Modern.az

Şairin səsi

Şairin səsi

Aktual

12 Noyabr 2016, 11:34

İsti avqust günləri idi.  Anamın dili ilə desək qora bişirən ay idi.

Ananın bağrı parçalanırdı. Görəsən, əsgər balası əynində qalın libası bu qədər istiyə necə dözür?

 

Yay belə isti gələndə ananın yuxuları da ərşə çəkilmişdi. Öz-özündən nə qədər suala cavab istəyirdi.  Körpə uşaqlar anaları sorğu-suala tutan kimi ana da öz-özündən Azərini soruşurdu. Görən istilərə necə dözür balam? Nə yeyir, nə içir o düzəngahda. Mil düzündə? Ana bircə dəfə əsgər oğluna baş çəkməyə getmişdi. Hərbi hissənin yaxınlığında nə bir ağac, nə bir daldalanacaq vardı. Ananın istilər düşəndən narahatlığı daha da artmışdı.

Oğlunun günəşdən yanmış sir-sifəti gözləri önünə gəlir, ürəyi parçalanırdı. Allaha yalvarmaqdan başqa gücü heç nəyə çatmırdı. Allahım, sən biz analara rəhm elə. Biz çarəsizləri sınağa çəkmə, onsuz da çox sınaqlara çəkilmişik.

Gecə keçirdi. Ana isə yata bilmirdi. Səhər tezdən işdə olmalıydı.  Oğlu əsgərliyə getməzdən əvvəl  ona yaxşı qulluq edə bilsin deyə  yay məzuniyyətini qışda götürmüşdü.

 

Ana bir hovur yuxulamaq istədi. Ancaq nə isti onu yatmağa qoydu, nə də qarışıq fikirlər. Ancaq səhərə yaxın göz qapaqları  yumuldu.

Ana yuxu görürdü. Azər qır qaynadırdı. Ancaq əynində qırçı paltarı deyil, əsgər libası var idi.  Azərin üz-gözü tər içində idi.  Üzünün dərisi tamam qaraldığından gözləri daha çox parıldayırdı.

Ana yaxın gəlib oğlunun boynuna sarılmaq istədi. Azər bunu görüb anasını yaxın buraxmadı.

- Ana sənə isti olar, yaxın gəlmə, həm də yanıb qaralmışam.          

Ana Bu nə işdi bala sən əsgər paltarında nədən qır qaynadırsan? - deyə oğlundan soruşdu.

 

Azər kədərli-kədərli anasını süzdü. Ancaq səsini çıxarmadı. Ərimiş qırları torpağın üzərinə yaydı. Nədənsə evlərin damını deyil, torpağın üzərini qırladı. Elə bil ürəyi soyumadı. Yenə yaydı qırları torpağın üzərinə, hər tərəf qırın isti buxarına qərq oldu.  Qırın buxarı torpağın üzərində daha da çoxalırdı. Bir azdan ana istidən və buxardan  Azəri görmədi. Azər torpağın üzərinə sərdiyi qıra qarışdı.  Ana  - Azər, deyə qiyyə çəkdi. Azərdən heç bir əsər qalmamışdı.  Yalnız kənarda bir qarış torpaq üstündə  Azərin yaşıla çalan, xəritədəki məkanları andıran, ünməz əsgər libası qalmışdı. Ana Azəri tapmayınca əlacsız oğlunun əsgər libasını qucaqladı.  Saatın zəngi çaldı.  Ana yuxudan durdu. Ürəyi quş ürəyi kimi köksündən çıxırdı.

- Allahım, yuxumu xeyirə cala, – deyə  əlini əlacsız-əlacsız yuxarı – Allahın hüzuruna qaldırdı.

 

Günəşin təzəcə doğmasına baxmayaraq  istidən nəfəs almaq olmurdu.  Asfalt yolun istisi adamı yandırırdı. Ana irəliləyir  və yuxunun təsirindən çıxmaq istəyirdi.  İşinin lap yaxınlığında  ticarət mərkəzi yerləşirdi. Azərin hələ əsgərliyə getməzdən əvvəl kiçicik maqnitafonunun  köhnəlib xarab  olduğunu bildiyi üçün ona mütləq  maqnitafon alacağına söz vermişdi.  Gördüyü yuxu ananın qəlbini daha da kövrəltmişdi. Yolüstü ticarət mərkəzinə  girdi. Bir-birindən irili-xırdalı rəngli televizor  və maqnitafonlar  yan-yana düzülmüşdü.  Ana baxıb  köks ötürdü. Hamısı od qiymətinə idi.

 

Kiçicik bir maqnitafondan  başqa heç nə almağa gücü  çatmazdı. Çantasında saxladığı pulu  bir də saydı. Ancaq hələ üstünü düzəltmək  lazım gəlirdi.

Tələsik ticarət mərkəzindən çıxıb işinə yollandı.

İşi necə başa vurduğunu özü də hiss etmədi. Xəstəxananın girəcəyində balaca bir yeri var idi. Bura yoxlanmağa gələn xəstələri siyahıya alırdı.

Bu gün isə iş vaxtı saat ikidə qurtarırdı. Xalatını çıxarıb asılqana asdı. Ürəyi şiddətlə döyünürdü. Buna əhəmiyyət vermədi. Yəqin istidəndir. Küçəyə çıxdı. Öz-özünə deyindi:

 

- Allaha ağır getməsin. Elə bil allah-təalanın da bu fağır bəndələrə rəhmi gəlmir. Əvvəllər qış qış idi, yay da yay. İndi qışda nə qar olur, nə şaxta. Yay da ki, belə...

«Can ay balalar. İndi görən istidə necə dözürsüz». Səsinə qəhər qondu.

«Azarınız canıma. Sizə gələn qada-bala biz analara gəlsin!»

Elə bil birdən içində nə isə qırıldı. Gözü qaraldı. Az qaldı dizləri yerə gəlsin. Başını birtəhər qalxızdı. Ancaq elə bil hər yer  qaranlıq idi.  Əvvəl düşündü ki, yəqin gözləri qaralıb, ancaq özünə gələndə gördü ki, bir saat əvvəlki günəş yoxdu, üzərini qara bir bulud alıb. Sanki günəş ananı haldan saldığına görə xəcalət çəkib, buludun arxasına keçmişdi. Ya da ananın yanında təqsirli idi.

Gecə keçəndən sonra qapı aramla döyüldü. Ana vaxtsız qapı zəngindən qorxub hürkdü. Neçə illər idi bu qapı belə vaxtsız-vədəsiz döyülmürdü. Ana özünü qapıya atdı. Əvvəl qapının gözlüyündən baxdı. Gələnlərin hərbi və ya milis geyimli olduğunu ayırd edə bilmədi. Özü də fərqinə varmadan qapını açdı.

 

Gələnlərin çətinliklə danışdıqlarını elə ilk sözlərindən hiss etdi. Bir azdan Azər kəlməsi qulaqlarında uğuldayıb yox oldu. Gələnlər ananı heysiz bir vəziyyətdə çarpayıya uzadıb, əl-ayağını ovuşdurdular.

Bir azdan ana özünə gəlib Azərini xəbər aldı. Hərbi hissədən gələn zabit öz səsini özü belə tanımadı.

- Azər gün vurmadan vəfat etdi, – dedi.

Ana üçün dünyada nə varsa hamısı o an yerə dəyib parçalandı, çilik-çilik oldu.

Qadının nəfəsi güclə gedib-gəlirdi. Heç kəsə qarşı üsyan edə bilməzdi. Heç kəsə heç nə deyə bilməzdi. Bu gücsüz, halsız vəziyyətində yerdəkilərə heç nə deyə bilmirdisə, göydəki günəşə, ulduza, buluda, yağışa nə deyə bilərdi.

Gücü bircə özünə qalırdı. Gücü bircə Azərsiz həyatdan, dünyadan əbədiyyətə qədər ayrılmağa çatırdı.

Ölmək üçün anaya heç nə lazım deyildi. Bu halsız qadının ürəyinin dayanması üçün Azərin günəşdən yanıb qaralmış cansız cəsədini görmək bəs idi.

O səhər açılsa da, günəş əvvəlki günlərdəki tək şığıyıb düz-dünyanı yandırmadı. Bulud gəlib günəşin qarşısında dayandı, onu xəcalət çəkməkdən qurtardı… Sonra həyətin hələ də əvvəllər olduğu kimi xeyirinə, şərinə yarıyan bəndələri yığışıb olanlarını-qalanlarını topladılar. Şəhərdən çox-çox kənarda vətəni qorumaq üçün torpağımız uğrunda şəhid olan  əsgər və onu dünyaya gətirən anaya bir balaca yer aldılar. Məzar qazıb basdırdılar… Günəş baxıb daha da kiçildi, daha da zəiflədi. Yavaş-yavaş əriyib yoxa çıxdı.  Bir neçə gündən sonra  ananın əsgər balasına  maqnitafon almaq istədiyi ticarət mərkəzindən rəngli televizorlar  cərəyana qoşulmuşdu. Satıcılar alıcılara  hamısının daha gözəl və rəngli olduğunu bilmələri üçün televizorların səslərini daha da qaldırmışdılar.

 

O gün şair Qabil «Şəhid olan əsgərlər haqqında» şeirini oxuyurdu. Ananın demək istədiklərini şair öz səsi ilə dünyaya  yayırdı. İnsanları çağırırdı.  Anlamağa çağırırdı, yanmağa çağırırdı.  Şair göydə günəşi günahkar bilmirdi. Özümüzük yandırıb qovuran, özümüzük, öz  əməllərimizdir deyirdi.  Bəlkə də insanların eşidə bilmədiyindən əmin olduğu üçün  səsi gəldikcə qışqırırdı.

Şəhidlik qanunu  

Nədən ibarət?

Torpağa, bayrağa,

Xalqa sədaqət!

 Adı bir, şəkli min

Qəhrəmanlığın

Daş-tərəzisimi,

Arşınımı var?-

Deyin! Axı deyin,-

Qəhrəmanlığın?!

Əndazə verilir

Köşkün-qaçqına

Bir əsgər təlimdə

Düşür uçquna

                                                                                  Şəhid oldu-demir,

                                                                                   Öldü! – deyirik,

                                                                                    Tabutu hörmətlə

                                                                                     Gəldi deyirik.

 

Ticarət mərkəzi ağzına qədər  dolu idi.

Ancaq bilmək olmurdu ki, onlar bir-birindən bahalı televizorlar üçün yığışıblar, yoxsa şairin çağırışına!

 

Mərziyə Nəcəfova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir