Modern.az

Əhəd Abıyevin sorağı

Əhəd Abıyevin sorağı

10 Noyabr 2016, 19:01

Afət Telmanqızı


Əhəd Abıyevi tanımayan az adam tapılar. 15 il parlamentdə qalmaqallı, məzəli çıxışları, müsahibələri ilə yadda qalan bu məmur hər zaman diqqət mərkəzində olub. Doğrudur, bir neçə ildir mərkəzdən uzaq düşüb, amma ucqarda yerləşən Daşkəsəndə işləsə də, ordan da tez-tez sorağı gəlir.

Bu dəfə isə o, başqa bir bacarığı ilə özünü tanıtdı. Demə Əhəd müəllimin yumruq atma qabiliyyəti də varmış. Bayraq günündə Ermənistan bayrağı hesab etdiyi Kolumbiya bayrağını yumruqlamasıyla gündəmi zəbt etdi. Özü də o, bu yumruğun ona baha başa gəldiyini, şifer üzərinə çəkilmiş bayrağı yumruqlayarkən şiferin qalınlığı səbəbindən barmaqlarının möhkəm əzildiyini deyib.

İcra başçılarının gərək bundan sonra hər hansı bir bacarığa sahib olmaları da öyrənilsin. Məsələn, yumruq atma hadisəsi olmasaydı, biz Əhəd müəllimin idmanın boks növü ilə məşğul olmasından bixəbər qalacaqdıq. Gələcəkdə məmurlar arasında boks üzrə yarışlar keçiriləndə də Əhəd müəllimin rinqə çıxarılması ideyasını irəli sürə bilən tapılmazdı.


Hələ digər mərifətlərindən xəbərsiz olduğumuz görün nə qədər icra başçısı, məmurumuz var. Əhəd müəllimə gələndə isə o hər zaman mediaya açıq insan olub. Bu dəfə də o, bayrağa yumruq vuran məmur kimi adıni tarixə yazdı.

Amma işğalçı Ermənistana başqa cür də yumruq vura bilərdi Əhəd müəllim! Məsələn, Silahlı Qüvvələrimizə Yardım Fonduna pul köçurməklə və ya cəbhə xəttinə gedib əsgərlərimizin yanında olmaqla,  onlara ruh yuksəkliyi verməklə və sair. Ammabu yazıdan sonra ümid edirəm ki, Əhəd müəllim "Youtube"un baş redaktorunu axtardığı kimi məni axtarmaz.

Bilirsiniz də, bir dəfə "Youtube"da Daşkəsən rayonu haqqında neqativ bir video yüklənib. Bundan xəbər turan rayonun başçısı Əhəd Abıyev tanıdığı jurnalistlərə zəng vurub, "Youtube"un baş redaktorunun telefon nömrəsini soruşurmuş. Həmkarlarımdan biri də eləməyib tənbəllik Əhəd müəllimə deyib ki, “müellim o ABŞ-dadır”. Əhəd müəllim yenə də təkidlə rouminqinin olub-olmadığını soruşub.

Əhəd müəllim belə müəllimdir. Duzlu-məzəli. Ermənistan bayrağı hesab etdiyi bayrağı yumruqlamaq qədər məzəli bir məmurdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!