Modern.az

Akif Çovdarov: “Qoy istəyimlə aclıq edib o dünyaya gedim”

Akif Çovdarov: “Qoy istəyimlə aclıq edib o dünyaya gedim”

12 Noyabr 2016, 14:22

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəziyyəti daha da ağırlaşıb.

 

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, müvəkkili aclığı davam etdirdiyi üçün səhhətində ciddi problemlər yaranıb:

“Hazırda Akif Çovdarovun səhhətinin pisləşməsindən başqa heç nə yoxdur. Növbəti məhkəmə iclası günü vəziyyətinin necə olacağı da bilinmir. Bilinmir ki, iclasda iştirak edə biləcək, yoxsa yox.

Müvəkkilimin ürəyində, mədəsində problemləri var. O, onkoloji xəstəlikən əziyyət çəkir. İki həftədən artıq müddətdə aclıq aksiyasında olduğuna görə, vəziyyətində yaxşılaşma olması mümkün deyil.

Həmin xəstəliklərlə bağlı lazımi tibbi yardım, müayinələr aparılmır, dərmanlar verilmir deyə, o da aclıq aksiyası keçirir. O aclıq elan edib ki, onsuz da müalicə etmirlər. Deyir “ölürəmsə qoy öz istəyimlə aclıq elan edib o dünyaya gedim”.

 

Müvəkkilimə qarşı irəli sürülən ittihamlarda bildirilir ki, insanların hüquqlarını pozub, qanunsuzluq edib və s. Akif Çovdarov deyir ki, “mən qanunları pozmuşamsa, siz pozmayın. Siz qanuna riayət edin, özünüz də qanunu pozursunuzsa, mənimlə eyni kürsüdə oturmalısınız. Mən pisəm, siz yaxşı olun. Əgər siz də pissiznizsə, niyə mən burda, siz ordasınız?”

 

Onun bunu deməyə əsasları var. Nə məhkəmə zalında, nə cəzaçəkmə müəssisəsində qanuna riayət olunur. Əksinə qanun pozuntuları gündən günə dartmaqda davam edir”.

 

K. Nəsibov deyib ki, A. Çovdarovu nəinki müalicə müəssisəsinə köçürmürlər, heç dərmanlarını belə vermirlər.

 

"Biz dəfələrlə Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa müraciət etmişik. Heç bir nəticəsi olmayıb”.

 

Hüquqşünas deyib ki, A.Çovdarov həftədə bir dəfə oğlu ilə görüşə bilir.

 

A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

2016-cı ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətiimkan tədbrinin müddəti 4 ay müddətinə artırılıb. A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı