Modern.az

Parlament müxalifətindən Trampın prezident olmasına MÜNASİBƏT

Parlament müxalifətindən Trampın prezident olmasına MÜNASİBƏT

10 Noyabr 2016, 15:24

Noyabrın 8-i ABŞ-da keçirilən seçkilərdə Respublikaçılar Partiyasını  prezidentliyə namizədi Donald Tramp seçkilərdən qalib ayrıldı. Trampın prezident seçilməsi dünya üçün sürpriz oldu. ABŞ-ın  yeni prezidentinin Azərbaycan-Amerika münasibətlərinə hansı yöndə təsirləri olacaq? 

Modern.az məsələ ilə bağlı Milli Məclisdə təmsil olunan müxalifət partiyalarından münasibət öyrənib.

 

Böyük Quruluş partiyasının sədri, deputat Fazil Mustafanın fikrincə, İndiki məqamda Donald Trampın prezident seçilməsinin Azərbaycana təsirləri  haqda proqnoz verilməsi  doğru olmaz.

 

“Azərbaycan Amerikanın baxış bucağından çox uzaq bir ölkədir. Hər hansı bir şəkildə Amerikanın hansı tələblərlə çıxışı bəlli deyil. ABŞ-ın qəbul olunmuş müəyyən  prinsipləri var. Yeni seçilən prezidentin o prinsiplərdən kənara çıxacağı gözlənilmir. müəyyən kadr dəyişikliyi, dolLarın faiz dərəcələrinə münasibət, digər Avropa ilə münasibət və digər məsələlərdə müəyyən ziddiyyətlər gözlənilir. Amma kəskin şəkildə hansısa münasibətlərin dəyişiləcəyini gözləmirəm. Azərbaycanın Amerika ilə münasibətləri nə yerdə idisə elə həmin vəziyyətdə də davam edəcək.

 

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib ki, indiyə qədər Amerika Birləşmiş Ştatlarında oturuşmuş bir dövlət sisteminin  olduğu hesab olunurdu.

“Prezidentin kim olunmasının Amerikanın dövlət siyasətinə, o cümlədən xarici siyasətinə təsiri olmur. Prezidentlər adətən irland mənşəli insanlar olur və ya onlarla qohumluq əlaqələri olanlar olur, hansısa gizli dövlət orqanı tərəfindən yönəldilən insanlar olur. Əvvəllət belə fikirlər hakim idi. Amma Trampın seçilməsi məsələləri bir qədər alt-üst elədi . Yəni Trampın alman və şotland mənşəyi, özünün ənənəvi  siyasət tərəfdarı olmaması, milyarder olması Amerika cəmiyyətinə maraqlı gəldi.  Baxmayaraq ki, bütün siyasi elita

 

Trampa qarşı idi. Hətta milyarderlər belə Trampa qarşı idi. Amma Amerika cəmiyyəti Donald Trampı seçdi. Bu, yeni bir nəfəsdir. Amma Amerikada prezidentlər dəyişsə də, xarici siyasət öz mahiyyətini saxlayır. İndi Tramp üçün çətin olsa da o açıqlamalarında mövcud sistemi dəyişəcəyini bildirib.  Oturuşmuş Amerika siyasətini dəyişəcək.  Xarici siyasətdə kimlər Amerika ilə əməkdaşlıq edirsə, Amerika da onlarla əməkdaşlıq edəcək. Demokratlar adətən insan hüquqları məsələlərini əllərində dəyənək kimi istifadə edirdilər. Amma Tramp deyir ki, bizim özümüzdə də problemlər az deyil, bizim Türkiyənin daxili işləri nə işimiz var, öz problemlərimizi həll edək. Bu mənada mən düşünürəm ki, Amerikanın dövlət siyasətindən Azərbaycana yönəlik ittiham edici motivlər sıradan çıxacaq. Ümumiyyətlə “Respublika”çıların əvvəlki üzvləri daha çox  neft maqnatlarına bağlı idilər. Amma Tramp müstəqil biznesdən gəlib.

 

Amerika cəmiyyəti dünya üçün də çox maraqlıdır. Tramp ən azı bir il müddətində siyasi sistemi formalaşdırmaqla məşğul olacaq. Trampın yaxın aylarda başı yeni hökumətin qurulmasına qarışacaq. Ona görə də aktiv surətdə Azərbaycan, Cənubi Qafqazla bağlı heç bir çıxış etməyəcək. Tramp və Obama hakimiyyətin təhvil-təslim prosesini yumşaq şəkildə keçirəcəklər. Gələcəkdə hər hansı sürprizlər, gözlənilməz hadisələr də  ola bilər. Mənim fikrimcə, Trampda obyektivlik daha çoxdur. O bir yandan müsəlmanları, miqrantları öz dövlətinin mənafeyi naminə tənqid edir. Avropa mənşəlilərin hakimiyyətdə üstün mövqeləri olacaq. Amma bunun düşmən münasibətə çevrilməsi  gözlənilməz. Hər halda Azərbaycan üçün müsbət tendensiyalar daha çox olacaq. Azərbaycanla bağlı bir neçə insanla şəxsi münasibətləri var. Ola bilər ki, bunlar müsbət rol oynasın”.  

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəylinin sözlərinə görə, Amerikada prezidentlər çox əhəmiyyətli rol oynasalar da, ölkənin geosiyasi istiqamətlərini dəyişmək kimi bir səlahiyyətləri  yoxdur.

 

“Trampın xarici siyasətini onun təyin edəcəyi xarici siyasət idarəsinin rəhbəri müəyyən edəcək. Trampın və onun ətrafı  Azərbaycan yaxşı tanıyırlar. Azərbaycan və Cənubi Qafqazla əlaqələri var.  Bu baxımdan da hansısa müstəvidə münasibətlərin inkişafı üçün  addımlar atıla bilər. Bu əsasən erməni lobbisinin Trampa dəstək verməməsi ilə bağlıdır. Onlar birmənalı şəkildə Hillari Klintonu dəstəklədilər. Fundamental dəyişikliklərin olunması gözlənilmir. Ümumiyyətlə, dünya üçün Trampın prezidentliyi sürpriz idi. Əgər onun  seçki kampaniyasındakı vədləri və açıqlamaları nəzərə alınarsa, xüsusilə Amerikanın xarici siyasəti ilə bağlı vədləri nəzərə alınarsa şübhəsiz ki, uğurlu heç nə gözlənilmir. Mən bu vədlərin real olacağını düşünmürəm. Tramp praqmatik adamdır, biznesdən siyasətə gəlib. O yalnız maraqlardan çıxış edərək öz siyasətini müəyyənləşdirəcək. Düşünürəm ki, Azərbaycanla bağlı maraqlar daha çox Amerikanın maraqlarına uyğun gəlir. Azərbaycanın tutduğu mövqe daha məqsədə uyğundur. Azərbaycanla ABŞ-ın əməkdaşlığı Trampın dövründə də yaxşı şəkildə davam edəcək”.

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bildirib ki, Trampın ABŞ prezidenti olması, Hillari Klintonun seçilməsindən dəfələrlə yaxşı haldır.

 

“Hillari Klintonun dövlət katibi kimi fəaliyyətinə nəzər salsaq “ərəb baharı” və “Sürix protokolları”nı görərik. Bunların nəticəsində də dünya müharibəyə qərq oldu. İndi əgər Hillari Klinton prezident olsa idi, bütün dünya müharibə ilə qarşı-qarşıya olardı. Klinton “Sürix protokolları”nın ilhamçısı və yaradıcısı idi. “Sürix protokolları” Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində həyata keçmədi”.

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat  Asim Mollazadə bildirib ki,  Donald Tramp Amerika-Azərbaycan münasibətlərinin müsbət yöndə irəliləməsinə təsir edəcək.

“ABŞ-ın yeni prezidenti, onun administrasiyası və yeni senata seçilmiş Respublikaçılar Partiyasından olan çoxluq Azərbaycan-Amerika münasibətlərinin inkişafın üçün bir sıra addımlar atacaq. Eyni zamanda erməni lobbisi və diasporu ilə hansısa bağlılığı olmayan yeni prezident münasibətləri qurmaq üçün beynəlxalq hüquq prinsipləri çərçivəsində müvafiq addımlar atacaq”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir