Modern.az

Hacıbala Abutalıbov nümunəsi

Hacıbala Abutalıbov nümunəsi

Ədəbi̇yyat

10 Noyabr 2016, 12:30

Mahir Qabiloğlu

Son müşavirələrin birində Prezident İlham Əliyev məmurları xalqın xidmətçisi adlandırdı. Bu sözlər xəyalən məni uşaqlıq illərinə apardı. Xidmətçi, rəsmən isə qulluqçu olan bu sözdən xoşum gəlmirdi. İndi də gəlmir. “Dövlət qulluqçusu” terminini də xoşlamıram. Bu mövzuya böyük məqalə də həsr etmişəm.

Günlərin bir günü mən məktəbli Mahir tərcümeyi-hal yazmalıydım. Əlbəttə ki, heç bir anlayışı olmayan mənə də atam kömək etməliydi. Daha doğrusu o diktə etməli, mən də kağıza köçürməliydim. Birinci cümlə belə oldu: “Mən, Mahir Qabil oğlu İmamverdiyev 4 dekabr 1966-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşam”. Nə? Qulluqçu ailəsində? Atamın səhvini düzəldirmiş kimi “Papa, bəlkə ziyalı ailəsində yazım. Sən şair, mama müəllimə. Biz hardan qulluqçu olduq ki?” dedim. Bədii əsərləri çox oxumuşdum. Qulluqçu deyəndə nökər gəlib dayanırdı göz önündə. Atam isə “qulluqçu yaz” dedi. “Biz qulluqçu sayılırıq. Bu dövlətdə iki sinif var: Fəhlə və Kəndli sinifləri. Dövlətimizi onlar işləyib saxlayırlar. Onların qazandıqlarından, büdcəyə verdiklərindən dövlət məktəb-bağça, xəstəxana açır, mədəniyyəti, incəsənəti inkişaf etdirir. Bax, aton şeir yazır. Şeirin hər misrasına “qonorar” yazırlar. Anon dərs deyir. Ona maaş verirlər. Bu, fəhlə-kəndlinin qazandığıdır. Biz isə sadəcə yeyirik, pul qazandırmırıq. Mənəvi xidmət göstəririk xalqımıza, fəhlə-kəndli sinfinə. Ona görə də ziyalılar sinif sayılmır. Sadəcə qulluqçudurlar”. 


Sonralar bildim ki, 5 il ali təhsil alan müəllim, həkim və qeyriləri texniki-peşə məktəbi bitirən fəhlədən, orta təhsili olan kəndlidən qat-qat aşağı maaş alırlar. Yaradıcı insanlar isə qeyri-adi istedada malik olduqları üçün yüksək qiymətləndirilirlər.

Onları bizə nümunə göstərirdilər: Neftçi Qurban, pambıqçı Sürəyya, Qızqayıt, Şamama Həsənova, Tərlan Musayeva, çoban Nuruş, Ömər Ağayev... Onları biz şagirdlərlə görüşə çağırırdılar. Onlar deputat seçilirdilər. Onlar maneəsiz partiya sıralarına qəbul edilirdilər. Şairlər, yazıçılar onları vəsf edirdi. Bəstəkarlar mahnı qoşurdular. Büstləri qoyulurdu. 

Varlı, vəzifəli isə (əlbəttə ki bəziləri) yalnız gülüş, satira mənbəyi olurdu. Onları “Mozalan” telejurnalı, “Kirpi” satirik jurnalı “təbliğ edirdi”. Bu cür tənqidlərin ilhamverici qüvvəsi isə elə dövlətin özü – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi idi. O partiya ki, özü fəhlə-kəndlinin çiynində qurulmuşdu, hakimiyyətə gəlmişdi.

Bu təbliğatın ikinci qolu da vardı. Onlar hərbçilər – müharibə qəhrəmanları idi. Çapayev, Budyonnıdan tutmuş Həzi Aslanova qədər. Çünki gənclər həm də torpağı qorumağı bacarmalıydılar. Faşizmin törətdiyi dəhşətlər göstərilirdi. Amma əsasən faşizmi məhv edən sovet əsgərinin qəhrəmanlıqları önə çəkilirdi, nümunə göstərilirdi. Nümunələr çox idi. Məhz bu nümunə bolluğunda biri kosmonavt olmaq istəyirdi, o biri pambıqçı-mexanizator, frezerçi, qaynaqçı... kimisi də şair, həkim, müəllim, alim... Raykom katibi, prokuror olmaq istəyənlər də tapılırdı. Amma hüquq fakültəsinə sənəd verənlərin sırasında az-maz ziyalı uşağına rast gələrdin. Əsas fəhlə-kəndli övladlarıydı. Çünki xüsusi qadağa vardı varlılara, vəzifəlilərə və mənim kimi ziyalı uşaqlarına. İstisnalar isə tək-tük olurdu.

O dövlətdə bir dənə Lenin babamız vardı. O, nümunə yox, simvol idi.
Artıq 50 yaşıma çatıram. Nə olsun ki, müstəqillikdir. Heç nə dəyişməyib. Yenə də qulluqçuyam. Qulluqçu oğlu qulluqçu. Qızlarım da qulluqçu qızıdır. Vəzifəlilər, müəllimlər, həkimlər də bu xalqın qulluqçuları, xidmətçiləri. Sadəcə dəyişən odur ki, biz fəhlə-kəndliyə qolçomaq təyin etmişik. Onun adına “sahibkar” deyirlər. O da fəhlə-kəndlini işlədir, onun haqqının çox hissəsini isə cibinə qoyur.

O cəmiyyətdə fəhlə-kəndli qazandığını dövlətə verirdi – son qəpiyinəcən. Bu cəmiyyətdə isə sahibkara. Sahibkar isə xeyirin çoxunu gizlədib, azını dövlətə vergi verir. Biz ziyalı-qulluqçuya çatan pulu da mənimsəyir. Fəhlə-kəndliyə isə qəpik-quruş qalır.

Nümunə

Zəng gözləyirəm. Kimdən? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovdan. Şəxsən zəng etməsə də olar. Gözləyirəm ki, onun adından kimsə zəng edib mənə “Mahir Qabil oğlu İmamverdiyev, Sizi 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə bir dənə də xətaya yol vermədiyinizə, radarlara, məlumat bazasının mənfi bölümünə düşmədiyinizə görə “NÜMUNƏVİ SÜRÜCÜ” adına layiq görmüşük. Xahiş edirik sabah idarəyə gələsiniz. Mətbuat mənsublarının iştirakıyla sizə mükafat təqdim olunacaq”. 

Yəni ki, quruca diplom və ya fəxri fərman. Sevinirəm. Nə olsun ki, quruca kağız parçasıdır. Qiymət, nümunə hər şeydən irəlidir. Amma zəng gəlmir.

Bu cür zəngləri bütün dövlət idarələrindən gözləmək olar. Nə çətin şeydir ki, çağırışçılarla görüşdə analara Hərbi Komissarlıq adından quruca bir minnətdarlıq kağızı vermək? Axı bu uşaqları 18 il ata-ana böyüdüb. Bütün əziyyətlərini çəkib. Sonra da Hərbi Komissarlıq gəlib qapılarını döyərək, “oğlunun Vətənə borcu var” deyərək hazırına nazir durub. Axı niyə biz şəhidi nümunə göstəririk, diri nümunəvi əsgəri yox.

Bu yaşa çatmışam, bir dəfə də qazımı, işığımı, suyumu kəsməyiblər. Çünki komunal xidmətlərə görə pulları vaxtında, lap vaxtından əvvəl ödəyirəm. Bircə dəfə bu idarələr qapıma minnətdarlıq məktubu qoyublarmı? Amma borcum olsaydı...

Axı, bu cəmiyyətdə nümunə göstəriləcək insanlar çoxdur. Nümunəvi nazir, icra başçısı, idarə müdiri, bağça müdirəsi, “JEK” rəisi, gömrükçü, vergiçi, maliyyəçi, yolçəkən, dəmiryolçu, rabitəçi yoxdurmu? Görəsən, hansısa müəllim onlardan birini öz şagirdlərinə nümunə gətiribmi?
Deyəcəksiniz ki, ay Mahir, gözün kor, qulağın kardır? Prezidentimizin onları təltifetmə sərəncamlarını heç oxumamısan? Oxumuşam. Bu, əməyə verilən qiymətdir. Mənim dediyimsə nümunə.

25 illik müstəqillik tarixində bircə dəfə eşitmisinizmi ki, a bala filankəs kimi ol, ona oxşa. Yox, deyəsən eşitmisiniz. Arvadınızın dilindən: “Ay uşaq, atova oxşama! Onun kimi befər olma! Oxu, vəzifəli ol, qaz vur, qazan doldur”. Amma heç bir ana uşağına deməyib ki, torpağı becər, mal-qara saxla, zavodda işlə. Lap Aqil Abbasın təbirincə desək, “soğan ək” də deməyiblər. Özü də ki, “Hövsan soğanı”. Nəticəsi də bu. Şəhəri təmin edən kəndli unu, yumurtanı, kartofu, soğanı mağazadan alır. Əti-toyuğu demirəm hələ...

İndi sual verirəm, kimdir SİNİF? Adını qulluqçu qoyduğumuz ziyalılar, yoxsa ziyalıları öz artığı ilə yedirtmək üçün yaradılan fəhlə-kəndli sinfi?

Çox uzağa getdim. Qayıdım mətləbə. Müstəqilliyimizin 25 ilində bircə nümunə də eşitməmişəm. Düzdür, Qarabağ müharibəsində həlak olanları nümunə göstəriblər. Amma arxasıyca da əlavə etmişik ki, demə onlar üzdəniraq rəhbərlərimizin xəyanətinin, kreslo üstündə davalarının qurbanları olublar. Bu bizim ən yeni tariximizdir.

Hə, yadıma düşdü. Bu 25 ildə bircə dənə nümunə eşitmişəm. O da Prezident Heydər Əliyevin dilindən. Rəsmi imzası ilə rəsmi sərəncam şəklində. “Suraxanı rayonunun müsbət iş təcrübəsinin yayılması haqqında” 20 iyul 1999-cu il tarixli, 191 saylı prezident sərəncamı. O vaxt Suraxanı rayonunun icra başçısı olan Hacıbala Abutalıbov nümunə göstərildi bütün icra hakimiyyəti orqanlarına. Qeyri-adi nə etmişdi ki, Hacıbala Abutalıbov? Yaddaşımı vərəqləyirəm.

Sakinlərlə görüşəndə car çəkmişdi ki, bəs ay camaat, mənim xüsusi qəbul günüm yoxdur. Nə vaxt istəsəniz yanıma gələ bilərsiniz. Sakin də gəlirdi icra hakimiyyətinin binasına, el dilində desək, “zonnı” keçirdi icra başçısının kabinetinə. Yox, yalan dedim. İcra başçısı özü çıxırdı qəbul otağına, onları öz kabinetinə dəvət edirdi. Kreslosuna yox, rayon sakiniylə üzbəüz stulda əyləşirdi. Bu rəftardan bütün rayon aparatı, rayonun bütün məsul şəxsləri xəbərdar idi. Sizcə bundan sonra onlardan hər hansı biri sakinlərin hüququnu pozmağa ürək edə bilərdimi?
O çətin illərdə “neft gəlirləri” deyilən söz dəbdə deyildi. Çünki sazişlər təzə bağlanmışdı, bəhrəsini hələ verməmişdi. Suraxanı rayonuna gələn Prezident Heydər Əliyev müxtəlif sosial obyektlərin açılışında iştirak etdi. Bu indi adi görünsə də, o vaxt nadir hadisə sayılırdı. Bütün bunlar rayonun daxili imkanları hesabına görülürdü.

Hər dəfə bayram günlərində başçı Hacıbala Abutalıbov sakinlərə torpaq sərəncamlarını özü paylayırdı: “Ev tikin, abadlıq edin, sağlıqla yaşayın”. 

(“BİR QƏPİKSİZ” sözünü əlavə etməyi unutdum. Yoxsa, düzgün anlamazsınız məni.)

HAŞİYƏ: Bir jurnalist yoldaşımız var. İki il əvvəlin söhbəti olar. Mənə dönüb nə desə yaxşıdır: “Ay Mahir, Allah Hacıbala müəllimin canını sağ eləsin. O vaxt Suraxanını qəzetdə mən işıqlandırırdım. Gördüm ki, camaata torpaq paylayır, mən də saldım sırtıqlığıma torpaq istədim. O saat əməl elədi. Məndə də imkan olmadı tikməyə. Hasarlatdırdım eləcə qaldı. Bu yaxında uşağı evləndirirəm... pula ehtiyac oldu, satdım. Bütün problemləri həll elədim. Yaxşı ki, onda xahişimi rədd eləmədi. İndi nə edəcəkdim? Gərək kreditə girəydim”. (SON)

Bu yazını yazan mənim lap gülməyim tutdu. Yəni Azərbaycanda belə rayon icra başçısı olub? Əgər o vaxtlar AzTV-də işləməsəydim, öz gözlərimlə görməsəydim və atam Qabilin dilindən eşitsəydim, mən də inanmazdım.

Bu qiymət təkcə Prezident sərəncamıyla yekunlaşmadı. Xalq şairi Qabil də şahid olduqlarını nəzmə çəkdi, o günlərdə “Hörmətli Prezidentimiz Heydər Əliyevin sərəncamıyla işi-gücü, fəaliyyəti bütün ölkəyə nümunə göstərilən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, professor HACIBALA ABUTALIBOV üçün” girişli “Alim-hakim” şeirini yazdı. Görəsən hansı raykom katibinə, icra başçısına bu vaxtacan şeir həsr olunub? Atam o vaxtacan raykom katibləri, icra başçıları görməmişdimi? Bəs Azərbaycana uzun müddət rəhbərlik edən Böyük Heydər Əliyev niyə məhz Suraxanı rayonunu, Hacıbala Abutalıbovu nümunə göstərdi? Çünki Suraxanı rayon icra başçısı xalqın xidmətçisi, qulluqçusu idi. Atam da şeirin son misralarında bunu xüsusi vurğulayıb:

Qədim atəşpərəstlərin
Ocağına başçı hakim,
Professor Hacıbala
Fəhlə - hakim, işçi – hakim!

25 illik müstəqillik tariximizin hələ ki yeganə nümunəsi olan Hacıbala müəllimi çox təriflədim deyəsən. Deyəcəksiniz ki, Mahir, sən ovaxtdan yox, bugündən danış.

HAŞİYƏ: Bu təcrübə yayıldımı Azərbaycana? Yəqin ki, sualın cavabını yaxşı bilirsiniz. Və bu cür fəaliyyətinə görə nümunəvi başçı Hacıbala Abutalıbova qoyulan adları, üzə çıxarılan saxta xəstəlik kağızlarını, KVN-in və mətbuatın daimi gülüş obyektinə çevrilməsi yəqin ki, yadınızdan çıxmayıb. Bəs Azadlıq prospektində yanğınla bağlı əraziyə gəlməsi, ağlaması necə? Nə ad qoyduq? İnsan demədik, “artistlik edir” söylədik. Görəsən cəmiyyət özü bu cür nümunəvi icra başçısını görməyə hazırdırmı? (SON)

O günlərə qayıdırıq elə – neft gəlirləri baxımından. İcra başçılarına isə Prezident Heydər Əliyevin 1999-cu ildə imzaladığı sərəncamından və Prezident İlham Əliyevin “məmur xalqın xidmətçisidir” sözündən və Qabilin “Alim-hakim” şeirindən başqa bir nümunə tapa bilmədim. ƏFSUS...

2016

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir