşlarına olan xəyanət, fars şovinizminin yüksələn xətlə artması, xüsusilə Birinci Dünya müharibəsi dövründə farslar arasında “Ariliyin” geniş təbliğindən sonra türklər, o cümlədən Azərbaycan türklərindən bir qismi “İran” və “İranlılıq” ideolojisindən üz döndərdilər. Bizcə, türklərin “İran” və “İranlılıq” ideolojisindən üz döndərməsində Ariliyin önə çəkilərək bunun müqabilində türklərin aşağılanması da mühüm rol oynadı. Əslində özlərini “Ari” xalq elan edərək almanlarla qohumluqlarını irəli sürən farsların bu addımı, türklərin ayılmasına, ən əsası “İran” və “İranlılıq” ideolojisindən uzaqlaşmasına səbəb oldu. Məhz “İran” və “İranlılıq”la yanaşı, “Ari”liyin də ortaya çıxmasından sonra Birinci Dünya müharibəsinin sonlarına doğru Azərbaycan türkləri Şeyx Məhəmməd Xiyabaninin başçılığıyla yenidən toparlanmağa başladılar.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır