Modern.az

Bosniyada azərbaycanlı yazıçı və deputatın kitabına təqdimat keçirilib - FOTOLAR

Bosniyada azərbaycanlı yazıçı və deputatın kitabına təqdimat keçirilib - FOTOLAR

10 Noyabr 2016, 22:03

Başı üzərində hər zaman bulud, çiskin, duman dolaşan Bosniyanın Sarayevo şəhərindən noyabrın 6-da ayrıldıq. Ayrılıq və qovuşmaq platforması olan Sarayevo hava limanındakı köşklərdə Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Bosniya və Hersoqovinaya etdiyi səfər qəzetlərin manşetlərinə çıxarılmışdı. Bu  məqam bizim 3 gün ərzindəki görüşlərimizin xoş, nəticəli sonluğu idi.

 

Bu ölkəyə səfərimizin ikinci günü  Sareyevonun “Holiday” otelində Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə xalq yazıçısı Çingiz Abdullayevin boşnak dilinə tərcümə edilmiş “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin boşnak dilinə tərcümə edilmiş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli”  kitablarının təqdimatı keçirildi.

Təqdimatın keçirildiyi böyük zala Bosniya və Hersoqovinanın parlament sədri, ziyalılar, incəsənət xadimləri, yazıçılar və siyasətçilər toplanmışdı.

Sarayevo Beynəlmiləl Universitetinin rektoru Tahsin Erkan Türe təqdim olunan kitabların məziyyətlərindən danışaraq, hər iki əsərdə qələmə alınan hadisələrdə insan həyatının əsas faktor kimi göstərildiyini söylədi.

O qeyd etdi ki, Cavanşir Feyziyev 6 dil bilməsi, yüzlərlə elmi məqaləsi ilə yazıçıları heyrətləndiribsə, dünya şöhrətli Çingiz Abdullayev bu günə qədər 28 milyon tirajla satılan kitabları ilə onları yaxşı mənada mat qoyub. Professor Tasin Erkan Türe çıxışını “Sizi Allaha əmanət edirəm!” sözləri ilə bitirdi.


Bosniyalı yazıçı və ədəbiyyatşünas Muyo Musaqiç Çingiz Abdullayevin öz personajlarının dili ilə müasir tariximizə və siyasi hadisələrə münasibətini ortaya qoyduğunu söylədi.

 

Gələcəyin açarı -  Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli 

 

Professor doktor Nenad Tanoviç Cavanşir Feyziyevin boşnak dilinə tərcümə edilmiş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabınkı bəzi məqamların “gələcəyin açarı” olduğunu dedi.

Təqdimatda çıxış edən Sarayevo Beynəlmiləl Universiteti Hüquq fakültəsinin dekanı Edin Hlapiç, universitetin professoru Metin Boşnak da kitabdakı maraqlı məqamlara toxundular.

Kitabda Mustafa Kamal Atatürk, Heydər Əliyev, İlham Əliyev, Nursultan Nazarbayevin Türk Dövlətləri Birliyinin yaranması istiqamətindəki qlobal çağırışların önə çəkildiyi, Böyük İpək Yolunun Türk sivilizasiya tarixindəki rolunun necə dəqiqliklə müəyyən edildiyi vurğulandı.

Natiqlər türk dövlətlərinin qlobal inteqrasiyada beynəlxalq hüquq normativlərinə nəinki keçmişdə, indi də riayət etməsinin kitabda çox aydın şəkildə göstərilməsindən bəhs etdiləır
Onlar bu monoqrafiyanı Türk Dünyasının birləşəcəyi təqdirdə əsl qanun kitabı olacağına ümid etdiklərini söylədilər.

Təbii ki, hər bir kitab təqdimatından sonra müəlliflərin özlərinin də oxucularına sözləri olmamış deyildi. Çüngiz Abdullayev, həmişəki səmimiyyəti ilə bütün auditoriyanı ələ ala bildi.

“Bir yazıçı kimi belə bir təqdimatın keçirilməsi mənim üçün çox qürurvericidir. Rəssam çəkdiyi əsəri göstərmək istəyir, bəstəkar musiqisinin dinlənilməsini, yazıçı isə kitablarının oxunmasını arzulayır.
Mən öz kitablarımın təqdimatını keçirmirəm, çünki mənim 2700 adda kitabım var. Bu kitablara görə mənə 7 il lazımdır ki, hər gün onların təqdimatını keçirim. Belə etsəm, o zaman kitab yazmağa vaxtım qalmaz. Kitablarımı tərcümə edənlərə, bizim Bosniya və Herseqovinadakı  səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, eləcə də  bu gün burada bizi görməyə gələn hər birınizə minnətdaram. Məni narahat edən bir məsələ var: bunu da kitablarımda hadisələrlə, qəhrəmanlarımın dili ilə çatdırmağa çalışıram. Bir fikir verin, son vaxtlar insanlar dəyərdən düşüb. Müharibələr, münaqişələr kataklizmlər bizi insanların ölüm xəbərini çox sakit qarşılamağa öyrəşdirir. Ancaq belə olmaz. Yəhudilərin kitabı “Tövrat”da yazılıb ki, bir insanı xilas etməklə, sən dünyanın cənnətini qazanırsan. Bu gün bir amerikalının həyatı 3 çexiyalının, 5 bosniyalının, 10 rusun, 50 türkün, 100 ərəbin həyatına  və 1 yəhudinin qulağına bərabərdir. Əfsuslar olsun ki, bu dəyişmə hesabını bütün ölkələrdə qəbul edirlər. Bu səbəbdən də artıq Afrika və Asiyada yüzlərlə insanın ölümü adi hal alır, bunun haqqında  media susur, lakin İtaliyada 2 nəfər pendirdən zəhərlənəndə, bu xəbər qəzetlərin manşetinə çıxır. Bu, doğru yanaşma deyil, insan həyatı irqindən, dinindən, dilindən, rəngindən asılı olmayaraq eyni dəyərə malik olmalıdır. Yəhudilər də, xristianlar da, müsəlmanlar da tək Allaha inanırlar. Əgər Allaha inanırsınızsa, o zaman Allahı seçin. Yaxşı ədəbiyyat insana bu mürəkkəb həyatda dayanmağı və davranmağı öyrətməlidir, mən inanıram ki, yaxşı kitab da insanlara kömək edir”.

Millət vəkili Cavanşir Feyziyev isə çıxışına Çingiz Abdullayev haqqında fikirlərini dilə gətirməklə başladı:

“Burada oturanların hər biri bilir ki, Emanuel Kant təkcə Almaniyaya məxsus deyil. Siz hamınız onu da bilirsiniz ki, Şopen də təkcə Polşaya məxsus deyil... Eləcə də Van Qoq, Servantes və başqaları... Çingiz Abdullayev də tək Azərbaycana məxsus deyil, 10 milyondan artıq oxucusu olduğu üçün, o, artıq dünya ədəbiyyatına məxsusdur. Elə buna görə də biz onunla fəxr edirik”.

Daha sonra millət vəkili Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verdi, 25 il bundan əvvəl qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizə düşmən çıxanların oyunu nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini xatırlatdı.

Beynəlxalq təşkilatların, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin isə bu günə kimi hələ də icra olunmadığını bildirdi.

C. Feyziyev qeyd etdi ki, biz torpaqlarımızın azad olunması uğrunda mübarizəmizi sona qədər davam edəcəyik.

Türk dünyasının birliyindən bəhs edən kitabının artıq rus, Azərbaycan, qazax, türk dillərinə də tərcümə oldunduğunu qeyd edən natiq, bu qarışıq qloballaşma dövründə Türk dövlətlərinin öz ittifaqının yaratmağının vacibliyini önə çəkdi:

“Biz Türk Birliyini qurmalıyıq ki, həm Avropa Birliyi, həm Rusiya, həm də Çinlə əlaqə yaradaq. 7 türk dövlətinin bütün sferalarda bir olmasının zamanıdır. Bu ittifaq yaranarsa, dünyada nahaq axan qanların, müharibələrin də sayı azalar. Türkün yurdu azad və firavan olmalıdır”.


Belə bir möhtəşəm tədbirin keçirilməsində xüsusi rolu olan Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov da hər iki kitab haqqında öz fikirlərini bölüşdü:


““Avropanın opponentləri” sadəcə bir dedektiv roman deyil. O bu gün dünyada, xüsusilə də Avropa məkanında baş verən mühüm siyasi məsələləri, eləcə də Boniya və Hersoqovina üçün də çox aktual, vacib olan Avropa İttifaqının genişlənməsi prosesinin çətinlikləri, müsəlman ölkələrindən Avropaya miqrasiya və onun nəticələrinə müxtəlif yanaşmaları böyük oxucu kütləsinə çatdıran aktual mövzulu bir əsərdir. 

Bu gün tanış olduğunuz  boşnak-xorvat dilindəki “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avropa modeli” kitabı çox geniş kontekstdə Türk Dünyasının birliyi, bütövlükdə müasir beynəlxalq həyatın aktual məsələsi kimi qaldırılır. Müəllif müstəqil türk dövlətlərinin siyasi liderlərinin mövqelərinə söykənərək, Türk Dövlətləri Birliyinin təşəkkül şərtlərini, ümummilli strategiyanın  başlıca məqsədlərini ortaya qoyur. Kitabların boşnak dilinə tərcümə edilməsi Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin təşəbbüsüdür. Serbiya və Montenoqroda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərimiz yarandıqları gündən Azərbaycan Pespublikasının Prezidenti tərəfindən müəyyən olunmuş dövlət siyasətinə əsaslanaraq, Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının və elminin regionda tanıdılması üçün çox mühüm işlər görür. Azərbaycanın Balkanlarda fəaliyyət göstərən Mədəniyyət mərkəzləri və onların rəhbərləri Zərifə Əlizadə və Seyran Mirzəzadə, mərkəzin direktor müavini, elmlər doktoru Lalə Məcidova hər iki kitabın ərsəyə gəlməsində böyük əmək sərf ediblər”.

Kitabların təqdimat mərasimindəki çıxışlardan sonra Sarayevoda təhsil alan türk gəncləri əllərində Türkiyə  və Azərbaycan bayraqları “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!” şüari səsləndirdilər.

Daha sonra isə kitabları imzalama mərasimi oldu.

Onu da qeyd edək ki, hər iki kitabdan təqdimata 1000 ədəd çıxarılsa da, tədbirə qatılanların çoxuna çatmadı.

Bosniyalılar kitab işığına gəldiklərindən çox məmnun idilər. Onların arasında həmyerlilərimiz, səfirliyimizin əməkdaşlarının uşaqları da var idi.

Bütün insanlar kitab oxusaydı, nə vardı ki... O zaman nə Sarayevonun, nə Türk Dünyasının, nə də Yer kürəsinin başının üstündə bu qədər düman, çiskin olmazdı...


Aida Eyvazlı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir