Modern.az

Mir Şahin, 53 yaşın mübarək!

Mir Şahin, 53 yaşın mübarək!

12 Noyabr 2016, 14:27

Mahir Qabiloğlu

Hər bir insanın həyatında bir məkan var. Deyəcəksiniz ki, ay Mahir, bunu deməklə Amerikanı kəşf etdinmi? Hamı yaxşı bilir ki, hər bir insanın yaşamaq üçün bir məskəni, evi var. Kimidə saraydır, kimidə villa, ev, mənzil, kimidə də kirayə mənzil, daxma, alaçıq, çadır. Yox. O mənada demədim. Söhbət sənətdən, peşədən  gedir. Səhnəsini əlindən alsaq, həmin adama aktyor demək mümkündürmü? Yaxud da ki, sağalmaz zədə, yara alıb manejdən uzaqlaşan  təlimçi, məzhəkəçi, akrobatı sirk ustası adlandırmaq olarmı?  Səsi batana axı necə xanəndə, opera solisti demək olar.  Elə o an,  dənizdən kənara atılan balığa bənzər belə adamların qarşısına bir “keçmiş”, “eks” idafəsi əlavə edirik. Onlar isə bir müddət depressiyaya düşürlər, sonra keçmiş şöhrətlərinin yelində uçurlar, sonda isə sadəcə ac qalmamaq üçün yeni peşələrə yiyələnirlər. Ən dəhşətlisi isə unudulurlar.

Amma elə sənət, peşə sahibləri var ki, onlar üçün məkan məhdudiyyəti yoxdur. Müəllim, həkim, jurnalist, yazıçı, şair... Müəllimi məktəbdən çıxararsan, evini məktəb otağına çevirər. Həkimi xəstəxanadan uzaqlaşdırarsan,  evinin qapısında növbə  durar... Əlbəttə ki, söhbət əsl sənət sahiblərindən gedir ki, onlar üçün məkan çox da əhəmiyyət kəsb etmir.

Yazıçı, jurnalist, şairlər də elə. Bir şey ki, beyindən süzülə, ürəkdən gələ, həmin adam üçün məkan heç də böyük əhəmiyyət kəsb etmir.  Nümunə kimi lap özümü, dostlarımı götürüm. AzTV-dən uzaqlaşmışıq, qəzetdə iş tapmışıq. Qəzetdən çıxmışıq, evdə yazıb saytlara göndərmişik. Yaxud da mətbuat katibi kimi fəaliyyət göstərmişik. Ona görə də indiyədək  keçmiş şair, yazıçı, jurnalist, həkim, müəllim və sairə ifadələrə rast gəlməmişəm. Onlar sanki balıqdırlar. Çayda da yaşaya bilərlər, göldə, dənizdə, okeanda, hətta akvariumda da. Hər su hövzəsinin öz yemi, öz qisməti var. Amma balıqlıqdan heç vaxt çıxmırlar.

Mir Şahinin 53 yaşı tamam olur. Yazı yazıb təbrik etmək üçün yuvarlaq, yəni ki, yubiley yaşı deyil. Amma bir məqam məni bu yazını yazmağa vadar etdi. Daha doğrusu, bunu özümə borc bildim. Yox elə bilməyin ki, beş dəfə “Beş barmaq”, bir dəfə “Deməsək olmaz” verilişlərinə çıxdığıma görə bir məqalə-təbrik yazmaqla Mir Şahinin xəcalətindən çıxmaq istəyirəm. Xeyr. Bu verilişlərə məni köhnə dostlarım və həmkarlarım  Eldəniz Elgün, Zakirə Zakirqızı və İradə İsak dəvət etmişdilər. Yadımdan heç vaxt çıxarmaram. Amma “Beş barmaq”ın yeni rəhbərinin mənə efir “zapreti” qoyması və bunu bilə-bilə, Mir Şahinin heç bir tədbir görməməsini də unutmaram. Düzdür, İradə İsakın verilişindən əvvəl Mir Şahin məni qəbul edib “Mahir, burda sənə kim “zapret” qoya bilər ki..” desə də, bir nəticəsini görmədim. ANS-in qapıları mənimçin, sonra isə hamı üçün, elə özləriyçün də qapandı.  Bu xəbərə təəssüfləndim. Ən azı, neçə-neçə gözəl həmkarımın, istedadlı jurnalistin, aparıcının, rejissorun, operatorun, texniki işçinin, sürücünün, mühafizəçinin işsiz qalmasına görə. ANS rəhbərliyinin siyasi savadsızlığına acıdım.

HAŞİYƏ: “Bəyin oğurlanması” filmində belə bir səhnə var:

–       O əjdaha xaricdə yenə peyda olub. Qəzetlər də yazır, deyir gözü ilə görənlər də var. Eşitməmisən, göldə yaşayır. Çox qəribədir, doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur!

–       Sənə əjdaha lazımdır?

–       Yox.

–       Elə mənə də. (SON)

ANS  Amerikada yaşayan  “əjdaha”nın qurbanı oldu. Siyasi savadsızlıq bununla bitmədi. Məhkəməyə müraciət olunanda isə mənim matım-mutum qurudu.

HAŞİYƏ: 1995-ci il parlament seçkilərində atam Qabil özünün namizədliyini irəli sürdü. Bu sırada 33 yaşlı Mir Şahin də vardı. İmza bülletenlərini hazırladım. Seçki dairəsinə təhvil verdik. Müəyyən bir vaxtdan sonra evə zəng gəldi. Atamı dairəyə çağırdılar. Dairə sədrinin otağına ikimiz girdik. Və… “Qabil müəllim, imzaların çoxu ekspertlər tərəfindən etibarsız sayılıb. Ona görə də namizədliyiniz qeydə alınmır”. Atam mənə baxdı. Başımla işarə etdim ki, “yalan deyir. Özüm bir-bir yığmışam”. Heç nə danışmadı. Bir-iki dəqiqə susdu. Sükutu dairə sədri pozdu:

– Qabil müəllim, bizim qərarımızdan narazısınızsa,  məhkəməyə müraciət edə bilərsiniz.

Bu sözlər atamı özündən çıxartdı. Ayağa durub, hirslə:

– Alə, indi deyirsən ki, mən Heydər Əliyevi məhkəməyə verim? (SON)

 

O günəcən ANS-i bir neçə dəfə bağlamışdılar. Amma hər dəfə siyasi uzaqgörənlik göstərilib məhkəməyə müraciət edilməmişdi. Əşşi, nəyimə lazım. Bu işlər mənlik deyil, beşdə alacağım yox, onda verəcəyim. Yazıçı, publisist, tərcüməçi,  evdar kişiyəm – yeri gələndə də az-az uydururam. Yeri gəlmişkən, bütün həmkarlarımı, o cümlədən (ANS-in MTRŞ tərəfindən iki dəfə cərimələndiyi günlərdə orda çalışan) Xoşqədəm Hidayətqızını fəxri adlar alması münasibətilə təbrik edirəm.

İndi deyəcəksiniz ki, ay Mahir, ürəyimizi çəkmə. Sənə yaxşılığı keçməyib, pisliyi keçməyib, münasibətiniz də ki, normal. Açıqla görək, niyə axı, Mir Şahinin 53 yaşını təbrik etməyi özünə borc bildin.

HAŞİYƏ: İki ilin sözü olar. “Vurulmuş”, türməyə düşüb-çıxmış bir tanınmış haqda məqalə yazdım. Üzdə olan vaxt gördüyü yaxşı işləri xatırlatdım. Bildiyim  neqativ halların üstündən sığallayaraq, ötəri keçdim. Gözləyirdim ki, zəng edəcək, minnətdarlığını bildirəcək. Amma zəng etmədi. Bir gündən sonra Modern.az saytının rəhbərliyindən xahiş etdim ki, yazını çıxartsınlar və kökündən silsinlər. Elə silməklərini gördüm... telefon zəng çaldı. Başqa bir tanınmış idi. Sözünün canı da bu idi ki, bəs yazımın qəhrəmanı o sözlərə layiq deyil. Nankor adamdır. Bu yazı da demə mənim qələmimə layiq bir yazı deyilmiş. Və yazını saytdan çıxarmağımı məsləhət bildi.  Xəbəri yox idi ki, artıq çıxarmışam. Amma onun sözünə görə yox. Fikirləşdim ki, əcəba, bu boyda adama nə gəlib ki, hansısa “vurulmuş” haqqında mənə xüsusi zəng edib?! Sonra başa düşdüm ki, mənim bu məqaləm həmin adamı depressiyadan çıxara, ruhlandıra, normal həyata qaytara bilər. Bundan ehtiyatlanırmış. (SON)

İctimai dəstək, ruhlandırmaq, özünəinamı qaytarmaq və bu qəbildən müxtəlif sözlər və ifadələr var. ANS bir okean idi. Onu yaradanlardan biri kimi Mir Şahin də bu okeanın Poseydonu. Okeanın suyu qurudu. Mənim kimi o da akvariuma düşüb. Amma heç kim onu, yuxarıda bənzətmə kimi qeyd etdiyim “balıqlıq”dan çıxartmayıb. Qələmi cibində, ağlı başında. Kəşf olunmayan çaylar, göllər, dənizlər, adalar da ki, nə qədər istəyirsən.

Mir Şahin, ad günün – 53-ün mübarək!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir