Modern.az

Mühəndislik lazımdırmı?!

Mühəndislik lazımdırmı?!

11 Noyabr 2016, 12:56

Nicat Nəsirli

Noyabrın 8-də Prezident İlham Əliyev ali təhsil sistemində yeni keyfiyyət mərhələsi kimi qiymətləndirilən, elmi-iqtisadi əhəmiyyət kəsb edən növbəti  sərəncam imzaladı. Sərəncamla  Bakı Mühəndislik Universiteti yaradıldı. Bu universitetin təsis olunması ilk baxışda içtimai rəydə suallar yarada bilər:”Memarlıq və İnşaat, Texniki, Neft və Sənaye Universitetləri var, yeni universitet hansı funksiyanı həyata keçirəcək? Mühəndislik ixtisaslarına bu gün bazarda təlabat varmı? Vaxtı ilə mühəndislik ixtisasına yiyələnənlər bu gün özünə uyğun iş tapa bilmirlər, yeni universitet əmək bazarında hansı mövqeyi tutuacaq?” və s.

Hazırda dünya elmində və iqtisadiyyatda gedən tendensiyaları izləsək deyə bilərik ki, mühəndislik ixtisaslarına təlabat azalmır, əksinə, durmadan artır.  Mühəndis deyəndə yalnız neft-qaz, inşaat,istehsalat işləri ilə məşğul olanların başa düşülməsi kökündən yalnışdır, elmtutumlu və iqtisadi fəaliyyət  kəsb edən bütün sferalarda mühəndislik sahəsində dərin ixtisaslaşma gedir. Sadə fikirlə desək, bazarlarda baş verən maliyyə-istehlak təlatümləri istehsal müəssisələrini bazardakı mövqelərini qorumaq üçün mühəndis xarakterli kadr potensialına diqqət yetirmələrini tələb edir. Bu aksiomadır ki, bazara uzun müddət eyni xarakterli məhsul təklif edən müəssisələrin rəqabətə davam gətirməsi mümkün olmur. Yalnız peşəkar mühəndis heyətinə malik olan müəssisələr bazarın “qabarıb-çəkilmələrinə” vaxtında adekvat reaksiya verə bilir.

Prezidentin son fərmanı bu mənada ölkənin gələcək qeyri-neft sektorunun inkişafına təsir edəcək mühüm bir addımdır. Müasir dövrdə elmin və iqtisadiyyatın çağrışları dəyişib, şaxələnib. Sərəncamda məhz bu məqamlar vurğulanaraq qeyd olunur ki, yeni mühəndislik ixtisaslarının ölkəyə cəlb edilməsi ilk növbədə iqtisadiyyatın qlobal çağrışlarının tələbidir. Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirməlidir, buna görə də  müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurəti qarşıda durur. Bu addım iqtisadi-texnki təhsil sahəsində artıq yeni keyfiyyət mərhələsidir. Əgər əvvəllər ölkə iqtisadiyyatının tələbləri nəzərə alınmadan kadr hazırlığı aparılırdısa, artıq yalnız qarşıya çıxan çağrışlara, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə uyğun kadr hazırlığı həyata keçiriləcək və bu zaman müasir innovasiyalar, iqtisadi sahələrdə son texnologiyaların inkişafı nəzərə alınacaq. Prezidentin qarşıya qoyduğu kimi yeni universitet  fundamental və tətbiqi elmi tədqiqatlar aparan bir təhsil ocağı olmalıdır ki, bu tələb hazırda bütün ali təhsil müəssisələrinin qarşısında durur. Yeni universitet kadr hazırlığında inkişaf etmiş xarici ölkələrin təcrübələrini nəzərə alacaq, xaricdə təhsil alıb ölkəyə qayıtmış və ya dünyanın məşhur koorporasiyalarında çalışaraq təcrübə qazanmış soydaşlarımız tədris prosesinə cəlb ediləcək. Bu gün universitetlərin qarşısında ciddi məsələlərin həlli durur: universitetlər artıq təhsil verməklə yanaşı, elmi-tətqiqat mərkəzlərinə çevrilməlidir, ölkənin inkişaf tredlərinə uyğun elmi axtarışların aparılması, elm bazarının formalaşdırılması, elmlə istehsalatın vəhdəti təmin olunmalıdır, aparılan elmi yeniliklər kommersiyalaşmalıdır. Dayanıqlı iqtisadi inkişafın əsasını bu istiqamətlər təşkil edir.

Bu gün Azərbaycanda orta məktəb sistemində aparılan ixtisasa yönəlik islahatlar, texniki peşə məktəbləri sisteminin yenidən qurulması ali məktəblərin bu prosesə adekvat reaksiyası ilə tamamlanmalıdır. Hər bir təhsil müəssisəsi əmək bazarına köklənməlidir, bu bazarda ehtiyac olmayan ixtisasların təhsil standartlarından çıxarılması illərdir ki aparılır. Təhsil müştəriyönümlü olmalıdır: kadr istehsalatın tələbləri əsasında hazırlanmalıdır. Təəssüflə qeyd etmək olar ki, bu gün cəmiyyətdə, “övladım hüquqşünaslığı bitirib prokror olmalıdır!” psixologiyası ilə yaşayanlar çoxdur. Əziz valideyn, artıq qəbul etməlisən ki, humanitar ixtisaslara ölkə bazarında təlabat yoxdur. Bütün işverənlər texniki ixtisaslı kadr axtarışındadırlar! Baytarlıq, aqronom,texnoloq  kimi mühüm əhəmiyyətli ixtisasları bitirib diplomunu evə tullayanlar az deyil. Amma niyə gizlətməliyik ki, bu gün kəndlərimizin çoxunda baytar çatışmazlığından heyvandarlıqda kütləvi xəstəliklər baş alıb gedir, təsərrüfatlarımızda aqronom  kimi işləyənlərin çoxu İran, Türkiyə, Hollandiyadan gələnlərdir. Əksər müəssislərdə texnoloqlar, keyfiyyət menecerləri əcnəbilərdir. Külli miqdarda vəsaitlər xaricə axıb gedir. Mühəndislik ixtisasları sahəsində də vəziyyətimiz yaxşı deyil. Bu sirri deyil ki, yerli mühəndis kadrlarımız sovet bilik sisteminə əsaslanan, yaşlaşmış kadrlardır, elmdə və iqtisadiyyatda qarşıya çıxan tələblərə cavab vermirlər.Yeni yaradılan müəssisələrdə mühəndislərin böyük əksəriyəti əcnəbilərdir, aqrar-sənaye komplekslərində keyfiyyət menecmentini İran, Türkiyə və başqa ölkə vətəndaşları həyata keçirir.  Yaxın illərdə qarşıya qeyri- neft sektorunun inkişafı qoyuldugu üçün yerli kadrların yetişdirilməsi lazımdır. Bundan sonrakı dövrdə Azərbaycanın özündə ixtisaslı mühəndislərə böyük ehtiyac olacaq. Azərbaycanın qeyri-neft sahəsində sürətli sənayeləşmə aparılır, regionda analoqu olmayan logistika mərkəzi, bölgələrdə aqroparklar tikilir, kimya kompleksi, əczaçılıq sənayesi yaradılır. Gələcəkdə bu böyük sənayenin kadr təminatı yalnız yerli resurs hesabına ödənməlidir.

Müasir dövrdə mühəndis kimdir? Texnikiyönümlü,yaradıcı bir insandır,qurğular,mexanizmlər, maşınlar yaradaraq layihələndirir, həyata keçirir.Mühəndis elm adamlarının nəzəri fikir və iddialarını praktikada reallaşdıran ixtisaslaşmış peşə sahibidir. Müasir dövrdə mühəndis geniş miqyaslı analitik düşüncə tərzinə malik olmalı, kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. Dəmiryolu nəqliyyatı üzrə mühəndis Artur Vellinqton deyir ki, "mühəndislik bacarıqsız birinin 2 dollara pis düzəltdiyi bir şeyi 1 dollara yaxşı düzəltmək sənətidir”.

Dünya miqyasında mühəndis ixtisaslarına ehtiyaclar artır. Gələcəkdə əmək bazarında övladının yüksək maaşlı iş tapmasını arzu edən hər bir valideyn aşağıdakı ixtisaslara diqqət yetirməlidir.

Kompyuter mühəndisliyi

Logistika mühəndisliyi

Energetika mühəndisliyi

Sənaye mühəndisliyi

Bioenerji mühəndisliyi

Fizika mühəndisliyi

Geoologiya mühəndisliyi

Kimya mühəndisliyi

Mexanika mühəndisliyi

Polimer mühəndisliyi

Kosmos mühəndisliyi

Qida və Tekstil mühəndisliyi

Robot mühəndisliyi

Nanotexnologiya mühəndisliyi

Nəzarət Ölçü Cihazları və Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi

Müdafiə sənayesi mühəndisliyi

Əziz valideynlər, tələbə olmağa hazırlaşan abituriyentlər! Unutmayın ki, yaxın illərdə dünya miqyasında ən çox tələb olunan 10 peşədən biri mühəndislik olacaq!

                                                     

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər