Modern.az

Əcəl atı kiminçün gəlir?

Əcəl atı kiminçün gəlir?

1 Mart 2011, 17:56

Gənc Tamaşaçılar  Teatrında «Əcəl atı» adlı bir tamaşanın ilk tamaşası oldu. Tamaşada aktyor oyunundan, rejissor   yozumundan, dekorasiyadan-filandan danışmaqla təfərrüata varmaq istəmirəm.  Aydın məsələdir ki, bu, tamaşa da hələ ki (çox ümid edirəm ki, hələ ki) tamaşaçını  qane etməyən cəhətlərdən, bəzi ifaçıların zəif oyunundan,  müxtəsəri, Azərbaycan teatrına xas olan çatışmazlıqlardan xali deyildi. Bu mənada, tamaşanı təhlil eləmək fikrindən uzağam.  Burda mənimçün maraqlı olan ədəbi materialın özü və ümumiyyətlə, belə bir tamaşanın oynanılması faktı, həmçinin orda deyilənlərin bizə aidiyyət əmsalı idi.

Qızımın 5 yaşı olardı - atasının ata-baba yurduna gedib qayıtdıqdan sonra məndən soruşdu ki, biz niyə hər dəfə atanın kəndinə gedirik, bir dəfə də səninlə nənənin kəndinə gedək də... Ona öz dilində başa salmağa çalışdım ki, bu gün  hələ ki kəndimə gedə bilmirəm, ora düşmən əlindədir.  5 yaşında uşaq heç cür başa düşüb qəbul edə bilmədi ki, axı necə ola bilər ki, nənəylə sən kəndinizi düşmənə verəsiz? Müharibə, döyüş kimi şeylərdən danışdım. Onda da qızım dedi ki, ora həm də dayımın kəndidir. Onun ki avtomatı var idi - o niyə kəndi düşmənə verdi…

Yəqin hər birinizin başına gəlib - bəzən sadə uşaq məntiqinin qabağında deməyə söz tapmırsan. Uşağın məhz   «kəndi vermisiz» deməsi tutarlı, yağlı bir sillə idi. Həmin an  həmin sillənin təsirini  yanağımda hiss elədim. Bu  ağrını bir az da dərindən hiss eləmək, nəyi «verdiyimi»,  bununla nələrdən məhrum olduğumu bir daha göz önünə gətirməklə,  kəndə getmək üçün yay tətilini necə həsrətlə gözlədiyimi xatırlamaqla,  özümü cəzalandırmaqdan başqa  həmin anda əlimdən heç nə gəlmədi. Yazıq nənəm uşaqlarından, demək olar ki, küsülü getdi o dünyaya. Arvad  onu Bakıya gətirdiklərinə görə  son nəfəsinədək oğlanlarıyla  burun-damaqla danışdı,  axıracan  da bağışlamadı onları.

Həmin silləni dünən «Əcəl atı» tamaşasında da hiss elədim. Bu dəfə cəzanı səhnədə oynayırdılar, köz bağlamış yaranı iynənin ucu ilə oya-oya, qanada-qanada, indiki həyatımın içində mənim,  əslində,  kim olduğumu  özümə göstərirdilər. Bax… yaxşı-yaxşı bax… nə gözünü yum, nə qulaqlarını qapa… nə də özünü qanmazlığa vur… bax, bu səhnədən eşitdiklərinin, gördüklərinin hamısı sənə, şəxsən sənin özünə aiddir! Nə yaxanı qırağa çək, nə özünə haqq qazandır, nə də qızının qabağında özünü təmizə çıxart. Sən  -  bax busan! Uşağına vətən haqqında  moizə oxuyan, övladını ata-baba yurduna apara bilməyən diliqısa, gözükölgəli vətənpərvər vətəndaş.

 … Çox ağır idi…  bu dərdi iliyinəcən çəkmək  cəzası məni gerçəkliyə qaytardı.

Hə…  Çox işlənməkdən  sözlər də nimdaşlaşıb - amma başqa cür deyə bilmirəm - biz kimik? Hardan gəlib hara gedirik, nələri itirə-itirə gəlirik, bu gün qarşımıza hansı məqsədi qoymuşuq, hansı  məişət istəkləri ilə yaşayırıq…  Övladımızı böyütmək,  ona yaxşı təhsil vermək, «xoş günündə qol qaldırıb oynamaq», daha çox pul qazanmaq, yaşayış səviyyəmizi, şəraitimizi bir az da yüksəltmək,  bahalı maşın almaq, hər  şeyin yaxşısını, fərqlisini seçmək - bir insan kimi bu, bizim haqqımızdır. Amma bu gün  övladını ata-baba yurduna apara bilməyən, «kəndinizi niyə vermisiniz?» sualının qabağında dərsini bilməyən uşaq kimi başını aşağı tikən mənim kimisi üçün, necə bir dərdin içində yaşadığımızı təsəvvür eləyəndə yuxarıda sadaladıqlarımın hamısı bir anın içində cılızlaşır, dəyərdən düşür, adamı xəcalət təri basır… 
İnsani hisslərimiz milli, vətənpərvər hisslərimizi çoxdan içində əridib, əzib-əzib sıyığa döndərib.

Tamaşadan çıxanların arasında dodağının altında «Bildik də. İndi  neyləyək, yıxılaq ölək?» donquldananlar da var idi. Lazım deyil, ay adam, nə yıxıl, nə də öl. Kim olduğunu boynuna almağın özü də bir cəsarət istəyir. Səninçün hər şeyin günahını kimlərdəsə axtarmaq daha rahatdırsa, davam elə, işində ol. Amma Sədəf qarı demişkən, aradabir fikirləş ki, həmin o günahkarları da sənin elə öz millətin yetişdirməyib, onu çiynində elə sən özün daşımamısan? Niyə zəifliyini boynuna almaqdan qorxursan? Bunu etiraf eləyə bilmirsənsə, heç olmasa, aranı bulandırma, qoy  insan özünə kəsdiyi cəzanı çəksin, özünə sitəm eləsin, bəlkə bundan yorula, halsızlaşa, axırda öz taleyinə qərar verə. Sənə pis söz deyən yoxdur ki…  Allah xatirinə, indiyədək necə yaşamısansa,  elə də yaşa, get gör uşağın indi hansı maşından sürmək istəyir.  Dərdi qoy bilənlər çəksin…    

Əsərin  müəllifi yazıçı-publisist Vaqif Əlixanlı, quruluşçu rejissoru  Ağalar İdrisoğlu, oynayanlar da elə teatrın öz aktyorları idi.  Açması kimdən..?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu