Modern.az

Ədəbiyyata açılan qucaqlar  

Ədəbiyyata açılan qucaqlar   

12 Noyabr 2016, 10:05

Azad Müzəffərli

 

 (hekayə)                         

       
Yaxın dostunun yanında üzüqaraydı.  Eyni yerdə işlədiklərindən çalışırdı ki, kişinin gözünə görükməsin. Bakının mərkəzini ələk-vələk eləsə də, satışda “Ədəbiyyat” qəzetini tapa bilməmişdi ki, bilməmişdi. Səhərin gözü açılandan hansı köşkə yaxınlaşdısa, “çoxdan qurtarıb “ dedilər. Lap, mat-məəttəl qalmışdı. Dostunun üzünə necə baxacaqdı. Kişi ərk eləyərək  dili ilə ona demişdi ki, şənbə günü qəzet çıxacaq, mütləq mənim yazımı oxu ha, fikrini bilmək istəyirəm. Vəziyyət, günahı üzr istəməyindən də betərdi. Qələm sahiblərinin bir-birinin yazısını oxumamasına necə haqq qazandırmaq olardı.  Özü də, sənin səriştənə bel bağlayan, alın təri ilə qələmə aldığı yazısının həzzini çıxarmaq üçün səbirsizcəsinə səndən peşəkar münasibət gözləyən kəsə nə cavab verəydi?!. Üstə gəl də, səni özünə az qala doğmaca qardaşı bilən şəxsə. Duran yerdə yaman işə düşmüşdü. Gəl, indi and-aman elə ki, vallah-billah qəzeti tapa bilmədim. Özü də səhərin alaqaranlığında. Adama deyərlər, ay qardaş, səhər gözlərini təzəcə ovxalayanda da, sən bu boyda paytaxtda “Ədəbiyyat” qəzetini tapa bilmədin?!, Yaxşı da, qoy oturmuşuq, görək!?.

       
Özünə işdə yer tapa bilmədi, dostunun gözündən nə qədər oğurlanacaqdı?!. Heç cür məzəmmət yiyəsi də olmaq istəmirdi. Fürsət eləyib, aradan çıxdı. Taksiylə yollandı Yasamala. Fikirləşdi ki, nisbətən mərkəzdən kənardı, bəlkə, oralarda qəzet tapıla. Di gəl, elə ilk köşkə yaxınlaşandaca ovqatına soğan doğrandı. Yenə də,  “çoxdan qurtarıb”  tanış kəlmələrini eşitdi. Satıcı dildən pərgardı: - Dost, boş yerə özünü yorma,  “Ədəbiyyat” qəzetini çətin tapasan. Üstündə qırğındı. Bəziləri günlərlə əvvəlcədən sifariş edirlər. Açığı, hələ, qəzetin xərcindən  əlavə şirinlik təklif edənlər də tapılır.

       
Matı-qutu qurumuşdu. Təkcə, qəzeti əldə edə bilməməsinə görə yox, daha çox məhz bu mətbu orqanın mataha dönməsindən təsirlənmişdi, əməlli-başlı dolxsunmuşdu. Göz yaşlarına güc-bəla ilə yiyə dururdu. Qürurluydu, isbata belə ehtiyac qalmır, ədəbiyyatın nur saçdığı məmləkətin sabahına zaval yoxdur. Deməli, çox şey peşəkarcasına  təqdimatdan asılıdır. Keyfiyyətli malın həmişə alıcısı olduğu kimi, səviyyəli nəşrlərin də pərəstişkarları əskilməz. Oxucunu günahlandırmağa dəyməz. Son vaxtlar bədii əsərlərlə əsasən aldığı kitablar və internet vasitəsilə tanış olduğundan heç ağlına da gəlmirdi ki, ədəbi nəşrlər də qəhətə çıxarmış!?.. Düzü, ta körpəlikdən bəri illərlə əlindən düşməyən ədəbi qəzet və jurnallara son vaxtlarda “naxələf” çıxdığını duyanda, onu əməlli-başlı soyuq tər də basdı.  

      
Yenə də ümidini itirmədi. Abbas Mirzə Şərifzadə küçəsi boyunca yerləşən bütün köşklərə bir-bir baş çəkdi. Axırıncı köşkdən həmin qəzetdən ötrü onun kimi  məyuscasına ayrılan iki gənclə üzbəüz qalanda isə özünü hüç cür saxlaya bilmədi, bir cüt göz yaşı yanaqlarında cığır açdı. Ürəyində də özü-özündən üzr istədi. Bir az əvvəl küfr edərək o qənaətə gəlmişdi ki, yəqin “Ədəbiyyat” qəzetinə də sahib çıxanlar elə əvvəlki nəsillərin nümayəndələridir. O nəsillərin ki, bədii əsərlərə susamışdı, hətta, bir qarış qalınlığında kitabları belə bir gecədəcə oxuyub başa çatdırmasa, gözünə yuxu getdi nəyiydi!?. Peşəkarlar isə ədəbi tənqidin də acıydılar.

     
Onun qoşa göz yaşları Şərifzadə küşəsindəki sonuncu köşkün satıcısının sərraf gözlərindən yayınmamışdı. Kim bilir, bəlkə də, o, indiyə qədər müştərilərindən neçəsinin  oxşar hala düşdüyünü gördüyündən bir gözü həmişə alıcılarda olurdu. Kim idisə, ürəyigeniş adamdı, tələm-tələsik ona yaxınlaşıb “Ədəbiyyat” qəzetinin sonuncu nömrəsini bütün varlığı ilə ona uzatdı:  - Buyurun, hədiyyə eləyirəm, saxlamışdım, daimi müştərimindi, mən ondan üzr istəyərəm, əminəm ki, o da məni bağışlayar.  

   
Satıcını pis vəziyyətdə qoymaq istəmədiyindən qəzeti ona qaytarmağa çalışdı. Nə qədər and-aman elədisə də, xeyri olmadı. Ovucunda sıxıb saxladığı “beşliyi” də heç vəchlə cibindən çıxara bilmədi, bu dəfə daha böyük “günahsız günahkar” olacağına əmindi. Satıcıya dönə-dönə minnətdarlığını bildirdi. “Ədəbiyyat” qəzetini doğması tək bağrına basaraq az qala yüyürə-yüyürə yaxınlıqdakı taksiyə sarı götürüldü. Sürücüdən avtomobili mümkün qədər sürətlə sürməsini xahiş etdi. Nə qədər xəbər tutmayıblar, özünü  tez işə çatdırmalıydı.

                                                           

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir