Modern.az

“Polis məni döydü, burnum qırılsa da, bayrağı vermədim” - Bayraqdarla MÜSAHİBƏ

“Polis məni döydü, burnum qırılsa da, bayrağı vermədim” - Bayraqdarla MÜSAHİBƏ

8 Noyabr 2016, 17:13

Noyabrın 9-u Azərbaycanda Bayraq günü qeyd olunur. Bayraq günü Prezident İlham Əliyevin sərəncamı ilə 2009-ci ildə təsis edilib. Modern.az saytının əməkdaşı Bayraq günü münasibəti ilə bayraqdar Elman Türkoğlu ilə söhbətləşib.


-İlk dəfə üçrəngli bayrağımızı qaldırdığınız günü necə xatırlayırsınız?

-Bayraq bizim başımızın ucalığıdır. Bayraq babalarımızdan bizə qalan yadigardır. Məhəmməd Əmin Rəsulzadə bayrağımızı yox yerdən var elədi.

1988-ci ilin 19 noyabrında ilk dəfə üçrəngli Azərbaycan bayrağını mən qaldırmışam. Sabir Rüstəmxanlı iddia edirdi ki, ilk dəfə üçrəngli bayrağı o qaldırıb. Onlar hamısı Sovet bayrağını tutmuşdular. Heç bilmirdilər bu haranın bayrağıdır. İlk dəfə Məmməd Əlizadə Gültəkin ananın (Gültəkin Həsənova)  tikdiyi bayrağı meydana gətirib. O bayraqlar indi də məndə qalır.  Bayraq meydana gətiriləndə heç kim bilmirdi ki, göy rəng yuxarıdadır, yoxsa yaşıl. Tofiq Türkel deyirdi ki, göy rəng yuxarıdadır, amma bəziləri yaşıl rəngin yuxarıda olduğunu deyirdi. Tofiq Türkel bu məsələni Əbülfəz Elçibəylə dəqiqləşdirdi.

Əvvəllər gəlib bayraqları yoxlayırdılar. Ona görə də mən bayrağı gizlədirdim. Yataqxanaya hücum edib bayraqları aparmaq istəyirdilər. 1995-ci ildə bir neçə polis məni döyərək, bayrağı əlimdən almaq istədi. Burnum qırılsa da, mən bayrağı heç kimə vermədim. Bayraq mənə ailəmdən, övladlarımdan, bütün nəslimdən daha əzizdir.

-Dövlətin Bayrağımıza qayğısını necə dəyərləndirirsiniz?


-Dövlətin bayrağımıza verdiyi dəyər çox təqdirəlayiqdir. Hansı ölkədə bayraq günü qeyd olunur? Həm müxalifət, həm də iqtidar bayrağımıza dərin hörmətlə yanaşır. Bəzən görürük ki, hansısa xarici ölkədəki tədbirdə bayrağımızı səhv asırlar. Amma diplomatlarımız onun fərqinə varmır və ya bilərəkdən gedib düzəltmirlər. Belə diplomatlara sərt cəzalar verilməlidir.

-Kimsə sizin yerinizə bayraqdar olmaq istəyibmi?

-Bir dəfə dedilər ki,  Elman qocalıb, bayrağı başqa bayraqdar daşımalıdır. Mən bununla razılaşmadım. Çünki bayraqdan olmaq çətin işdir, bayraqdar olmaq üçün test keçmək lazımdır. Bir nəfər dedi ki, “mən bayraqdarlığa namizədəm”, ona şərtləri izah etdim. Əlində bayraqla Nəsimi polisinin qarşında etiraz səsləri ucaltmağı, polislər onu döysə belə, bayrağı qoyub qaçmamağı anlatdım. Amma polisin dəyənəyi ona dəyən kimi bayrağı qoyub qaçdı. Mən bayrağı götürəndə polislərə bildirdim ki, bu bayraqdar olmaq üçün bir test idi, o keçə bilmədi, polislər güldülər. Mən o bayrağın üstünə qeyd etdim ki, testdən kəsilib.

-Bəs müşahidələrinizə görə, cəmiyyətdə bayrağa münasibəti necədir?

-Hamı bilir ki, mənim nə maşınım var, nə də var-dövlətim. Mən yataqxanada yaşayıram. Mərhum prezident Əbülfəz Elçibəy öz hakimiyyəti dövründə mənə 2 ev verdi. Mən o evlərdən birini məcburi köçkünə, birini də Qarabağ əlilinə bağışladım. Cəmiyyətimizdə bayrağımıza çox böyük hörmət var. Kiçikdən-böyüyə hər kəs bayrağı çox sevir.
“Qarabağ” futbol klubunun oyunları zamanı daha çox bayraq dalğalanmasının şahidi olmuşam. Amma bayrağımızın yüksəlməsi bəzilərini qıcıqlandırır. Bəzilərini çıxmaqla, Azərbaycan türkləri bayrağımızı sevirlər. Müxalifət və iqtidarda bayrağa xüsusi hörmət var. Əgər mən 2018-ci ilə sağ qalaramsa, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Gəncədən və ya  Masallıdan Bakıya bayraqla yürüş edəcəyəm.
Necə ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovun yas mərasiminə Bakıdan piyada getdim, eləcə də Cümhuriyyətimizin yaranmasının 100 illiyinə görə ya Gəncədən, ya da Masallıdan Bakıya piyada gələcəm.
 

-Bayrağımızı hansı ölkələrdə dalğalandırmısınız?

-Üçrəngli bayrağımızı Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tatarıstan, Qırğızıstan, Türkiyə və Rusiyada dalğalandırmışam. 1990-cı il yanvarın 21-də  Moskvada Kremlinin üstünə (Leninin mavzoleyinin olduğu yer) 4 Azərbaycan bayrağı və 3 türk bayrağını qaldırıb dedim ki, bura da bizim torpaqlardı...

-Evinizdə bayraq kolleksiyanız varmı?

-Evimdə bayraqlar çoxdur. Mən hər il bayraqları yeniləyirəm. Bütün bayraqların harada, necə istifadə olunması ilə bağlı qeydlər yazmışam. Çindən gətirilən bayraqlar çox keyfiyyətsizdir. Rəngləri tez solur. Anacaq Türkiyədə istehsal olunan bayraqlar daha yüksək keyfiyyətə malik olur. Türkiyənin istehsal etdiyi bayraqlar çox baha olur, pulum çatmır almağa. Xarici ölkələrdə olan dostlarım tez-tez məndən bayraq istəyirdilər. Devalvasiyadan əvvəl imkanım olduqca, bayraq alıb göndərirdim. Amma indi bayraq almağa imkanım çatmır. Bayraqların qiyməti bir neçə dəfə artıb.

-Gələcəkdə bayraq muzeyi yaratmaq fikriniz varmı?

-Belə bir fikrim var. Gələcəkdə ev götürüb Bayraq muzeyi, Elçibəy Muzeyi, Məhəmməd Əmin Rəsulzadə muzeyi və Şah İsmayıl muzeyi açmağı planlaşdırıram.

 

 

Qafar Ağayev

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi