Modern.az

Töhmət

Töhmət

9 Noyabr 2016, 10:55

Mahir QABİLOĞLU

(hekayə)

 

Dostum, professor Buludxan Xəlilova

 

Rəis bu gün işə çox əsəbi gəlmişdi. Tir-tir əsirdi. Yox, qızdırmalı adama oxşamırdı. Hava da şaxtalı deyildi ki, soyuqdan titrəyə. Qorxudan da əsməzdi yəqin. Kimdən qorxacaqdı ki? Axı o, rəis idi. Biz ondan qorxmalıydıq.  Yəqin ki, əsəbindən əsirdi. Kim əsəbiləşdirə bilərdi ki, onu? Bəlkə “yuxarı”larda xətrinə dəymişdilər? Yox. Suyu da üfürə-üfürə içir, işini ehtiyatlı tutandır. İnanmıram ki, kimsə onun işindən narazı olsun. Bəs nə olub rəisə? Bu gün cümə axşamıdır. Bəlkə cüməaxşamıya gedib? Ölüdən qorxub? Yox, cüməaxşamıda ölü nə gəzir ki? Kabinetinə girər-girməz qışqırır:

–        Hanı kadrlar şöbəsinin müdiri? Tez gəlsin yanıma.

Katibə otaqdan güllə kimi çıxır. O qədər özünü itirir ki, heç telefona da əl atmır. Özü qaçır arxasıyca. Kadrlar şöbəsinin müdiri tez özünü çatdırır. Otağa girər-girməz rəisin yenə səsi gəlir:

–        Baş mühasibi də çağır.

Katibə bu dəfə də otağından dəhlizə sıçrayıb baş mühasibin otağına qaçır. Onunla bir yerdə qayıdır.

Rəis çox sakit və mülayim adamdır. Xalq arasında belələrinə “insan adam” deyirlər. Bir işçinin də xətrinə dəyməyib buvaxtacan. Nə vaxtsa qışqırmağını yox, səsini ucaltmağını da heç kəs eşitməyib. Ona görə də onun bu cür əsəbiləşməyi və həyəcanı doğma bacısı qızı olan katibəsini də çaşdırmışdı.

–        Getdik işçiləri yoxlamağa!

Rəis, yanında kadrlar şöbəsinin müdiri və baş mühasib şöbə-şöbə gəzərək idarənin bütün işçilərini yoxlayırdılar. İşçilər də məəttəl qalmışdılar ki,  saat beşin yarısında bu, nə yoxlamadır? Səhər-səhər, iş başlananda olsaydı, heç olmasa başa düşülərdi. İşin axırında, 6-da olsaydı yenə anlamaq olardı.

– Hanı Qurbanov?

– Atif müəllim, rayona gedib. Dedi ki,  sizdən icazə alıb. – deyə kadrlar şöbəsinin müdiri dilləndi.

– Məndən? – rəis bir az da səsini qaldırdı. –  Ərizəylə müraciət edibmi?

– Xeyr.

– Başa düşmədim, bura mənim dədəmin idarəsi-zaddır? Burda Əmək Məcəlləsi işləmir? Necə yəni “məndən icazə alıb”?

– Belə dedi, Atif müəllim. Deməli aldadıb məni. Yaxşı, qoy qayıtsın. – deyə kadrlar şöbəsinin müdirinin sifəti bozardı.

– Məndən bir rəis kimi razılıq ala bilər. Onda sən nəyə lazımsan? İxtisar edək, çıx get özünə başqa iş axtar. İcazəni səndən almalıdır. Özü də qanunlara uyğun. Yazılı şəkildə, ərizəylə. Abbasova hanı?

– Xəstədir. Zəng eləmişdi ki, xəstədir, qızdırması var.

– “Bülleten” gətirsin. Gətirməsə “proqul” yazıb qovacam işdən. Həmkarlar təşkilatının sədrini də agah edin bu barədə. Bir də kim icazə almaq istəyir – lap bir saat olsun – kadrlar şöbəsinin müdirinə yaxınlaşıb ərizə yazmalıdır. O da mənə təqdim etməlidir ki, üstünə dərkənar qoyum. O da o vaxt  ki... mən bunu lazım bilsəm. Yoxsa ki, uşaq bağçasına döndərmisiniz idarəni. Biri deyir anayam, uşağımı bağçadan götürməliyəm. O biri deyir qaynanamın burnu qanamışdı. Bu biri deyir rayona yasa gedirəm. Bütün işlərinizi saxlayın istirahət gününə, ya da işdən sonraya. Bir nəfər işə geciksə, işdən tez getsə, yazılı icazəsi və xəstəlik kağızı olmadan işdən yayınsa, qovacam. Bildiz? Onca  dəqiqə gecikənlərin belə, maaşından 20 faiz tutulacaq. Əvvəl “Xəbərdarlıq”, sonra “töhmət”, sonra “şiddətli töhmət” veriləcək. Dördüncü dəfə day töhmət-zad olmayacaq. Qovacağam işdən. Baş mühasib, eşitdin?

– Bəli, Atif müəllim.

Bu vaxt otaqdan hıçqırtı səsi gəldi. Təlimatçı Gülnarə idi ağlayan.

– Sən niyə ağlayırsan? – deyə rəis soruşdu.

– Uşağı indi bağçaya kim qoyub,  kim götürəcək? Heç olmasa saat beşdə çıxıb, güc-bəla özümü  “İnşaatçılar” metrosundan Günəşliyə çatdırırdım...

– Bilmirəm! – rəis onun sözünü ağzında qoydu. – Bunu doğmamışdan qabaq fikirləşməliydiniz. O birilərinin də nəzərinə. Uşaq, ər, qaynana, ailə, filan-milan bilmirəm. Başa düşdüz? Burada hamınız işçisiniz. Bir nəfər kimi hamınız əmək qanunvericiliyinə əməl etməlisiniz. Qanunvericilikdə işçilər “mat odinoçka”, uşaqlı-muşaqlı kateqoriyasına bölünməyib ki, mən də güzəşt edim. Mənimçün hamınız eynisiniz.

Rəis son sözünü də deyib bir az sakitləşdi. Amma əsməyi getmirdi. Nə olmuşdu ona? Heç kim bilmirdi. Atif müəllim kabinetinə qayıtdı. Katibə tez “apteçka”dan Validol çıxartdı. Dayısına uzatdı. Atif müəllim Validolu dilinin altına qoydu.  “Allah sənə lənət eləsin, Mirələm” deyib əllərini stolun üstündə çarpazlaşdırdı. Beləcə başını əllərinin üstünə qoyub bir müddət tərpənmədi.  Katibə də sakitcə otaqdan çıxdı. Cürət də edib soruşmadı ki, “dayı, axı nə olub?”

Bir-iki dəqiqədən sonra rəis başını qaldırdı. Elədiyi hərəkətə, işçilərin üstünə qışqırdığına görə peşmançılıq hissi keçirirdi. Amma ki, yox. Dediyini demişdi. İşlər necə ki, qanunauyğun gedirsə, nizam-intizam da qanuna  uyğunlaşdırılmalıydı. İcazə almağa son qoyulmalıydı. Nə olsun ki, bunu özü də istəmirdi. Axı özü də nəvaxtsa rəisindən icazə alanda, heç vaxt “yox” cavabı eşitməmişdi. Sıravi əməkdaş olanda nə işə gecikdiyinə görə “töhmət” almışdı, nə də maaşından tutmuşdular. Amma indi məcbur idi. Oturub sabahı, yeni iş gününün başlanmasını səbirsizliklə gözləyirdi. Tufanı sabah qoparacaqdı.

Səhər işə hamıdan tez gəlmişdi. Əgər işçilərdən nizam-intizam tələb edirsənsə, birinci növbədə özün nümunə olmalısan. Nə olsun ki, leksikonda “müdir işə gecikir” ifadəsi yoxdur. Müdir yalnız  ləngiyə bilər, ya da idarənin vacib işlərini həll etdiyi üçün yubana. Amma Atif müəllim rəis keçəndən alman dəqiqliyi ilə oturub-duran adam idi. İşə gecikdiyini görən olmamışdı. Bir sözlə, əvvəllər də nümunə idi.

Amma bacısı qızı olan katibəsi hər gün gecikirdi. Uşağı bağçaya qoyanacan, işə çatanacan bir saat keçirdi. Dayısı da ona dinmirdi. Xəbərdar idi işə gecikmək səbəbindən.

Atif müəllim işə gələndə həmişə birinci kabinetinə girirdi. Amma bu dəfə kadrlar şöbəsinin qapısını açdı. Artıq hamı iş başındaydı. Müdir də, işçilər də...

– Dəftər-kitabını götür, gəl arxamca. – deyə amiranə şəkildə dilləndi.

Ordan mühasibatlığa gəldilər. Mühasiblər yerindəydilər. Baş mühasibi də götürüb gəldilər rəisin otağına. Qapı bağlıydı. Açarı çıxarıb qapını açdı:

– Gördünüz? Katibə işə gecikib. Mən öz bacım qızından qayda-qanun tələb etmirəmsə, başqalarına nə deyə bilərəm ki?

Bu zaman bacıqızı dəhlizin o başından göründü. Addımlarını tezləşdirərək özünü otağa çatdırdı:

– Dayı, bağışla gecikdim. Gülkanı bağçaya qoyurdum. Anam sənə deyib də...

– Nə ana, nə dayı? Sənə demişəm ki, mənə iş yerində dayı demə. Mən hamıyçun, səninçün də Atif müəlliməm. Bildin? Kadrlar, birinci katibədən başlayırıq. “Xəbərdarlıq” elan olunsun və maaşından 20 faiz tutulsun. Ağlı gəlsin başına.

Bacıqızı doluxsundu. Amma heç nə demədi. Atif müəllim, kadrlar şöbəsinin müdiri və baş mühasib otaqları bir-bir gəzməyə başladılar. Hər şöbədən gecikən vardı. Hamısı da qadınlar. Şöbə müdirlərinin də verdiyi izahat oxşar idi: “Uşaqlarını bağçaya qoyduqları üçün gecikirlər”. Amma Atif müəllim heç birini bağışlamırdı. “Yaz, “Xəbərdarlıq” yaz. Maaşından da 20 faiz tutun” deyə baş mühasibə göstəriş verirdi. Arxasıyca da əlavə edirdi ki, “mən heç bacım qızına da güzəştə getmirəm”.

Beləcə rəis bütün şöbələri yoxlayıb otağına qayıtdı. Amma bununla hirsi soyumadı. “Gecikən işçilər gələn kimi kabinetimə göndərin” dedi.  Bir saatdan sonra rəisin otağında “razborka”  başladı. Beş qadın idi. Amma onlardan yalnız biri, təlimatçı Gulya ağlayırdı. O birilər isə sakit dayanıb rəisin danlaqlarına qulaq asırdılar. Eləcə qulaq asırdılar. Cınqırları da çıxmırdı. Bircə təlimatçı Gulya ağlayırdı. İçin-için ağlayırdı. Amma heç kim danışıb özünə haqq  qazandırmaq  istəmirdi. Təkcə Atif müəllim danışırdı, kükrəyirdi, özündən çıxırdı, qışqırırdı. Əmək Məcəlləsindən, qanunvericilikdən, buvaxtacan üzüyumşaq olmasından, hətta bacısı qızı olan katibəsini belə bağışlamamağından dil-dil ötürdü. Qadınlar isə başlarını aşağı salıb dinmirdilər. Bircə təlimatçı Gülya  ağlayırdı.

Atif müəllim sözünü qurtardı.

– Gedin işinizlə məşğul olun. Bir də gecikməyinizi görməyim. Kadrlar şöbəsi, əmrləri hazırla, gətir.

İşçilər otaqdan çıxdılar. Atif müəlliminsə qanı qaralmışdı. Dili deyirdi bu sözləri, amma içində peşmanlıq hissi keçirirdi. Bircə “Allah sənə lənət eləsin, Mirələm” deməklə özünü sakitləşdirirdi. Amma neyləsin ki, məcbur idi. Artıq idarənin girişində turniketlər quraşdırılması üçün əmr vermişdi. İstəmirdi ki, hər gün otaqları gəzsin. İşçilərlə üz-göz olsun. Əvvəl-axır içərilərdən kimsə dözməyib cavab qaytaracaqdı. O da məcbur olub işdən qovmalıydı həmin adamı. Məqsədi isə kimisə işdən qovmaq deyildi. Sadəcə...

Turniketlər quraşdırılsaydı gecikənlərin adı, sayı birbaşa kompüter informasiya mərkəzinə daxil olacaqdı. Hər şey avtomatik rejimdə aparılacaqdı. İşə nə vaxt gəlmələri, getmələri, hətta nahar fasiləsinə çıxma, qayıtma saatları belə. Çox inadkarlıqla başlamışdı bu işə Atif müəllim. Amma niyə? Birdən-birə dəyişməsinə səbəb nə idi? Axı xasiyyətcə çox həlim, xeyirxah insan idi. Bu vaxtacan hamını başa düşürdü. Aybaay ehtiyacı olanlara yardım yazdırırdı, mükafat da öz yerində. Bəs birdən nə oldu ona? Nə oldu ona ki, onsuz da aşağı olan məvacibdən iyirmi faiz kəsdirmək əmri verməyə başladı. Üstəlik də “töhmət” alanlar mükafat üzünə də həsrət qalacaqdılar. Amma heç kim rəisin 180 dərəcə dəyişməsinin səbəbini cürət edib soruşmurdu. Hətta bacısı qızı olan katibəsi də.

Düzü, bacısı qızı incimişdi ondan. Artıq zəng edib anasına da şikayətlənmişdi. Anası da telefonla “Atif qudurub. Yox, təqsir onda deyil, arvadındadır. Qızışdırır qardaşımı ki, bəs bacınqızını bu cür pisikdir, ərizəsini yazıb işdən çıxsın. Qardaş deyil ki... arvaddanqorxanın biridir. Verdi bizi yad qızının ayağına” deyə bütün nəslə car çəkmişdi. Hələ böyük qardaşı ona zəng edib ağzından çıxanı da demişdi. Amma Atif dözürdü. Öz yolundan dönməyəcəyini qəti şəkildə müəyyənləşdirmişdi. Hərdən isə öz-özünə “Axı mən niyə cüməaxşamına getdim. Allah sənə lənət eləsin, Mirələm” deyirdi.

İdarənin işi tökülüb qalmışdı. Atif müəllimsə axşam saat altını gözləyirdi. Səbirsizliklə gözləyirdi ki, başının dəstəsiylə yenidən reydə çıxsın. İşdən tez gedənləri aşkar eləsin. Vaxt isə yavaş gedirdi. Katibə isə  otağa girib “dayı, çay istəyirsən” də demirdi. Küsmüşdü deyəsən dayısından. Atif müəllim zəngin düyməsini basdı. Bacıqızı qanıqara halda otağa girdi.

– Çay gətir! – deyə Atif müəllim amiranə şəkildə dilləndi.

Bacısı qızı heç nə demədi. Otaqdan çıxdı. Birbaş kadrlar şöbəsinə getdi. Əlində kitab geri qayıtdı. Rəisin otağına girib kitabı stolun üstünə çırpdı. Atif müəllim onun bu hərəkətindən şaşırıb:

– Bu nədir?

– Əmək Məsəlləsi.

– Mən səndən kitab yox, çay istədim.

– Bilirəm. Birinci, Atif müəllim, siz bu kitabda mənə göstərin görüm harda yazılıb ki, katibə rəisə çay verməlidir. Göstərin, sonra da çay gətirim. Bura idarədir, yoxsa çayxana?

Bacıqızı bunu deyib otaqdan çıxdı. Atif müəllim pərt olmuşdu. Heç nə deyə bilmədi. Amma dəxli yox idi. Başladığını sona çatdırmalıydı. İdarədə nizam-intizam qanunlara uyğun olmalıydı. Çay içməsə də olardı. Sovet dövrü yadına düşdü. Balaca bir “kipitilnik”i və deşik-deşik dəmkeş çay qaşığı vardı. Elektrik suqaynadanı stəkana salıb suyu qaynadar. Sonra “bakinski” çaydan qaşığa doldurub stəkana salardı. “Görəsən arvad atmayıb ki” deyə fikirləşdi. Atıbsa da eybi yox, dükanlardan axtarıb taparam. Bu fikirlərlə Atif müəllim otağından çıxıb pilləkənlərlə aşağı endi, küçəyə çıxıb xidməti maşınına mindi. Sürücüsü:

– Atif müəllim, hara sürüm?

– Sədərək bazarına. “Kipitilnik”lə dəm qaşığını ancaq orda tapa bilərəm.

– Atif müəllim, ixtiyarım yoxdur. Əgər nazirliyə gedirsinizsə aparım, işlə əlaqədar nə desəniz canla-başla. Amma şəxsi iş dalıyca sürmək qurtardı. Arvad icazə vermir.

– Nə arvad? Başın xarabdır? Sür gedək!

– Rəis, bu gün arvada “xəbərdarlıq” edibsən, maaşını da kəsibsən. O da mənə xəbərdarlıq edib ki, əgər rəisi şəxsi işlərlə bağlı bir yerə aparsan, ailəsini maşına mindirsən boşayacam səni. Əmək Məcəlləsinə ziddir.  Zarafat edirəm, Atif müəllim. Arvaddır da gicliyir özüyçün. İşə düzəltmisiniz onu mənim xahişimlə. Sağ ol deməkdən, gör nə danışır. Bir tərəfdən təqsir də görmürəm onda. Mən tezdən gəlirəm dalınızca. O da uşağı bağçaya qoyub özünü çatdıranacan gecikir işə.

Atif müəllim dinmirdi. Eləcə qulaq asırdı. Başa düşürdü ki, sözün düzünü adama zarafatda deyərlər. Bu sürücünün zarafatı yox, bir növ razılaşma söhbəti idi. Yəni ki, “mən sən nə deyirsən eləyirəm, nəvəni bağçadan götürürəm, lap evinin zibilini də atıram. Sən də arvadımın yarım saat gecikməyinə göz yum. İncitmə onu”. Yox, lap nə deyirsə desin, tutduğumdan geri dönməyəcəyəm.

– Sür maşını geriyə – işə.

– Nə oldu ki, Atif müəllim.

– Sür işə deyirəm sənə! – deyə Atif müəllim qışqırdı.

Maşın yenidən idarənin qabağında dayananda mühafizəçilər şaşırdılar. Axı rəis təzəcə getmişdi. Atif müəllim avtomobildən düşüb, iti addımlarla pillələri qalxdı. Otağına girdi. Katibəsi nahar fasiləsindəydi. Boğazı qurumuşdu. Elektrik çaydanından özüyçün su tökmək istədi. Amma otaqda nə çaydan, nə çaynik, nə də balaca elektrik plitəsi vardı. Heç fincan, qəndqabı da gözə dəymirdi. Bu an bacıqızı otağa girdi:

– Bacıqızı, çaydan, stəkanlar hanı?

– Birincisi, bacıqızı yox, Dürdanə xanım. İkincisi də, Əmək Məcəlləsini oxudum. Orda heç yanda yazılmayıb ki, katibənin otağında bu ləvazimatlar olmalıdır. Bildiniz, Atif müəllim? Ona görə də aparıb hamısını atdım zibil yeşiyinə.

Atif müəllim heç nə demədi. Daş qayaya rast gəlmişdi. Peşman olmuşdu bacısı qızını işə götürməyinə. Əri qısqanc olduğundan yalnız dayısının yanında, özü də gözü qabağında işləməsinə icazə vermişdi. O da bacısının sözündən çıxmayıb qızı işə götürməyə məcbur olmuşdu. İndi isə peşman idi. Yaxşı ki, onunla təklikdə belə davranır. Birdən işçilərin yanında danışsa necə olacaqdı? Əslinə qalsa bacısı qızı düz deyirdi. İkincisi isə, qanuna riayət etməyi birinci elə özü tələb etməyə başlamışdı. “Düz deyirsiniz, Dürdanə xanım” deyərək, Atif müəllim kabinetinə girdi. İşin başa çatmasını gözləyirdi. Saat altıya iyirmi dəqiqə qalmış kadrlar şöbəsinin rəisiylə yenə otaqları gəzməyə başladı. Hamı yerindəydi, katibəsi qarışıq beş qadından başqa. Qışqırmadı, əsəbləşmədi, təmkinini qorudu. Bircə “Töhmət verilsin” deyib kabinetinə qayıtdı. Yenə də pəjmürdə görünürdü. Cəza vermək, işçiləri incitmək onun xasiyyətinə uyğun deyildi. Amma neyləsin ki, gözünü qorxutmuşdular. Yox, qorxutmamışdılar, sadəcə gözü qorxmuşdu. Sadəcə “Allah sənə lənət eləsin, Mirələm” deyib özünü çətinliklə də olsa sakitləşdirirdi.

Atif müəllim ertəsi günü işçiləri yoxlamağa çıxmadı. Amma dünənki yoxlaması deyəsən öz nəticəsini vermişdi. Kadrlar şöbəsinin müdirindən aldığı məlumata görə hamı vaxtlı-vaxtında iş başında idi. Atif müəllim də idarənin işləriylə məşğuluydu. Dünənki zəhmli, ciddi müdirdən sanki əsər-əlamət qalmamışdı. Beləcə bir həftə keçdi. Bazar ertəsi Atif müəllim yenə də dəyişdi. Bir həftəlik “atəşkəs”dən sonra arxayınlaşıb işə gecikməyə başlayan beş qadın yenə də Atif müəllimin qəzəbinə tuş gəldilər. Bu dəfə cəzaları “şiddətli töhmət” oldu. Amma Atif müəllim rəhm edib maaşlarından kəsmədi. Kabinetinə çağırıb yüngülvari tənbeh etdi. Həftənin sonunacan isə yenə sakitlik hökm sürdü. Amma işçilər yenə səksəkədəydilər. İdarədəki vəziyyət “Slujebnı roman” kinosundakı vəziyyətə bənzəyirdi. Yox, sevgi-məhəbbət yox idi. Əvvəllər hamı işləməyə can atırdısa, indi  beyinlərində  turniketə tez çatmaq, qeydiyyatdan vaxtında keçmək idi. Turniketlər quraşdırılsa da işə gecikmələr yenə də var idi. İcazə almaq isə mümkünsüz idi.  Yas yerinə getmək istəyənlər cümə axşamı yox, istirahət günündə, toya getmək istəyənlər isə şadlıq sarayına – bərbərxanaya baş çəkib, evə gedib toy paltarlarını geyinəndən sonra  – saat səkkizə, doqquza güclə  yetişirdilər. Kabab süfrəyə veriləndə. Yorğun-arğın.

Amma əvəzində idarədə hər şey qaydasında gedirdi. Bircə əhval-ruhiyyə yox idi. Saat gəzdirməyib “xoşbəxt adam saat gəzdirməz” deyə qürrələnən  işçilər belə özlərinə təzə saat almışdılar. Daim səksəkədə idilər. Gözləri yolda qalmışdı ki, rəis onları niyə yoxlamır. Axı niyə otaqları gəzib başlarını sığallamır. Niyə axı gecikəndə töhmətləndirə bilir, amma işə vaxtında gəldiklərinə görə onlara yağlı bir “molodes” demir. “Təşəkkür”, mükafat vermir.

Yox, elə bilməyin ki, bu idarədə hamıya “afərin” düşür. Əsla. Gecikənlər yenə də töhmətini alır, bəzilərinin isə maaşından da kəsirdilər. Uşaqlarını bağçaya qoyub-götürən beş qadın isə bu siyahıda daimi idilər. Atif müəllim onları töhmət atəşinə tutsa da, maaşlarından kəssə də, mükafatdan, yardımlardan məhrum etsə də, işdən qovmurdu.  Hörməti də artırdı. Demə tələbkar olmaqla da savab qazanmaq mümkün imiş. İşçilər “rəis vallah yaxşı adamdır. Söyür, töhmət verir, maaşı, mükafatı kəsir, amma işdən çıxartmağa qıymır. Sağ olsun, insan adamdır” deyə rəisi alqışlayırdılar. Bəziləri isə “töhmətdir də... qoy versin” deyirdilər.

Amma günlərin bir günü bacıqızı bu töhmətlərdən bezdi. Ərizəsini yazıb bir də işə gəlmədi. Düzü, Atif müəllim sevinirdi. Axı, onu çıxarmağa cürət etmirdi. Tez arvada zəng elədi ki, bəs qohum-əqrəbaya yaysın ki, “bəs Dürdanə öz arzusu ilə ərizəsini yazıb, işdən çıxıb. Atifsə qol çəkmək istəmir. Qayıtsın dala. Qayıtmasa sonra ərimdə təqsir görməsinlər”. O biri üç  qadın da “ərimiz var, canı çıxsın saxlasın bizi” deyib, nümayişkaranə ərizələrini rəisin stolunun üstünə qoydular. Atif müəllim heç tükü tərpənmədən onların əmrlərini verdi. Bircə təlimatçı Gülyadan başqa.

Beləcə aylar ötürdü. Atif müəllim daha “Allah sənə lənət eləsin, Mirələm” sözlərini də demirdi. Artıq yadından çıxarmışdı. Turniket quraşdırılanı əsəbləri də sakitləşmişdi. Töhmət verəndə, maaş, mükafat kəsəndə pərt-peşman olmaq nədir, heç tükü də tərpənmirdi. Çünki töhməti işçilərlə üz-göz olandan sonra vermirdi. Üstəlik, təqsiri  hər şeyi qeydə alan kompüterin  üstünə atırdı.

Amma günlərin bir günü prokurorluqdan çağırış kağızı aldı. Bir an soyuq tər basdı Atif müəllimi. Görəsən, nə günah işlədib? Tez nazirlikdəki böyüklərinə zəng elədi. Onlar bu çağırışdan xəbərsiz olduqlarını dedilər. Yəni ki, bu, idarə işləriylə əlaqəli deyil. Bəs nə eləmişdi ki, Atif müəllim? Tez, hövlnak özünü prokurorluğa çatdırdı. Müstəntiqin otağına girdi. Həyəcanından əlləri, dili-dodağı əsirdi. Müstəntiq isə tələsmirdi. Onu niyə çağırmasının səbəbini söyləmirdi. Eləcə “idarədə nə var, nə yox?”, “işçilərin əhval-ruhiyyəsi necədir?”, “onlardan razısınızmı?” sualları verirdi. Atif müəllimin isə  fikri çağrılmağının səbəbində  olsa da suallara təmkinlə cavab verirdi. Amma yenə də anlamırdı ki, onu prokurorluğa niyə çağırıblar, bu suallar nəyi izah edir axı. Nəhayət:

– Atif müəllim, sizin Gülnarə adlı işçiniz var? Təlimatçı işləyir sizdə.

– Bəli, var.

– Necə işçidir?

– Cənab müstəntiq, yaxşı işçi olmasına yaxşı işçidir. Amma yaman intizamsızdır. İşə gecikir, evə tez gedir. Axır iki gündür ki, ümumiyyətlə işə gəlmir. Yorulmuşam ona töhmət elan etməkdən. Maaşını da kəsirik, mükafatını da...  dərs olmur ki, olmur.

– Deməli intizamsız işçidir. Belə də yazaq. Bunu kadrlar şöbəsinin müdiri təsdiq edə bilərmi?

– Bəli. Nəinki şöbə müdiri, kompüter də təsdiq edər. Bizdə turniket sistemidir. Necə bəyəm?

– Heç, elə-belə soruşdum. Deyirsiniz ki, iki gündür ki, işə gəlmir. Heç maraqlanmısınızmı ki, niyə gəlmir? Nə olub ona?

– Mən bildiyimə görə körpə uşağı var. Yəqin xəstələnib, o da “bolniçnı” açdırıb. Biz də belə şeylərə çox ciddi nəzarət olunur. Hətta işdən də qovuruq səbəbsiz yerə işdən yayınanları. Cənab müstəntiq, bütün bunları bilmək olar ki, niyə soruşursunuz?

– Bəli, niyə olmaz ki... sizin işçiniz evində ölü tapılıb. Körpəsinin fasiləsiz ağlaması qonşuların nəzərini cəlb edib. Onlar da polisə zəng ediblər.  İndi ekspertizanın cavabını almışıq ki, ana özünü zəhərləyərək öldürüb. İntihardan qabaq məktub da yazıb. Özünü öldürməkdə sizi günahlandırır. Hüquqi dillə desək, intihar həddinə çatdımısınız Gülnarə xanımı.

Atif müəllimin rəngi ağardı. Əlləri  əsməyə başladı. “Allah sənə lənət eləsin, Mirələm” deyib, başını stolun tininə dayadı. İttiham ciddi idi. Nə cavab verəcəyini bilmirdi. Görəsən bu ittihamın arxasında nə dayanırdı. Təlimatçı Gülnarə son məktubunda nə yazmışdı?

– Atif müəllim, Mirələm kimdir? – sükutu müstəntiqin səsi pozdu.

– Heç, bir müəllim dostumuzdur.

– Yaxşı, siz gedin. Hələlik bu qədər. Sabah saat 12-də gözləyəcəyəm sizi.

Müstəntiq Atif müəllimin buraxılış kağızına qol çəkib verdi. Dəhlizə çıxanda kadrlar şöbəsinin müdirini orda gördü. Qoltuğunda da qovluq. Heç nə soruşmadı. Bilirdi ki, nə kağız-kuğuzdur. İşçilərin davamiyyəti ilə bağlı çıxarışlar və cəzalandırılmasıyla əlaqədar verdiyi əmrlər. Özündən arxayın idi. Hər şeyi o istəməsəydi də belə kompüter qeydə almışdı. Gülnarə özünü öldürdüyü zaman kəsiyi iş saatı ilə üst-üstə düşsəydi belə, bunu hüquqi baxımdan sübut etməyə gücü çatacaqdı. Bu dəfə demədi “Allah sənə lənət eləsin, Mirələm”. “Sağ ol, Mirələm. Yaxşı ki, məni vaxtında ayıltdın” dedi.

İşə gəldi. Təlimatçı Gülnarənin işlədiyi şöbəyə girdi. Artıq hamının xəbəri vardı. Oturduğu stola şəklini və qabağına iki dənə qərənfil qoymuşdular. İşçilərdən biri “sən öldürdün onu, o özünə heç vaxt qıymazdı. Sən çatdırdın onu bu vəziyyətə” deyə qışqırdı. Atif müəllimin başı hərləndi. Düzü bu sözlərdən sonra bir az da əsməyə başladı. Müstəntiq işçiləri çağırsaydı işi lap fırığ olacaqdı. Bəs görəsən məktubda nə yazılmışdı. Əsas məktub idi. Gülnarə onu nədə günahlandırırdı ki? Bir müdir kimi ondan nizam-intizam tələb etməyi idimi günahı? “Allah sənə lənət eləsin, Mirələm. Təki o cüməaxşamında yanaşı oturmayaydıq” deyə Atif müəllim öz-özünə donquldandı. Kabinetinə qayıtdı. Bir azdan kadrlar şöbəsinin müdiri də gəldi. Müstəntiqə təqdim olunan sənədlərin qaydasında olduğunu söylədi. Sabah isə Gülya işləyən şöbənin bütün işçilərinin istintaqa çağrıldığını bildirdi. Atif müəllimi soyuq tər basdı. Halı qarışdı. İdarədə ona bu sözü deyən işçinin müstəntiqə hansı ifadəni verməsini anlamaq çətin deyildi. Amma əsas şöbə işçilərinin verəcəyi ifadələr yox, məktubda yazılanlar idi. Nə yazmışdı görəsən təlimatçı Gülnarə. Axı özünü öldürmək, körpəsini yetim qoymaq  çox dəhşətli bir cinayət sayılır. Bu cinayəti etməyə sövq edən isə ikiqat cinayətkardır. Daha ağır cəzaya layiqdir.

Atif müəllim ha elədisə gecəni yuxuya gedə bilmədi. Səhəri dirigözlü açdı. İşə dəyib, prokurorluğa yollandı. İşçiləri artıq burdaydı, ifadə verirdilər. O isə gözləyirdi. Nəhayət sonuncu işçi də ifadəsini verib çıxdı. Lənət dolu baxışlarla süzərək, ona tərəf tüpürdü də.  Atif müəllim təmkinini pozmadı. Onu maraqlandıran yalnız məktubda yazılanlar idi. O isə dəhlizdə gözləyirdi. Çox gözlədi. Nəhayət ki, müstəntiq onu otağa dəvət elədi.

–  Hər şeyi araşdırdım. Məktubda yazılanlarla mənə təqdim edilən sənədlər, işçilərinizin verdiyi ifadələr üst-üstə düşür.

Atif müəllimin başı hərləndi. Özünü güclə ələ aldı. Deməli, hər şey “sübutalnı-dokumentalnı” təsdiqini tapmışdı, əlli-ayaqlı gedirdi.

–  Ona görə də, Atif müəllim, – deyə müstəntiq davam elədi, – açılan cinayət işinin xətm olunması üçün prokuror qarşısında məsələ qaldıracağam.

Nə? İş xətm olunur? Bəs “üst-üstə düşmək” nədir onda. Üst-üstə düşmək onun günahının sübut olunması deyilmi?

– Gedin, Atif müəllim. Bir-iki rəsmiyyət üçün sizi ola bilsin ki, bir dəfə də narahat edək. Amma öz aramızda... Allah sizin kimi ciddi müdiri heç mənə də qismət eləməsin. Bu qədər əzazillik olmaz da, Atif müəllim. Axı insanlarla işləyirsiniz. Hüquqi baxımdan hər şey qaydasındadır. Amma yazılmayan mənəvi qanunlar da var axı?! Yəni insanlara bu qədər nifrətiniz var? İfadə verənlərin hamısı söyürdü sizi.

Atif müəllim ayağa durdu. Getmək istədi. Amma tərpənmədi. Yenidən oturdu.

– Buyurun, nəsə demək istəyirdiniz?

– Hə.

– Buyurun.

– Məktubda nə yazılmasını bilmək istəyirdim.

– Ay Atif müəllim, bunun bir əhəmiyyəti varmı ki, indi. Bir insan öz həyatına son qoyub. Onsuz da onu geri qaytarmaq mümkün deyil.

– Yenə də olsun.

– Gülnarə xanımın həyat hekayəsidir məktubda yazılanlar. Bu həyatı eləcə yaşayıb başa vuracaqdı. Sizin bu töhmət, nizam-intizam islahatlarınız olmasaydı.

–  Oxuya bilərəmmi yazdıqlarını?

–  Sirr deyil. Yazır ki, “qızımla bir yerdə kirayədə yaşayırdım. Məvacibim də 400 manat. Mükafat və idarənin verdiyi yardımlarla birtəhər dolanırdım. Uşaq bağçası da əlimdən yaman tuturdu. İşə gecikir, axşamlar da tez evə gedirdim. Rəisimiz insan adam idi. Məni, mənim kimiləri gözəl duyurdu. Amma günlərin bir günü dəyişdi. İşə gecikməyimə, tez getməyimə göz yummadı. Hər ay maaşımı kəsdi, töhmət verdi. Maddi yardım və mükafatlardan məhrum etdi. Mənim isə başqa yerdən bir köməyim yox idi. Artıq iki aydır kirayə borcum da var. Bir sözlə belə yaşaya bilmirəm. Rəisimdə təqsir görmürəm. Allah onu insanlıqdan döndərənə lənət eləsin!”

– Allah sənə lənət eləsin, Mirələm! – deyə Atif müəllim başını stola söykədi.

– Kimdir axı bu Mirələm. Sizin idarədə işləyir? – müstəntiq soruşdu.

– Xeyr. İnstitutda dərs deyir.

– Artıq ikinci dəfədir ki, onun adını eşidirəm. Mərhumla nə əlaqəsi var?

– Heç bir. Sadəcə...

– Atif müəllim, siz bilirsinizmi ki, Gülnarə həm də şəhid ailəsi sayılır?

– Yox. Ola bilməz. Olsaydı bilərdim. Deyərdilər mənə.

– Rəsmi yox, qeyri-rəsmi. İş yoldaşı danışdı mənə. Deməli, bu  Gülnarə instituta girəndə qrup yoldaşı olan oğlanla sevişməyə başlayır. Aralarında təmiz məhəbbət olub. İkisi də rayondan, kasıb ailədənmişlər. Yataqxanada yaşayırmışlar. Tələbə dostları da, ailələrində də bunu bilirlərmiş. Dördüncü kursda sevgiləri pik həddə çatır. Toy olmamış... Başa düşdüz də məni? Ali məktəbi də bitirən kimi oğlanı əsgər aparırlar. Bir az keçmiş qız bilir ki, hamilədir. Oğlanı gözləyirmiş ki, icazə alıb gəlsin və rəsmi nigaha girsinlər. Əsgərlikdən sonra da toy eləsinlər. “Uçebka” – təlim toplanışı qurtaranadək oğlana icazə verməyiblər. Sonra da döyüş bölgəsinə yollayıblar. Orda  da düşmən gülləsinə tuş gəlib. Ortada da rəsmi sənəd olmadığından qız heç nə sübut edə bilməyib. Yaxşı ki, ata-anası vaxtında biliblərmiş onların bu sevgisini. El qınağına baxmayaraq yiyə durublar yeganə qızlarına. Gülnarə də doğandan sonra uşağı kənddə anasının yanında qoyub gəlib şəhərə. Yaxşı mütəxəssis olduğundan siz onu idarəyə işə götürmüsünüz. İki ildən sonra isə anası rəhmətə gedib. Məcbur olub ki, uşağı yanına gətirsin. Qürurlu qız olub. Kimsəyə deyib, əlində bayraq etmirmiş bunu. Çünki sübut da edə bilməyəcəkdi onsuz da... Bircə, rəfiqəsindən başqa. Ona da icazə verməyib ki, sizə desin bunu. Neyləyək ki, qanunlarımız rəsmi sənədə arxalanır. Şəhid ailəsi sayılır, amma şəhid ailəsi deyil. Çünki rəsmi nigahları yoxdur. Bu qədər, Atif müəllim, təlimatçı Gülnarə günahı sizdə görmür. Özü demişkən təqsiri sizi “insanlıqdan döndərəndə”  görür. Bilmirəm kimdir o. Sadəcə Allah günahınızdan keçsin. Buraxılış kağızınızı verin.

Müstəntiq kağızı alıb imzasını qoydu. Atif müəllim otaqdan çıxdı. Yolboyu “insanlıqdan döndərən” sözləri beynindən çıxmırdı. Deməli o, heyvana çevrilib? Axı müstəntiq də qeyd etdi ki, qanunlarımız rəsmi sənədə arxalanır. O da rəsmi dövlət idarəsinin rəhbəridir. Neyləsin, əməl eləməsinmi bu nizam-intizam qanunlarına? Onda da müəllim dostu Mirələmin gününə düşəcək. Təki o gün cüməaxşamına getməyəydi. Mirələmin o söhbətini eşitməyəydi:

“ Atif müəllim, keçmiş vaxtlar idi. İndiki kimi imtahanı, “zaçot”u kompüter götürmürdü. İndiki kimi kompüter tələbənin biliyini qiymətləndirib, məlumat bazasına göndərmirdi. Mühazirəni də özüm deyirdim, seminarı da... İmtahanı da özüm götürürdüm, “zaçot”u da. Çox ciddi, tələbkar müəllim kimi ad çıxarmışdım. Heç kimə güzəştə  getmirdim. Rüşvət nədir, heç xətir-hörmətə, tapşırığa da baxmırdım. Amma heç kim də imtahanımdan kəsilmirdi. Tələbələri vaxtında incidirdim, yaxşı oxutdururdum ki, imtahanda kimsəyə “iki” yazmayım. Amma semestrlərin birində qabağıma elə bir tələbə çıxdı ki, dedi oxumaram ki, oxumaram. Çox gözəl qız idi, həm də ki, intizamlı. Bütün dərslərimdə iştirak edirdi. Nə qədər danlasam da cavab qaytarmırdı. Amma ki, nə illah edirdimsə oxumurdu. Dekanı da xəbərdar etmişdim, hətta  atasını da çağırtdırmışdım fakültəyə ki, imtahanda “2” yazsam, sonra üstümə gəlməyin.  Amma xeyri olmurdu ki, olmurdu. Söz deyən kimi də qız gözünün yaşını tökürdü. Nəhayət, imtahan zamanı yetişdi. Həmin qız imtahana gəlməmişdi. Elə sonuncu tələbə bileti çəkmişdi ki, dekan içəri girdi. Ona dekan kimi yox, müəllimim olmuş bir insan kimi böyük hörmətim vardı. Dedi ki, Mirələm, bala, səndən heç vaxt xahiş eləməmişəm... Dedim ki, bu nə sözdür? Siz əmr eləyin! Dedi ki, bala, o qıza “3” yaz, kəsmə onu. Bilmədim nə cavab verim. Amma qızın imtahana belə gəlmədiyini, hətta intizamsızlıq elədiyini bəhanə gətirib “Necə “3” yazım axı? Bu adam heç imtahana da gəlməyib” cavabı verdim. Dekan isə “Mirələm, sən yaz. Məsuliyyəti mənim boynuma” söylədi. Uzun sözün qısası dekanın yox, müəllimimin sözündən keçə bilmədim. Çox xeyirxahlığı keçmişdi mənə. Başqaları badalaq vurmaq istəyəndə həmişə məni müdafiə etmişdi. Bunların yanında bir “3” xahişi nə idi ki?

Üstündən iki gün keçdi. Bir də gördüm ki, dekanatlığa çağırırlar. Milisdən çağırış vərəqəsi gəlib. Yayın cırhacırında, iki-üç marşrut dəyişəndən sonra gedib-çıxdım milis idarəsinə – müstəntiqin otağına. Birinci sualı bu oldu ki:

– Tələbəniz Məhbubəylə nə şəxsi-qərəzliyiniz var ki, incidirsiniz onu?

Məəttəl qaldım ki, bunun hüquq-mühafizə orqanlarına nə dəxli? Öz nazirliyimizə çağırsaydılar başa düşərdim. Amma səbəbini soruşmayıb cavab verdim.

– Oxumur, oxumaq istəmir. Dekanlığın da xəbəri var, ata-anasının da.

– Bilirəm. Elə ata-anası dedi bunları mənə.

– Məndən şikayət ediblər Sizə? Axı bunun sizə nə dəxli var ki? Hər oxumayan tələbə sizə şikayət etsə, onda ayağımız milisin yolunda qalsın gərək. – deyə əsəbi şəkildə müstəntiqin üstünə qışqırdım.

– Yox, Mirələm müəllim, siz düşündüyünüz qədər də sadə görünməsin sizə. Məsələ çox qəlizdir. İncitmisiniz qızı, hər dərsdə ağlatmısınız, yoldaşlarının yanında pərt eləmisiniz onu. Bircə o qalıb ki, döyəsiniz. O həddə çatdırmısınız ki, Məhbubə dünən gecə özünü zəhərləyib. Yaxşı ki, valideynləri vaxtında xəbər tutublar. İndi xəstəxanadadır. Özünə gəlməyib hələ. Allaha yalvarın ki, ölməsin. Şərti cəzayla, müəllim diplomunuzdan məhrum olunmaqla canınızı qurtara biləsiniz. Verdiyiniz ifadəni oxuyun, altından da qol çəkin. Sabah saat 12-də gözləyirəm sizi.

İdarədən çıxdım. Ertəsi gün yenə müstəntiqin otağındaydım. Qızın ata-anası da burdaydı. Atası yox, anası şivən qoparmışdı.

– Ay müstəntiq, budur, budur qızımı özünü öldürməyə vadar edən. Allah bilir beynində nə fikirləşirmiş. Nə istəyirdin, ay oğraş, qızımı bu minvalla yoldan çıxartmaq? Utan, yerə gir. Sənin elə yaşına yaraşır. Neyləsin ki, Allah onu gözəl yaradanda sənin kimi qarğa-quzğunu nəzərə almayıb. Ölsə a qızım, səni bu əllərimlə parçalayıb didəcəyəm.

– Ay bacı, nə gözəl, nə qız? Mən müəlliməm. Qızın dərsini oxumurdu. Bunu hamı bilirdi. Tələbə dostları da, dekanlıq da... atasını da çağırıb ona şikayət etmişdim.

Özümə haqq qazandırsam da qızın anası sakitləşmirdi. Atası isə dinmirdi. Mən isə özümə arxayın olsam da qorxurdum. Çox pis aurası var milis idarəsinin.

– Ay müstəntiq, qızım gecələr yata da bilmirdi ki, bəs üç gündən sonra  Mirələm müəllimin imtahanı var. Qorxusundan tir-tir titrəyirdi ki, bəs “iki” yazacaq.

– “İki” yazacam yox, layiq olduğu “iki”ni alacaq...

– Kəs səsini, oğraş. Gedib türmədə yatarsan, ağlın gələr yerinə. Onda başa düşərsən ki, tələbəyə gözü düşmək nə deməkdir?

İşə düşmüşdüm də. Məhbubənin anası qışqırır, stolun üstündəki qələm-kağızı götürüb üzümə çırpırdı. Mən isə bilmirdim nə edim. Axı, təqsirim  nə idi? Bircə qızın ölməməsini arzulayırdım ki, ayılsın və bütün bu ittihamları rədd etsin. Yox, birdən ayıldı və anasının dediklərini təsdiq etdi. Onda nə olacaq? Bu artıq zorlamaya cəhd maddəsi deməkdir. Demək olar ki, zorlamaya bərabər tutulur. Türmədə belələrinin gününü qara nədir,.. O saat təsəvvürümdə qadın paltarı geyinmiş, başına ləçək bağlamış, qaşları alınmış, dodağı pomadalı, əzilə-büzülə danışan mən canlandım. Adım da ki, Mirələm yox, Miriçka. Qonşumuzda bu maddəylə türməyə düşən vardı. Çıxandan sonra dəli olmuşdu. Nəisə, xəyallarımdan ayıldım. Dəhşət məni bürüdü. Bəs ailəm, qohum-əqrəba, dost-tanış, illər boyu qazandığım hörmət-izzət. Bunlar necə olacaqdı? Birdən:

– Yoldaş müstəntiq, heç bir şəxsi-qərəzlik, oğraşlıq məsələsi yoxdur burda. Tələbə imtahana gəlməyə-gəlməyə qiymət də yazmışam ki, 1-ci kursdan qovulmasın. Bundan artıq nə hörmət edə bilərdim ki, ona?!

Bir az rahat nəfəs aldım. Dekanımıza ürəyimdə “çox sağ ol” da dedim ki, məni yoldan çıxara bildi. Amma anası sakitləşmirdi:

– Bura bax, Mirrəlləm, sən müstəntiqin başını aldadıb boynumuza minnət qoyma. Nə ixtiyarın var idi ki, imtahana gəlməyənə “iki” yazasan. Canın çıxıb “neyavka” – qayıb yazacaqdın. Bu bir. İkincisi, “üç” yazmısan? Saxtakar oğlu saxtakar, xəbər tutan kimi ki, qız özünü öldürmək istəyib, qaçıb tez-bazar kağız-kuğuzu düzəltmisən, hə?  Əəə, bura bax, sən uşaq başı-zad aldadırsan? Sən sabah öz xoşunla diplomunu gətir qoy ortalığa. Saxtakardan müəllim olmaz.

Qaş düzəldən yerdə, gözü də çıxartmışdım. Artıq əlli-ayaqlı gedirdim. Qanun tam ananın tərəfindəydi. Amma yenə də ümidimi üzmürdüm. Birdən gözümə işıq gəldi elə bil:

– Ay bacı, nə saxtakarlıq? Dekan özü xahiş elədi məndən. Allah şahididir. Onun xətrinə yazdım. Özü də qızınız imtahana gəlməyə-gəlməyə.

– Nə? Dekan? – deyə səhərdən danışmayan müstəntiq axır ki, dilləndi, – Yaxşı. Onda sabah dekanla davam etdirərik istintaqı.

Qızın atasını elə bir tok vurdu. Rəngi ağardı. Mən isə dekanın adını çəkməyimə peşman oldum. Özüm cəhənnəmə, dekanı da zibilə salmışdım. Gecəni gözümə yuxu getmədi. Mən idarəyə çatanda dekan artıq ordaydı. Qoltuğunda da papkası. Mənimlə əvvəlki səmimiyyətlə görüşdü. Artıq-əskik söz demədi. İçəri keçdik. Ata-ana da ordaydı. Dekan nə onları, nə də müstəntiqi ağzını açmağa qoymadı. Qızın atasının yaxasından tutub:

– A kişi, imtahana bir gün qalmış yanıma gəlmədin? Ağlayıb, yalvar-yaxar eləmədin? Demədin ki, qız hamilədir, ona həyəcanlanmaq olmaz, xahiş edirəm kömək elə. Dedin, ya yox? Nə başını aşağı salmısan? Nə istəyirsiz axı ər-arvad Mirələm müəllimdən? Çoxsağolunuzdur? Qız özünü zəhərləyib, bax ona nə? Onun adını niyə milisə vermisiniz? Özünüzü təmizə çıxarmaq üçün? Özünüz də yaxşı bilirsiniz ki, qız niyə zəhərləyib özünü. İstədiyi oğlana verməmisiniz, ona görə. Demisiniz ki, “öl canın çıxsın. Biabır elədin bizi nəsildə”. Demisiniz, ya yox? O da siz deyəni edib də... Day nə istəyirsiniz bu kişidən? Öz günahınızı başqasının üstünə atmaq istəyirsiniz?

Uzun sözün qısası, Atif müəllim, qız xəstəxanada öldü. Qarnında da  dünyaya gətirmədiyi körpəsi. Ata-ananın da günahını sübut eləyə bilmədilər. Təkcə mən  cəza aldım. Saxtakarlığıma görə. İmtahana gəlməyə-gəlməyə tələbəyə qiymət yazdığım üçün. Dekana heç nə eləmədilər. Belə bir misal gətirdilər ki, dekan sənə desəydi özünü onuncu mərtəbədən yerə at, atacaqdın? O hadisədən sonra nə bir tələbəyə dərsdən icazə verirəm, nə də güzəşt edirəm. Mən istintaq bitənəcən bir ay  yaşadığımı yaşadım. Daha doğrusu, bir ay hər gün öldüm və dirildim. Atif müəllim, sən də rəis adamsan. Belə şeylərdə ehtiyatlı ol. İntizamsız işçilərə əmrlə töhmət ver, rəsmi surətdə cəzalandır ki, sabah iş vaxtı küçədə maşın vursa, özünü qayadan aşağı atsa, dənizdə boğulsa təqsiri səndə yox, öləndə görsünlər”.

Atif müəllim Mirələm müəllimlə bu söhbətini xatırlaya-xatırlaya prokurorluqdan çıxdı. Onun dediyi kimi də eləmişdi. Rəsmi məsuliyyətdən məhz bu yolla canını qurtarmışdı. Mənəvi məsuliyyət isə onu ömrünün sonuna qədər addım-addım izləyəcəkdi. Təlimatçı Gülnarənin ölümünə səbəbkar məhz o idi.

Atif müəllim işə qayıtdı. Kabinetinə girdi. Ərizəsini yazıb qovluğa qoydu. Maşınına minib nazirliyə yollandı. Mirələm müəllimə lənət oxumurdu. Sadəcə anlamışdı ki, daha nizam-intizam qanunlarıyla işləmək istəmir. Bunun üçün də rəislikdən uzaqlaşmalıdır. Mənəvi qanunlar rəsmi qanunlardan qat-qat yüksək və ülvidir. Sonu cəza olsa belə.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub