Modern.az

İcra başçısı: “Qardaşlarımın dördünü də ölümə göndərmişəm” - SÖHBƏT

İcra başçısı: “Qardaşlarımın dördünü də ölümə göndərmişəm” - SÖHBƏT

11 Noyabr 2016, 16:38


Eyvaz Hüseynov: “Şəhid anasını qapıda gözlədən məmur düşməndən də pisdir”



Vətəni qibləgah edən şəhidlər -XXXXI

                        
Xocəvənd sirrləri açır...


Xocavəndlilər üçün Qarabağ müharibəsi 1988-ci ildə başlayıb. Əslində Dağlıq Qarabağda müharibə çox-çox əvvəllərdən, ermənilərin bu əraziyə köçürüldükləri vaxtdan bəri davam edir. 1988-in fevral ayında ermənilər doğma torpaqlarımıza qarşı ərazi  iddialarını açıq şəkildə bəyan etdikdən sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlıların çətin günləri başladı. Dinc sakinlər erməni millətçiləri tərəfindən hər cür təzyiqlərə məruz qalır, insanlar öldürülür, şikəst edilir, əmlakları talan olunurdu. Həmin gündən xocavəndlilər də evlərindəki ov tüfəngi,  adi əl ağacı, hətta daşla belə, müdafiə olunur, öz evlərini, ocaqlarını qoruyurdular. Bakı, mərkəz isə hələ də susur, elə bil nəyi isə gözləyirdi. Bu o vaxtlar idi ki, ümummilli lider Heydər Əliyev də SSRİ  rəhbərliyindən istefa vermişdi. Ermənilər isə bu fürsətdən yararlanıb, vəziyyəti  Moskvada  öz  xeyirlərinə dəyişmişdilər.
1988-ci il fevral ayından etibarən DQMV ərazisində  müxtəlif separatçı təşkilatlar yaradıldı və onların ərazi iddialarının Moskva tərəfindən müdafiə olunması erməni millətçilərinin daha da azğınlaşmasına səbəb oldu. Rəsmi Bakı isə Moskvanın qorxusunu heç cür dəf edə bilmədiyindən, separatçıları geri oturtmaq, tarixi Qarabağ torpaqlarının sahibi olduğumuz haqqında faktları belə, hündürdən səsləndirməyə ürək etmirdi. Vəziyyət gündən-günə  gərginləşməkdəydi.


Oktyabrın 2-si Xocavənd rayonunun işğal tarixidir. Lakin həmin tarixdə  rayon yalnız Əmirallar, Muğanlı və Kuropatkin kəndlərindən ibarət idi. 1988-ci ildən işğal gününə kimi bütün münaqişə və müharibə dövründə ən çox yaddan çıxan, unudulmuş, baş vermiş hadisə və döyüşləri mətbuat vasitələrində ən az işıqlandırılan məhz  bura olub. Həmin dövrdə sanki bu kəndlər bütün ölkədən təcrid olunmuşdu. Öndə düşmən, arxa isə boş. Bu kəndlər Ağdam rayonunun Mərzili kəndindən 18 km, Ağcabədi rayonunun Salmanbəyli kəndindən  30 km, Beyləqan rayonundan  50 km, Füzuli rayonunun Aşağı Veysəlli kəndindən 20 km məsafədə yerləşirdi və bu radiusda heç bir yaşayış  məntəqəsi yox idi. Kifayət qədər geniş bir ərazidə  müdafiəni Muğanlı özünümüdafiə dəstəsi və ölkənin müxtəlif  rayonlarından, əsasən də  Ağcabədi, Ağdaş və Salyan könüllülərindən  ibarət təxminən 350 nəfərlik canlı qüvvə ilə  831 saylı özünümüdafiə batalyonu təmin edirdi. Qarşıda isə həmin dövrdə sərəncamında 35 ədəddən çox tank olan Monte Melkonyanın rəhbərlik etdiyi ” Martuni” hərbi birləşməsi dururdu.


Ermənilər çox zülm etmişdi bu yerlərin insanlarına. Dağlıq Qarabağda ilk qətl hadisəsini ermənilər 1988-ci ilin sentyabr ayında törətdilər. Xocavənd rayonunun Tuğ kənd orta məktəbində oxuyan  14 yaşlı Teyyub Süleymanovu amansızcasına qətlə  yetirdilər. 1989-cu ilin ortalarında Vilayət respublikanın nəzarətindən çıxmışdı  və erməni yaşayış məntəqələrinə naməlum istiqamətlərdən hər gün vertolyotlar gəlirdi. Onların nə daşıdığı isə heç kimə məlum deyildi..  DQMV-nin azərbaycanlı əhalisində olan adi ov silahları da əllərindən alınmışdı və demək olar ki, onlar təpədən dırnağadək silahlanmış ermənilərin qarşısında əliyalın vəziyyətdə qalmışdılar.

Müharibə isə davam edirdi... 1990-cı il noyabr ayının 24-də Xocavənd-Xankəndi yolunun 6 km-də 3 nəfər, 1991-ci ilin yanvar və mart aylarında rayonun Qaradağlı kəndindən daha  3 nəfər qətlə yetirildi, 4 nəfər isə ağır yaralandı, iyun ayında isə daha 6 nəfəri  ermənilər diri - diri yandırdılar.
 Avqust ayının 2-də Xocavənd rayonunun Dolanlar kəndində avtomaşının partladılması nəticəsində 3 nəfər dinc sakin həlak oldu, 8 nəfər yaralandı, 7 sentyabrda  isə Tuğ kəndinə silahlı basqın nəticəsində  2 nəfər  qətlə yetirildi.  
8 sentyabr 1991-ci il tarixində Xocavənd ərazisində növbəti qanlı terror hadisəsi törədildi, Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunda erməni quldurları tərəfindən atəşə tutuldu, avtobusun içərisində olan 40 nəfərdən 8-i qətlə yetirildi, qalanları isə müxtəlif dərəcəli güllə yarası aldılar və sonradan onların bir neçəsi də aldıqları yaralardan dünyalarını dəyişdilər...  

Qarabağda  gedən müharibəni Bakıda ya başa düşmürdülər, ya da ki, başa düşüb hələ də nəyisə gözləyirdilər. 1991-ci ilin 19 noyabrında ermənilər Dağlıq Qarabağdakı sovet qoşunlarının köməyilə  Xocavənd kəndini işğal etdilər. Bütün evləri yandırdılar, dağıtdılar, neçə adamı qanına qəltan elədilər. Yalnız bütün bunlardan sonra, yəni  Xocavəndin işğalının səhərisi günü, 1991–ci il 20 noyabrda Dağlıq Qarabağda yerli əhaliyə ilk dəfə avtomat silah verildi və hər kəndə 15 - 20 ədəd “Kalaşnikov” avtomatı paylanıldı. Amma artıq bu vaxt ermənilərin tam silahlanmış dəstələti var idi. Elə həmin gün də respublikanın Baş prokuroru İsmət Qayıbov,  dövlət katibi Tofiq İsmayılov, daxili işlər naziri Məhəmməd Əsədovun daxil olduğu 23 nəfərlik nümayəndə heyəti Bakıdan Ağdama xocavəndlilərin halını öyrənməyə gəldilər. Qarabağlılarla dövlət və hakimiyyət rəhbərləri yerindəcə görüş keçirdilər. Əhalinin dözülməz vəziyyəti, haqlı iradları mərhum Tofiq İsmayılova çox ciddi təsir etmişdi və o, həmin adamları Dağlıq Qarabağın komendantı  Jinkinə göstərərək, onu məsuliyyətsizlikdə, vəzifə borcunu yerinə yetirməməkdə təqsirləndirdi. Tofiq İsmayılov buradaca Xocavəndə getmək haqda qərar qəbul etdi. Xocavənddən olan ağsaqqallar onun bu qərarına etiraz etsələr də, nümayəndə heyətini  fikrindən döndərə bilmədilər. Nümayəndə heyəti oradan aeroporta gələrək Xocavən istiqamətində uçdular və Qarakənd səmasında 20 noyabr 1991-ci il hadisəsi baş verdi.




Bütün kişilərin bədəninə o müharibədən bir nişanə qaldı


Hadisələrin başlandığı ilk gündən, vəziyyətin günü-gündən gərginləşdiyi bir zamanda 29 yaşlı gənc Eyvaz Hüseynov doğulduğu Muğanlı kəndində  əli silah tutanları bir yerə yığıb, düşmənə müqavimət göstərmək üçün  ilk özünümüdafiə dəstəsi yaratdı. Ukraynada yaşayan qardaşlarına xəbər göndərdi. “Vətən, torpaq dardadır, gəlin!”. 
Əvvəlcə qardaşı Əbülfət gəldi. Karate idman növü üzrə qara kəmər ustası idi. Ukrayna ilə bir hörməti, ad-sanı var idi. Qazancı da, başından aşırdı. Ancaq hər şeyi “Vətənə qurban” edib gəldi.  Onda Əbülfətin 23 yaşı var idi.
1989-cu ildən etibarən özünümüdafiə dəstəsinə qoşulanlara ciddi hərbi təlimlər keçməyə başladılar. Bunun nəticəsi idi ki, 1991-ci ilin axırlarında artıq xocavəndlilərin başda Eyvaz Hüseynov olmaqla nizam-intizamlı və tam hazırlıqlı döyüşçülərdən ibarət batalyonu formalaşdı.

1992-ci ildə isə Azərbaycanda ordu formalaşmağa başladı. Ermənilərlə növbəti döyüşlərin birində batalyon komandiri Əbülfət Hüseynov minaya düşərək, ağır yaralandı. Onun əvəzinə digər qardaş, yenə də Ukraynada  min bir əziyyətlə qurub-yaratdığı uğurlu biznes fəaliyyətini dayandıraraq Vətənə dönən  İlyas Hüseynov komandir təyin  edildi. Buna qədər isə düşmənlə baş verən açıq döyüşlərin birində Eyvaz Hüseynov özü də ağır yaralanmışdı. 

Kəndin bütün adamları döyüşürdülər.  Eyvazın nəslindən vətən torpağı uğrunda güllə yarası almayan bir kişi belə qalmadı, bütün kişilərin bədəninə o müharibədən bir nişanə qaldı. Qohum-əqrəbadan 5-6 nəfəri Qarabağ müharibəsi əlili, 2 nəfəri isə Vətən uğrunda şəhid oldular.


...Bir Vətən oğlu tanıyıram, 22 ildir ki, işğalda olan torpaqlara dayanıb həsrətlə, yanğıyla baxır. 22 ildir ki, düşmənlə üz-üzə dayanıb, vuruşur, 22 ildir ki, aprelin 2-ni gözləyirdi. O vətən oğlu əyninə hərbi paltar geyinəndə sifətinin rəngi də torpağa dönür. Torpaqlaşır, daha da Vətənləşir. Onunla ilk dəfə  2 il bundan əvvəl üz-üzə gəldim. Hərbi hissələrimizin birində, əsgərlərimiz, komandirlərimiz bu dəfə də ən əziz, ən doğma adamı kimi qarşıladılar onu. Torpaq üzlü, torpaq rəngli  bu  igid  22 ildir ki, həmin əsgərlərin dərdi, havası ilə yatıb-durur. Yatırmı? Əslində yox...  Və mənə hərdən elə gəlir ki, Kəlbəcər dərdini çəkə-çəkə, yanıb külə dönən, Vətən həsrəti ilə bu dünyadan köçən şair Şücaət “Gecələr” şerini təkcə özü üçün deyil, həm də dağılmış, viran olmuş ata yurdlarına, məzarlara tərəf boylanan Eyvaz Hüseynov kimi insanlar üçün yazıb.
 

Gedənləri anda verib yolundan,
Saxlayıram yatmıram ki, gecələr.
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram yatmıram ki, gecələr.

Yurd yuvamız viran olub talanıb,
Bulaqların nəğməsi də bulanıb.
Addım-addım o dağları dolanıb,
Yoxlayıram yatmıram ki, gecələr.



Eyvaz Hüseynov  kimlər üçünsə  icra başçısıdır, onu ancaq bu prizmadan görə bilərlər, mənim üçünsə o Vətənin bir parçası, üstünə şəhid qanı hopmuş  torpaqdır, alnındakı qırışları Şəhid qəbirləri, dost itkiləri, qazi yaralarıdır. Hələ ürəyindəki çalın-çarpaz dağları demirəm... O yaralarda  şəhid analarının, övladlarının, gəlinlərinin... göynərtisi var.


“Bu xatırlamaları ona görə edirəm ki, o müharibəni, ermənilərin başımıza gətirdikləri dəhşətləri heç zaman unutmayasınız. Nə özünüz unudun, nə də unudulmağa qoymayın. Vaxt olub ki, bizə unutdurublar. Ona görə də bu qədər torpaqlarımızı əldən çıxarmışıq. Öz tariximizi bizə qadağan ediblər. Gizlədiblər”, - bu fikirlər aprel döyüşlərinin mahiyyətindən danışan Eyvaz Hüseynova məxsusdur.

Söhbətimizin əvvəli də sonu da şəhidlərimizdən, qazilərimizdən oldu:


“Şəhidlər onda  ölür ki, unudulur.  Bizim onları unutmağa haqqımız yoxdur. Qarabağ müharibəsindəki şəhidlərimizi ayıra bilmərik. Aprelə kimi də şəhidlərimiz çox oldu. Bütün şəhidlərimiz bizim üçün əzizdir, apreldə vətən torpaqları uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz bizim 22 ildən sonra əyilmiş qəddimizi düzəltdilər, zədələnmiş namusumuzun- qeyrətimizin üstündən ləkəni götürdülər. Bütün millətlər və dövlətlər içərisində başımızı uca etdilər. Buna görə  şəhidlərə borcluyuq. Bizi aprel ayının 2-dən-5-nə kimi ağladan, bizə o sevinci yaşadanlara eşq olsun, biz onlara borcluyuq”.

Onları kimsə unutmasın deyə Eyvaz müəllim “Vətən Sizə borcludur”, “Torpaq uğrunda ölən varsa, vətəndir”  kəlamlarını Xocavəndin ermənilərlə üzbəüz dayanan Nərgiztəpə ərazisində ucalan üçrəngli bayrağımızın altında yazdırıb. O bayrağa ki, nə zaman baxsaq, harada dalğalandığını görsək, ürəyimiz də onun  istiqamətində əsir, titrəyir.


...1994-cü ildə atəşkəs elan olunan gündən, üzü o tərəflərə Vətənin əsarət altında olan hissəsinə həsrətlə baxır - xocavəndlilər, tərtərlilər, ağdamlılar, cəbrayıllılar, füzulililər. Kim nə deyir desin, sərhəd zonasında yaşayanlar qədər kimsə vətən həsrətini nə olduğunu bilməz. Bu adamlar neçə illərdir ki, gülləbaran, top-mərmi səsləri ilə yatıb-oyanırlar. Öz vətənimizdə  yağı düşmənin təcavüzü nəticəsində yaranan sərhəd zonalarında 22 il idi ki, o aprel səhərini gözləyirdi bu yerlərin insanları...


22 ildir gözlədiyimiz aprel səhəri


- Həmin aprel səhəri harada idiniz?


- Sübh çağı məlumat aldım ki, döyüş başlayıb. Təsəvvür edə bilməzsiniz, toya tələsən  uşaqlar kimi, getdim birbaşa döyüşlərin getdiyi əraziyə. Təbii ki, ən qızğın döyüşlər Lələtəpə istiqamətində gedirdi. Həmişə fikirləşirdim ki, birdən döyüş başlayar, mən orda olmaram... Komandirlərlə əlaqə yaratdım, səsləri necə gözəl gəlirdi, elə bil çağlayan çay idi, gurlayan səma.  Hamı sevinirdi. Hər kəsin üzündə bir sevinc var idi. Elə bil dünya işıqlanmışdı o səhər. O döyüşlərdə əsgərlərimiz böyük qəhrəmanlıq göstərdilər. 22 ildir ki, düşməndən qisas gününü gözləyirəm. Həmin gün 4 nəfər şəhidimiz oldu. Lakin əsgərlərin arasında böyük ruh yüksəkliyi  var idi. Uğurlu döyüş aparılmışdı. Heç bir əlavə qüvvə olmadan əks hücuma keçən  döyüşçülərimiz ermənilərin “Ohanyan xətti” deyilən uydurma mifini sındıraraq, 40 dəqiqəyə düşmənin bütün mövqelərinin altını-üstünə çevirmişdilər.
Səngərdə 21 düşmən meyiti qalmışdı, onların da hamısı avtomat silahdan açılan atəşlə məhv edilmişdi. Düşmənin həmin istiqamətdə həyata keçirmək istədiyi hücuma dəstək məqsədi ilə döyüş meydanına çıxarmaq istədiyi 15 ədəd tankdan 9-u ekipajı ilə birlikdə qəhrəman əsgərlərimiz tərəfindən məhv edilmişdi. Döyüşün sonunda isə düşmənin daha iki  ədəd tankı, bir ədəd də PDM-i məhv edildi.

 - Nəticədə işğal olunmuş ərazimizin bir hissəsi azad edildi, Lələtəpəyə uca bayrağımız sancıldı.

- Bəli söhbət bundadır. Alınmış ərazilərin hesabı hektarla, kilometrlə ölçülmür. Bu döyüş müasir  Azərbaycanın müharibə ilə üzləşdiyi gündən bəri apardığı döyüşlərin heç biri ilə müqayisə olunası deyil. Döyüşün əhəmiyyəti əsgərlərin savaş ruhu və onun qələbə əzmi ilə ölçülür. 2-5 aprel döyüşlərinin mənəvi-psixoloji, siyasi-beynəlxalq əhəmiyyəti isə ölçüyəgəlməzdir. Bu döyüşün adını gələcək tarixçilər verəcək.
Aprel döyüşləri ilk növbədə xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu və bu döyüşlər zamanı diqqəti çəkən ən həssas məqamlardan biri də o oldu ki, şəhidlərimizin dəfni adi  hüzr məclisi kimi deyil, bir qəhrəmanlıq dastanının şahidliyinə yığışan izdihamlarla yadda qaldı.  
Aprelin 2-si günü biz bir millət olaraq yenidən doğulduq, dirildik, ayıldıq.  O döyüş insanları dəyişdi. Bəlkə də çoxu bunu hələ dərk etmir. İnanın ki, bu belədir. Biz bir millət olaraq çox əziyyətlər çəkmişik, çox qırğınlar, soyqırımları görmüşük. Həmin günə qədər ruhumuzda bir  məğlubiyyət əzginliyi, utancaqlığı, başıaşağılığı var idi.



- Gec deyildi ki?


- Gec olmağı hər an gecdir. Ancaq bu baş verdi... Biz boynumuza alsaq da, almasaq da, bu danılmaz bir faktdır ki, bizi istəməyən kifayət qədər güclü tərəflər var və onlar hər zaman mənfur qonşularımızın yanındadırlar. Təkcə bu gün deyil ki... Ötən əsrin əvvəllərindəki 1905-1907-ci illərimi deyim? Yoxsa 1918-1919-cu illəri... Bakıdakı qırğınlar, Quba, Şamaxı qırğınları... hansı birini sayım? Ermənilər harada olublarsa, orada qan töküblər. Hər zaman böyük güclərin əlində alət olublar. Xislətləri belədir. Türkün qanına susayıblar həmişə. Bəzi tərəfdarları bizdən uzaqlarda olsa da, lobbiləri güclü olub.

- Sizcə tarixin müəyyən məqamlarında biz niyə  güclü ola bilməmişik?

- Bu tarixdir də... vaxt olub biz də güclü olmuşuq. Döyüşmüşük. İmperiyalar yaratmışıq. Sonra  tarix bizim xeyrimizə işləməyib. Zaman bizdən üz döndərib. Birliyimizi qoruya bilməmişik. Bizi ən çox sındıran Sovet rejimi olub. Bizim tariximizi bizə yasaq ediblər. Elə götürək indi başçılıq etdiyim Xocavənd rayonunu. Az qala Allahın da yadından çıxmışdıq. Nə Sovetin vaxtında, nə də Sovet dağılandan bir az sonra, bizim adımız, heç yerdə yox idi. Politexnik İnstitutunu bitirib gələndən sonra iş istədim, vermədilər. Azərbaycan Mərkəzi  Komitəsinə işlə təmin olunmağıma köməklik göstərilməsi ilə bağlı məktub yazırdım, məktubumu yenidən  keçmiş Martuni rayon  Partiya Komitəsinin birinci katibi Petrosyanın üstünə göndərirdilər. Qarabağda dövlət idarələrində  də ermənilər işləyirdi. Tək-tük halda azərbaycanlılar ya müəllim, ya həkim işləyə bilərdilər. Ancaq Bakıda iki nəfər vəzifəlidən biri erməni idi. Dərdimizi kimsə bilmirdi. Düşməni evimizin içərisinə buraxmışdıq, tanımamışıq. Güclü ola bilməməyimizin  kökü bəlkə də hədsiz dərəcədə unutqan olmağımızla bağlıdır.
 

- Yaddaşınızda unuda  bilmədiyiniz erməni sifətləri qalıbmı?


- Əvvəllər mənim üçün erməni təkcə Qoqo və Mişadan ibarət idi (hər ikisi azərbaycanlıların həyət-bacasında gündəlik yemək üçün səhərdən axşamacan işləyərdilər – A.E.).
Lakin hər zaman içərimdə ermənilərə qarşı bir kin, nifrət olub. Bakıda işləyəndə ermənilərlə heç  yola getməzdim və vaxtilə bunu mənə irad tutanlar sonralar mənim haqlı olduğumu etiraf edirdilər. Əlbəttə, indi çox ermənini xatırlayıram...


- Başımıza gətirilənlərdən sonra erməni ilə dostlaşmaq olarmı?


- Yox! Olmaz! Bu düşmən çox məkrli düşməndir. Güclü olmalıyıq. Onların millətimizə yaşatdıqlarının bədəlini ödətdirməliyik. Bizə mənsub olanın hamısını onlardan geri almalıyıq . Onda onlar bizə nökər olacaqlar. Bir olmalıyıq. Zəif olduqsa, demək  batdıq.

- Qadınlar döyüşə gedirlər, vuruşurlar... Necə baxırsınız?


- Əla! Biz türklərin qadınları tarixən həmişə Vətən və Torpaq uğrunda ərləri ilə bərabər vuruşublar. Birinci Qarabağ savaşında da igid qız-gəlinlərimiz qəhrəman oğullarımızla çiyin–çiyinə döyüşürdülər.
 



-Torpaq nədir?


- Torpaq müqəddəsdir. Ondan müqəddəs nə var ki? Hansı torpaqda babalarımızın, əcdadlarımızın  məzarı varsa, ora Vətəndir.  “Torpaq Şəhid qanı ilə qarışanda Vətən olur”. Torpağı şəhidlər, qazilər Vətən edir.


- Sizin üçün əsl kişi olmaq düsturu da torpaqdan, Vətəndən keçir. Bizim mentalitetdə namus, qeyrət deyəndə, əvvəlcə evin içini, qadını düşünürlər. Mənə elə gəlir ki, hərdən çox cılız hisslərdən qeyrət, namus qalası düzəldirik. Ancaq torpağı əldən veririk...

- Bilirsiniz ki, qədim türklərdə döyüşçünün atı, silahı və onun xanımı hər zaman müqəddəs sayılıb. Böyük Türk xaqanı Mete xanla  müharibə etməyə bəhanə axtaran yadellilər ona xəbər göndərirlər ki, əgər atını verməsə müharibəyə başlayacaqlar. Böyük xaqan əmr edir ki, atını versinlər. Daha sonra düşmən tərəf bildirir ki, gərək qılıncını, üstəlik qadınını da verəsən. Xaqan düşmənin bu istəyini də yerinə yetirir. Bundan ayağı yer alan düşmən elçiləri xaqandan ölkəsinin ən yararsız, münbit olmayan bir hissəsini də verməsini istəyir. Mete xan onlara deyir: “Torpaq babalarımın əmanətidir. Onlara xəyanət edə bilmərəm”. Və düşmənlə  döyüşə başlayır. Torpağını qoruyur. İnsanın torpağı əlində olanda namusu da əlində olur.

- Neçə dostunuzu itirmisiniz döyüşlərdə?
 

- Çox yaxın və dəyərli adamlarmı, dostlarımı itirmişəm. Gözümün qabağında tikəsi əl boyda olan  əsgərlərim, dostlarım olub. Baxmışıq ki, şəhidin paltarı var, özü yoxdur. Mərmi tikə-tikə edib. 1992-ci ildən danışıram.  Bir ailənin tək uşaqlarını döyüşə getməyə qoymurduq. Yaqub adlı bir rabitəçimiz var idi. Qərargah rəisinə zəng vurdu ki, komandir mən də getmək istəyirəm. Dedim Yaqub sən bizə burda lazımsan. Mənə “yaxşı” desə də,  sonra qaçıb  qoşulmuşdu döyüşə gedən uşaqlara. Elə ilk döyüşdə də həlak oldu. Müharibə dəhşətdir. Bilmirsən harada kimi alacaq əlindən və sənin sonun hansı məqamdadır. Vətən uğrunda döyüşəndə isə itkinin ağrısını təzə-təzə hiss etmirsən.

- Sizin ərazidə yaşayan şəhid ailələrinin problemləri necə həll olunur?..
  

- Həm şəhidlər, həm onların ailələri, həm də qazilər heç vaxt unudulmurlar. Bu gün onların üzləşdikləri bütün problemlər dövlətimiz tərəfindən tez bir zamanda həll olunur. Bu insanlar hər zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bəzən olur ki, Vətən uğrunda canını fəda etmiş qazilərimiz hansısa sənəd üçün  idarə qapılarına gedir.  Kimsə onları incidir, sənədinin verilməsini ləngidir. Belə döyüşçülər Vətənə nümunədirlər.   Vətən yolunda can qoyublar. Şəhid anasını, xanımını qapıda gözlədən, onu qapıdan qaytaran hər hansı məmur düşməndən də pisdir. Aprel döyüşlərindən sonra bütün Azərbaycan xalqının başı ucaldı. Həmin sevinci, qüruru bizə kim yaşatdı? Bu qazilər, o şəhidlər. Bizim bir millət olaraq onları unutmağa haqqımız yoxdur.  

- 24 ildir ki, həm  üzü Qarabağa baxıb köks ötürürsünüz, hər gün müharibə eşqi, Vətən torpaqlarını azad etmək arzusu ilə yanırsınız.  24 ildir ki, əhalisi məcburi köçkün olan bir rayonun rəhbərisiniz. Özünüzdən razısınızmı?


- Özümdən elə həmişə narazıyam... Biz ancaq sonuncu  bir ovuc toropağımızı da  geri alandan, üçrəngli bayrağımız Xankəndində, Şuşada dalğalanandan  sonra razılıqdan danışa bilərik.

- Gücünüzü haradan alırsınız? Günün nə qədər hissəsini yata bilirsiniz?


- Mən gücümü müstəqil dövlətimin varlığından alıram. Desəm ki, yatmıram gecələr... Bəlkə də inanmazsınız. Üç-dörd saat mürgü vururam... O da yatmaq deyil ki...

- Yuxularınızda nə görürsünüz?

--Yuxularımda  tez-tez kəndimizi, gəzib dolaşdığım doğma yerləri görürəm, döyüş görürəm, müharibə görürəm... Həyatda heç vaxt görmədiyim, heç vaxt qarşılaşmadığım Dilqəm Əsgərovu görürəm. Onun baxışları getmir gözümün qabağından. İnanırsınız onun otağımda olan şəkilinə də baxmağa sanki utanıram. Düşmənə yönələn nifrət dolu baxışı ilə sanki bizi də qınayır, məzəmmət edir.

- Təssüfləndiyiniz olurmu?

- Bəs gecələr insan niyə yata bilmir ki?  Təəssüflər qoyur ki, yatmağa...

- Yəqin ki torpaqla bağlıdır?


- Əlbəttə...

- Tanrı ilə üz-üzə qalsaydınız nə soruşardınız?


- Nə deyim... Soruşmağa bir sözüm də yoxdur.... Tanrı bizə verdiyini verib də... Böyük bir Vətən vermişdi... Üzü Moqolustandan Yaqitiyyəyə, Sabiriyyəyə qədər... Yüz illərin dövlətçilyini itirdik. Birliyimiz olmadı. Xanlıqlara ayrılıb bir-birimizlə vuruşduq. Düşmən kənardan baxıb sevindi. İndi də Allah-təala bizə birləşmək üçün Qarabağ dərdini verib. Qalıb ki, özümüzə , kökümüzə dönüb, bu problemimizi həll edək. Tanrı bizə güclü olmaq üçün  məkrli düşmən verib. İstəsək də, istəməsək də güclü olmağa məhkumuq.



- Ruhunuzu göylərə əmanət edəndən sonra hansı türk fatehi ilə rastlaşmaq istətərdiniz və ona vermək istədiyiniz ilk sual nə olardı?

           
- Bir  az əvvəl də qeyd etdiyim kimi, böyük Vətənimiz üçün ən vacib və tarixi əhəmiyyətli bir dönəmdə biz parçalandıq, xanlıqlara bölündük. Ayrı-ayrılıqda isə təbii ki, zəif olduq və ard-arda gələn bəlaları dəf edə bilmədik. Bax, tariximizin bir hissəsi olan həmin Xanlarımızla görüşmək istəyərdim və onların hamısına bir sual ünvanlayardım .. Axı siz niyə Bütöv, Böyük  Azərbaycan uğrunda birləşmədiniz? Niyə birləşə bilmədiniz? 

 

- Hər gün savaş, hər gün müharibə, hər gün top mərmisinin səsi... Heç o döyüşlərə gedəndə şəhid olmaq haqqında fikirləşdinizmi? Birdən geri dönmədim, - keçdimi ağlınızdan?

- Vallah, bəxtimiz gətirməyib Şəhid olmağa. Şansımız olmayıb. Döyüşə girən adam ölmək haqqında fikirləşsə, döyüşə bilməz. Biz döyüşlərə  hər zaman qələbə qazanmaq üçün girmişik.  Yoldaşlarla döyüşə gedirsən kimsə qayıtmır. Aparıb dəfn edirsən, gəlirsən, yenə döyüşürsən. Yəni  döyüş mövqeyində hər an qələbəyə hesablanır. O sevinci yaşamaq üçün  gərək bircə gün səngərə girəsən. Qardaşlarımın dördünü də  ən çətin döyüşlərə göndərmişəm. Ölümə göndərmişəm. İcra başçısı işləməyimə baxmayaraq, yenə göndərmişəm. Deyirdim ki, əgər qismətinizdə bu ölüm varsa, qoy torpaq uğrunda olsun. Vətən ona görə qiymətlidir ki, onun şəhidi var. Şəhidi olmayanın Vətəni də olmur. Ən böyük dəyərimiz Şəhidlərimizdir, Şəhidlər varsa  millət də var Vətən də var. Onlar olmasa biz nə olarıq?!.

- Nədən qorxursunuz?

- Gecə-gündüz Tanrımdan onu istəyirəm ki, sonumu döyüş meydanında gətirsin. Atəşkəs elan olunsa da mənim üçün müharibə bitməyib. Bu Vətən uğrunda savaşmışam hər zaman. Mənim həyatımın məntiqi sonluğu, fəlsəfəsi  döyüşdə yekunlaşmalıdır. Yataqda ömrümü başa vursam, elə bilərəm ki,  bütün gördüyüm işlər boşa gedib.  Bir də qorxuram ki, müharibə başlaya, mən orda olmayam, mənsiz azad oluna torpaq... Bax onu nə  özümə, nə də Tanrıma  bağışlamaram.

Bir daha aprel döyüşlərinə qayıtmaq istəyirəm. Bu döyüşdə Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə layiqli cavabı ilə təsdiqlədi. Növbəti zərbə isə daha sarsıdıcı, düşmən üçün daha öldürücü olacaqdır. Bu gün Azərbaycan xalqı hər zaman olduğu kimi öz əsgərinə, öz zabitinə inanır və güvənir. Aprel döyüşləri zamanı bütün milətimiz səngərdə döyüşən igid oğullarımızla bir yerdə idi, bütün xalqımızın ürəyi onlarla bir yerdə döyünürdü. Həmin döyüşlərdə biz qələbə üçün lazım olan ən əsas məqamı, rəhbər, xalq və ordunun birliyini, vəhdətini gördük. Bu gücün, bu birlrliyin memarı isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Biz əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə bütün işğal altında olan torpaqlarımızı düşmənlərimizdən azad edəcəyik və Azərbaycanımızın dövlət bayrağı Şuşada, Xankəndində, Xocavənddə və işğal olunmuş digər yurd yerlərimizdə zəfərlə dalğalanacaqdır.  

 

 

Aida Eyvazlı                                

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır