Modern.az

Şotlandiyaya işgüzar səfər

Şotlandiyaya işgüzar səfər

Aktual

12 Noyabr 2016, 11:17

8-10 noyabr tarixlərində Azərbaycanın  Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Milli Məclisin Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiya regional parlamenti sədrinin dəvəti ilə Edinburq şəhərində işgüzar səfərdə olublar.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Şotlandiya regional parlamentinin sədri cənab Ken Makintoş tərəfindən qəbul olunub.

Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələrimiz arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələr haqqında Parlament sədrinə ətraflı məlumat verib. Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Deputat Cavanşir Feyziyev Şotlandiya Parlamentinin sədrinə Azərbaycan Parlamenti haqqında ətraflı məlumat verib. Eyni zamanda Milli Məclislə Şotlandiya Parlamenti arasında da ikitərəfli birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətindən danışıb.

Daha sonra Şotlandiya parlamentində təmsil olunan siyasi partiyaların  rəhbərləri ilə işgüzar görüşlər keçirilib.

Görüşlərdə Şotlandiya Mühafizəkarlar partiyasının, Şotlandiya Millətçi partiyasının, Şotlandiya Leyborist partiyasının və Şotlandiya Liberal-Demokrat partiyasının rəhbərləri və fəalları iştirak edib. Tərəflər üçün maraq kəsb edən məsələlər ətraflı müzakirə olunub.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri aparılmış müzakirələrdə diqqət mərkəzində saxlanılıb.

Hərbi işğal nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti və onların öz dogma torpaqlarına qayıtmaqda israrlı olması haqqında şotlandiyalı parlamentarilər ətraflı məlumatlandırılıb.

 

Münaqişənin həlli istiqamətində işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin təzyiqlərinin artırılması zərurəti qeyd edilmiş, bu xüsusda müxtəlif parlament qurumları çərçivəsində məsələyə həssaslıq göstərən şotlandiyalı parlamentarilərin rolu təqdir edilib.

Görüşlərdə Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərində xüsusi yer tutan Azərbaycan-Şotlandiya arasında iqtisadi, mədəni və təhsil sahələrində münasibətlərin hazırkı vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə edilib.

 

Enerji sahəsinin ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi yeri qeyd edilib. Azərbaycanın neft-qaz sektorunun inkişafında şotlandların rolu vurğulanıb. Çoxsaylı azərbaycanlı icmasının olduğu Aberdin şəhəri başda olmaqla Şotlandiyanın bir sıra şəhərlərində azərbaycanlı icmasının günü-gündən öz fəaliyyətini genişləndirdiyi və cəmiyyətə uğurla inteqrasiya etdiyi nəzərə çatdırılıb. Təhsil sahəsində Bakı Ali Neft Məktəbi və Edinburq şəhərində yerləşən “Herriot-Vot” Universiteti arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcudluğu, digər universitetlər arasında da buna bənzər qarşılıqlı faydalı əməkdaşlıq üçün potensialın olduğu nəzərə çatdırılıb.

 

Şotland parlamentarilərlə müzakirələrdə iki ölkənin parlamentləri arasında belə təmasların intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentlərarası münasibətləri daha da inkişaf etdirmək üçün Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası işçi qrupların nəzdində müvafiq alt- qrupların təsis edilməsi razılaşdırılıb.

Azərbaycan nümayəndə heyətinin Şotlandiyaya işgüzar səfəri noyabrın 10-da başa çatıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır