Modern.az

Tramp istəsə dünyaya sülh gətirə bilər... 

Tramp istəsə dünyaya sülh gətirə bilər... 

11 Noyabr 2016, 09:15

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəldi. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq.

Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf etdi.

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assembleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki, Amerikadakı seçkilərin nəticələri dünya gündəmini dəyişib. “Amerikada seçkilərdə əsas yarış Demokratlar və Respublikaçılar arasında olur. Açığı bütün Avropa ölkələri, hətta dünyanın ən tanınmış politoloqları belə Hillari Klintonun prezident seçiləcəyini proqnozlaşdırırdılar. Ancaq Amerika cəmiyyəti sürprizlərlə doludur. Hillari Klinton seçilsəydi, ilk dəfə olaraq ABŞ-da prezident qadın olacaqdı. Ancaq Respubilkaçıların nümayəndəsi Donald Tramp prezident seçildi. Bu, Respubilkaçıların tam qələbəsi deməkdir. Tramp rəqibini qabaqladı”.

 

Eldar Quliyev bildirib ki, Prezident İlham Əliyev Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib və təbrik məktubunda Qarabağ məsələsinə toxunub. “İndi dünyanın xeylı bölgəsində qeyri-sabitlik hökm sürür. Müharibələr, miqrantlar zamanımızın reallığıdır.

Çox təəssüf ki, Obamanın prezidentliyi dövründə ABŞ bu kimi münaqişə ocaqlarının söndürülməsinə nəinki yardım etdi, mən deyərdim ki, tam əksinə oldu.

Hətta müşahidəçilər ABŞ-Rusiya münasibətlərindən dolayı həyacanla Üçüncü Dünya Müharibəsinin başlayacağı anonsunu verirdilər.

Suriya, Misir, ümumiyyətlə, Yaxın Şərqin timsalında biz bunu görə bilərdik”.

Donald Trampın Rusiya və onun rəhbəri Putinə münasibətinə gəlincə, Eldar Quliyev deyib ki, bu günə qədər Tramp Rusiyaya və onun prezidenti Putinə marağını, isti münasibətini ifadə edib. “Düşünürəm ki Trampın bu cür addımları Rusiya və ABŞ arasındakı sərinləşmiş münasibətləri istiləşdirə bilər. Belə olacaqsa, Tramp Amerikası Rusiya və onun partnyorları ilə sanksiya dilində danışmayacaq. Bununla da soyuq müharibə xofu, dünyanı təhdid edən Üçüncü Dünya Müharibəsi kabusu yox olacaq. Hər halda hadisləri qabaqlamayaq”.

 

Eldar Quliyev qeyd edib ki, Trampın prezident seçilməsi Rusiyada böyük rəğbətlə qarşılanıb. “Artıq bəzi ehtimallar var ki, Trampla dünyaya sülh gələcək. Azərbaycan xalqı da bunu çox istəyir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, torpaqlarımızı sülh yolu ilə azad olunmasını istəyirik. Biz ümid edirik ki, Trampın prezident seçilməsi Qarabağ probleminin həllinə müsbət təsir göstərəcək. Biz böyük güclərdən məsələlərə obyektiv münasibət gözləyirik”.

 

Deputat qeyd edib ki, bu gün Azərbaycanın ən böyük problemi ərazi bütövlüyünün pozulması, torpaqlarının işğal olunmasıdır: “Qarabağ probleminin beynəlxalq səviyyədə həlli üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də ABŞ-dır. Hesab edirəm ki, ABŞ və Rusiyanın maraqları üst-üstə düşəcəksə, o zaman bizdə əminlik yarana bilər ki, Dağlıq Qarabağ probleminin həllində irəliləyişlər olacaq”.

Eldar Quliyev təəssüflə bildirib ki, bu gün elə terror təşkilatları var ki, dünyanın böyük gücləri və ölkələri tərəfindən müdafiə olunur. “Mən bu sırada PKK-nın da adını çəkmək istəyərdim. PKK terror təşkilatıdır və bizə dost, qardaş Türkiyəyə hər an təhlükə ayardır. Çox təəssüflər olsun ki, dünyanın böyük ölkələri bəzən gizli, bəzən açıq bu terror təşkilatını müdafiə edir. Bu isə nə beynəlxalq hüquq normalarına, nə hansısa hüquqi akta, nə də insanlığa sığır”.

Ölkəmizin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə diqqət çəkərək deyib ki, BMT-nin baş katibi yeni seçilsə də, bu qurumun Əsasnamə və Nizamnaməsinə mütləq dəyişiklik edilməlidir: “Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin boşaltması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 25 ilə yaxındır kağız üzərində qalır. Fikrimcə, BMT-də mütləq dəyişikliklər olmalıdır ki, bu məsələlər öz həllini tapsın. Yoxsa bu qurum da imicini, nüfuzunu itirir”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!