Modern.az

Müxalifətdən Trampın prezident olmasına REAKSİYA

Müxalifətdən Trampın prezident olmasına REAKSİYA

Ölkə

10 Noyabr 2016, 14:10

 

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq.  Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

Modern.az saytı Azərbaycandakı müxalifət siyasi partiyalarının Donald Trampın ABŞ prezidenti seçilməsi barədə münasibətlərini öyrənib.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramova deyib ki, Trampın prezident seçilməsini Amerika xalqının iradəsi kimi dəyərləndirir.

“Çünki Amerikada demokratik cəmiyyət formalaşıb. Uzun müddət demokratik seçki ənənəsi var. Bu Amerika xalqının öz daxili işidir. Trampı prezident seçməklə isə bütün dünyaya demokratik seçki prosesini nümayiş etdirdilər”.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Trampın prezident seçilməsi Amerika xalqının seçimidir.

“Hesab edirəm ki, Amerika xalqı dəyişikliyə, yeniliyə istəyi olan xalqdır. Keçirilən seçkilərin, dürüstlüyünə və şəffaflığına heç bir şübhə yoxdur. Amerikalılar sübut etdi ki, hətta indiki prezidentin dəstəklədiyi, keçmiş prezidentin həyat yoldaşı, keçmiş dövlət katibi, kifayət qədər idarəçilik təcrübəsi olan xanımı  belə prezident seçməyə bilir. Bu xalqın içində olan suverenliyini və müstəqilliyini bir daha  təsdiq etdi”.

O qeyd edib ki, ABŞ-ın keçmiş prezidentlərinin Azərbaycanla bağlı siyasəti nə olubsa, Trampın da siyasəti o olacaq.

“ Amerikada prezident ölkəni qanunlarla idarə edir. Həmin qanunlar da Amerika xalqına xidmət edir. Kənar məsələlər də isə bir prezidentin etdiyi digərindən cüzi fərqlənir. Mən ona görə də Azərbaycana qarşı, problemlərini həll etmək istiqamətində hər hansı bir addımın atılacağını düşünmədiyim kimi əleyhinə də hər hansı addımların atılacağı haqqında fikir deyə bilmərəm”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə,  Trampın prezident seçilməsi demokratiyanın qələbəsidir.

“ Bu amerikalıların öz seçimidir”.

O deyib ki, Amerikanın müəyyən olunmuş stabil dövlət siyasəti var.

“ Prezidentin seçilməsindən asılı olmayaraq həmin kurs əsaslı şəkildə davam edir. Sadəcə olaraq taktiki gedişlərdə fərqlər ola bilər. Azərbaycanla bağlı ABŞ-ın dövlət siyasəti və maraqları  nəyi təmin edirsə, elə də davam edəcək. Hər halda biz Azərbaycanla bağlı yaxşı siyasətin yürüdüləcəyini güman edirik”.

 

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-da keçirilmiş prezident seçkisinin əvvəlki seçkilər kimi namizədlər arasında çox da böyük fərq ortaya qoymadığını qeyd edib.

“Tramp cüzi bir faizlə Klintona qalib gələ bildi. Bu da onu göstərir ki, Tramp seçki öncəsi verdiyi sözləri yerinə yetirə bilməz. Çünki əhalinin böyük çoxluğunun səsini toplamayıb. ABŞ prezidentləri dövlətin maraqlarına tabedir. Ona görə də, seçkidən qabaq müəyyən vədlər verə bilərdi. İndi isə prezident kimi ABŞ-ı təmsil edir”.

Partiya sədri həmçinin bildirib ki, Trampın prezident seçilməsi dünyada müəyyən narahatçılığa səbəb olub.

“ Xüsusən də Rusiya ilə əlaqələr məsələsi. Mən düşünürəm ki, Tramp ABŞ siyasətində çox da dəyişikliklər edə bilməz. ABŞ siyasətində cüzi meyllənmə kiçik ölkələrdə böyük faciələrə gətirib çıxara bilər. Ona görə də prezidentlər dövlətin maraqlarına uyğun addımlar atırlar. Siyasi və hüquqi məsələlərdə Trampın çox ciddi müşavirləri olacaq. Amerikanın ən güclü siyasətçilərini, hüquqşünaslarını komanda kimi toplayacaq. Bəlkə də Demokratlardan bir qrupu da özünə cəlb edəcək. ABŞ prezidentləri başa düşürlər ki, onlar təkcə öz xalqlarına yox, dünyanın taleyinə də cavabdehdirlər.

O mənada ki, dünya iqtisadiyyatının 70 faizi onun əlindədir. Dünya maliyyə sisteminə ABŞ nəzarət edir. Hətta qlobal məsələlərdə də dolayı yolla ABŞ dünya ölkələrinə cavabdehdir. Bu cavabdehliyin qarşısında da çox ciddi məsuliyyət tələb olunur. ABŞ prezidentləri də bu məsuliyyəti çox yaxşı dərk edirlər”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi