Modern.az

Belarus prezidentinin kəndçi xanımı...

Belarus prezidentinin kəndçi xanımı...

Reportaj

1 Mart 2011, 10:48

Ərindən ayrı yaşayan Qalina Lukaşenko indiyədək xaricdə olmayıb

Dünyanın müxtəlif dövlətlərinin başçıları kimi, onların xanımlarının da həyat tərzi, keçmişləri, bügünki fəaliyyətləri maraq doğurur. Bir çox ölkələrdə birinci ledilər, hətta bəzən ərlərindən daha çox üzdə olurlar. Belarusun birinci ledisi barəsində çox az şey məlumdur. Ən maraqlısı isə odur ki, Aleksandr Lukaşenkonun xanımı əri ilə bir yerdə yaşamır.


Qalina Lukaşenko: “Saşa mənimlə görüşmək üçün dörd kilometr yol gəlirdi”


Aleksandr Lukaşenko siyasi karyerasında sıçrayış edəndən sonra jurnlaistlər onun həyat yoldaşından tez-tez müsahibələr alırdı. O isə səmimi qadın olduğundan imtina etmirdi. Lakin tezliklə onun mətbuata hər hansı açıqlama verməsinə qadağa qoyuldu.

Qalina ilə Aleksandr Lukaşenkoların evliliyinin bu il 36 ili tamam olur. Ancaq son illər ər-arvad ayrı yaşayırlar. Əvvəlcə Belarus prezidenti deputat seçilib. O vaxt Minsk ilə Mogilyov yaxınlığındakı doğma Rijkoviç arasında qalmışdı. 1994-cü ildə Lukaşenko prezident olanda Qalina Rodionovna paytaxta gəlməyə tələsmədi. Səbəbsə oğlanlarının otra məktəbi bitirməməsi, təsərrüfatı tapşırası bir adamın olmaması idi. Oğlanları Minskə gəlib universitetə qəbul olunurlar. Sonra prezident anasını da paytaxta gətirir və Qalina tamamilə tək qalır. Elə indi də ərinin yanına getməyə yığışmır. Oğlanlarının, nəvələrinin yanına bayramlarda gəlir və həmişəki kimi adi kərpicdən tikilən evdə yaşayır. Prezidentin arvadı Sklovsk rayon sağlamlıq və sanatoriya mərkəzində baş mütəxəssis işləyir. Onun Belarus mətbuatına müsahibəsində maraqlı məqamlara toxunulub.


- Siz Aleksandr Qriqoryeviçlə harada tanış olmusunuz?

- Biz bir məktəbdə oxumuşuq, amma o məndən bir yaş böyükdür. Bizim ailə əvvəlcə Vilyevski rayonunda yaşayırdı, mən orada 7-ci sinfi bitirmişəm. Sonra anamın vətəninə, Sklovski rayonuna gəldik. Saşa elə gözəl idi ki, tez-tez məktəbdə keçirilən gecələri aparırdı, nə qədər qız ona vurulmuşdu...
Bizim evdə çox zəngin kitabxana vardı, o qədər varlı olmasaq da kitaba pul əsirgəmirdik. Saşa da, mən də çoxlu kitab oxuyurduq. Elə kitab oxuyan yerdə də bir-birimizi kəşf etdik.

- Kim kimin arxasınca qaçırdı?

- Mən heç vaxt heç kimi arxasınca qaçmamışam. O isə mənimlə görüşmək üçün Aleksandriyaya gəlirdi. Onunla bizim aramızda 4 kilometrlik məsafə vardı. Çox vaxt evimizin ətrafında gəzişirdik. Sonra Saşa Mogilyov institutunun tarix fakültəsinə qəbul olundu. Bir ilə sonra mən də həmin institutun tələbəsi oldum. Görüşlərimiz davam edirdi. Mən 3-cü kursu qurtaranda evləndik. Saşa artıq diplom alımışdı.


- O, sizə necə evlənmək təklif etdi?

- Nə qədər qəribə olsa da, unutmuşam. Bu sanki birdən baş verdi, ağlımıza gəldi ki, biz evlənməliyik. Anam çox da sevinmədi, çünki hələ bir il də oxumalıydım.Amma etiraz da etmədi. Saşa orduya getdi, mən də institutu bitirdim. Sonra Vitya anadan oldu.


“Kəndə oğlumuza görə gəldik”

- Hamı kimi bizim üçün də əvvəlcə çətin oldu, hər şeyimiz çatışmırdı. Mogilyova gəldik, mənzil kirayələdik. Saşanın işləri yaxşı gedirdi, mən də məktəbdə işə düzəlmişdim. Üç gün işlədim, bizim faciəmiz başladı. Vitya sağalmaz xəstəliyə yoluxdu. Mən bir il onunla xəstəxanalarda keçirdim. Aptekə qaçdığım günləri indi də xatırlayıram. Mayın 1-də hamı bayram paltarı geyinib, gülür, şənlənir, mən isə normal həyatın necə olduğunu unutmuşdum. Bəxtimiz gətirdi, yaxşı, təcrübəli həkimə rast gəldik. O dedi ki, oğlunuzu xilas etmək istəyirsinizsə, kəndə gedin, uşağın kənd yerində yaşaması məsləhətdir. Beləcə, Mogilyovdan getdik.  Mən uşaq bağçasına işə düzəldim, oğlumun yanında olmaq üçün. Saşa da o vaxt karyerası haqda düşünmürdü. Biz oğlumuzu xilas etdik. Vitya indi sağlamdır.


- Siz nikahlısınızmı?


- Yox, halbuki, mən bunun əleyhinə deyildim. Amma o zaman bu qəbul olunmamışdı. İndi isə bilmirəm, ərimin buna münasibəti necədir.

- Aleksandr Qriqoryeviç prezident seçiləndə sizin Rijkoviçdə qalacağınız haqda qərarı kim verdi?

- Mən getməmək qərarına gəldim., Saşa da dilə tutmadı.

- Əriniz Rijkoviçə tez-tez gəlir?

- Yox, mən Minskə ondan çox və tez-tez gedirəm.

- Prezident rezidensiyasında olmusunuzmu?

- Əlbəttə.

- Oranın sahibəsi sizsiniz?

- Əgər mən orada yaşamıramsa, necə sahibə ola bilərəm?

- O sizə maddi cəhətdən yardım edirmi?

- Əlbəttə, hər bir ər arvadına etdiyi kimi.

“Mən onunla heç vaxt dövlət işlərini müzakirə etməmişəm”

- Prezident xanımı kimi paytaxtda yaşamamağınız sizə ağır gəlmirmi?

- Yox. Mən belə həyatı özüm seçmişəm. Əlbəttə, uşaqlarım böyüyəndən sonra evdə tək qaldım. Amma onlar həmişə kəndə gəlirlər. Təklik məni üzmür. Çoxlu oxuyuram, meşədə gəzməyi də çox sevirəm. İşdə çox yoruluram, gün ərzində insanlar müraciət edir. Çalışıram ki, əlimdən gələn köməyi göstərim. Bəzən o qədər yoruluram ki, gecələr yuxuya belə gedə bilmirəm.

- Sizə prezidentdən nəyisə xahiş etmək üçün müraciətlər çoxmu olur?

- Çox vaxt məktub çatırmağı istəyirlər. Əvvəllər belələri ağlasığmaz dərəcədə çox idi. Qonşu qonşusu ilə 1 sot torpağı bölüşdürə bilmirdi, o saat yerlilərinə məktub yazırdılar. Qonşularımız, tanışlarımız isə demək olar ki, müraciət etmirlər. Saşaya müraciət edənlərin əksəriyyəti yad adamlardır.


- Siz həmin məktubları neyləyirsiniz?

- Oxuyuram, əgər doğrudan da özbaşınalıqdırsa, yaxud yerli hakimiyyət həll etmək gücündə deyilsə, onda Minskə çatdırıram.

- Aleksandr Qriqoryeviç hirslənirmi?

- Yox.

- Ərinizin prezident olduğunu necə təsəvvür etmək olar?

- Mən ki onun yanında yaşamışam, onun necə inkişaf etdiyini görmüşəm. O qeyri-adi insandır.

- Siz hələ də onu sevirsiniz?

- Əlbəttə.

- Siz onunla dövlət işlərini müzakirə edirsinizmi?

- Heç vaxt. Mən heç vaxt onun işlərinə qarışmamışam.

- Siz güzəştə getməyə öyrəncəlisiniz?

- Bəli, həmişə.

- Bəs, ailədə qərarı kim qəbul edir?

- Hansı köynəyi almağı, nahara nə hazırlamağı mən qərar verirəm. Həyatı vacib məsələlərin isə Saşa həll edir.

“Xaricdə olmamışam, həvəsim də yoxdur”

- Oğlanlarınız harada yaşayır?

- Ataları ilə, onun rezidensiyasında.

- İxtisasları nədir və harada işləyirlər?

- Vitya beynəlxalq əlaqələr fakültəsini  bitirib, prezidentin köməkçisidir. Dima beynəlxalq hüquq mütəxəssisidir. Prezidentin idman klubunun rəhbəridir.

- Neçə nəvəniz var?

- Dörd. Böyüklərin adları Viktoriya və Aleksandr, kiçiklərinki Anastasiya və Daryadır.

- Əriniz nəvələri ilə tez-tez görüşür?

- Tez-tez, onlarla oğlanlarından da çox oynayır, oyuncaqlar hədiyyə edir.

- Oğlanalarınızın yanına tez-tez gedirsiniz?

- Demək olar ki, bütün bayramlarda gedirəm. Onların yaşayışı məni sevindirir. Arvadlarına kömək edirlər. Onlar uşaqlıqdan buna öyrəşiblər. ərim işdən yubananda, qızım da yoxdur, onlar həmişə mənə kömək edərdilər.

- Xaricdə olmusunuz?

-Yox və heç yerə getmək həvəsində də deyiləm.


Qalina Rodionovnanın Rijkoviçdəki evi “yeni belaruslarınkına “ çatmasa da, amma ən yaxşılardan biridir. Burada evin xanımından başqa Bali adlı çoban iti də yaşayır.

Sanki burada hər şey Belarusun birinci ledisi üçün yaxşıdır, ancaq gözləri qəmlidir, hətta o güləndə də bu hiss olunur.



Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!