Modern.az

Azərbaycanlı jurnalistin İstanbulu həm ziyarəti, həm təəsüratı... (FOTO)

Azərbaycanlı jurnalistin İstanbulu həm ziyarəti, həm təəsüratı... (FOTO)

2 Mart 2011, 12:25

Türk Hava Yolları mart və aprel aylarında İstanbulda düzənlənəcək "Shoppinq Festival"a təşkilati dəstək göstərəcək. Festival haqqında medianın məlumatlandırılması üçün Türk Hava Yolları (THY) 23-25 fevral tarixində Azərbaycandan 4 xanım jurnalisti - Qadın Jurnalistləri Assosiasiyasının rəhbəri Sevil Yusifova, "Xalq Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova, "Mərkəz" qəzetinin baş redaktoru Higar Almanqızı və "Yeni Müsavat" qəzetinin şöbə müdiri Həbibə Abdulla - İstanbula səfərini təşkil edib.


Tarixi gerçəklikləri bu günə qədər qoruyub saxlayan, həm də Avropanı heyrətləndirəcək yeniliyilə göz oxşayan nağıllar aləmi İstanbula növbəti səfərimizi bu dəfə də Türk Hava Yolları gerçəkləşdirdi.
İstanbul Hava Limanında bizi qarşılayan Türk Hava Yollarının nümayəndələrindən öyrəndik ki, daha 14 ölkədən - Almaniya, Rusiya, Gürcüstan, Braziliya, Rumınya, Qazaxıstan və s.- 40 jurnalist keçiriləcək tədbirə dəvətlidir. Bizim üçün ayrılan Hov otel düz dənizin yaxınlığında, şəhərin ən gözəl yerlərindən birində yerləşirdi. Axşam yeməyindən sonra bildirdilər ki, səhər saat 9:00-dan etibarən THY-nın ayarladığı avtobusla həm şəhər gəzintisi, həm də "Shoppinq Festival"ın keçiriləcəyi ticarət mərkəzlərinə səyahət nəzərdə tutulur.    

Oteldən Taksim meydanına qədər məsafə bir xeyli olduğu üçün İstanbulun tarixi yerlərini də görə bildik. Yağış yağmağına baxmayaraq sahildə, dənizin kənarlarında, eləcə də Taksim meydanında göyərçilər uçuşurdu. Onlar insanlardan çəkinməyərək lap yaxınlığa gəlir, səpilən buğdanı yeyir və sonra səmada dövrə vururdular. Yolboyu qala divarları diqqətmi çəkdi. Üstlərini mamır basmış, köhnəlmiş bu qala divarları İstanbulun tarixini əks etdirirdi. Bu divarların uçulan yerləri bərpa olunsa da, qədimiliyə xələl gəlməmişdi. Bir də ən maraqlısı o idi ki, bu qala divarlarının yaxınlığındakı köhnə evlər də eyni ilə qorunub saxlanılırdı. Daha bizdəki kimi uçurulub, yerində hündürmərtəbəli binalar tikilməmişdi...

Taksim meydanı gəzintisindən sonra Cəvahir ticarət mərkəzinə yollandıq. Bizim paytaxtımızda yenicə istifadəyə verilmiş Bakı Park ticarət və əyləncə mərkəzindən bir neçə dəfə böyük olan Cəvahir ticarət mərkəzi alış-verişdən daha çox istirahət yerini xatırladırdı. Elə buradaca Türk Hava Yolları mətbuat müşaviri Ali Genc "Shoppinq Festival" haqqında məlumat verdi. Onun sözlərinə görə, martın 18-də başlayacaq və 40 gün 40 gecə sürəcək İstanbul "Shoppinq Festival"ına az qalıb:" İstanbulun dörd bir yanındakı 94 modern alış-veriş mərkəzi, eyni zamanda Taksim, Hişantaşı, Şişli, Bakırköy, Fatih, Bahariye və Bağdad Caddesi kimi cazibədar və füsunkar yerlər minlərcə insanları qarşılamağa hazırlaşır. 40 gün boyunca alış-veriş mərkəzlərinin saat 23:00-a qədər açıq olacağı festival zamanı, həftədə bir dəfə də həmin mərkəzlərdən ikisinin gecə saat 02:00-a qədər növbətçiliyi nəzərdə tutulur. Bundan başqa dünyanın hər bir yerindən alış-verişə gələnləri sürprizlər də gözləyir. Belə ki, 40 gün boyunca hər gün bir nəfərin bəxti gətirərək avtomomil udacaq, eyni zamanda yüzlərcə insan sürpriz hədiyyələr qazanacaq".

Ali Genc dedi ki, "Shoppinq Festival" zamanı küçələrdə şənliklərə, konsertlərə, əyləncələrə, yarışlara, ən yeni modaların təqdimatına və bir-birindən cazibəli görüntülərə səhnə olacaq İstanbulun dünya alış-veriş mərkəzinə çevrilməsi üçün ciddi hazırlıqlar görülür: "İstanbul şəhərinin qədim yerləri, muzeyləri, körfəz turları da festivala qatınlanlar üçün ən yaxşı anlar bəxş edəcək".

Mətbuat müşaviri xüsusi olaraq vurğuladı ki, İstanbula gələn turistlər üçün ən gözəl töhfəni də elə Türk Hava Yolları verəcək. Festival müddətində alış-veriş edəcək turistlər 30 kiloqramdan əlavə 20 kiloqram da yük apara biləcəklər.

Həmin gün növbəti bir ticarət mərkəzinə-Sityə yollandıq. Bu ticarət mərkəzi Boğazın qarşı tərəfində olduğundan əzəmətli asma körpünü də görmək nəsibimiz oldu. Cəvahir ticarət mərkəzindən oraya təxminən iki saatdan artıq bir məsafə olsa da, avtomobil tıxacı üzündən yolu üç saata qət elədik. Bir məsələni xüsusi olaraq vurğulayım ki, yağış yağmasına baxmayaraq küçələr palçıqlı deyildi. Eyni zamanda, yol boyu düzülmüş maşın karvanının hər hansı birindən siqnal səsi eşitmədim. Sürücülər bir-birinə hörmət və ehtiram göstərir, biri digərinin yoluna keçmirdilər. Bütün bunlar qardaş ölkəyə gələn xaricilərin də gözlərindən yayınmamışdı...

Nəhayət, böyük bir ticarət mərkəzinə gəlib çatdıq. Hə, bir də onu deyim ki, hansı ticarət mərkəzində olurduqsa, qapıdaca güvənlik hər kəsi yoxlayıb sonra içəri keçməyə icazə verirdi. Ticarət mərkəzində yerləşən ayrı-ayrı dükanları gəzdik. Bir-birindən gözəl geyimlər göz oxşayırdı. Qiymətlərdə endirimlər olsa da, ancaq bizim cibimizə uyğun deyildi. Onların məlumatına görə, endirimlər yenə də olacaq...

....Səhəri Türk Hava Yollarının mərkəzi ofisində olduq. THY-nin rəhbəri Temel Kotil cənabları da mətbuat işçilərinə martın 18-də düzənlənəcək tədbirin özəlliklərindən danışdı.      

Və dedi ki, İstanbulda ilk dəfə keçirilən "Shoppinq Festival"ın martın 18-dən aprelin ortalarına qədər davam edəcəyi gözlənilir: "THY aviaşirkəti, şəhərin iri ticarət şirkətlərinin və digər qurumların birgə təşkilatçılığı ilə keçiriləcək ticarət festivalı müddətində şəhər regionun ticarət mərkəzinə çevrilməlidir. İstanbulun bütün iri ticarət şirkətləri bu aksiyaya qatılacaqlar. Festival zamanı azı 15 faizdən başlayan endirimlər nəzərdə tutulur".

Onun sözlərinə görə, festival dövründə İstanbula aviareyslərlə gələn sərnişinlərin sayının artması üçün güzəştlər və endirimlər də nəzərdə tutulub: "Bunlardan biri sərnişinlərin geriyə uçarkən normadan əlavə yükə görə ödədiyi daşıma haqqının azaldılması ola bilər. Bu, sərnişinlərə daha çox mal almaq imkanı yaratmaq üçün tətbiq ediləcək. Həmin vaxt biletlərin qiymətində də dəyişikliklər gözlənilir".

THY rəhbəri xüsusi olaraq vurğuladı ki, aviaşirkət artıq bu gün sərnişinləri üçün kifayət qədər cəlbedici şərtlər təklif edir: "Məsələn, İstanbuldan tranzitlə uçan və hava limanında müvafiq reysi gözləməkdə xeyli vaxt itirən sərnişinlər üçün şəhərin görməli yerlərinə pulsuz turlar təklif olunur. Yaxın vaxtlarda bu turların sayına Bosfor boğazına tur təklif edən "Boğaz tour" da əlavə ediləcək".

Sonra Temel Kotil biz azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı. Temel Kotil bildirdi ki, Türk Hava Yolları  2011-ci ilin mart ayında Azərbaycana uçuşlarının 20 illiyini qeyd edəcək:"Bu münasibətlə Bakıda geşiş mərasimin keçirilməsi nəzərdə tutulur. 1 yanvar 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixə qədər "Azərbaycanda 20-ci il" şüarı ilə silsilə tədbirlər keçirmək istəyirik. Eyni zamanda, THY Bakıya reyslərinin sayını artırmaq imkanlarını nəzərdən keçirir. Yəni hazırda İstanbul-Bakı arasında gün ərzində üç reys həyata keçirilir. Bu ilin baharından reyslərin sayı dördə çatdırılacaq".

Onun sözlərinə görə, THY Azərbaycanın Bakı və Haxçıvan şəhəri ilə yanaşı, Gəncəyə də aviareyslər təşkil etmək niyyətindədir. Gəncədən Türkiyə istiqamətində uçmaq istəyən sərnişinlərin kifayət qədər çox olduğunu nəzərə alan aviaşirkət artıq bu istiqamətdə işlərə başlayıb.

...THY-də görüşümüz bitdikdən sonra yenidən şəhər turuna çıxdıq. Mənim üçün ən maraqlı yerlərdən biri də Mısır çarşısı idi. Buranı həm də turistlərin çox gəldiyi və alış-veriş etdiyi yer kimi də qiymətləndirmək olar. Bəlkə də bu üzdəndir ki, Mısır çarşısında qiymətlər yüksək idi. Ancaq buna baxmayaraq digər ölkələrdən gələn həmkarlarımız buradan şirniyyat məmulatları alırdılar.

Sonuncu ziyarət etdiyimiz yer Sultan Ahmed camisi oldu. Camidə namaz yenicə qurtarsa da, caminin baş tərəfində imam quran oxuyurdu. Hər birimiz səslənən quranın sehrinə hakim kəsilmişdik. Braziliyalı həmkarım isə əlləri sinəsində oxunan quranı dinləyirdi. Birdən onun gözlərindən axan yaşlar diqqətimi çəkdi. Bu iki gündə bizimlə birgə olan və hər əziyyətmizə qatlaşan Mehmed bəy dedi ki, o braziliyalı həmkarımıza nədən ağladığını soruşanda bu cavabı alıb: "Oxunan Quran içimi titrətdi, o qədər gözəl idi ki, göz yaşlarımı saxlaya bilmədim..".

Arzu Şirinova

Bakı – İstanbul - Bakı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir