Modern.az

Taleh Bağırovun növbəti məhkəmə prosesi keçirilib

Taleh Bağırovun növbəti məhkəmə prosesi keçirilib

Aktual

14 Noyabr 2016, 14:32

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Nardaran sakini Xəqani Dadaşov şahid qismində ifadə verib.

O, ifadəsində deyib ki, T.Bağırov hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: "Deyirdi ki, dini dövlət qurmaq lazımdır. Hərakatının üzvü kimi mənə vəsiqə vermişdilər. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi hakimiyyətə qarşı qaldırmaq olub. Taleh Bağırov və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım və onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və partlayıcı maddələr yığırlar. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər".

 

Proses günün ikinci yarısında davam edəcək.

 

T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

 

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!